Virginia Woolfdan kim qorxur?

Ilahə Abaslı

Equals üzvləri olaraq 9 avqustda Nizami kinoteatrında British Council –ın təşkilatçılığı ilə nümayiş olunan “Virginia Woolfdan kim qorxur?” tamaşasını izlədik. Teatr tənqidçisi Michael Billingtonun “uzun illər səhv anlaşılan möhtəşəm əsər” adlandırdığı Edward Albeenin eyni adlı əsəri ilk dəfə 1962-ci ildə səhnələşdirilib və 50-ci illər Amerikasının orta yaşlı cütlüyünün dağılmaqda olan lakin ideal görünməsi üçün çalışan ailə həyatından bəhs edir. 3 saatlıq intensiv tamaşa sizi daima reallıq və illuziya arasında “oyunlar”dan ibarət narahatlıqda saxlayır.

Bu tamaşa ideal Amerikan ailəsi obrazına və sosial gözləntilərə qarşı sərt yumor nümayiş etdirir.  Tamaşada olan 4 obrazın hər biri vasitəsilə müəllif sosial normaların necə ailə və insan həyatına müdaxilə etdiyini və insanların özlərinin bun necə ört-basdır etdirdiyini nəzərimizə çatdırır. Əsərin baş qəhrəmanları tarix professoru George və Marta daimi universitet rektoru olan Martanın atasının diktəsi altında yaşayıblar və George ondan karyerasında gözlənənləri həyata keçirə bilmədiyi üçün daimi “looser” olaraq davranılır. Onlara qonaq gələn 20 yaşlarında cütlük biologiya müəllimi Nik və yoldaşı Honey də sonda pul əsasında sevgisiz evləndikləri məlum olur. Hər iki ailədə atalar əsas qərarverici, qadınlar isə reflektiv göstərilirlər(yəni onlar həyat qərarları ilə ya xoşbəxtdirlər, ya da fikir bildirmirlər).

Bu tamaşadakı mənzərə mənə hazırki Azərbaycan cəmiyyətini və ailələrin keçdiyi iqtisadi və sosial böhranları xatırlatdı. 2000-ci illərdən başlayaraq cəmiyyətin özü kimi ailə institutu da transformasiya keçirməyə başladı. Yadımdadır bu yay məndən son zaman artan boşanmalara münasibətimin pis və yaxşı olması barədə soruşanda, mən bunun təbii olduğunu söylədim. Ona görə ki, ailələr birlik olaraq dəyişən iqtisadi və sosial reallıqlara uymalıdır və daha dəyişkən olmağı bacarmalıdır. Bu dəyişiklik ailənin dəyər sisteminə deyil, əmək fəaliyyəti, bölgüsü, gündəlik məşğuliyyət və sosial həyat üçün anlaşma mexanizmlərinə aiddir. 

Bir çox post-sovet araşdırmaçılarının fikirlərinə əsasən, post-sovet ölkələrindəki ənənəvi ailə modelinin (işləyən+ev işlərini görən ana, işləyən ata və adətən 2 uşaq) – sosial həmrəyliyin, mənəvi modellərin dəyişilməsi cəmiyyətin və sahibkarlığın inkişafı üçün labüddür. Ümumiyyətlə, ailə institutunun təbii transformasiyası qərb cəmiyyətlərində 70-ci illərdən başlayaraq müzakirə mövzusuna çevrildi. Bu haqda ən çox müzakirə doğuran yazılardan biri 1976-cı ildə Eli Zaretsky tərəfindən yazılmış “Kapitalizm, Ailə və Şəxsi Həyat”  məqaləsi idi. Müəllif özəlləşdirmə və kapitalizm, eləcə də feminizm ideyalarının transformasiyada olan Amerikan cəmiyyəti və ailələrinə necə təsir etdiyini araşdırır. Zaretsky ailənin kapitalizmə keçid və özəlləşdirmə dövründə hələ də şəxsi həyatın inkişaf edə biləcəyi institut olduğunu iddia edir.

Müəllif qeyd edir ki, ailə “daima dəyişən bütöv cəmiyyətin bir hissəsi” olmalıdır. Bu keçmiş və gələcəkdəki struktur və institutional dəyişiklikləri bağlaya bilən ideal platformadır. Ümid material və görüntü naminə “istehsal” əsaslı münasibətlərdən uzaqlaşmış ailə institutunadır.

Bu notda biz 1960-70-ci illər Amerikan cəmiyyətinin Ailə institutuna akademik və incəsənət baxışlarına qısa nəzər saldıqda, hər bir cəmiyyətin dəyişiklik qorxusunun olduğunu, lakin labüd dəyişikliklərin hər bir halda baş verdiyini görmək mümkündür. 

Bəs siz 2017-ci ildə yaşayan bir Azərbaycanlı kimi Virginia Woolfdan qorxursunuz?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *