Sülh quruculuğu prosesində qadınların səsini eşitmək

Nəzrin Qədimova-Akbulut, fəlsəfə elmləri doktoru (PhD), hal-hazırda Türkiyənin İstanbul şəhərində yerləşən Kadir Has Universitetinin Beynəlxalq və Avropa Təhlilləri Mərkəzində (Center for International and European Studies) təhlilçi vəzifəsində çalışır. “Milli kimliklər, regional parçalanma və Cənubi Qafqazda təhlükəsizlik icmasının qurma perspektivləri” adlı doktorluq dissertasiyasında Cənubi Qafqazdakı münaqişələr ilə bölgənin mövcud parçalanması arasındakı qarşılıqlı əlaqə təhlil edilmişdir. Onun tədqiqat maraqlarına, regionalizm, təhlükəsizlik və millətçilik nəzəriyyələri, eləcə də Cənubi Qafqaz və Avrasiyada münaqişələrin həlli kimi mövzular daxildir.


44-günlük müharibə1 Dağlıq Qarabağ münaqişəsində yeni bir reallıq yaratdı. Eyni zamanda, müharibənin bitməsi ilə birlikdə Azərbaycan və erməni xalqları arasında birgəyaşayışın gələcəyi ilə bağlı yeni suallar ortaya çıxdı. Bu mərhələdə münaqişənin həlli üçün yeni üsullar və sülh quruculuğu üçün yeni təşəbbüslər ölkənin və bütövlükdə bölgənin gələcəyində həlledici rol oynaya bilər. Xalqlararası diplomatiya layihələri daxil olmaqla, sülh quruculuğu prosesində alternativ baxış sayəsində iki cəmiyyət arasında etimadın yenidən qurulması prosesində səmərəli nəticələr əldə edilə bilər. Bu baxımdan, ənənəvi olaraq, sülh danışıqlar`ından kənarda qalan qadınlar gələcəkdə iki millət arasındakı cəmiyyətlərarası dialoqun qurulmasında daha fəal iştirak etməlidirlər. Bunları nəzərə alaraq, qadınların sülh quruculuğu prosesində iştirakının Ermənistanla Azərbaycan arasındakı barışığa necə töhfə verə biləcəyinin müzakirəsi faydalı ola bilər.

1980-ci illərin sonlarında Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra həm Azərbaycanda, həm də Ermənistanda münaqişənin həlli prosesi, əsasən, dövlət rəsmiləri tərəfindən idarə olunurdu. Üstəlik, hər iki ölkədə siyasi dəyişikliklər inkişaf etdikcə, vətəndaş cəmiyyəti və qeyri-hökümət təşkilatlarının iştirakı getdikcə məhdudlaşırdı. Nəticədə dövlət rəsmiləri tərəfindən aparılan danışıqlar qeyri-şəffaf keçirilirdi və cəmiyyətin geniş qruplarının tələblərini nəzərə almırdı. Beynəlxalq səviyyədə isə danışıqlar prosesi ATƏT-in Minsk Qrupu çərçivəsində aparılsa da, qrupun məhdud mexanizmi yerli qadınların danışıqlarda iştirakına imkan vermirdi. Qeyd etmək lazımdır ki, 1992-ci ildən etibarən, Minsk Qrupunun 20 ildən artıq çalışdığı müddətdə beynəlxalq həmsədrlərin və ya vasitəçilərin arasında bir nəfər də olsa qadın iştirak etməmişdir. Bu onu göstərir ki, təkcə Azərbaycanda və Ermənistanda deyil, eləcə də, Fransa və ABŞ kimi demokratik və inkişaf etmiş ölkələrdə belə qadınların danışıqlarda və xarici siyasətdə iştiraki hələ də kifayət qədər çox deyil. Bundan əlavə, Azərbaycanda və Ermənistanda qadınların danışıqlarda və sülh quruculuğu təşəbbüslərində iştirakının məhdud olması, əsasən, qərar qəbuletmə (decision-making) proseslərində və bunu özündə ehtiva edən vəzifələrdə qadınların iştirak səviyyəsinin aşağı olması ilə əlaqədardır. Buna baxmayaraq, birinci Qarabağ müharibəsi zamanı, eləcə də sonraki illərdə iki ölkə arasındakı sülhməramlı layihələrdə iştirak edən qadınlar bir neçə çox önəmli nailiyyətlər əldə etmişdirlər. Onların arasında Helsinki Vətəndaş Assambleyasının (HVA) Azərbaycan və Ermənistan nümayəndəliklərinin rəhbərləri, Arzu Abdullayeva ilə Anahit Bayandurun birinci Qarabağ müharibəsi zamanı əsirlərin mübadiləsində “Sülh dəhlizi” qura bilməsini,  nəticədə beş yüzdən artıq girovun azad olunmasını, itkin düşənlərin  axtarışı  üçün şəraitin yaradılmasını qeyd etmək lazımdır. 1992-ci ildə hər  iki xanım qeyd olunan fəaliyyətlərinə görə Olof Palm Sülh Mükafatına layiq görülmüşdürlər. 

Ümumiyyətlə, dünya miqyasında oxşar münaqişələrin həlli ilə bağlı araşdırmalar onu göstərir ki, barışıq prosesi cəmiyyətin daha geniş təbəqələrinin danışıqlar prosesinə cəlb olunmasını tələb edir. Xalqlararası diplomatiya səviyyəsində dəstəklənən barışığın davamlılığı, siyasi elitlər tərəfindən əldə edilən sülhdən daha güclü və uzun müddətlidir (Porter, 250). Cəmiyyətin müxtəlif qruplarının, o cümlədən, qadınların və gənclərin iştirakı ilə planlanan addımlar gərginliyin azaldılmasına və iki millət arasında etimadın inkişafına kömək edə bilər. Daha geniş qrupların iştirakı ortaya yeni fikirlər gətirməklə, münaqişənin həll yollarının genişlənməsində və barışıq prosesinin inkişafında əhəmiyyətli rol oynaya bilər. Eyni zamanda, qadınların danışıqlar prosesində iştirakı barışığın bir neçə səbəbdən asanlaşmasını təmin edir. Araşdırmalar göstərir ki, vətəndaş cəmiyyəti  və qadın qrupları danışıqlara daxil olduqda, əldə edilən sülh müqavilələrinin 35 %-idaha uzun müddətli nəticələrə gətirir. Qadın təşkilatlarının danışıqlar prosesinə cəlb edilməsi, münaqişənin qadın anlayışını təqdim edir, eləcə də, münaqişənin fərqli həll yollarını və sülhə töhvə verə biləcək “sülh agentlərinin” əhatəsini genişləndirir. Qadınlararası diplomatiya, xüsusilə  barışığa təkan verir. Paylaşılan təcrübələr qarşılıqlı anlaşmanı təşviq edir, eləcə də  şəxsi təcrübələrdən və gender bərabərliyi kimi ortaq hədəflər qadınlar arasında ümumi cəhətlərin aşkarlanmasına təkan verir. Bu baxımdan, qadınlararası diplomatiya layihələri hər iki cəmiyyətdə qadın haqları məsələsi, onların ictimai və siyasi həyatdan kənarlaşdırılması kimi oxşarlıqların tapılmasına kömək edə bilər. Bundan əlavə, qadınlar icmalarında əhəmiyyətli rol oynadıqlarından, icmanın gündəlik ehtiyaclarını nəzərə alaraq, sülh müqavilələrinin həyata keçirilməsini qiymətləndirib həll yollarını daha geniş aspektlərdə təklif edə bilərlər. Beləliklə, qadınlar ailə ehtiyacları ilə əlaqədar konkret məsələlərə (su təchizatı, tibb, təhsil məsələləri və s.) diqqət yetirdikləri üçün müxtəlif problemlərin və münaqişələrin həllinə fərqli yanaşmalar təqdim edə bilərlər.

İllustrasiya: Aysel Budaq

Sülh quruculuğu və danışıqlar prosesində qadınların iştirakını təhlil edərkən, qadınların  dünya səviyyəsində, ənənəvi olaraq,  bu sahədə  çox məhdud şəkildə təmsil olunduqlarını  görmək olar. 1995-ci ildə Bosniya münaqişəsində Dayton barışıq danışıqları zamanı qadınlar iştirak etmirdi; 1999-cu ildə Kosovo münaqişəsində Ramboullet danışıqlarına yalnız bir qadın qoşulmuşdu. Qadınların idarəetmə və qərar qəbuletmə səlahiyyətlərini ehtiva edən vəzifələrə cəlb edilməsinin zəruriyyəti 1995-ci ildə Pekində keçirilən IV Qadınlar Dünya Konfransında bəyan edilmişdir. Bu konfransda qəbul edilmiş Fəaliyyət Platforması, qadınların qərar qəbuletmə vəzifələrinə irəliləməsi üçün əsas maneələri- yoxsulluq, təhsil, şiddət, insan resursları, media, ətraf mühit, silahlı qarşıdurma kimi səbəbləri müəyyənləşdirmişdi. 2000-ci ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 1325 nömrəli qətnamənin qəbul edilməsi, qadınların qərar qəbuletmə prosesində iştirakının artırılması üçün məsələnin yüksək səviyyədə müzakirələrin əhəmiyyətinə diqqət çəkdi. Qətnamə silahlı münaqişələrin qadınlar və uşaqlar üzərində təsirini, eləcə də, sülhməramlı əməliyyatlarda gender perspektivlərini tətbiq etməyin vacibliyini qeyd etmişdir. Qətnamənin icrası üçün BMT katibi BMT üzv dövlətlərini milli fəaliyyət istiqamətlərini əks etdirən Milli Fəaliyyət Planı (MFP) hazırlamağa çağırmışdı. 2020-ci ilin oktyabr ayında dünyanın 88 ölkəsində qadınlar, sülh və təhlükəsizliklə bağlı Milli Fəaliyyət Planı qəbul edilmişdir. Dünyada qətnamənin tətbiqinə dair bəzi müsbət nümunələr də var: 2002-ci ildə Şri-Lankada aparılan sülh danışıqları zamanı Şri Lanka hökuməti ilə silahlı müxalifət LTTE qrupunun  qadın nümayəndələri arasında  aparılan danışıqlar üçün Gender Alt Komitəsi yaradılmışdı (Villellas, 7).2014-cü ildə Filippin hökuməti və Moro İslam Qurtuluş Cəbhəsi uzun müddət davam edən münaqişənin həllinə gətirən sülh müqaviləsi imzaladı; qadınlar hökumətin danışıqlar qrupunun 50%-ni, imzalayanların 25%-ni təşkil edirdi. Bu tendensiya, eyni zamanda, onu göstərir ki, liberal qərb ölkələrinin ənənəvi olaraq qadınların xarici işlər və müdafiə nazirliklərində, eləcə də, sülh quruculuğu təşəbbüslərində daha yüksək gender bərabərliyi səviyyəsinə nail olmaları ilə bərabər,günümüzdə inkişaf etməkdə olan ölkələrdə də müsbət dəyişikliklər nəzərə çarpır. Gürcüstanda bir neçə qadın layihələri icmalararası dialoqun təşviqində, icma əsaslı fəallıqla sülh quruculuğu təşəbbüslərinin qurulmasında və rəsmi diplomatiyay ilə ortaq körpü yaradılmasında böyük rol oynamışdır. Bu cür layihələrdən biri olan “Qadınlar Sülh Naminə” təşəbbüsü münaqişə tərəfləri arasında dialoq üçün bir platforma yaratmış,  yerli icmaların (Abxaziya, Cənubi Osetiya və Gürcüstan) qadınlarını siyasi və sülh quruculuğu proseslərində daha fəal iştirak etmələyə təşviq etmişdir. Təşəbbüsün əsas məqsədinə görə jurnalist, tədqiqatçı və ya münaqişənin qurbanı olan hər bir qadın öz fikrini, təcrübəsini və ya təklifini, sadəcə öz icmasının nümayəndələrinə deyil, qarşı tərəfə də çatdırmaq üçün bu platformadan istifadə edib, icmaların bir-birinə olan münasibətini dəyişdirməklə, qadınların və digər münaqişə qurbanlarının bir-birinə etimadını yenidən quraraq, münaqişənin gələcəyinə təsir edə bilər. Bunun üçün hər qadının səsi olduqca əhəmiyyətlidir. Eyni zamanda, bu cür təşəbbüs qadın jurnalistləri və mütəxəssisləri yetişdirərək, qadın problemləri, gender bərabərliyi, 1325 nömrəli qətnamənin həyata keçirilməsi kimi mövzularda qərəzsiz və fikir müxtəlifliyini nəzərə alan materialların hazırlanması üçün gözəl imkan yaradır.

Dağlıq Qarabağ münaqişəsində qadınların danışıqlar prosesinə cəlb edilməsi olduqca məhduddur ki, bu da, iki səbəblə izah oluna bilər. Bir tərəfdən, Cənubi Qafqazda qadınların rolu, ənənəvi olaraq siyasi fəal kimi deyil, daha çox ana və ya ailə üzvü kimi qəbul olunur ki, bu da onların yüksək səviyyəli müzakirələrdə iştirak etməməsinə səbəb olur (Kvinna till Kvinna, 2019). Yerli parlamentlərdə qadınların sayı çox deyil, danışıqlar səviyyəsində isə diplomatların arasında qadınlar demək olar ki, təmsil olunmurlar (Council on Foreign Relations, 2019). Digər tərəfdən, dünya miqyasında qadınlar xalq diplomatiyası (Track II) yolu ilə sülh quruculuğu və danışıqlar prosesində fəal iştirak etdikləri halda, Azərbaycanda son illər ərzində bu cür təşəbbüslərin dəstəyi və eləcə də, vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı münaqişənin həll prosesindən məhdudlaşdırılmışdır. Buna baxmayaraq, münaqişənin təxminən 30 illik danışıqlar təcrübəsi müddətində yerli təşəbbüslərin auditoriyasının genişləndirməsində bəzi müsbət nəticələr əldə edilmişdir. Bunlardan biri, 2010-cu ilin iyun ayından etibarən, Avropa Komissiyası tərəfindən dəstəklənən “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Avropa Tərəfdaşlığı” (European Partnership for the Peaceful Settlement of the Conflict over Nagorno-Karabakh, EPNK) təşəbbüsü və onun fəaliyyəti idi. Təşəbbüsün təşkil etdiyi iclaslarda müxtəlif tərəflər, o cümlədən, qadınlar, gənclər, jurnalistlər və ekspertlər iştirak edirdilər. Bundan əlavə, “Kvinna till Kvinna” təşkilatının hazırladığı 2013 və 2020-ci illərin hesabatlarında qadınların barışıq təşəbbüslərinə daha geniş cəlb edilməsi üçün lazımlı addımlar barədə bəzi faydalı tövsiyələr qeyd olunmuşdur. 

2013-cü ildə Ermənistan və Azərbaycanda bir sıra sülh qurucu qeyri-hökümət təşkilatları 1325 nömrəli qətnamənin tətbiqi, eləcə də, Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planlarının qəbul edilməsinin təmin edilməsi üçün iki işçi qrupu yaratmışdılar. (Walsh, 2014). Həmin il Ermənistandakı bir qrup QHT münaqişənin yerli qadınlara təsirini, eləcə də, qadınların idarəetmədə, sülh danışıqlarında, təhlükəsizlik sektorunda və sülhməramlı nümayəndəliklərdə iştirak səviyyəsini təhlil edən bir hesabat hazırladı. 2019-cu ildə Ermənistan 1325 nömrəli qətnaməyə dair ilk Milli Fəaliyyət Planını qəbul etdi. Azərbaycanda isə 1325 nömrəli qətnaməyə dəstək bəyannaməsi 2002-ci ildə qəbul edilsə də, Milli Fəaliyyət Planı layihəsi hələ də Milli Məclisdə müzakirə mərhələsindədir (Kvinna till Kvinna, 2020). Bununla bağlı, Azərbaycanda danışıqlar prosesində qadınların rolunun mövcud vəziyyətini təhlil etmək üçün hesabatın hazırlanması və parlament tərəfindən Milli Fəaliyyət Planının (MFP) qəbul edilməsi kimi önəmli addımlar gələcək danışıqlara əhəmiyyətli dərəcədə kömək edə bilər. Bu baxımdan,  MFP-nin qəbul edilməsi qadınlar və yerli hökümət orqanları arasında qətnamə və danışıqlar prosesi ilə bağlı qadınların rolu haqqında məlumatın yayılmasında, eləcə də, münaqişədə qadınların prioritetlərin və problemlərin müəyyənləşdirilməsində, qadınlararası diplomatiyadan istifadə etməklə Azərbaycan və Ermənistan qadınları arasında cəmiyyətlərarası dialoqa etimad yaratmaq üçün layihələrin hazırlanmasında kömək edə bilər.

44-günlük müharibədən və Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun işğaldan azad edilməsindən sonra Azərbaycanın xalqlararası diplomatiyaya və yerli layihələrə cəlb olunmasına daha açıq olacağını gözləmək olar. Bu gün sülh quruculuğu prosesində düzgün və faydalı bir strategiya yaratmaq üçün münaqişənin 30 illik sülhquruculuq təcrübəsindən, eləcə də dünyadakı müsbət nümunələrdən istifadə etmək çox vacibdir. Dağlıq Qarabağın iki icması arasında təşkil olunacaq görüşlərə daha çox qadın cəlb edilməlidir ki, münaqişənin həlli üçün daha geniş anlayış və daha səmərəli təkliflər irəli sürülsün. Gürcüstanın icmalararası ünsiyyət platforması təcrübəsi auditoriyanı genişləndirib, sülh quruculuğu təşəbbüslərində iştirak etmək istəyən qadınları bu prosesə cəlb edə bilər. BMT Təhlükəsizlik Şurasının 1325 nömrəli qətnaməsinin həyata keçirilməsi üçün  ölkə miqyasında gender sahəsində işləyən yerli təşkilatların bu məsələyə cəlb olunması, eləcə də, hökümət səviyyəsində Milli Fəaliyyət Planının qəbul olunması zəruridir. Danışıqlar prosesinə müsbət təsir göstərə biləcək və eyni zamanda qadınların cəmiyyətdəki mövqelərini gücləndirə biləcək yeni layihələr təklif edilməlidir. Bu cür layihələr vətəndaş cəmiyyəti, eləcə də yerli icmalar tərəfindən təbliğ edilməlidir. Dəyişikliklərin əksəriyyəti birbaşa dövlət rəhbərliklərinin siyasi iradəsindən və ictimai diplomatiyanı təşviq etmək istəklərindən asılı olsa da, Azərbaycanın ikinci Qarabağ müharibəsindəki qələbəsi və yeni reallıq iki icma arasında dialoq qurmaq üçün yeni fürsətlər yaradır. Gələcək dəyişikliklərin münaqişənin həlli üçün zəmin yaratdığı təqdirdə, qadınların sülh quruculuğu təşəbbüslərində iştirakı bu dəyişikliklərin uzunömürlü olması və bölgədə sabit sülhün yaranması üçün olduqca önəmli olacaqdır. 


1 – 44 gün sürən ikinci Qarabağ müharibəsi 27 sentyabr 2020-ci il tarixində başlayıb, 10 noyabr 2020-ci il tarixində başa çatmışdı.

Mənbələr

  1. Cárdenas, M.L. (2019), “Women-to-Women Diplomacy in Georgia: A Peacebuilding Strategy in Frozen Conflict”, Civil Wars, vol. 21, no. 3, pp. 385-409, DOI: 10.1080/13698249.2019.1667713.
  2. Council on Foreign Relations (2019), “Armenia-Azerbaijan Case Study: March 2019 Peace Talks”, Council on Foreign Relations, https://www.cfr.org/womens-participation-in-peace-processes/armenia-azerbaijan
  3. Freizer, S. (2014), “Twenty Years after the Nagorny Karabakh Ceasefire: an Opportunity to Move Towards More Inclusive Conflict Resolution”, Caucasus Survey, vol. 1, no. 2, pp. 109-122. DOI: 10.1080/23761199.2014.11417295.
  4. Jocbalis, M. (2016), “Transformative Gender Narratives in South Caucasus: Conversations with NGO Women in the Armenian-Azeri conflict”, Malmö University, https://www.diva-portal.org/smash/get/diva2:1482089/FULLTEXT01.pdf 
  5. Kvinna till Kvinna Foundation (2019), “Listen to Her – Gendered Effects of the conflict over Nagorno-Karabakh and Women’s Priorities for Peace”, Kvinna till Kvinna Foundation, https://kvinnatillkvinna.org/publications/listen-to-her-gendered-effects-of-the-conflict-over-nagorno-karabakh-and-womens-priorities-for-peace/   
  6. Nemsitsveridze-Daniels, A., Zillen, E., Saleh, O., Jegorova-Askerova, R. (2020), “The Missing Peace”, Kvinna till Kvinna Foundation, https://kvinnatillkvinna.org/wp-content/uploads/2020/10/The-Missing-Peace.pdf 
  7. O’Reilly, M., Suilleabhain, A., Paffenholz, T., (2015), “Reimagining Peacemaking: Women’s Roles in Peace Processes”, International Peace Institute, https://www.ipinst.org/wp-content/uploads/2015/06/IPI-E-pub-Reimagining-Peacemaking.pdf 
  8. Porter, E. (2003), “Women, Political Decision-Making, and Peace-Building”, Global Change, Peace & Security, vol.15, no. 3, pp. 245-262. DOI: 10.1080/0951274032000124965
  9. Villellas, M. (2010), “The Role of Women in Peacebuilding: Proposals for the Implementation of 1325 Resolution”, Escola de Cultura de Pau, pp. 1-21. 
  10. Walsh, S. (2014), “Nagorno-Karabakh: a Gender Inclusive Approach to Peace”, Open Democracy, 9 October, https://www.opendemocracy.net/en/odr/nagornokarabakh-gender-inclusive-approach-to-peace/ 

Bu məqalə USAID və Black Sea Trust-ın maliyyə dəstəyi göstərdiyi “Genderi Görünən Edək” layihəsi çərçivəsində hazırlanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *