Su çatışmazlığı həm də gender məsələsidir

Elnaz Vəliyeva hal-hazırda ADA Universitetində Beynəlxalq Münasibətlər və Diplomatiya üzrə Magistr pilləsində təhsil alır. Onun tədqiqat maraqlarına, xüsusilə sosioloji və ətraf mühitlə bağlı olan mövzular daxildir.


Su çatışmazlığı müntəzəm təminatın və ya lazımi infrastrukturun olmaması səbəbindən, içməli və istifadə üçün yararlı suya əlçatanlığın itməsi deməkdir. Dünya əhalisinin üçdə ikisini təşkil edən, təxminən 4 milyard insan ilin, ən azı, bir neçə ayı ərzində ciddi su çatışmazlığı yaşayır (Mekonnen, et al, 2016). Mövcud iqlim dəyişikliyi ssenarisi ilə, 2030-cu ilədək bəzi quraq və yarı quraq yerlərdə su çatışmazlığı 700 milyon insanın daxili və xarici miqrasiya etməsinə səbəb olacaq (UN Habitat, 2009). 

Koronavirus böhranı dünyaya yayıldıqca, su təminatının və əlçatanlığının az olduğu yerlərdə daha ağır təsirlərin olması təxmin olunur. Belə ki, bir tərəfdən səhiyyə təşkilatları epidemiyanın qarşısını almaq üçün əlləri daha tez-tez yumağı məsləhət görürlər (dünya əhalisinin 40%-i olan 3 milyard insan evlərində, əsas sanitar qayda olan, əl yuma üçün belə sudan istifadə edə bilmir), digər tərəfdən isə virusun yayılmasının qarşısını almaq məqsədilə kəndlər, rayon mərkəzləri və şəhərlərlə əlaqələrin məhdudlaşdırılması mobilliyi azaldır və su təminatına əlçatanlığı çətinləşdirir (Mensah et. al,2020).  

İllustrasiya: Aydan Həsənova

Kür çayı və su çatışmazlığı

Azərbaycan da su çatışmazlığı ilə üzləşən ölkələr sırasındadır. 2050-ci ilə qədər kəskin su problemləri ilə üzləşəcək ilk 50 ölkə sırasında Azərbaycanın da olacağı müəyyənləşdirilmişdir (Bilalova, 2020). Su çatışmazlığı, ilk növbədə,  Azərbaycanın ən böyük çayı olan, ölkənin su təchizatında  əsas  mənbəyi sayılan Kür çayında baş verən quraqlıq, azalma və düzgün olmayan planlamadan qaynaqlanır. Quraqlıq və azalmanın səbəblərinə ümumi iqlim dəyişikliyi,  eləcə də,  ölkə relyefinin aşağı axarlı olması, insan və iqtisadi fəaliyyət faktoru da aiddir. Əsasən, çay hövzəsinin aşağı axarında yerləşən ölkələr və şəhərlər suyun yuxarı axarından necə istifadə olmasından asılı olurlar; yuxarı axarda  çox su istehlak olunduqda və ya çirkləndikdə, aşağı axar sakinləri bunun  mənfi təsirini hiss edir (BMTİP, 2018).

Kür çayının quraqlığında həm antropogen, həm də təbii-iqlim faktorları müəyyən rol oynayır. Məsələn, iqlimin quraq olması, ərazi üzrə su ehtiyatlarının qeyri-bərabər paylanması  kimi səbəblər bura aiddir (İmanov, 2017). Kür çayı Qafqazda ən böyük transsərhəd çay olmaqla, Türkiyə, Gürcüstan və Azərbaycan ərazisindən keçərək Xəzər dənizinə tökülür. Kür axın boyu çoxsaylı qollar qəbul edir və onun sularından hər üç ölkədə müxtəlif məqsədlər üçün geniş istifadə edilir. Nəticədə, Kür çayının illik axını çay boyu təbii və antropogen transformasiyaya (insan fəaliyyəti nəticəsində yaranan ekoloji və iqlim dəyişiklikləri) uğrayır (İmanov, 2017). Hal-hazırda Kürün aşağı hissəsində şirin suyun azalması prosesi sürətli şəkildə davam edir və Azərbaycan aşağı axar ölkəsi olaraq, Gürcüstan və Türkiyəyə nisbətən, baş verən dəyişikliklərə daha həssasdır. Bu isə, yuxarıda qeyd olunduğu kimi, ölkənin asağı axında yerləşməsi və iqliminin daha quraq olması ilə bağlıdır. Bundan əlavə, ölkə ərazisində yağıntının az, buxarlanmanın daha çox olması da Kürdə quraqlığa səbəb olan amillərdəndir (FAO, 2009).  Lakin təbii səbəblərdən əlavə : sudan səmərəsiz istifadə, su hövzələrinin düzgün idarə olunmaması, sənayenin və iqtisadi istehsalın inkişafı ilə əlaqədar dövlət səviyyəsində müəyyən su qurğularının tikintisi, eləcə də,  layihələrin düzgün planlanmaması kimi bir çox səbəbləri də göstərmək olar. 

Xüsusilə, suvarma əkinçiliyinin inkişafı suya olan tələbatı artırmış və çaylardan sugötürmələrin həcminin  getdikcə artmasına səbəb olmuşdur. Son zamanlar iqtisadiyyatda  pambıq, düyü istehsalında  xeyli artım olmuşdur ki, bu sahələrdə də kifayət qədər çox su istifadə olunur.  Kürdə su elektrik stansiyalarının çoxalması, su anbarlarının, kollektorların artması,  kanalların yaradılması və s. bu kimi texnogen amillər də Kürdə suyun azalmasına, quraqlığa, eyni zamanda, təbii axının  pozulmasına da gətirib çıxarmışdır. Hazırda Kür çayının, xüsusilə, Salyan və Neftçala bölgələrində suyun səviyyəsində əhəmiyyətli dərəcədə azalma müşahidə olunur (Mammadli, 2020).  Bundan əlavə, yerli əhali ilə müsahibələrdən də aydın olur ki, son illərdə Kürdə suyun səviyyəsi azalmış, çayın suyu dəniz suyuyla xeyli qarışmışdır. Bu da, müvafiq olaraq, şoranlaşmanın artmasına səbəb olur. Əkinlə məşğul olan yerli sakinlərin verdiyi məlumata  əsasən,  belə sular təsərrüfat üçün də yararlı sayılmır, çünki Kürdən axan  bu şor sular bitkiləri yandırır və sudakı mineralların azalması onun yararlılığına mənfi təsir göstərir.  Nəticədə, yerli sakinlər içməli və suvarma üçün suyu ödənişlə almağa məcbur olurlar. Kürün hər iki sahilində yerləşən rayonlardan biri olan Şəmkirdə də vəziyyət digərləri ilə oxşardır. Kürdə suyun səviyyəsində azalma müşahidə olunduğundan, əkin sahələrini suvarmaq üçün çəkilən kanaldan gələn su tələbatı ödəmir (Şəmkir rayonu, Şiştəpə kəndliləri ilə müsahibə). Bir sözlə, kənd əhalisinin hamısına su kifayət qədər yetmir və nəticədə əkin sahələrində də quraqlıq və azalma baş verir.  

Kür Quraqlığının Gender Təsiri

Su çatışmazlığının yerli icmalara təsiri genderlər arasında bərabər paylanmır. Belə ki, əksər icmalarda gündəlik məişət və təsərrüfat üçün su toplama, saxlama və istifadəsinin məsuliyyəti qadınların üzərinə düşür. Dünyanın müxtəlif  kənd yerlərində qadınlar yemək, təmizlik, yuma, heyvanlara qulluq, qida istehsalı və tullantıların təmizlənməsində istifadə olunan suyu gətirmək üçün gündə 200 milyon saat məsafə qət etməli olurlar (UNWomen, 2019). Bu, cəmiyyətdə qadın və qızların təhsildən yayınmalarına və ödənişsiz əməklə məşğul olmalarına səbəb olur.

Azərbaycanda da mənzərə oxşardır. Kür ətrafı yerli icmalarda apardığımız müsahibələrdən aydın olur ki, su üçün ödənişin edilməsi əsasən kişilərin məsuliyyəti, ev üçün su toplanması isə qadınların işi sayılır. Adətən, su qıtlığı ilə üzləşən kişilər miqrasiya etməli olurlar (daxili yerdəyişmə – Bakı və ya xarici miqrasiya- Rusiya) və ailələrinə pul köçürürlər.  Arxada  qalan qadınlar isə su çatışmazlığı ilə mübarizə yükünü daşımalı olurlar. Su təhlükəsizliyi bir çox hallarda kəndli əhalinin gəlirinin azalmasına səbəb olur (kənd təsərrüfatında istifadəsinə görə), eləcə də, çirklənmiş su ehtiyatlarından istifadə  xəstəlik ehtimalını artırdığından,  yoxsulluğa  yol açır  və ya ümumi rifahı azaldır. Məişət və təsərrüfatda gündəlik məsuliyyətlərinə baxmayaraq, qadınlar su və kanalizasiya ilə bağlı icma və ya yerli hakimiyyət orqanları səviyyəsində idarəetmə və qərar qəbul etmədə çox az iştirak edirlər.

Kür çayı quraqlığı və bununla bağlı yaranan su çatışmazlığı probleminin təsiri rayon və kənd bölgələrində yaşayan qadınların həyatında çətinliklər yaradır.,  Azərbaycanda kənd təsərrüfatı sahəsində  çalışanların təqribən 50%-ni qadınlar təşkil edir (FAO, 2009). Kür ətrafı rayonlarda qadınlar həm məişətdə, həm  də təsərrüfatda işlərin daha çox hissəsinə məsuldurlar. 

Şəmkir rayonunda aparılan müşahidə və yerli sakinlərlə müsahibəyə əsasən, Kür çayındakı azalma və quraqlıq onların gündəlik ev işləri, məişət tələbləri, şəxsi təsərrüfatlardakı ağacların və parnikin (istixana) suvarılması üçün su tapmaqda çətinlik çəkirlər. Bir çox  qadınların əsas məşğuliyyətinin kənd təsərrüfatı olduğunu nəzərə alsaq,  onların əsas gəlir mənbələri də burdan qaynaqlanır.  Təbii ki, quraqlığa görə bu əkin sahələrində məhsuldarlığın azalması ilə bağlı həmin qadınların  iqtisadi məşğulluğunda və maddi durumunda  müəyyən çətinliklər yaranır. Ona görə də bəzi qadınlar əlavə iş axtarışına başlayırlar. Bölgədaxili mobillik az olduğundan,  qadınlar digər zonalara getməkdə və əlavə iş tapmaqda böyük problemlərlə üzləşirlər. Məsələn, yerli qadınların biri qeyd edir ki, bəzi qadınlar iş üçün rayonun digər zonalarında olan əkin sahələrinə muzdla işləməyə gedirlər. Lakin onlar hər dəfə işlə təmin oluna bilmir və üstəlik, yola görə əlavə xərc çəkməli  olurlar. Yol xərclərinə görə çox vaxt  uzun yolları piyada qət etməli olurlar. Nəticədə, su quraqlığı və təsərrüfatla bağlı problemlər qadınlara nəinki  iqtisadi, eyni zamanda, fiziki çətinliklər  də yaradır. 

Digər gender əsaslı çətinlik, gündəlik əkin-biçin işləri, heyvanların saxlanması, bir sözlə, təsərrüfat işləri üçün kifayət etmədiyindən, suyun ödənişli şəkildə alınmasıdır. Bu isə gəliri az olan ailələr üçün ciddi problemlər yaradır və ailənin maliyyə qərarvericiliyində rolu az olan qadınlar suyu nə zaman və nə formada alacaqlarına dair qərardan kənar qalırlar. Ümumilikdə, bu prosesin qadınların kənd təsərrüfatı fəaliyyətinə, planlamasına, məsələn, su ehtiyacına uyğun toxumların seçilməsinə mənfi təsir göstərir və onlar üçün mövsümi qeyri-müəyyənlik yaradır.

Qeyd edək ki, qadınların üzərinə düşən çətinliklər təkcə iqtisadi vəziyyətlə deyil, eyni zamanda, sosial statusları ilə də əlaqələdir. Məsələn, təsərrüfatlarda  qadınların əməyindən  geniş istifadə olunsa da, sahibkarların çox az hissəsi qadındır. Bu, mövcud lokal mədəni stereotiplərdən və qadınların iqtisadi və sosial iştiraklarına dəstəyin az olmasından qaynaqlanır (ADB, 2019). 

Məsələn, Salyandan olan müsahiblərin bir çoxu məhsulun daşınması, istehsalı, bazarla əlaqələrin qurulması, müəyyən insanlarla ünsiyyət saxlanması, nəqliyyatdan təkbaşına istifadə və s.kimi işlərdə qadınların fəaliyyət göstərə bilmədiklərini  və qərarvermədə  kişilərin iştirak etməli olduğunu vurğulayırlar.   Bu səbəbdən də qadınlar təsərrüfatla bağlı təhsil, bilik və avadanlıqlardan faydalana bilmirlər. Eyni vəziyyət Şəmkir rayonunda da müşahidə olunur. Aparılan sorğuya əsasən, qadınların çoxu məişət işləri ilə məşğul olur və həmin ərazilərdə keçirilən təlim və ya məlumatlandırma tədbirlərinə qatılmırlar. 

Bu təsir zəncirini təhlil etdikdə, su çatışmazlığının gender təsirini və qida təhlükəsizliyi ilə bilavasitə əlaqəsini də görmək mümkündür. Bu regionlarda sakinlərin 36% kənd təsərrüfatı və balıqçılıqla  məşğul olur (Statistika Komitəsi, 2019). Toxumların qorunması və əkinə nəzarət bir çox hallarda qadınların fəaliyyət və məsuliyyət sferasında olduğundan, qadınların iqlim adaptasiyası, əkin texnologiyaları  haqqında məlumatsız olmaları kənd əhalisini, artan susuzluq və quraqlıq fonunda,  qida təhlükəsizliyi kimi ciddi problemlə üz-üzə qoya bilər. 

Su çatışmazlığı problemini necə həll etmək olar?

Dayanıqlı inkişaf üçün su ehtiyatları mühüm rol oynayır və buna görə də su ehtiyatının istifadəsi, idarə olunması və qorunması inteqrasiyalı həll ediməlidir. Yəni, yerli icmaların iqtisadi və sosial tələbatı və təsiri, həmçinin, ətraf mühit və təbii amillər də nəzərə alınmalıdır. Kür suyunun azalması səbəbindən suyun səmərəli şəkildə istifadə olunması, çirklənmədən  qorunması və iqlim adaptasiyasında yerli icmaların iştirakı önəmlidir. Məsələn, kənd təsərrüfatında Kürün suyundan daha səmərəli istifadə etmək üçün suvarma sisteminə daha qənəetedici texnologiyaları inteqrasiya etmək olar. Buna misal olaraq, damcılı suvarma üsulunu göstərmək olar. Bundan əlavə, suya daha az tələbatı olan toxumlardan yararlanmaq məqsədəuyğun olar. Eyni zamanda, bölgənin iqlimi yaxşı öyrənilməli və quraq yerlərdə əkin sahələri salmaqdan yayınmaqla  daha düzgün planlama aparılmalıdır. 

Kür çayı üzərində su elektrik stansiyaları, su anbarları  və kollektorların tikilməsi çayın axınına, sululuğuna müəyyən dərəcədə mənfi təsir göstərdiyi müşahidə olunur. Məsələn, su anbarlarının tikilişindən sonra  Salyan yaxınlığında  çayın mənsəbində su səthi müəyyən dəyişiklikərə məruz qalmışdır. Buna görə də dövlət bu qurğuların tikintisi  ilə bağlı, canlı və təbiət resurslarının mühafizəsi yönümlü, daha düzgün layihələrdən istifadə etməlidir. Su eletrik stansiyalarının ölkənin elektrik enerji təchizat sistemində mühüm rol oynadığına görə, Kür üzərində su elektrik stansiyalarının artması və onların törətdiyi mənfi təsirlər, xüsusilə, aktual problemdir. Kürün mühafizəsində və quraqlığa qarşı  mübarizədə elektrik enerjisi istehsalı üçün digər alternativ enerji mənbələrindən istifadəyə dövlət vəsaitinin ayrılması  əhəmiyyətli addımlardan biri kmi dəyərləndirilə bilər.

Əhalinin sayında artım, getdikcə sürətlənən urbanizasiya və iqtisadiyyatın inkişafı nəticəsində 2030-cu ildə su tələbatının artacağı gözlənilir. Bunun üçün Azərbaycanda  su ehtiyatlarının nəinki milli, həm də transsərhəd səviyyədə  istifadə və idarə edilməsinə xüsusi diqqət ayırılmalıdır.   Belə ki,  Azərbaycanın  su ehtiyatlarının 70%-ni transsərhəd çaylar təşkil edir.  Bu  isə o deməkdir ki, su ilə bağlı problemlər tək ölkədaxili  deyil, həm də xarici təsirlərlə bağlıdır (İmanov 2017). Buna görə də, Azərbaycanın ən böyük transsərhəd çayı olan Kür hövzəsində digər ölkələrlə əməkdaşlığı gücləndirmək üçün  Azərbaycan, əsasən,  Gürcüstan və Türkiyə ilə suyun istifadəsi və bölüşdürülməsi ilə bağlı birgə qərarların qəbulu istiqamətində çalışmalıdır. Son olaraq, həm ölkədaxili, həm də beynəlxalq səviyyədə çoxlu hidroloji infrastrukturların qurulması, yeni mənbələrin istismarı yerinə, iqlim adaptasiyaslna yönəlmiş infrastrukturların yaradılması problemin həllinə töhfə verə bilər. 

Gender inklüziv həll yollari

Kür çayı, su təsərrüfatı ilə bağlı düzgün seçilmiş siyasətlər və layihələr yerli icmaların, xüsusilə də, bölgələrdə yaşayan qadınların iqtisadi və sosial fəaliyyətinə müsbət təsir etməklə, onları su idarəçiliyinə inteqrasiya etdirə bilər. Lakin mövcud su idarəetməsi üzrə siyasətlər (Azərbaycan Respublikası Su kodu, 1997; Meliorasiya və İrriqasiya haqqında Qanun, 2004; Sosial-İqtisadi İnkişaf üzrə Milli Strategiya, 2019-2023; Milli İqtisadiyyat və Əsas İqtisadi Sahələr üzrə Strateji Yol Xəritələri, 2016-2035) və layihələrdə hələ də gender bərabərliyinin  hədəflənmədiyi müşahidə edilir. 

Su resurslarının idarə olunmasında  gender bərabərliyinin inteqrasiyası iqlim dəyişikliyində bütün əhalinin ehtiyaclarının nəzərə alınması və risklərin azalmasına səbəb olacaq (ADB, 2019). Gender bərabərliyinin su siyasətinə inteqrasiyası üçün bir sıra tədbirlər görülə bilər:

  • Su çatışmazlığı ilə üzləşən yerli icmalarda ehtiyacların ödənilməsi və gender əsaslı datanın toplanması – su siyasətlərini dizayn etməzdən öncə, Kür ətrafı icmalarda fərqli qrupların ehtiyacları haqqında məlumatlar toplanmalıdır.  Bu, həm dövlət siyasətlərini, həm də ayrı-ayrı layihələri daha səmərəli etməyə xidmət edir;
  • İnklüziv idarəetmə – Qadınların əksəriyyəti,  mülkiyyət hüquqları olmadığına görə, suvarma suyunu  asanlıqla əldə edə bilmirlər. Bu, qadınlar  ilə kişilər arasındakı bərabərsizliyi daha da gücləndirir. Buna görə də su xidmətləri və torpaq mülkiyyəti məsələsində gender bərabərsizliyi nəzərə alınmalıdır (Global Partnership, 2017).  
  • Həmçinin, qadınların iqlim dəyişikliyi və su resurslarının idarə edilməsində istirakını artırmağa yönələn siyasətlər və layihələr həyata keçirmək problemin həll yollarından biridir. Məsələn, təkmilləşdirilmiş su sistemləri ilə əlaqədar su istifadəçiləri komitələrinin yaradılması və burada qadınların əsas mövqelərdə fəaliyyətlərə cəlb olunmaları mühüm addım ola bilər. Qadınların idarəetmədəki  rollarını  artırmaq  məqsədi ilə, onlara həm də müəyyən bilik və bacarıqların verilməsi üçün yardımların təşkili də genderə həssas su lahiyələrində nəzərə alınmalıdır. Bunun üçün rayon və kəndlərdə  qadınların ölkədaxili mobilliyi təmin edilməli, onların həm iqtisadiyyat/təsərrüfat, həm də təhsil sahəsində inkişafı üçün daha geniş siyasi analizlər aparılmalıdır. Əlavə olaraq, rayon və kənd yerlərində yaşayan qadın və kişilər üçün təsərrüfat və məişətdə  sudan səmərəli istifadə ilə bağlı təlimlərin təşkil edilməsi də vacibdir. 
  • Alternativ gəlir mənbələrinin yaranmasına dəstək – Kür ərafı regionlarda qadınlara iqtisadi gəlirlərini təmin etmələri üçün imkanların yaradılması onların yükünü azalda, resursların idarə olunmasında öz fikir və qərarlarını vermələrinə dəstək ola bilər. Xüsusən, suya birbaşa çıxışı olmayan kənd və icmalardakı qadınlara subsidiyaların (maliyyə və ya sutoplama texnikası) verilməsi həll yollarından biri ola bilər.

