‘Özünü-məşğul’ işçilər deyil, qeyri-formal işçilər

İllustrasiya: Leyla Ali

Pandemiya və qapanma dövründə iqtisadi dəstək siyasəti qeyri-formal işçiləri, rəsmi qeydiyyatda olan özünüməşğulluq kateqoriyasına aid olmadıqları üçün, sosial dəstəkdən kənarda qoydu. Azərbaycan iqtisadiyyatının 52,2%-i qeyri-formal olduğundan (Schneider, 2018), qeyri-formal iqtisadiyyatlarının ölçüsünə görə 158 ölkə arasında ilk 15 ölkədən biridir. Azərbaycan pandemiyanın mənfi iqtisadi təsirlərini yumşaltmaq üçün postsovet ölkələri arasında ÜDM-in ən böyük payını (3%) ayırsa da, dəstək mexanizmi ölkənin bir çox dezavantajlılarını-qeyri-formal iqtisadiyyatda işləyənləri (Abaslı, 2020) nəzərə almadı və pandemiya zamanı iqtisadi dəstək üçün müraciət edənlərin çoxu ‘özünüməşğul’ olduqlarını sübut edən sənədləri olmadığından, bu maddi dəstəkdən yararlana bilmədilər.

Qeyri-formal iqtisadiyyatda peşə təhsili və təhsil, adətən, çox da nəzərə alınmır, həftə sonları və ümumən, daha uzun saatlarla işləyə bilən işçilərə üstünlük verilir. Qadınlara gəldikdə, ödənişsiz ev əməyi, ixtisas çatışmazlığı və “qadın işi” ilə bağlı gender streotipləri onları daha yüksək maaşlı  rəsmi işlərdən kənar salır(CRRC, 2019). Nəticədə, qadınlar iqtisadi və qərarvermə imkanların az olduğu qeyri-formal iqtisadiyyat sahələrində kişilərdən say üstünlüyü təşkil edirlər. 

Qeyri-formal işlərin yüksək göstəriciləri postsovet ölkələrinin əksəriyyətində qeyri-adi hal deyil. Əliyev (2015) qeyd edir ki, 90-cı illərdə sovet fabriklərinin bağlanması əvvəllər rəsmi istehsal sektorunda və daimi vəzifələrdə çalışmış qadın və kişilər arasında  işsizliyin artması ilə nəticəldi. Keçid dövründə və hətta sovetlərin zamanında belə,   qadınların əksəriyyəti  iqtisadiyyatın bir qolu  olan qeyri-formal əmək fəaliyyəti ilə gəlir qazanırdı. Bundan əlavə, uşaq bağçalarının ləğv edilməsi qadınların gündəlik əməyinə uşaqlara ödənişsiz qulluq işlərini də əlavə etdi.

Qeyri-formallığı və onun gender təsirlərini anlamaq, post-kommunist qeyri-formallıq ideyalarını – mədəni və iqtisadi təcrübələr ilə həmrəylik iqtisadiyyatının vəhdəti kimi qəbul etməklə  qeyri-rəsmi təcrübələrin daha yaxından nəzərdən keçirilməsini tələb edir (Smith & Stenning, 2006). Qeyri-formallıq və qeyri-rəsmi iqtisadi təcrübələr iqtisadi-sosial təhlükəsizlik şəbəkələrini formalaşdırmaqla, yalnız qısamüddətli və təcili iqtisadi ehtiyaclar üçün deyil, uzunmüddətli yaşam tərzinə çevrilir. Nəticədə görünən odur ki, qeyri-formallıq əksər qadınların gündəlik həyatının əhəmiyyətli hissədir.

Cədvəl 1. Respondentlər haqqında təsviri məlumatlar.
Mənbə: Qeyri-formal sektorda çalışan qadınlarla sorğu. Baku, Azərbaycan. 2021

Formal işin əhəmiyyətli iqtisadi hərəkətverici qüvvə olduğu qərb iqtisadiyyatı ilə müqayisədə, qeyri-formallıq və digər oxşar həllər, postsovet iqtisadiyyatında siyasi-iqtisadi böhranlar zamanı sağqalma və iqtisadi təminat strategiyaları olmuşdur. Son illər qərb akademiyasında da, qeyri-formallıq və həmrəylik iqtisadiyyatında əmək xərclərinin müəyyən edilməsi üçün yeni bir diskurs yaranır.

Qadınların reproduktivlik və ev işlərindəki rolunu öyrənən marksist feministlərə görə, əmək haqqının ödənilməmiş versiyaları kapitalın yenidən istehsalının zəruri bir əsasını təşkil edir; (Birtalan və s., 2019) qeyri-formal və ödənişsiz əmək ətrafdakı kapitalist münasibətlərinin əsas dayaqlarındandır. Üstəlik, qeyri-formal iqtisadi təcrübələr arasındakı əlaqələr də patriarxal əsaslı gender rollarından qaynaqlanır. Bu əzici münasibətlər ədalətsiz əmək şəraitinə əsas yaradır, həmçinin, rəsmi institutların funksiyalarını yerinə yetirmək üçün icma əsaslı şəbəkələrə ehtiyacı artırır.

Azərbaycanda qeyri-rəsmi işçilərin 62% -nin (Quliyev, 2015) qadınların təşkil etdiyini və  qadınların 70%-nin ödənişsiz ev işləri və uşaq baxımına məsul olduğunu da (CRRC, 2019) nəzərə alsaq, COVID-19-un gender təsirlərinin dərin olduğunu təxmin edə bilərik. COVİD-19 pandemiyasının gender təsirlərini araşdırmaq üçün təsadüfi seçilmiş 15 qeyri-formal urban işçisi ilə müsahibə apardıq. Respondentlər qeyri-formal iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar: təmizlik, gözəllik, küçə ticarəti ən çox vurğulanan sahələr oldu (bax Cədvəl 1).

Cədvəl 2. COVID-19-un qeyri-formal qadın işçilərinə gender əsaslı iqtisadi təsiri 
Mənbə: Qeyri-formal sektorda çalışan qadınlarla sorğu. Baku, Azərbaycan. 2021

Respondentlərin 70%-i gözəllik, tikiş, təmizlik və küçə ticarəti kimi ikincili ehtiyac və xidmətlərə olan tələbatın azalması səbəbindən gəlirlərinin ya tam, ya da önəmli hissəsini itirdiklərini qeyd ediblər. Qeyri-formal iqtisadiyyatla məşğul olan qadınlar, dövlətin iqtisadi və sosial yardım  paketlərinə çıxış əldə etmədikləri üçün, yerli iqtisadiyyata verdikləri əmək töhfəsini dəyərsiz və özlərini sosial-iqtisadi həyatdan  kənar hiss etdiklərini vurğulayıblar.

Qadınların 35%-i qapanma dövründə satış və şəbəkə qurmaq üçün xidmət və məhsul satışı olaraq sosial medianın (xüsusilə də, İnstagram) artan əhəmiyyətini vurğuladı. Əlavə olaraq, qadınların 80%-i təhsil müəssisələrinin bağlanması səbəbindən ev işləri və uşaq baxımı yükünün artdığını bildiriblər. Bu artan qayğılar onların işlərinə diqqət yetirmələrinə və yeni iqtisadi şəraitdə çevik qalmalarına mane olub.

Respondent qadınların yalnız 38%-i dövlət qurumları və ya beynəlxalq təşkilatlar tərəfindən təqdim olunan yardımdan faydalanmışlar. Bunlar qida paketləri və işsizlik ödənişlərindən ibarət olub. Qapanma zamanı ən çox qeyd olunan dəstək mənbəyi isə qonşulardan, qohumlardan və özünütəşkil icma təşəbbüslərindən gələn qida və maddi ianə, yəni qeyri-formal dəstək idi.

Rəsmi iqtisadiyyata daxil olmamağın səbəbləri soruşulduqda, respondentlər verginin yüngülləşdirilməsinə yardımçı olan müsbət mexanizmlərin olmaması səbəbindən, Azərbaycanda fərdi işlə məşğul olan şəxslər və kiçik sahibkarlar üçün formal işin tələb etdiyi dəqiq mühasibat uçotunun bəzən mümkün olmadığını bildirdilər.  

Sorğu, həmçinin, respondentlərə qeyri-formal iqtisadiyyatı formallaşdırmaq (mövcud əmək fəaliyyətinin və satılan məhsulun və ya xidmətin dövlət strukturiunda qeydiyyatı) üçün gördükləri maneələr haqda sual ünvanladı. Respondentlər formal iqtisadiyyata inam yaratmaq və vergi-hesabat sisteminin formalaşması prosesində onlar üçün heç bir iştirak görmədiklərindən bunun tezliklə mümkün olmasına inanmırlar.  Mövcud hüquqi çərçivələrin ‘yuxarıdan aşağıya’ tərzdə tərtib edildiyini və ‘çox texniki’ olduğunu, yerli mədəniyyət və ənənələrə əsaslanan  qeyri-formal təcrübələrin nəzərə alınmadığını vurğuladılar. Üstəlik, formalaşan qeyri-formal həqiqətlər və xüsusən, sosial media vasitəsilə həyata keçirilən  qeyri-formal iqtisadi fəaliyyətdə iştirak edən  qeyri-formal işçilərin praktik ehtiyaclarının nəzərə alınması, hazırlanması vacib olan  yeni qaydalar tələb edir.

Mənbə: Qeyri-formal sektorda çalışan qadınlarla sorğu. Baku, Azərbaycan. 2021

Respondentlərin 56% -i daha əlçatan qaydaların və başlanğıc kapitalın, onları formal iqtisadiyyata keçməyə həvəsləndirəcəyini qeyd etsə də, 40% respondent pandemiyadan sonra bunu tez bir zamanda etməyin çətin və iqtisadi cəhətdən qeyri-sabit olacağını düşünür. Respondentlərin iş, sosial müdafiə və istirahət vaxtı ilə əlaqədar hüquqlarını anlamaq və istifadə etmək barəsindəki cavabları da çox fərqli idi. Respondentlərin yalnız 27%-i iş yerində sosial müdafiə və əmək hüquqlarından faydalandığını bildirmişlər. 

“Pandemiya, işçi qismində bizim nə qədər, şərtlərə həssas və köməksiz  olduğumuzu göstərdi və qeyri-formallıq iqtisadi baxımdan qeyri-sabitlik  deməkdir. Bizim də işimiz əməkdir və ölkə iqtisadiyyatına töhfə verir. Həm evdə, həm də müştərilərimizlə birlikdə çalışdığımızı nəzərə alaraq, bizim də əməyimiz çətin vaxtlarda dəyərləndirilməlidir” -deyə, əl işləri istehsalı ilə məşğul olan qadın respondentlərdən biri qeyd etmişdir. Dəstək mexanizmləri, ölkə iqtisadiyyatına ödənişsiz və ödənişli əməklə töhfə verən qadınların bu heterogen tərkibinə laqeyd yanaşmamalıdır. Qeyri-formallığı icma şəbəkələri və sosial kapital vasitəsilə dəstəkləmək Azərbaycanda pandemiya dövründə həmrəylik iqtisadiyyatının bir nümunəsi oldu. Nəticə olaraq, yaranan reallıq Azərbaycan iqtisadiyyatının ÜDM-in 52%-ni təşkil edən  qeyri-formal iqtisadiyyatı, qeyri-formal  əmək fəaliyyətlərindəki gender və iqtisadi ədalətlə bağlı status-kvonu yenidən düşünmək üçün bir fürsətdir.

Mənbələr:

Aliyev, H. (2015),”Post-Soviet informality: towards theory-building,” International Journal of Sociology and Social Policy, Vol. 35 Iss 3/4 pp. 182 – 198

Abasli, I. (2020). “The Socioeconomic Impact of COVID-19 and Oil Price Fluctuations in Azerbaijan.” Heinrich Böll Stiftung.

Birtalan,G., Gagyi, A. and  Pósfai, Z.(2019), “Solidarity economy and the commons: implications for Central and Eastern Europe.” Rosa Luxemburg Foundation.

Guliev,F. (2015) “The Informal Economy in Azerbaijan,” Caucasus Analytical Digest, 75, July.

Schneider, F. (2018).  “Around the World: What Did We Learn Over the Last 20 Years?” Working paper No. 18/17 Author/Editor: Leandro Medina. IMF.

Smith, A. and Stenning, A. (2006), “Beyond household economies: articulations and spaces of economic practice in postsocialism,” Progress in Human Geography, Vol. 30 No. 2, pp. 190-213.

Bu məqalə USAID və Black Sea Trust-ın maliyyə dəstəyi göstərdiyi “Genderi Görünən Edək” layihəsi çərçivəsində hazırlanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *