Piktoqramların qaranlıq tərəfi

Bu məqalə ilk dəfə, dizayn siyasətini araşdıran feminist platforması Futuress-də dərc olunmuşdur. Məqaləni orijinal dilində oxumaq üçün: https://futuress.org/magazine/the-dark-side-of-pictograms/


Şəkil: (c) Mujgan Abdulzade & Mio Kojima (Futuress)

İdman, xüsusilə də Olimpiya oyunları çoxsaylı repressiya sistemini necə davam etdirir.

Dörd əlaqəli şaquli xəttin üstündəki bir dairə (piyada nişanı): bir çox yerdə rastlaşdığımız bu sadə fiqur mədəniyyətlər arası bizim hazırda özümüzü necə qəbul və təmsil etdiyimizi göstərir. Biz gündəlik həyatımızın fiziki, sosial və rəqəmsal aləmlərində gəzinmək üçün hər gün çox sayda piktoqramlardan istifadə edirik. Piktoqramlar bizi hər yerdə – küçə keçidlərində, tualet qapılarında, idman zallarında və hətta mobil telefonlarımızda istiqamətləndirirlər. Neytral və ümumbəşəri olduqları deyildiklərindən, sözlərə ehtiyac olmadan belə, rahatlıqla ünsiyyət yaradırlar. Ancaq sorğu respondentlərinin 98%-nin bu fiquru kişi obrazı kimi qəbul etdiyi halda, piyada nişanının neytral olduğunu əminliklə deyə bilərikmi? Bu, dünyamız haqda nə ifadə edir?  Bu və ya digər “universal” işarələr başlanğıcdan necə yaranıb?

Daha sürətli, daha yüksək, daha güclü

Bu gün  bizi hər yerdə əhatə etmələrinə baxmayaraq, çoxumuz piyada nişanının idman tarixi ilə, daha doğrusu, müasir Olimpiya oyunlarının tarixi ilə dərin əlaqələri olduğundan xəbərdar deyilik. 3000 il əvvəl Qədim Yunanıstanda yaranan Olimpiya oyunları  XIX əsrin sonlarında yenidən dirçəldildi. O zamandan bəri Olimpiya oyunları dünyanın ən məşhur və mötəbər idman yarışmasına çevrilir. Fransız aristokratı Pierre de Coubertin, Olimpiadanın millətçiliyi aradan qaldıracaq və dünyada sülhü gücləndirəcək bir platforma yarada biləcəyinə əminliklə inandığından, o, 1894-cü ildə Beynəlxalq Olimpiya Komitəsini (IOC) təsis edir. Yarandığı vaxtdan etibarən idmançıların siyasi ifadələrinin qəti şəkildə qadağan olunması, universallıq və siyasi neytrallıq IOC Etik Kodeksinin əsas siyasəti olaraq bugün də qalmaqdadır. Buna baxmayaraq, Olimpiadalar həmişə geosiyasi gərginliklərin və gücün açıq şəkildə nümayiş etdirildiyi bir yer olub və idmançılar, gələcək yarışlardan kənarlaşdırılmaları da daxil olmaqla, ağır cəzalara baxmayaraq, siyasi bəyanatlar vermək üçün bir çox hallarda idman meydançalarından istifadə ediblər.

Saxta “neytrallıq” iddiasına baxmayaraq, 1896-cı ildə Afinada keçirilən ilk oyunlardan bəri müasir Olimpiya oyunları həm də açıq şəkildə seksist olub. Coubertin qadınların yarışlara daxil edilməsini qəti şəkildə dəstəkləmirdi. Belə ki, Olimpiya oyunlarının şüarı olan “Citius Altius Fortiusun” (daha sürətli, daha yüksək, daha güclü) yalnız fiziki olaraq güclü kişi idmançıların yarışa layiq olduğunu ifadə edirdi. 1912-ci il Olimpiya icmalında Coubertin oyunları, “əsası beynəlmiləlçilik, vasitəsi sədaqət, quruluşu incəsənət və mükafatı qadınların alqışları olan kişi atletizminin təntənəli və dövri yüksəlişi” kimi təsvir edirdi. 

Yalnız kişilərdən ibarət olan ilk oyunlardan sonra, 1900-cü ildə Parisdə keçirilən  Olimpiya oyunlarında  qadınlara beş idman növü: tennis, yelkənli qayıq, kroket, atçılıq və golf üzrə yarışmağa icazə verildi.  O zamandan  bəri  ildən-ilə yenilənən qaydalar qadınlara böyük idmanın qapılarını açdı. Bu tendensiya son olaraq, 2012-ci il London oyunlarında qadın boksunun əlavə olunmasına  qədər davam etdi. 2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçirilən Olimpiadada qadın iştirakçılığının kulminasiya nöqtəsi 45%-ə qədər çatsa da, kişi kontingenti say etibarilə, hələ də qadın idmançıları üstələyir.

“Son 60 ildə Olimpiya idmançılarının təsvirlərini araşdıran 2019-cu ildəki bir araşdırma göstərir ki, qadın idmançılar hələ də mediada obyektivləşdirici formada təsvir olunurlar.”

Qrafik dizayner və dizayn tarixçisi Markus Osterwalder özünün Olimpiya oyunları dizaynı kitabında 1896-cı ildəki ilk Olimpiadanın qeyri-rəsmi bir afişasını göstərir. Afina tanrıçasını təcəssüm etdirən, zeytun çələngi və dəfnə budağı tutan gənc qadın stadiona (yalnız tamaşaçı kimi girməsinə icazə verildiyi yerə) baxarkən təsvir edilir. Olimpiadanın bu ilk buraxılışında qadınlar afişalarda Olimpiya alovunu qorumaq və ya medalları təhvil vermək kimi aksesuar rollarda təsvir edilmişdilər. Qısa müddət sonra,bu təmsiletmə, 1900-cü ildə Parisdə keçirilən oyunların afişasında dar, qara paltar geyinmiş, bədən proporsiyaları kişi baxışlarını məmnun etmək üçün təhrif edilmiş bir qadın qılıncoynadanın təsviri ilə obyektivləşdirilməyə başladı. Sonrakı illərdə biz  qadınları, diqqət mərkəzində “universal” kişi bədəninin olduğu rəsmi Olimpiya afişalarında deyil, bənzər rollarda reklam afişalarında görürük. Eyni nümunələr bu günə qədər davam edir. Son 60 ildə Olimpiya idmançılarının təsvirlərini araşdıran 2019-cu ildəki bir araşdırma göstərir ki, qadın idmançılar hələ də mediada obyektivləşdirici formada təsvir olunurlar.

1896-1924-cü illərdən Olimpiya afişalarında qadın təsvirləri. Soldan sağa: Afina 1896; Paris 1900; St.Moritz 1940 (reklam afişası); Şamonix 1924 (reklam afişası); Antverpen 1920; Paris 1924 

1920-ci illərin əvvəllərində Vyanalı filosof Otto Neurath dizaynerlər Marie Reidemeister və Gernd Arntz ilə birlikdə ISOTYPE kimi tanınan Tipoqrafik Şəkil Təhsili Sistemini yaratmaq üçün bir araya gəlirlər. Piktoqramlar, datanın ölçülməsi və müqayisəsinə, həmçinin, təşkilatın daha geniş təhsil məqsədlərinə kömək etmək üçün, dilə bənzər bir ardıcıllıq təmin etdiyindən ISOTYPE üçün əsas idi. ISOTYPE yaradıcıları bütün simvolların eyni dəyərə malik olduğunu iddia etsələr də, tədqiqatçı və dizayner Asja Keeman bu piktoqramların o dövrün kolonial standartlarını əks etdirdiyini, müxtəlif irqlərin və etnosların orientalist məcazları və stereotipik istinadlar vasitəsi ilə göstərildiyini qeyd edir. Bundan əlavə, sistem ağdərili kişiləri, və digərlərini bu normadan yayınma kimi təqdim etməklə, (bu təcrübə telefonlarımızdakı emojilərdə bu gün də davam edir) mərkəzləşdirdi.

Yuxarı: Neurath’s International Picture Language-dən (1936) müxtəlif insan irqlərinin daha yeni alternativ simvolikasını təsvir edən qrafik (Şəkil: Cabinet Magazine). Aşağıda: 2015-ci ildə Apple-ın “müxtəlif” emojiləri təqdim etməsindəki oxşar yanaşma (Foto: BBC)

1912-ci il Stokholm və 1924-cü il Paris oyunlarındakı piktoqrama bənzər qrafik təsvirlərin müasir piktoqramın əsas funksiyasını (şifahi dil istifadə etmədən beynəlxalq aləmdə anlaşılmaq) yerinə yetirmələrinə baxmayaraq, bugün onlar daha dekorativ olması səbəbindən dizayn tarixinə idman illüstrasiyaları kimi daxil olub. Sonrakı onilliklərdə ISOTYPE dizaynında əsas kimi götürülən – detalların aradan qaldırılması və insan fiqurlarının sadələşdirilməsi piktoqram dizaynı üçün standarta çevrildi və sonrakı oyunlarda Olimpiadanın vizual kimliyinin bir hissəsinə çevrildi.

IOC-un öz qaranlıq tarixini gizlətmək səylərinə rəğmən, ilk müasir Olimpiya piktoqramları Nazi Almaniyasının ev sahibliyi etdiyi 1936-cı il Berlin oyunları zamanı üzə çıxdı. Atletik yarışlarda milliyətçilik, idman arenaları və tribunalarından Üçüncü Reyxi, ağ adamların hökmranlığını təbliğ etmək və yevgenikaya haqq qazandırmaq üçün istifadə olunması Hitler tərəfindən yüksək alqışlanırdı. Almaniyada Milli Sosializmin simvolu olan svastika Olimpiada zamanı geniş yayılmışdı. Bütün alman idman qurumlarında Nazi Almaniyası “yalnız arilər” (yəhudilər, qaradərililər, qaraçılar və sintilər “aryan olmayanlar” kimi qələmə verilirdi) siyasətini yaymağa başladı və bu səbəbdən bir çox yəhudi atlet sonradan Holokostda qətlə yetirildi. Bundan əlavə, həmin oyunlarda məşəl estafeti və Olimpiadanın ilk dəfə canlı yayımı ilə oyunlarda güclü millətçilik ideologiyasının əsası qoyuldu.

İdman illüstrasiyaları 1948-ci il London və 1952-ci il Helsinki oyunlarında yenidən təqdim olunsa da, piktoqramların ilk sistemli istifadəsi 1964-cü il Tokio Olimpiadasında tarixə keçmişdir. Yusaku Kamekura və 11 dizaynerdən ibarət komanda tərəfindən Tokiodakı oyunlar üçün hazırlanan bu piktoqram sistemi ilk dəfə oyunlar üçün sadələşdirilmiş vizual dil təklif etdi ki, bu da öz növbəsində sonrakı illərdə oyunlar üçün bir standarta çevrilərək korporativ dizayn sahəsinə də öz töhfəsini verdi. Növbəti otuz il ərzində piktoqramlar kiçik stil fərqləri ilə eyni məntiqi izlədilər (idmançıları hər zaman idman avadanlığı ilə tipik birmənalı vəziyyətlərdə təmsil edilirdilər). 1964-cü il Tokio oyunlarından başlayaraq,  bütün sonrakı oyunlara sahiblik edən ölkələr, tualet işarələri də daxil olmaqla, öz işarə piktoqramlarını, hətta bəzi hallarda mədəni tədbirləri təsvir edən piktoqramlar da hazırladılar. Birdən-birə piktoqram sistemləri artıq təkcə idmanla məhdudlaşmayaraq, gündəlik həyatı işğal etməyə başladı.

1964-1992-ci illərdə Olimpiya idman piktoqramları. Yuxarı sol: Tokyo 1964; Yuxarı sağ: Münhen 1972; Moskva 1980; Aşağı sol: Barselona 1992, Aşağı sağ: Sidney 2000 (Mənbə: Olimpiya Oyunları – Dizayn, Markus Osterwalder) 

Həqiqətən də, 1964-cü ilə qədər başqa yerdə vahid işarə sistemləri və ya yol göstərən piktoqramlar yox idi. Qrafik dizayner Maggie Wolicki “Put a skirt on it” adlı araşdırmasında Tokio piktoqramlarının ardından gələn 1972-ci il Münhen piktoqramlarının, ABŞ-da müxtəlif səyahət vəziyyətlərini təsvir edən vahid piktoqram sistemi yaratmaq üçün Amerika Qrafik İncəsənət İnstitutu (AIGA) ilə Nəqliyyat Departamentinin (DOT) necə bir araya gəlməsinə səbəb olduğunu izah edir. 1974-1979-cu illərdə inkişaf etdirilən bu sistem bu gün gündəlik əşyaların dizaynına qarışan, hər yerdə mövcud olan işarələrə çevrilib. Bu, dizaynın hegemonluğa necə inteqrasiya oluna biləcəyini göstərir.

Yuxarı: Tokyo 1964 məlumat piktoqramları (Mənbə: Olimpiya muzeyi). Aşağı: Amerika Qrafik İncəsənət İnstitutu (AIGA) tərəfindən dizayn edilən bu 1974-cü il piktoqramları ABŞ Nəqliyyat Departamentində və xaricində hələ də istifadə olunur. (Şəkil: Shady personajları) 

Dizaynın binar obyektivləri

Bu gün ən çox asılı olduğumuz “piyada” piktoqramı Olimpiadanın mirasını daşıyır və nəticə etibarilə, “üstün kişi” sayılan universal bir atletik bədənin təmsilidir. Qrafik dizaynerlər və tədqiqatçılar Tania Quindós və Elena González-Miranda qadınları “təsvir” edən piktoqramın, əslində, bir paltarın kişi piktoqramına başdansovdu şəkildə əlavə edildiyi və nəticə etibarilə dəyişdirilmiş versiyası olduğunu nümayiş etdirmişdilər. Başqa sözlə: kişi normadır, qadın isə bu normadan yayınmadır.

“Hər keçən gün sonsuz təkrarlanma ilə piktoqramlar bizə dünyanı binar çərçivədən görməyi qəbul etdirir.”

Lakin bu normativ sistem dizayndan daha geniş yayılmışdır. O, həmçinin, bədənləri də ciddi bir ikili gender daxilində bölür. Kuir nəzəriyyəçi Judith Butler “gender” və “heteroseksuallıq”-ın təbii xüsusiyyətlər olmadığını, əksinə, sonsuz təkrarlama ilə qəbul edildiyi və həyata keçirildiyi ideyasını irəli sürdü. Hər keçən gün sonsuz təkrarlanma ilə piktoqramlar bizə dünyanı binar çərçivədən görməyi qəbul etdirir. Butler, eyni zamanda, bədənin sosial mənaları özündə ehtiva etdiyini və konstitutiv olduğunu başa düşməyi təklif edir. Bu mənada, piktoqramlar təkcə yaradıldıqları cins-gender heteropatriarxal cəmiyyətləri əks etdirmir, həm də həmin basqı sistemlərinin əbədiləşdirilməsinə kömək edir.

1990-cı ildə edilən bir araşdırmada idman sosioloqları Susan Birrell və Cheryl L.Cole idmanın yalnız gender istehsal və təsdiq edən bir sistem kimi deyil,  həm də “fərq” yaradan, güc və hakimiyyəti qeyri-bərabər şəkildə paylaşdıran bir sistem olaraq rolunu araşdırdılar. Bunun bir nümunəsi gender dəyişikliyi əməliyyatları keçirən və 1976-cı ildə qadın olaraq yarışmaq üçün idmana qayıdan ABŞ tennisçisi Renée Richards-ın keysində görülə bilər. Bu, idmanın iki və yalnız iki universal, ikiqütblü, bir-birini istisna edən “cinslərin” olması və onların hər birinin cins davranışları ilə qadınlıq və kişiliyin ənənəvi diskursuna uyğun gəldiyi yanlışlığını necə əsaslandırdığını və ifadə etdiyini nümayiş etdirir. İdman sosioloqu Mary Jo Kane Olimpiada ilə hərtərəfli əlaqəli olan, cinsiyyət ayırma siyasətini araşdıraraq, bu “fərq və güc istehsal edən sistemin” təsirlərini daha dərindən təhlil edib (kişi və qadın idmanı arasındakı kəskin bölünmədən tutmuş, hansı bədənlərin yarışmağa uyğun “əsl” qadın idmançı kimi qəbul edildiyi və Qərbin femininliyin heteronormativ gözləntilərinə uyğun gəlməyən bədənlərin sonradan necə cəzalandırıldığı ilə bağlı qərarlara qədər).

Ümumi arqumentlərdən biri seqreqasiyanın qadınlar üçün faydalı olduğunu iddia edir, çünki qadınları bir çox nəsnələrdən “qorumaq” lazımdır. Mən özüm bədən tərbiyəsi dərslərimi aydın şəkildə xatırlayıram. Yeniyetmələr olaraq ciddi şəkildə iki qrupa bölünürdük: qızlar və oğlanlar. Məktəb illərimin bütün müddəti boyunca bu sosial bölgülərin necə möhkəm qorunduğunu və sərt bir şəkildə kök saldığını təcrübə etmişəm. Təəccüblü deyil ki, qızların oğlanlara nisbətən zəif fiziki qabiliyyətlərə malik olduğuna inanmağa öyrədilirdik, beləliklə də, bu seqreqasiyanı “təbii” olaraq qəbul etmək, həm də müqavilənin bir hissəsi idi və guya bizim üçün “faydalı” idi.

Bu baxımdan, seqreqasiya siyasətləri gender binarlığa töhfə verir

Ancaq, Mary Jo Kane təklif edir ki, seqreqasiya siyasətləri əslində qadınların deyil, kişilərin maraqlarını müdafiə edir. Çünki qadınların kişilərdən üstün olduğunu görməyimiz atletik şücaətlərdə kişilərin üstün olması fikrini təhdid edir. Bu baxımdan, seqreqasiya siyasətləri gender binarlığa töhfə verir. Mary Jo Kane, qadın gimnastların və ya fiqurlu konki sürənlərin, müəyyən ölçü və ümumi konfiqurasiyada qəbul olunan “feminin” bədənə sahib olduqları üçün, onların mediada görünmə ehtimalının daha çox olduğunu vurğulayır.

Dizaynda “inkluziv” basqı

Əgər piktoqram sistemləri seqreqasiya siyasətləri  və müxtəlif növ basqılar altında meydana gəliblərsə, bu sistemlərə qarşı mübarizə aparmaq və daha çox anti-hegemon idman reprezentasiyalarını təşviq etmək cəhdləri olubmu? Diqqətimi çəkən ilk piktoqram sistemi 1968-ci il Meksika oyunlarınınki idi. Həmin sistem, “universal bədən”-i mərkəzləşdirmədiyindən, hər idman növü ilə əlaqəli olan bədənin hissələrini yaxud idman avadanlıqlarını təmsil etdiyindən, digərlərindən daha inkluziv görünürdü (Ən azından, tarixini daha dərindən araşdırana qədər mənə belə görünürdü).

1968-ci il Meksika oyunları piktoqramları (Mənbə: Olimpiya Oyunları-Dizayn, Markus Osterwalder)

İlkin olaraq Mexiko Şəhərindəki İberoamericana Universitetinin tələbələri bu sistem üzərində çalışsalar da, 1967-ci ilin yanvarında Nyu Yorklu qrafik dizayner Lance Wyman beynəlxalq yarışmada qalib gələrək, layihəni öz öhdəsinə götürdü. Buna görə əksər mənbələrdə Wyman, kollektiv əmək olmasına baxmayaraq, 1968-ci il oyunları vizual kimliyinin yeganə müəllifi hesab olunur. Oyunların o vaxtkı siyasi keçmişinə nəzərə salsaq, bu hadisənin səbəb və nəticə arasındakı əlaqəni görə bilərik. 1968-ci il oyunları Meksika hökumətinin ölkənin sosial problemlərinə olan etinasızlığına və oyunların başlamasına sadəcə 10 gün qalmış onlarla Meksikalı tələbənin güllələnməsinə qarşı çıxan minlərlə insanın etirazlarına şahidlik edib.

Mənimlə Zoom üzərindən bir müsahibədə Wyman,  bu iş üzərində işləyərkən, həmin vaxtda onun “kişi və qadınları” təsvir etməyi düşünmədiyini, yalnız müəyyən bir idman növünü ən yaxşı şəkildə necə təmsil etdirmək məqsədi olduğunu söyləmişdi. Sözsüz ki, bu məqsəd onun dizaynlarının qərəzlərdən azad olduğu mənasına gəlmir. Ancaq əsas sual doğuran onun dizaynlarının “mənimsəmə” təbiətidir. Onun sözlərinə görə bu layihə ona verildiyi vaxt Wyman Meksika haqqında heç bir şey bilmirdi, buna görə də o, Aztek Günəş Daşı və qədim Maya divar rəsmləri kimi Kolumbiyadan əvvəlki dövrə aid artefaktları öyrənmək üçün Mexikodakı Antropologiya Muzeyinə gedir. “99% Invisible” adlı podkastın bir bölümündə Wyman, Meksikadakı yerli mədəniyyətlərin “inkişafına” heyran qaldığını xatırlayır. Həmin əsərlər ona o zamanlar Nyu Yorkda olduqca məşhur olan Op Artı xatırladırdı. Hipnotik Mexico 68 loqosu buna görə də həmin yerli artefaktların mənimsənilməsi və onların Op Art estetikası ilə qarışdırılmasını xatırladır. Bundan əlavə, söhbətimiz əsnasında Wyman, geridə buraxdıqları dəhşətli tarixi qeyd etsə də, nazi ideologiyası ilə dərin əlaqəsi olan 1936-cı il Berlin oyunlarının piktoqramlarını “ən yaxşı dizayn edilmiş” piktoqramlar kimi dəyərləndirdi. Güman ki, Wymanın o konsepsiyaya olan heyranlığı, 1936-cı il Berlin piktoqramları ilə 1968-ci il Meksika piktoqramları arasında olan güclü vizual oxşarlığı izah edir (fokusu idman fiqurlarındansa idman avadanlıqlarına vermək). Wyman oyunlardan sonra Meksikada qalır və eyni yanaşma tərzi ilə, bugünədək hələ də istifadə olunan, Mexiko şəhərinin metro sistemi üçün piktoqramlar dizayn edir – bu belə bir kolonial yanaşmanın tarixdə necə qalıcı iz buraxmasının nümunəsidir.


1936-cı il Berlin oyunları piktoqramları (Mənbə: Olimpiya Oyunları-Dizayn, Markus Osterwalder)

Lance Wymanın piktoqramları Olimpiada piktoqramları tarixində kolonial dizayn təcrübəsinin yeganə nümunəsi deyil. Saunders Design Group-un ağ dizaynerləri tərəfindən hazırlanmış Sidney 2000 piktoqramları bu gün Avstraliya aborigenlərinin mədəniyyətlərinə “ehtiram göstərmək” məqsədi ilə ənənəvi ov aləti olan bumeranq üzərində qurulmuş “çarpıcı” konsepsiyası ilə tanınır. Bu vaxt, Avstraliya aborigenlərin kütləvi şəkildə öldürülməsi ilə bağlı qaranlıq həqiqətləri göz önündə gizlədirdi. Memar və professor Jilly Traqanau, öz araşdırmasında Olimpiadanın ya əlaqəli tərəflər vasitəsilə və ya birbaşa Beynəlxalq Olimpiya Komitəsi kimi Olimpiya qurumları tərəfindən ev sahibliyi edən dövlətlər və şəhərlər tərəfindən müstəmləkəçilik siyasətini və təcrübələrini davam etdirməkdə (və bəzi hallarda hətta təşviq etməkdə) necə töhvə verdiyinə diqqət çəkir.

2000-ci il Sidney oyunları (Mənbə: Olimpiya Oyunları-Dizayn, Markus Osterwalder)

Cis normativliyə müqavimət

1968-ci il Meksika oyunları, eyni zamanda, “maskulin” qadınların görünüşünə meydan oxuyan və onları qadınlıqlarını “sübut etməyə” məcbur edən  IOC-un repressiv siyasəti olan, “məcburi gender təsdiqləmə testi”-nin başlanğıcı oldu. Alman “Wonder Girls”-ün şücaəti və dopinq iddiaları ilə bağlı mübahisələrdən qaynaqlanan bu testlərin ən ilkin formaları həkimlərdən ibarət qrupun qarşısında çılpaq nümayişi də özündə ehtiva edirdi. Sonralar daha texnoloji üsullar, bəlkə də, daha az invaziv və alçaldıcı olsa da, onların 2000-ci ildəki (tibb mütəxəssislərinin bir idmançının cinsiyyətini şübhə altına alındığı təqdirdə, test istəmələrinə icazə verən yeni bir siyasətlə əvəz edilənə qədər) son ləğvinədək, hələ də çox mübahisəli və qəbulolunmaz idilər.

GDR Wonder Girls (Şəkil: Üzgüçülük, Craig Lord)


İdman jurnalisti Craig Lord-un da qeyd etdiyi kimi, 1961-ci ildə Berlin divarı tikildikdən sonra Şərqi Almaniya beynəlxalq aləmdə tanınmaq üçün idman üstünlüyünü özünü sübut etmə vasitəsi olaraq istifadə etdi. İlk dəfə 1964-cü ildə Tokioda 17 milyon əhalisi olan Almaniya Demokratik Respublikası (ADR) Qərbi Almaniyalı rəqibindən daha çox qızıl medal qazanmışdı. Sonra da medallar artmaqda davam edirdi. Nəhayət, pərdəarxasında, idmançılara performans artıran dərmanlar verildiyi üzə çıxarıldı. Bu, əsasən qadın idmançıları hədəf alan, kökləri 1960-cı illərə dayanan milli bir dopinq proqramı çərçivəsində təşkil edilmişdi. Digər ölkələrdə də dopinq istifadəsi var idi, lakin ADR, proqramın dövlət sifarişi ilə hazırlanmasından dolayı, unikal idi.

ADR dövlət gizli polisi olan Stasi 1971-ci ildən 1990-cı ilə (Almaniyanın yenidən birləşməsinə) qədər Şərqi Almaniya idmançılarının sistematik şəkildə dopinq qəbul etməsini koordinasiya edirdi ki, bu cür ağır dərmanların istifadəsi haqqında məlumatların ictimaiyyətə sızmamasını təmin etsin. İdmançılara (bəziləri hətta 10 yaşında) məşqçilər tərəfindən bunların “sadəcə mavi vitamin həbləri” olduğu deyilirdi və onların valideynlərindən razılıq istənilmirdi. Şərqi Almaniya şirkəti olan Jenaphram tərəfindən istehsal olunan sintetik anabolik olan Oral-Turinabol, tərkibində testosteron hüceyrələri və digər təhlükəli maddələr olan başqa steroidlər müvafiq lizensiyası olmadan idmançı qadınlar üzərində test olunurdu. 1965 sənədinə əsasən, uzun müddətli və ya yüksək dozalarda istifadə edildikdə, anabolik steroidlər xroniki sızanaqlara, bədənin həddindən artıq tüklənmə effektinə, üz tüklərinin çoxalmasına, cinsi tələbatın artmasına və ifrat klitoral böyüməyə səbəb ola bilər. Proqram bu günə qədər fiziki və psixoloji zərər görmüş ola biləcək, təxminən, 10-15 min idmançıya təsir edib. 2006-cı ildə yalnız 183 qurban Almaniya Olimpiya İdman Təşkilatı (AOİT) və dərman şirkətindən təzminat aldı.

GDR Wonder Girls, daha sonra “anormal mutantlar” olaraq idman tarixində qələmə alınmışdır. Mary Jo Kane izah edir ki bu termin idman qabiliyyətlərinə və ya fiziki xüsusiyyətlərinə görə ənənəvi femininlik konsepsiyalarından çox uzaqlaşan qadın (kişilər üçün təhlükə yaradan, onları üstələmək qabiliyyətinə sahib olduqları və atletik nailiyyətlər  ilə kişi genderi və maskulinlik arasındakı əlaqəni pozduqları üçün kənar şəxslər kimi baxılan) idmançıları təsvir etmək üçün istifadə olunmuşdur. Bu etiketin ilk istifadəsini tapmaq çətindir, amma qeydlər göstərir ki, bu ilk dəfə transgender Olimpiya idmançılarından biri olan Renée Richards-in mediada təsvirində istifadə edilmişdir.

GDR Wonder Girls dövlətin maraqlarına xidmət etmək üçün qurban və istismar edilmişdilər. Buna baxmayaraq, bu yanaşma onların hekayəsini, mövcudluqlarını, sadəcə, dopinq hiyləsi edənlər narrativinə azaldır və o qadınların gecə-gündüz məşq edən möhtəşəm idmançılar olduğu faktını kölgədə qoyur.  Bundan başqa, onların performansları idman dünyasına göstərdi ki, qadınlar idmanda uğur qazanmaq üçün sözün klassik və tipik mənasında “feminin” olmaq məcburiyyətində deyillər. Onların qalibiyyətləri və evə (ölkələrinə) medallar  gətirmələri insanlara onların maskulinləşmiş bədənlərini olduğu kimi qəbul etməyə bir növ əsas verirdi.

Beləliklə, idmanın patriarxal və hegemon strukturlarına necə meydan oxumasına baxmaq əvəzinə, biz niyə onları yalnız Şərqi Almaniyanın dövlət təbliğatı obyektivindən görməyə meyilliyik? Gender binarlığı təhdid etdikləri və bunun insanları narahat etdiyi üçün? İdman alimləri Heather Reid və Michael Austin özlərinin “Olimpiya və Fəlsəfə” kitabında qeyd etdikləri kimi, amansız qurban verdiklərinə baxmayaraq,  GDR Wonder Girls, həm də müasir idmanın ‘yalnız kişilər üçün mövcud olan arena’ ənənəvi konsepsiyasını dəyişdirməyi, “maskulinlik”, “kişilik” və gender dixotomiyanın (ikiyə bölünmə) hökmranlığı anlayışları içərisində batıb qalmış idmanın patriarxal quruluşunu sarsıtmağı bacardılar.

Jezebel atletlər

Bu gün də “anormal mutant” etiketinin istifadəsi müasir Olimpiya ruhunda aktual olaraq qalmaqdadır. 1999-cu ildən bəri on ildən artıq bir müddətə tennis dünyasında rekordlar qıran çox bacarıqlı və tanınmış tennisçi Serena Williams “Jezebel” media stereotipinin hədəfi olmuşdur. Tədqiqat sahəsi irq, cinsiyyət, sosial sinif, seksuallıq və digər aspektlərin təsirlərini araşdırmaq olan Patricia Hill Collins “Black Feminist Thought” kitabında, “Jezebel” etiketinin,  “funksiyası bütün qaradərili qadınları seksual baxımdan aqressiv qadınlar kateqoriyasına salmaq olan” anormal qaradərili qadın seksuallığının nümunəsi olduğunu izah edir. Belə, seksual baxımdan aqressiv qadınlar, eyni zamanda, ağdərili qadınlara nisbətdə “əlçatan”, “nəzarət edən” və maskulinliyə daha yaxın görünürlər. 2018-ci ildə  Avstraliyanın Herald Sun qəzeti  ABŞ Açıq Finalında Naomi Osakaya məğlub olan Serena Williamsın son dərəcə irqçi bir karikatura təfsirini nəşr edir. Sosial medianın buna kəskin reaksiyasına və tənqidlərə baxmayaraq, karikatura heç vaxt silinmədi və onu çəkən rəssam Mark Knight hətta işlədiyi redaksiyadan dəstək belə almışdı.

Qəzəbli media şərhlərinin çoxu cəmiyyətin “tipik” qadın idmançı anlayışı və təqdimatı prizmasından uzaq olan güclü, əzələli, atletik bədənə sahib olan Serena Williams kimi qadın idmançılarla əlaqəlidir. Serena Williams ilə bağlı edilən etnoqrafik sosial media araşdırması göstərir ki, ona yönəlmiş şərhlər, yalnız qaradərili qadın bir idmançıya yönləndirilə biləcək çoxsaylı təhqirləri özündə birləşdirirdi. Buna görə də, bu şərhlərin analizi yalnız interseksional yanaşma vasitəsi ilə aparıla bilər. 

Solda: Serena Williams (Şəkil: Ella Ling). Sağda: Caster Semenya (Şəkil: Moritz Hager/Reuters) 


Ziddiyətli media təmsili tarixçəsi olan başqa bir qaradərili qadın idmançı 19 Avqust 2009-cu ildə qadınların 800 metr məsafə yarışmasında qızıl medal qazanan Cənubi Afrikalı qaçış ulduzu Caster Semenyadır. Həmin gün Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) Semenyanın gender təsdiqetmə testindən keçməsini tələb etdi. Semenyanın interseks cinsiyyətə sahib olması ilə bağlı təsdiqlənməmiş iddialardan ibarət nəticələr gizli saxlanmalı idi, amma necəsə bu xəbər mətbuata sızdı və skandala səbəb oldu. IAAF və tibb mütəxəssislərindən ibarət komissiyanın Semenyanın Finlandiyada keçirilən aşağı ranqlı atletizm yarışına qatıla biləcəyi haqda qərar verməsi, təxminən, bir il çəkdi. 2019-cu ildə, Semenya kimi, təbii olaraq  yüksək testosteron səviyyəsinə malik olan qadınların testosteronu azaldan dərman qəbul etmədikləri təqdirdə, 400m, 800m və 1500m yarışlarda iştirak etmələrini əngəlləyən yeni IAAF qaydaları qüvvəyə mindi.

Testosteron səviyyəsi  yüksək  olan qadınların “normal” testosteronlu digər qadınlarla müqayisədə haqsız bir üstünlüyə sahib ola biləcəklərinə inandıqlarından,  Olimpiada təşkilatçılarının və idman mütəxəssislərinin verdikləri bu  qərarın  əsas məqsədi, “ədalətli şərtlərin olduğu bir mühit” təmin etmək idi. Baxmayaraq ki, uğurlu idmançıların testosteron səviyyələrinin daha az müvəffəqiyyətli olanlara nisbətən  yüksək olduğunu və ya testosteronun qalibiyyətə təsirini  göstərən elmi cəhətdən təsdiqlənmiş heç bir sübut yoxdur. 2013-cü ildə The Journal of Sex Research jurnalında nəşr olunmuş məqalədə idman sosioloqları Cheryl Cooky və Shari Dworkin  iddia edirlər ki, əgər Olimpiya Komitəsinin məqsədi “ədalətliliyi” təmin etməkdirsə, onda idmançılar əzələ böyüməsini və səmərəliliyini stimullaşdıran, eləcə də, skelet əzələlərinə qan axınını yaxşılaşdıran, onları “atletik baxımdan üstün olmağa meyilləndirən” performans artırıcı genlər üçün də test edilməlidirlər.

Gender təsdiqetmə testini bir çox tərəfdən problemli və mübahisəli edən cəhət, bu testlərin yalnız qadınlara yönəldilmiş olmasıdır. Limpopoda böyüyən Semenya erkən yaşlarından etibarən, fərqli olduğunu anlamışdı. O, 2019-cu ildə  TIME jurnalında yayımlanan bir  məqaləsində: – “Mənim qalın  səsim var, döşlərim yoxdur, ətrafda oğlanlarla oynayıram, lakin bu, qadın olduğumu dəyişmir” – deyə, şərh verir. Kişilərin üstünlükləri həmişə təbiət etibarilə, ‘təbii’ və buna görə də ədalətli olaraq qəbul edildiyindən,  kişi atletlər heç vaxt bu cür [gender təsdiqetmə] testlərdən keçməli olmurlar.  Amma bəzi kişilərin testosteron səviyyəsinin kişilər üçün “normal” həddən artıq olub olmadığını müəyyən etmək üçün,  kişiləri də eyni səbəbdən test etməmək ədalətsizlik deyilmi?  Niyə bu fakt onların keysində ədalətsiz üstünlük kimi qəbul edilmir? Bəs təbii cinsi xüsusiyyətlərindən dolayı, Semenyanın testosteron səviyyəsi ‘orta statistik’ qadınla müqayisədə daha yüksəkdirsə,  niyə o təbii özü olduğuna görə cəzalandırılır? Yoxsa, gender dixotomiyasını (ikiyə bölünmə) təhdid etdiyi üçün belədir?

Cheryl Cooky və Shari L. Dworkinin qeyd etdiyi kimi, IOC yalnız müəyyən imtiyazlı bədənlərin (əsasən kişi, ağdərili, qərbli, heteroseksual) yarışlarda iştirak etmək  üçün uyğun olduğunu düşünür. “Şübhəli” atletlər  gender təsdiqetmə testlərindən keçdikdə, binar kateqoriyalı cinsiyyətə xas olan qeyri-müəyyənliklər, cinsiyyətlə bağlı  (cinsi audentifikasiya) sosial problemlər ortaya çıxır. Yarış şərtlərinin  bərabərləşdirilməsinə zidd olaraq, gender təsdiqetmə testləri əslində gender binarlığın yanlışlığını və cinsiyyətin spektrum halında mövcudluğunun bioloji sübutunu təqdim edir. Paralel olaraq, bu testlər atletlərin, idman təşkilatlarının, elm adamlarının və daha geniş cəmiyyətin idmanda gender binarlığı qorumaq üçün necə binar fərq kateqoriyaları anlayışlarına bağlı olduğunu göstərir. Belə bir siyasətin həyata keçirilməsi idmanda iştirak etmək və yarışmaq hüququna maneə olmaqla yanaşı, qadın, trans və interseks atletlərə qarşı idmanda ədalətsiz yanaşmanın əsasını qoyur.

Sonda qeyd edək ki,  idmanda “ədalət” anlayışı bir mifdir. Bütün idman növlərinin təzahürləri bərabərsizlik və ədalətsizliklə doludur. Argentinalı feminist filosof Maria Lugonesin izah etdiyi kimi: -“əhalinin irq baxımından təsnif edilməsi onun mümkünlüyünün zəruri şərti olduğundan, müstəmləkəçi, müasir gender sistemi gücün diktəsi olmadan mövcud ola bilməz.” Buna misal, bəziləri tərəfindən “irqçi” hesab olunmayan,  sadəcə, onun həmin vaxtkı zəif idman performansının  əksi olduğu iddia edilən, Serena Williams karikaturasıdır. Bir çoxuna görə isə, bu, inkaredilməz və vicdansız irqçilik nümunəsi  idi. Bu təəssüfləndirici  bölgü idman arenasında olduğundan, daha açıq şəkildə heç yerdə görünməyən heteronormativ, patriarxal və müstəmləkə təsirlərinin kəsişməsini bariz şəkildə əks etdirir.

Oxşar şəkildə və daha geniş kontekstdə piktoqram dizaynları, sadəcə, yaşadığımız mürəkkəb reallıqların yan məhsuludur, amma eyni zamanda,  həmin sistemlərin əbədiləşdirilməsində də məsuldurlar. Piktoqramlar, bizə müasir idman mədəniyyəti tərəfindən gücün qanuniləşdirilməsini daha dərindən araşdırmağa əsas verir. Bu tarix bir çox digər mürəkkəb və problemli tarixlərlə kəsişir (binarizmlər, seksizm, irqçilik, dizaynda kolonializm və s). Bu gün mən, piyada işarəsinə baxarkən, belə bir zərərsiz görünən işarənin bu qədər sistemli ədalətsizliklərin tarixini üzərində necə maskalaya bildiyinə təəccüb edirəm.

Bu məqalə USAID və Black Sea Trust-ın maliyyə dəstəyi göstərdiyi “Genderi Görünən Edək” layihəsi çərçivəsində hazırlanıb.

Leave a Reply

Your email address will not be published.