Sürgün və Başqalıq: Ana Mendieta

Qadın kimdir? Onun varlığı və ya ölümü nə qədər vacibdir? O, lazım olduğunda yanımızda olan və işimiz qurtaranda kənara atdığımız bir ət parçasıdır? O, eşitmək istəmədiyimiz vızıltı, yoxsa görmək istəmədiyimiz kölgədir? O var? Cinsi istəyimizi tətmin edən əşya, varlığını çox hiss etdirməyəcək, amma bizdən asılılığı ilə də eqomuzu şişirdəcək bir obyektdən başqa qadın nədir, kimdir?

Kuba əsilli sənətkar Ana Mendieta, qısa və unudulmaz karyerası ərzində öz hiddətli və poetik sənət əsərlərində bu və bunun kimi digər sualları ünvanlayaraq qadının cəmiyyətdəki yerini və əhəmiyyətini sorğu-sual edirdi. Mendieta Amerikada 1970-ci illərdə fəaliyyət göstərən rəngli (ağ irqə mənsub olmayan) qadın sənətkar olaraq təkcəüçüncü dünya ölkələrindən olan qadınların məruz qaldığı vecsizliyi işıqlandırmaqla kifayətlənmir, o illərdə xüsusən ağ amerikalı və avropalı qadınların haqlarını müdafiə edən amerikan feminist hərəkatının fəaliyyətini də aşkar şəkildətəndiq edirdi.

1958-ci ildə aristokrat Kuba ailəsində anadan olan Ana Mendietanın atası İgnacio Mendieta bir çox orta sinif ailələri kimi, Castronun Bastista hökumətinə qarşı savaşını dəstəkləyir. Lakin qatı katolik olan İgnacio Castro-nun anti-katolik təşviqatıyla razılaşabilmir və əks-inqilabi aksiyaların təşkilində yer alır. Deyilənə görə, Ananın atası “Donuzlar Körfəzi” əməliyyatına qoşulur, lakin Castro və silahlı-inqilabi Kuba qoşunları bu hərəkatı məğlub edir və digər əks-inqilabçılar kimi, İgnacio da azadlıqdan məhrum edilir. 1961-ci ilin sentyabrında yəhudi, katolik və protestant xeyriyyəçilərin CIA-la (Mərkəzi Kəşfiyyat İdarəsi) əməkdaşlığı nəticəsində Peter Pan əməliyyatı (Operación Pedro Pan) gerçəkləşir. Bu əməliyyat sayəsində xeyriyyəçilər Ana və bacısı Raquel də daxil olmaqla 14 min kubalı uşağı məxfi yollarla Mayami ştatına gətirirlər (Michael Rush, 2018).

Sürgün və başqalıq

Doğma evindən uzaq düşməsi Mendietanın ruhunda dərin izlər buraxırvə onun sənət dəsti-xəttini də bu qəriblik hissi təyin edir. O, əsərlərində həm yeni evi – Amerika və doğma evi – Kuba ilə arasında yaşadığı qürbət və qəribliktəcrübəsini, həm də Amerikada qadın və etnik başqası olaraq yaşadığı yadlaşmanın gətirdiyi qəribliyi işiqlandırır. Edward Said-in (2001) sürgünlə bağlı aşağıdakı qeydi Mendieta üçün də keçərlidir:

Sürgün, qəribəolsa da xəyal edilməsicəlbedici, yaşanması isə heybətlidir. O, insan övladı və doğma məkan, insan və evinin arasında yaranan icbari sağalmaz bir yaradır: onun yaşatdığı bu zəruri kədərə isə qalib gəlmək mümkün deyil.

Sürgün şəxsiyyət və mənliyinin formalaşmasında zəruri olan ev, doğma məkan təcrübəsini qırmaqla birlikdə insana geriyə dönmək seçimi vermədən yeni evi yaradan, təyin edən bir məcburiyyətdir. Yaşadığı qürbət təcrübəsi və Kubaya olan bitməyən həsrəti, Mendietanın sənət əsərlərində qoparıldığı mədəniyyəti, o mədəniyyətin bir parçası olan qadın-təbiət münasibətini, eləcə də, öz şəxsiyyətini mütəmadi olaraq sorğu-sual etməsinə səbəb olur. Onun qürbəti yeni evi, evi isə qürbətdir.  Başqa sözlə, iki ev arasında qısılıb qalan sənətkar, öz varlığını, qadınlığını və mədəni irsini araşdıraraq uzaq düşdüyü evinin, mənliyinin axtarışına çıxır və onlara sənəti vasitəsilə qovuşmağa çalışır.

O, ilkin təhsilini sənət tarixi və rəsmxətt sahələrində başa çatdırdıqdan sonra 1972-ci ildə Iowa Universitetində Hans Bender tərəfindən təzəcə qurulmuş intermedia proqramına yazılır. Bu proqram tələbələrin o dövrdə təzahür edən video art, performans, body art və digər müasir sənətlərin əhəmiyyəti, funksiyası, həmçinin, məqsədlərini tədqiq və tətbiq etmələri üçün yaradılmışdı (Julia P. Herzberg, 1998). Mendieta proqramda iştirakı zamanı Vito Acconchi, Nam June Paik və Bruce Nauman kimi bədən və fərqli media vasitələri ilə işləyən sənətçilərlə tanış olur və performans, fotoqrafiya, video kimi mediumlardan istifadə edərək ilk incəsənət eksperimentlərini həyata keçirir (Michael Rush, 2018).

Mendieta ilk tədqiqatlarını başqalıq (otherness) mövzusunda aparsa da, karyerasının sonrak ımərhələsində həm Vyana aksionizminə (1), həm də Afro-Kuba dinlərindən biri olan Santeria (2) dininə və bu ikisinin ortaq nöqtəsi olan qurban vermə rituallarına meyil salaraq bədən, torpaq, insan və təbiət arasındakı münasibət ətrafında mütaliə edir. Mendietanın işlərində başqalıq araşdırması həm digər cinsə sahib olmaq, yəni kişi olmaq nədir, həm də başqa yaşayan varlıq olmaq, yəni heyvan olmaq nədir sualı ilə ilk dəfə təzahür edir. O, Adsız (Sifət Saç Transplantı) 1972 (Untitled (Facial Hair Transplant) ) işində sinif yoldaşının bığından istifadə edərək özünə bığ düzəldir, Adsız (Sifət Kosmetik Variasiyaları) 1972- orij: (Untitled (Facial Cosmetic Variations)), əsərində isə öz görünüşünü parik, kosmetika və naylon kalqotka ilə dəyişdirərək ənənəvi qadın gözəlliyini və gender prototiplərini sual altına qoyur.

Adsız (Sifət Kozmetik Variasiyaları) 1972 (Untitled (Facial Cosmetic Variations))

Mendieta başqalıq təcrübəsini həm insanın heyvana nəzərən üstünlük və vecsizliyini lentə alaraq göstərir, həm də qədim Afro-Kuba dinlərinin rituallarına istinad edərək qadın cinayətlərini işıqlandırmaq üçün heyvan qanından istifadə edir. 1974-cü ildə çəkdiyi İt (Dog) qısa filmində Mendieta balaca bir küçədə, torpaqlı bir yolda, üstünü it xəzi ilə örtərək sürünür. İlk öncə sürünən itə fikir vermədən yoldan bir kişi keçir, sonra qadın və uşaq. Yenə heç bir reaksiya yoxdur. Küçəni çəkən kamera getdikcə Mendietanın digər filmlərində də olduğu kimi itiyaxın plana alır (Tatiane Schilaro, 2016). Qan Tərləməsi, 1973 (Sweting Blood) filmində isə Mendieta baş nahiyəsini yaxın planda göstərir. Onun gözləri qapalıdır və o, sakitcə nəfəs alır. Birdən başının ortasında qan yayılmağa başlayır. İlk öncə bir cərgə onun qaşına enir, sonra isə ikinci cərgə (Tatiane Schilaro, 2016). Qadının başından axan qan tamaşaçı üçün bir emosional şok yaratmaqla bərabər, onu gördüyü hadisənin səbəbini öyrənməyə sövq edir. Mendieta, əksərən nəzərdən qaçan geniş planda gizlənmiş detalları yaxın planlara alaraq, bu planların ekran vaxtını uzadaraqizləyicilərin müşahidə etdikləri hadisəni inkar etmələrinə məhəl qoymadan bu hadisələrin ətrafında mütaliə və hisslərin təzahürünü məcburi qılır.

İt,1974 (Dog)

Iowa universitetində Mendieta Michail Kempenin Latın Amerika əsərlərinə istinadən “Primitiv sənətə giriş” dərsini alır və Meksikada arxeoloji qazıntılar aparan Thomas Charlto-nun ustad dərslərinə girir. O, ilk dəfə intermedia proqramı çərçivəsində Meksikaya bir neçə dəfə səfər edir və orada qədim Mesoamerika xalqlarının müasir dövrdə həyatları ilə paralel, həm də mədəniyyət və ənənələrini öyrənir. Bu coğrafiyadakı kosmik balansı yaradan, həyat verən qadın tanrılara inanıldığından, keçmişini araşdıran Mendieta bu inanclardan təsirlənərək onların rituallarına və simvolikalarına (quş, tanrıça və s.) öz əsərlərində yer verir. Sənətinin ana xətti olan Quş (Bird) və Siluetlər (Silouettas) seriyaları sürgünün onun həyatında buraxdığı yaraları bir növ müalicə etmə təşəbbüsüdür. Bu iki seriya həm Santeria dininə, həm də mərkəzi Meksikada yaşayan Aztek xalqının tanrılarına və adətlərinə istinadən, yaşam və ölüm arasında daimi döngünü, bədən və yerləqeyri-sosial əlaqəni tərənnüm edir (Gloria Moure, 1996). O, şüur halları arasındakı keçid vasitəsilə yaranan varlıq, ölüm, insan təbiəti və yerin ahəngini əsərlərində canlandırmaq üçün araşdırdığı Mesoamerika ənənələrinin ayrılmaz bir parçası olan lələklər, güllər və qandan istifadə edir. 

Mendietanın əsərlərini başa düşmək üçün Mesoamerika mədəniyyətinə müraciət etməkdə fayda var. Aztek mədəniyyətinin hava, külək və bilik tanrısı, Quetzalcoatl, lələkli ilan, göy və yer dünyaları, varlığın halları, yaşam və ölüm arasında keçidlər edə bilən bir tanrıdır. Kolumb öncəsi Teotihuacan sivilizasiyasının UcaTeotihuacan tanrıçası isə Azteklərin cinsəlik rəmzi və sevgi tanrıçası Xochiquetzalin sələfidir. İlan-qadın olaraq təsvir edilən, UcaTeotihuacan ölülər dünyası, qaranlıq, yer kürəsi, su və müharibə tanrıçasıdır (Miguel Leon-Portilla, 1980). Mendieta, Quş transformasiyası, 1972 (Bird Transformation, 1972) əsərində bir qadın modelinin cinsi orqanı xaricində bütün bədənini lələklə örtür. Morfik canlı, quş və insan varlıq halları arasında bir keçidi təmsil etsə də, cinsəllik bu əsərdə hər iki dünyaya aid, varlığın təbii, ayrılmazbir hissəsini təşkil edir. Mendieta, Okean Quşu (Yuyulma), 1974 (Ocean Bird (Washup)) əsərində çılpaq bədənini lələklərlə örtərək suda uzanır. Adsız , 1974 (Qan və Lələklər) Untitled (Blood and Feathers) filmində isə üstünə heyvan qanını tökərək bədənini lələklərlə bürüyür (Gloria Moure, 1996). Quş obrazı, yuxarıda sıralanan bütün tanrıçalar kimi iki dünyanın arasında səyahət edən, tükənməz enerjiyə və gücə sahibdir. Fəqət o, həyatın olduğu qədər ölümün də daşıyıcısıdır, çünki biri olmadan digərini düşünmək mümkünsüzdür. İstismarın böyük bir rol oynadığı kapitalist dünyada, bir əşyaya çevrilmiş insan həm təbiət, həm də ölümdən/yaşamdan uzaq düşməkdədir. Mendieta, bədənini deformasiyaya tabe tutaraq, başqa hallara keçid yaradaraq, başqasını öz dərisi altında təcrübə edərək başqasına yeni bir bədəndə var olma potensialı verir. Başqası mənliyinə başqa bir bədəndə qovuşur və həyatı yenidən təcrübə edir.

Adsız , 1974 (Qan və Lələklər) Untitled (Blood and Feathers)

Meksika səfərlərindən birində Mendieta, Octavia Paz-ın Yalnızlıq Labirintləri kitabını kəşf edir və bu əsər onun sənətində böyük izlər buraxır. Yazar Meksidakı aborigenlərin həm qurban vermə rituallarını, həm də insan, müqəddəslik və təbiət arasındakı münasibəti ətraflı olaraq təsvir edir. Bu mədəniyyətə əsasən həyatı təntənəli bir şəkildə qeyd etmək  qurban vermə rituallarını gərəkdirir. Paz qurban vermə rituallarındakı subyekt insan olduğunda bunun qadın olduğuna istinad edir (Charles Merewether, 2000) və bu fenomen Mendietanın Toyuq əsəri, 1972 (Chiken Piece) başda olmaqla öz əksini digər filmlərində də tapır. Sözügedən filmdə isə Mendieta otağın ortasında çılpaq bir vəziyyətdə dayanır və toyuğun başını kəsən sinif yoldaşı ona başsız toyuğu ötürür. Təzəcə öldürülən heyvan can verərkən qanı ilk öncə Mendietanın çılpaq bədəninə, sonra isə bütün otağa sıçrayır. Mendieta bu əsərini belə şərh edir:

Toyuq əsəri, 1972 (Chicken Piece)

Bil ki, sən bəzən yemək üçün ölümü yeyirsən; tanrıları idarə etmək üçün aciz bir toyuğun başını kəsib ölümlülüyünü hiss edirsən. (…) Mən bir qadınam, yeni qan mənim üçün həmişə menstruasiya deməkdir; heç vaxt münbitlənməmiş yumurtalıq – ki əsasən bu bir rahatlama amilidir. Lakin bu, eyni zamanda, münbitlik deməkdir və mənim bədənimi kişi bədənindən fərqləndirən bir şeylərin olması deməkdir. Mənim bədənim, ruhum yox (Ana Mendieta; Jonh Perrault, 2015).

Qan Mendieta üçün yaradılış bəxş edən bir möcüzə, həyat döngüsünü yeniləyən bir ünsürdür. O, digər müsahibəsində qan barəsində bu fikirlərini əlavə edir.

 Məncə o [qan], çox güclü möcüzəvi bir məfhumdur. Mən onu mənfi güc kimi görmürəm (…) Kişilər konseptual sənəti sevirdilər və çox təmiz işlər görürdülər (Ana Mendieta; Jonh Perrault, 2015).

Adsız (Siluetlər Seriyası, Mexiko), 1974 (Untitiled (Silouettas Series, Mexico)

Sənətçi, qadın bədəninə xas olan menstruasiyanın kirlənmişliklə assosiasiyasına qarşı bolluq və yeni həyatı göstərir. Utanılan, rədd edilənin, cəmiyyət tərəfindən dəyərsizləşdirilmiş qadın bədəninə ilahiliyi geri qaytararaq onun yaşam mənbəyi olduğu vurğulayır. Bundan başqa, Mesoamerika mifologiyasında qan, həyat bəxş edən bir enerjini və yaşamı təmsil edir. Bu mifologiyaya əsasən, yuxarıda sıraladığımız tanrılar insanlığı yaratmaq üçün öz bədənlərini və qanlarını istifadə edir. İnsanlar isə bunun qarşılığında dünyada kosmik balansın yaranması üçün qurban vermə ritualını gerçəkləşdirir (Miguel Leon-Portilla, 1980). Mendieta Siluetlər, (Silouettas) seriyası Yaguldan rəsm, 1973 (Image from Yagul) əsəri ilə başlayır. O, müqəddəs Yagul şəhərciyində çılpaq bədənin üstünü çiçəklərlə örtərək qədim bir qəbirdə uzanır. Burada güllər torpağın özünü yeniləmə, dəyişmə gücünə istinad edərkən, eyni zamanda, cinsəllik amilinə də dönüşməkdədirlər. Rəvayətə görə, onlar Xochiquetzalin cinsi orqanından qoparılan hissəciklərdən əmələ gələn, həyat və cansızlıq arasında bir portal simvoludur. Yaguldan rəsm əsərində Mendieta çiçəklər tək dünyalararası portal yaradan qadın bədənini, torpağın məhsuldarlığıi ilə birləşdirir və onu müqəddəsliyin bir parçası edir. O, Adsız (Siluetlər Seriyası, Mexico), 1974 (Untitiled (Silouettas Series, Mexico), əsərində isə öz bədəninin üstünə heyvan qanı tökərək qanlı siluetini yerə həkk edir (Gloria Moure, 1996). Torpağın xatırlama gücünü vurğulayaraq, o, bu əsərinin davamında yaratdığı işlərdə bədəndən imtina edərək, diqqətini qadın bədəninin buraxdığı izlər üstündə cəmləşdirir. İzin itkini, torpağın isə yaşamı təmsil etdiyi bu əsərlərdə qadın bədəninin silueti ilə oradakı varoluşunu gücləndirərək Mendieta qadına bir növ müqəddəslik cəhətini şamil edir. Torpaqda buraxılan qan, təbiətindən uzaqlaşmış insanın ilahi olanla qovuşması və bu birləşmənin davamında bədənin yenidən yaşamla dolmasına görə bir növ minnətdarlıq ritualıdır. Mendieta bu və bənzəri əsərlərinə earth/body works (yer/bədən işləri) adını verir və seriyanı Meksika və Kubada yerləşən qədim kiçik şəhərlərin daşlarına bəzən öz siluetlərini həkk edərək, bəzən isə müqəddəs tanrıça rəsmlərinə bənzər oyuqlar yaradaraq davam edir (Ana Mendieta, 1982).

Yaguldan rəsm, 1973 (Image from Yagul)

Maraqlısı odur ki, orta sinif-burjua ailəsində böyüyən Mendieta-nın Kubasında Santeria dini qulluqçu və aşağı gəlirli, bir sözlə proletar kəsimə aid bir inanc idi (Ana Mendieta; Jonh Perrault, 2015). Santeria dinində mövcud olan insan və ana torpaq münasibəti Mendietaya güclü təsir bağışlasa da, bu dinin, cəmiyyətin nəzərindən kənar, varlı təbəqəyə nisbətən “dəyərsiz” olan insanlara məxsus olması Mendietanın başqalıq tədqiqatını gücləndirən amillərdən biridir. Mendieta bilinən, amma görünməyi rədd edilən alt təbəqə insanlarını, heyvanları və başqası olan qadının cəmiyyətdəkidəyərsizliyini vurğulayır. Mesoamerika ibtidaimədəniyyətlərin rituallarına əsaslanan Mendietanın işləri mistik olduqları qədər, qadının cəmiyyətdə seksual bir cisim olaraq görülməsini, bir əşya dəyərini almasını  və bu cəmiyyətin qadının yaşadığı şiddət və zorakılığa etinasız yanaşmasını tənqid edir. Charles Merewetherin (2000) də vurğuladığı kimi, təbiət və ölüm arasındakı münasibətin formalaşmasında əsas amil olan qadın şiddət subyekti olmaqla birlikdə, cəmiyyətdən kənar, sürgün halında nümayiş olunur. Qadına qarşı törədilən şiddətə etinasızlıq müasir dünyada qadının cəmiyyətdəki mövqeyi və dəyərinin, rituallardakı işlədiyi müqəddəs rol xaricində, əslində, onlardan heç də uzaq olmadığını göstərir. 

Mendietanın cəmiyyətin qadın cinayətlərinə göstərdiyi etinasızlığa qarşı ərsəyə gətirdiyi əsərlərdən ikisinə nəzər salaq. O, Iowa Universitetinin yataqxanasında zorlanan və amansızca öldürülən tələbə, Sara Ottens-ə ithaf etdiyi Adsız (Zorlama əsəri), 1973 (Untitled (Rape piece), 1973) performansında, yataqxanadakı otağını cinayətin yaşandığı məkana çevirərək tələbə yoldaşlarını ora dəvət edir. Şalvarı ayaq biləklərinə qədər endirilmiş, Mendietanın qan və zorlama izlərinin mövcud olduğu yarı-çılpaq bədəni otağın mərkəzindəidi. Əlləri masaya bağlanmış bədəninin yarısı masanın üstündə hərəkətsiz bir vəziyyətdəydi. Tamaşaçılar içəri daxil olduqdailk qarşılaşdıqları Mendietanın canlandırdığı hiddətli zorlamaya məruz qalmış cansız qadın bədəni idi. Otağın qalan hissəsində isə qırıq məişət əşyaları kimi həyatda qalma mübarizəsindən məğlub olunmuşluğun izləri var idi (Julia P. Herzberg, 1998). Bu səhnə dəhşətli olduğu qədər, tamaşaçıları hadisənin şahidi edir və onlar, artıq bu hadisəyə etinasız yanaşsalar belə, gördüklərindən və beləliklə, şahidlikdən imtina edə bilmirlər. Şahidlik onları sənət əsərinin bir parçası edirdi, amma bununla yanaşı,belə bir cinayət qarşısında saxladıqları sükutun və etinasızlığın dəhşətini yaşadırdı. 

 Mendietanın bu hadisəyə həsr etdiyi digər bir əsər isə Moffitt Binası əsəri, 1973 (Moffitt Building Piece) idi. İnsanlar qana baxır, Moffitt, Iowa, 1973 (People looking at Blood, Moffit) filminin bir parçası olan bu performans, binanın çöl qapısının qabağına heyvan qanı töküb, piyadaların buna olan reaksiyalarını lentə almaqdan ibarət idi. Raquel, Mendietanın bacısı, səkidəki maşında gizlənərək yoldan keçənləri kamerayla çəkərkən, Ana  piyadaların şəkilləri və reaksiyalarını çəkirdi. İnsanlar qan gölməçəsinin yanından baxaraq keçir, bəziləri bir neçə saniyə durur, amma heç kim o evdə nə baş verdiyini, o qanın kimə aid olduğunu və hadisənin necə baş tutduğu ilə maraqlanmır. Günün sonunda isə yandakı Mr. Moffitt dükanından bir kişi çıxıb qapının qarşısındakı qan gölməçəsini silir və gedir (Ara Osterweil, 2015). Mendieta və bacısının çəkilişlərindən ərsəyə gələn İnsanlar qana baxır, filmi isə cəmiyyətdəki vecsizliyi və başqasına olan laqeydliyi vurğulasa da, tamaşaçılarını sadəcə hadisə haqqında deyil, durğunluqları və törədilən qadın cinayətlərinə olan susqunluqlarını da ölçməyə, onları özləri ilə hesablaşmağa vadar edən bir əsərdir. 

Mendieta gəldiyi torpağa, qoparıldığı mədəniyyətə daha yaxın olmaq üçün Latın Amerika dinləri və ənənələrindən istifadə edərək həm qadın və topraq arasında ələqəni, həm də qadının cəmiyyətdəki yeri və qadın cinayətləri kimi aktual məsələləri öz əsərlərində yenidən işıqlandırır. Beləcə, bir tərəfdən, həsrətin mütəmadi məmnuniyyəti ilə o, dinməz olan sürgün hissini yatızdırır və sənət əsərinin icrası müddətində köklərinə, uzaq qalmış mədəniyyətinə bir az da yaxınlaşır. Digər tərəfdən isə, o, təkcəsürgünlə yerindən edilmişliyi deyil, media tərəfindən idarə edilən sinfi, siyasi və mədəni ayrı-seçkiliyi əsərlərində sual edir. Lakin sürgün sənətkar üçün xilas olunacaq bir vəziyyət deyil, əksinə, onun varlığı yeni əsərlərin ərsəyə gəlməsinə, Mendietanın ifadəsiylə desək, bir möcüzənin ortaya çıxmasına səbəb olan amildir. Mendietanın əsərlərində istifadə edilən qan ünsürü isə Latın Amerika mədəniyyətlərinə istinad olduğu qədər, qadın ölümlərinə qarşı olan sükunətin də müzakirəsində vacib bir rol oynayır. Kapitalist sistem tərəfindən qadına mənsub edilmiş rollar, qadın gözəlliyi və cinsəlliyi ətrafında mütaliə yaratmaq üçün o, başlarda fərqli cisimlərdən istifadə edərək bədənini deformasiyaya tabe tutur, sonra isə əsərlərindən qadın bədənini çıxararaq, onu, sadəcə, bir siluet, bir iz olaraq işləyir. Nəticədə, o, bədənin modernləşmə və müasir sivilizasiyalarla birlikdə əhilləşdirilmiş, təbiətdən uzaqlaşmış və əsir düşmüş bir mexanizmə çevrilməsini tənqid edir və izləyicilərini bu dəyişimə qarşı şüurlu olmağa çağırır.


  1. Vyana aksionizmi – 1960-larda yaranan performans sənətini əsas alan avstriyalı sənətkarların qurduğu bir hərəkatdir. Hərəkatın qurucuları Otto Mühl, Günter Brus, Herman Nitsch və Rudolf Schwazkoglerdi. Aksiyalar qurban vermə rituallarını xatırladır və performanslarda çılpaq bədən, şərab, qan və heyvan cəsədindən istifadə edilir. Katarsis metoduyla, insanların aqressiv instinktlərindən azad olduqlarına inanan aksiyaçıların performansları dövrün digər performativ hərəkətlərindən destruksiya və şiddətin bolluğu ilə fərqlənir.
  2. Santeriya – Kubada XVI-XIX əsrlər arası mövcud olan Afro-Amerika dini.  Santeriya dini, Qərbi Afrika inancı olan Yoruba dini və Roma katoliklərinin burada təkmilləşdirdiyi Xristianlıq qolu arasında bir sintez olaraq təzahür edir. Tanrılar oricha, möminləri creyente, keşişləri isə santeros ve santeras adlanır. Santeriya inancına görə, hər bir fərdin doğulduğu andan etibarən onu qoruyan və şəxsiyyətinin formalaşmasında böyük rol oynayan orichası vardır. Santeros və Santerasın evlərində toplaşan xalq fərqli rituallar vasitəsilə oricha-larla ünsiyyət qurmaga çalışır. Vacib ritualların biri isə oricha-lara çiçəklər, meyvələr kimi ərmağanlar və günümüzdə əsasən heyvanların istifadə edildiyi qurban vermə ənənələridir.

Vizual işlər New Yorkdakı Lelong Qalereyasının, The Estate of Ana Mendieta kolleksiyasına aiddir 

İstinadlar:

Rush, M., Eros, “Death and Life: The films of Ana Mendieta” in Exhitibition Cathalogue,  “Covered in Time and History: The films of Ana Mendieta”, Curated by Howard Oransky, Lynn Lukas, published by Katherine E. Nash Gallery, University of Minnesota, Minneapolis,  2015

Perrault, J., “Ana Mendieta: The Politics of Spirituality” in Exhitibition Cathalogue,  “Covered in Time and History: The films of Ana Mendieta”, Curated by Howard Oransky, Lynn Lukas, published by Katherine E. Nash Gallery, University of Minnesota, Minneapolis,  2015 

Said, E., “Reflections on Exile” in Said, E., “Reflections on Exile and Other Essays”, Granta Publication, London, 2001

Earth, Blood, and Feathers: Ancient Northern Mesoamerican Tradition in the Work of Ana Mendieta in Exhitibition Cathalogue, “Ana Mendieta” ed. by MOURE, G., Ediciones Polígrafa and Centro Galego de Arte Contemporánea, Barcelona and Galicia, 1996

Herzberg, J. P., “Ana Mendieta, the Iowa Years: A Critical Study, 1969 through 1977”, Phd dissertation, The Graduate Center, City University of New York, 1998

Merewether, Ch.,“From Inscription to Dissolution: An essay on expenditure in the work of Ana Mendieta” in Fusco, C. “Corpus Delecti: Performance Art of the Americas.” Taylor & Francis, London and New York, 2005

Tatiane Schilaro, “An Outsider’s Tale: Ana Mendieta at Galerie Lelong”, Artcrical online magazine for art and ideas, 2016 ; https://artcritical.com/2016/03/27/tatiane-schilaro-on-ana-mendieta/

Osterweil, A., “BODILY RITES: THE FILMS OF ANA MENDIETA”, in Artforum, an online and print art archive, November, 2015

Leon-Portilla, M.,  Native Mesoamerican Spirituality, Paulist Press, Mahwah, 1980
Mendieta, A. “A SELECTION OF STATEMENTS AND NOTES.” Sulfur, (22), 1988 : https://search.proquest.com/docview/871561220?accountid=13857

Leave a Reply

Your email address will not be published. Required fields are marked *