Mənbələr:

Azərbaycan Respublikasi Dovlət Statistika Komitəsi. 2019

BMTİP-QEF, 2018. “Kür Boğçası” tədris vəsaiti 

Gender Equality and Inclusion in Water Resources Management, Global Water Partnership, 2017. The Gender – Water – Development Nexus: a scoping study.

UNICEF, 2017. Gender-Responsive Water, Sanitation and Hygiene: Key elements for effective WASH programming. 

UN Habitat, 2009. Water and Sanitation Global Report.

FAO, 2009. “Transboundary River Basin Overview – Kura Araks” 

Məmmədli,  M.,  Həsənov,  S.,  və  Məmmədov,  A. ,2020. Kür çayındakı anomaliya: Xəzərsuyu çaya axmağa başladı. Aztv. http://www.aztv.az/az/news/7517/kurde-anomal-hal-xezerin-suyu-caya-axmaga-baslayib-markreportajmark  .

Kür quruyur. Su problemi necə həll olunacaq?   https://www.bbc.com/azeri/azerbaijan-53237350 

İmanov F.Ә., Әlәkbәrov A.B., 2017.  “Azerbaycanin Su Ehtiyatlarinin Müasir Dəyişmələri və Inteqrasiyali Idarə edilməsi” http://www.sukanal.az/wp-content/uploads/2017/03/F.Imanov-A.Alekberov.pdf 

Bilalova S. 2020.  Kür çayı niyə quruyur? https://youtu.be/8iiqhUefUak 

Bilalova.Ş. 2020.“Kura River: Is Freshwater Availability at Stake?” http://ccee.ada.edu.az/ccee-policy-brief-no-40-the-kura-river-is-freshwater-availability-at-stake/  

Mekonnen, M., & Hoekstra, A. Y., 2016. Four billion people facing severe water scarcity. Science advances, 2(2).

Amuakwa-Mensah, F., Klege, R. A., Adom, P. K., & Köhlin, G., 2020. COVID-19 and handwashing. Retrieved July 15, 2020, from https://staging.efdinitiative.org/sites/default/files/publications/EfD%20DP%2020-18%20June%2016%202020_0.pdf.

World Bank, 2012. Enhancing the Role of Women in Water User Associations in Azerbaijan. Baku.

İntervyu iştirakçıları 

Kənd sakinləri:

1.Aşurova Saidə (53 yaş)- Şəmkir rayonu 

2.Əsgərova Adilə ( 50 yaş)- Şəmkir rayonu 

3.Əsgərov Ağamalı (53 yaş)- Şəmkir rayonu

4.Qəfərov Ənvər ( 55 yaş)- Salyan rayonu

5.Mehdiyeva Günel (35 yaş) – Gender-ekspert (Bakı) 

Bu məqalə USAID və Black Sea Trust-ın maliyyə dəstəyi göstərdiyi “Genderi Görünən Edək” layihəsi çərçivəsində hazırlanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *