Qorxulu “f” sözü: Niyə Azərbaycana feminizm lazımdır?

Ilahə Abaslı/

Bu il Azərbaycanda qadınların ilk dəfə səsvermə hüququ almasından 101 il keçir. Yəni, Azərbaycan qadınları bir əsrdir ki, feminizmin ilkin istəkləri olan hüquqlara- səs vermə və mülkiyyət sahibi olmaya malikdir. Ümumiyyətlə, feminizmi son əsrin ən uğurlu hərəkatlarından hesab etmək olar.

Bəzən feminizm sözünü radikallıq, ehtiyacı hələ formalaşmayan ideologiya kimi assosiasiya etdiklərindən Azərbaycan gəncliyi hələ də “f” sözündən çəkinir. Lakin “f” sözündən çəkinənlərə “xoş xəbərim” var! Bu yalnız Azərbaycanda belə deyil. Maraqlıdır ki, bir çox feminizm cərəyanının doğulduğu Böyük Britaniya və Almaniyada 2018-ci ildə “siz feministsinizmi?” sualına yalnız 34% hə cavabını verərək, digərləri post-feminist dövrünün yəni gender bərabərliyinin artıq bərqərar olması ilə cavablarını izah edir. Oxşar olmasa da feminizm prosesi bizim cəmiyyətdə də dəyişir və baş verir.

Feminizmə hələ də böyük ehtiyac vardır və o, cəmiyyətdə yeni gedişat qazanır.

Feminizimin və gender bərabərliyi siyasətinin sosial, mədəni və iqtisadi proseslərə inteqrasiyasının olmamasının mənfi nəticələrini biz gündəlik xəbərləri nəzərdən keçirməklə anlaya bilərik. İkinci dalğa feminizminin sevimli sloqanına əsasən şəxsi hər şey əslində siyasidir. Formal (ədliyyə, polis, təhsil, səhiyyə, sosial müdafiə) və qeyri-formal (ailə, din, etibar, və s.) institutların gender bərabərliyinə köklənməməsi qadınlar və LGBTQ üçün zorlama, intihar, iqtisadi, fiziki və psixoloji qısnama ilə nəticələnir.

Dünyada hal-hazırda daha çox miqrasiya, LGBTQI+, sosial bərabərlik problemlərini ünvanlayan feminizm dalğası bizdə hələ çox körpə və qeyri-olqun ola bilər, çünki Azərbaycanda feminizmin sual edəcəyi məsələlər çox əhatəli, qəzəbli və bəzən ilk baxışda görünməyəndir – müxtəlif formalı qısnamalardan tutmuş reklam lövhələrində seksist mətnlər, patriarxal münasibətlərdən tutmuş institusional ədalətsizliklərə qədər. 20-ci əsrin əvvəllərində mövcud olmuş xeyriyyəçilik feminizmi hal-hazırda daha konseptual formaya keçir. Bu ilin mart və oktyabr ayında baş verən aksiyalar da qadınların ictimai məkanda stretotiplərini qırmağa yardım edən önəmli hadisə idi.  

“F” sözü qorxulu deyil, bu gender ədalətsizliyinə qarşı hərəkatdır.

Feminizmin “düzgün” forması və ya “ən” önəmli olan problemi yoxdur. Bir əsr öncə qadınlar səsvermə, icbari təhsil haqqı və ya ədalətli əmək haqqı uğrunda mübarizə aparırdı. Lakin bu mübarizə müxtəlif formalarda bu gün də davam etməkdədir . 

Problemləri anlamaq və ünvanlamaq üçün “F” sözündən çəkinmək deyil, onun linqvistik funksiyasından istifadə etmək lazımdır. Özümüzü feminist adlandıraq. “F” sözü hamı üçündür – gender mənsubiyyətindən asılı olmayaraq, tədqiqatçılar, tələbələr, həkimlər , dövlət işçiləri və s. Gender ədalətli cəmiyyətdə yaşamaq naminə!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *