Miqrasiyada feminizasiya

Xədicə Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı kimi təşkilatlarda islahatlar və yerli QHT-lərlə iş üzrə təcrübəyə malikdir. Onun təhsili və tədqiqat dairəsinə beynəlxalq miqrasiya, eksperimental və əmək iqtisadiyyatı daxildir. 


İnsanlar tarixən isti iqlim şəraiti və ya qida əldə etmək üçün bir yerdən digərinə gedirdilərsə, zaman keçdikcə sosial-iqtisadi və siyasi reallıqlar dəyişdikcə, insanların miqrasiya anlayışı və səbəbləri də dəyişməyə başladı. Son illərdə insanlar müharibə, ədalətsizlik və ya bərabərsizlik kimi çətinliklərdən qaçaraq daha stabil və iqtisadi -sosial imkanları olan şəhərlərdə yeni həyat qurmaq üçün mühacirət edirlər. Bu səbəbdən də dünya əhalisi üzrə beynəlxalq səviyyədə miqrasiya edən insanların sayı 3.5 faiz artmaqdadır (UN, 2019). Bu milyonlarla insanın öz ölkələrini tərk edərək qeyri-məlum gələcəyə inanaraq ölkəsindən uzaq bir yerdə yeni həyat qurmağı deməkdir. Əlbəttə ki, gözləntilər öyrəşdikləri müəyyən yaşayış tərzlərindən çox fərqli olduğundan bu proses onları (sözügedən miqrantların yarısının qadın olduğunu nəzərə alsaq) daha da həssaslaşdırır (Federici,2012). 1980-ci illərin əvvəllərindən qadınların miqrasiyası daha aktiv şəkildə artmaqdadır və 244 milyon beynəlxalq miqrantın təqribən qadın olması bu artıma sübutdur (UN, 2016). 

İnfoqrafikin müəllifi: Müjgan Abdulzadə

Cədvəl 1. Təkan və itələmə faktorları

Miqrasiya siyasəti gender neytral fenomen olmasına baxmayaraq, qadın və kişilərin miqrasiya prosesi də fərqli olur və bu səbəbdən də qadınlar müxtəlif səviyyədə çətinliklər və risklərlə üzləşirlər. Qadınların qərarvermə prosesi təkan (itələmə) faktorundan irəli gəlir, yəni onlar risk edərək itirməyə daha çox meylli olurlar, çünki müəyyən zamandan sonra bu qərar onların həyatına fayda gətirəcəyinə inanırlar. Qadın miqrantların yarısı inkişaf etmiş sahələrdə çalışsalar da, digər bir yarısı aztəminatlı və şəraitsiz işlərdə çalışır (Caritas, 2012). Eyni zamanda məvacib bərabərsizliyi, standart yaşayış şəraiti və iş siyasəti kimi bir çox vahidlər qadın və kişi əməyi arasında fərq qoyduğundan qadınların gedəcəyi yolda həyatları bahasına başa gələcək risklərin dərəcəsini daha da artırır. 

Miqrasiyada Feminizasiya 

1960-70-ci illərədək miqrasiya nəzəriyyəsinə baxsaq qadınlar ailənin asılı üzvü kimi mühacir etdiklərindən onlar bir çox elmi məqalələrdə gizlin amil kimi saxlanılırdı (Caritas, 2012). Lakin 1980-ci ildən bəri qadınların müstəqil şəkildə miqrasiyasının artması miqrasiyada feminizasiya fenomenini yaratmışdır. Daha iki sahə miqrasiyada feminizasiyasına təkan verməkdədir: yoxsulluqda feminizasiya və əməkdə feminizasiya (UNFPA,2006). Müasir iqtisadi inkişaf strukturlarının dəyişməsi kiçik yerli (şəxsi) emalatxanaların məhv olmasına, korporasiyalar tərəfindən yaradılan yeni istehsal sənayesinin inkişafına və ənənəvi işlərdə kişilərin işsizlik sayının artmasına səbəb olmuşdur. Bu da öz növbəsində əlavə gəlir mənbəyi kimi qadınların işçi əməyinin iştirakına ehtiyac yaradır.

Günümüzdə təbii fəlakətlər və müharibələr istisna olmaq şərti ilə qadınlar artıq sosial və iqtisadi imkanlar axtarışı məqsədilə miqrasiya edirlər. İmkansızlıq və ehtiyac bu miqrasiya üçün əsas səbəblərdəndir. Lakin qadınların miqrasiyasında əsas şərt ancaq yoxsulluq deyil. Əmək bazarında imkanların limitli olması və gender əsasll ayrıseçkilik, əlverişsiz qanunvericilik və s. qadınların miqrasiyasına təkan verir. Bu qərarverməyə xüsusilə də yaşadıqları cəmiyyətin quruluşu, mövcud adət-ənənələr, ailə və fərdi şərtlər də təsir edir.. Bir sözlə, iqtisadi faktordan savayı qadınlar daha çox azadlıqlarını və imkanlarını məhdudlaşdıran cəmiyyətin onlar üzərindəki  nəzarətindən və patriarxal qaydalardan qaçırlar. Qadınların miqrasiya etmə qərarının bir sıra məhdudiyyətlərlə üzləşməsi (xüsusilə də maliyyə imkanlarının olmaması) onların azad şəkildə hərəkatına mane olur. 

Miqrasiyada Feminizasiya miqrasiyanın spesifik sahələrində bir çox problemlərin artımına səbəb olmuşdur. BMT-nin Beynəlxalq Miqrasiya Siyasəti (UN, 2015) cinsindən, irqindən və yaşından asılı olmayaraq bütün miqrantlara bərabər şəkildə tətbiq olunmağı vurğulansa da, təcrübədə çox zaman əksi baş verir. Bir çox Avropa ölkələrində (məsələn, İsveçrə və Almaniyada) miqrasiya siyasəti xüsusilə də işə götürmə prosesləri qeyri-obyektiv şəkildə tətbiq edilir. Bu cür münasibət xüsusilə də Körfəz ölkələrində, Honq-Konqda, Sinqapurda və Malayziyada qadınların taleləri üçün ağır nəticələnir. Çox zaman qadınlar xaricdə aztəminatlı işlərlə – evdarlıq, dayə və ya tibbi işçi kimi işlərlə təmin olunurlar. Bu işlər hüquqi əsaslarla təmin ediləcəkləri vəd edilsə də, sosial xidmətləri olmayan, ağır iş şəraitinə və qeyri-stabil iş imkanlara malik olur. Bir çox ölkələrdə hüquqi şəkildə miqrasiya siyasəti işə götürmə prosesi ancaq inşaat işçiləri və fermerləri özündə əks etdirdiyindən, dayə və tibbi işçi kimi işə alınan qadınların iş müqavilələrinin şərtlərində özbaşınalıq və pozğunluqlar baş verir və çox zaman bu müqavilələr onları kommersial miqrasiyasının zərərçəkəninə çevrilirlər.

Azərbaycan Miqrasiyasında Feminizasiya 

Azərbaycanda əmək miqrasiyası üzrə əsasən kişilər miqrasiya edirlər, qadınlar isə övladlara və yaşlılara qayğı göstərmək ilə ölkədə qalır (BMT,2013). Lakin 90-ci illərin sonundan bu cərəyan dəyişir,qadınların da iş arxasınca ölkədən getməsi halları artmağa başlamışdır. Azərbaycanlı qadınlar iqtisadi stabillikdən çox patriarxal cəmiyyətin diktə etdiyi rollarından yorularaq çıxış yolunu miqrasiya etməkdə görürdülər. Bu qərarvermə onlara yeni iş imkanları qurmağa kömək etdiyi qədər, stabil bərabər təminatlı həyatda yaşamaq gözləntilərini də artırırdı. Lakin bu gözləntilər heç də real həyatda həmişə öz əksini doğrultmur və çox zaman onların həyatlarında ağır izlər qoyur. Bir çox risklərlə üzləşən qadınlar geri qayıtdıqdan sonra öz evlərini, həyat yoldaşı və ana kimi borclarını geridə qoyaraq getdiklərinə görə cəmiyyətdən təcrid olunurlar. Qadınların xaricə iş dalınca getməsi ölkədə hələ də böyük bir stiqmadır. 

Azərbaycan cəmiyyətində qadının rolu daha çox patriarxal məzmun daşıdığından hətta ali təhsilli qadınlar belə kişilərlə müqayisədə daha aşağı əmək statusuna malikdirlər və bu da onların iqtisadi asılılığını artırır (UNDP, 2007; Heyat, 2007). Cəmiyyətin əsas ismarıcı təhsilli və ya müfəvvəqiyyətli qadın deyil, müvəffəqiyyətli ana və həyat yoldaşı yetişdirməkdir. Bu da nəticədə ailəsi tərəfindən məhdudlaşdırılmış mövcud ənənəvi stereotip qadın rolu yaradır və sözügedən qadın cəmiyyətimizdə müvəffəqiyyətli həyat yoldaşı və qız övladı statusunu qorumaq üçün ona ailədə mənəvi və fiziki işgəncələrə məruz qalmağa belə məcbur edilir (Hollman, 2017). Qadının iqtisadi stabilliyi də pozulduğundan onun siyasi, sosial və ictimai rolu da asanlıqla məhdudlaşdırılır. Təəccüblü deyil ki, Azərbaycan UNDP-nin İnsan İnkişaf İndeksinə (2018) görə regionda gender bərabərsizliyi üzrə hələ də geridə qalır (3-cü qrup ölkələr sırasındadır) (UNDP, 2018). Ölkədə yüksək səviyyədə məişət zorakılığına və erkən yaşda evliliyə qarşı yüksək dözümlülük mövcuddur. Məişət zorakılğı və iqtisadi asılılıq qadınları evlərini tərk etməyə vadar edir və bu onları leqal miqrasiyadan əlavə, insan trafikinqinin zərərçəkən olmağa təkan verir. İnsan trafikinqi ilə bağlı bir çox tədqiqatlar da göstərir ki, trafikinq ilə üzləşən qadınların bir çoxu evlərində, xüsusilə də ərləri və ataları tərəfindən məişət zorakılığına məruz qalmışdırlar (UNICEF, 2017). Bu mental və iqtisadi səbəblər Azərbaycanda insan trafikinqində qadınların və LGBTQI+ -ların əsas hədəf olmasına səbəb olur.

Azərbaycan İnsan Trafikinqi niyə baş verir?

İnsan trafikinqi BMT-nin Palermo Prokolunda izah edildiyi kimi “güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya məcburetmə, oğurlama, dələduzluq, aldatma, vəzifədən və ya vəziyyətin zəifliyindən sui-istifadə etməklə yaxud da digər şəxsə nəzarət edən şəxsin razılığını almaq üçün ödəniş və ya mənfəət şəklində rüşvət verməklə insanların istismar məqsədi ilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması başa düşülür” (OHCHR, 2000).

İnfoqrafikin müəllifi: Müjgan Abdulzadə

Azərbaycanda trafikinq ilə bağlı mübarizədə bir çox islahatlar aparılması üçün  mərkəzlər yaradılmış və QHT-lər ilə əməkdaşlıq artırılmışdır. Məsələn, Azərbaycan insan trafikinqinə qarşı bir çox beynəlxalq konvensiyaları qoşulmuşdur (2000-ci ildə BMT-nin İnsan Trafikinqinə qarşı Protokol, 2010-cu ildə Avropa Şurasının İnsan Trafikinqinə qarşı Konvensiyanı imzalayıb təsdiqləmişdir).  2005-ci ildə İnsan Trafikinqi üzrə milli qanunu qüvvəyə mindirərək İnsan Trafikinqi üzrə Milli Koordinator və tədbir mexanizmləri müəyyənləşdirilmişdir. 2006-ci ildə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən maliyyələşən sığınacaq açılmışdır və 2007-ci ildə 24 saatlıq pulsuz milli qaynar xətt fəaliyyət göstərir. 2014-2018-ci illər üzrə Azərbaycan Respublikasının İnsan Trafikinqinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hüquqi əsasların və institusional mexanizmlərin təkmilləşdirilməsini, hökumət qurumlarının birgə fəaliyyətini və beynəlxalq imtiyazların icrasını təmin edir. Eyni zamanda bu plana əsasən trafikinq ilə bağlı məlumatlılıq artırılması, profilaktik tədbirlərin icrası və cinayət məcəlləsini təkmilləşdirməklə yenidən bərpa və inteqrasiya kimi dəstək proqramlarını özünsə əks etdirir. Bir sözlə kağız üzərində mükəmməl yanaşmalar və fəaliyyətlər qəbul edilsə də təcrübədə hələ də önəmli çatışmazlıqlar mövcuddur..

İnsan Trafikinqin növlərinin düzgün ölçülməməsi.

Palermo protokolunda trafikinqin üç istismar növü “fahişəliyin istismarı və ya cinsi istismarın digər formaları, icbari əməyi və ya xidmətləri və köləliyi, köləliyə bənzər adətləri, əsarət vəziyyəti və ya insan orqan alveri” nəzərdə tutulur.  Lakin trafikinq ilə mübarizə aparılan zaman yaradılan təşəbbüs və siyasi strategiyalar trafikinqin  üç növünə qarşı eyni müvafiq şəkildə tətbiq edilmir. Bu mövqe bir çox tədqiqatçılar və aktivistlər tərəfindən də trafikinqin növlərini, xüsusilə də cinsi istismarın məzmununu mübahisəli edir. Bu da özü özülüyündə sistemdə cinsi istismar ilə mübarizə zamanı müvafiq tədbirlərin görülməsini məhdudlaşdırır. Bu məhdudiyyət özlüyündə kifayət qədər statistik məlumat azlığına səbəb olur və təhlükədə olan insanlara dəstəyin olmaması riskini də artırır. 

Azərbaycanda 2018-ci ildə 98 nəfərdən 82-si cinsi istismarın zərərçəkənləri qadınlardır.  Lakin cari hüquq mühafizə orqanları insan trafikinqi problemini kökündən anlamır və ona görə də zərərçəkənlərə düzgün yanaşma göstərilmir. Xüsusilə də Bakıdan kənar rayonlarda icraçı orqanlar cinsi istismar hallarında əsas idarəedici vasitələrin, əsasən də “zərər çəkənlərin psixoloji təzyiqin” rolunu düzgün başa düşmürlər. DİN əməkdaşları problemin həlli yolunu müvafiq vasitələrlə araşdırmaq əvəzinə öz mühakimələrinə uyğun zərər çəkənlərin müqəddəratını həll edirlər. İstənilən real təcrübədə düzgün ölçülməyən siyasətin həlli yollarını araşdıran zaman kifayət qədər məlumatın olmaması qərarvermə siyasətini də çətinləşdirir. Bunun üçün də sözügedən növün ölçülməsini müəyyən edən faktları daha da təkmilləşdirmək və onlara tətbiq edilən yanaşmalar daha çox insan müqəddəratını nəzərə alınmalıdır. 

İnstitusional cavabdehliliyin olmaması. Azərbaycan hökuməti tərəfindən zərər çəkənlərinmüdafiəsi məqsədilə 2018-ci ildə 147,490 manat ($86,760) (2017-ci ildə 150,530 manat ($88,550)) maliyyə dəstəyi ayrılmışdır (Traficking report, 2019). DİN əməkdaşları zərər çəkənlərə sığınacaq, maliyyə, hüquqi və tibbi-psixoloji kimi dəstəkləri göstərməlidirlər. Lakin hökumət tərəfindən maliyyələşdirilən sığınacaqda işçilərin az gəlirlə təmin olduqlarından işdən çıxanların sayı çoxdur, bu da xidmətin keyfiyyətini daha da aşağı salır. 2018-ci ildə 95 nəfər rəsmi zərərçəkənkimi təsdiqlənsə də, 3 potensial zərər çəkən bu sığınacaqda dəstək almışdır (ibid). Bir çox zaman zərərçəkənlərə dəstək daha çox həm say, həm də maliyyə baxımından limitli şəkildə fəaliyyət göstərən QHT-lərin üzərindədir (2018-ci ildə hökumət 47 zərər çəkəni QHT-lərə yönəltmişdilər) (ibid).

 Həssas zərərçəkənlər arasında kifayət qədər maarifləndirmə olmadığından və onlara lazımi institusional icra orqanlarının dəstəyi göstərilmədiyindən, onlar arasında hüquqi və sosial dəstək də məhdud səviyyədə olur. Bəzi icraedici orqanlar daha effektiv nailiyyət əldə etmək üçün bu problemin bütün aspektlərini nəzərə almaq əvəzinə çox zaman qanun çərçivəsində dəstək ilə kifayətlənir.  Çünki institusional qərarverici orqanlar bu qruplara dəstək göstərməyə çalışsalar da, onlar özləri daxilində institusional islahatlar və qanunvericiliyi yeniləməyə elə də həvəsli olmurlar. Məsələn, zərərçəkənlərin müdafiəsi zamanı çox zaman yaş və ya immiqrasiya statusu kimi faktorları nəzərə alınmadığından trafikinq ilə üzləşən insanlar xilas olduqdan sonra belə onları gəldikləri şəraitə geri göndərirlər. Son nəticədə gəldikləri cəmiyyətə geri qaytarılan zərərçəkənlər daha böyük stiqma ilə üzləşirlər.

 Sorğu

Son söz olaraq oxucular arasında kiçik bir sorğu keçirmək istəyirəm. Cavablarınız bu tədqiqatın davamı üçün üumumi data formasında istifadə olunacaq. 

İstinadlar:

BMT. 2013. Azərbaycandan kənarda işləyən və yaşayan Azərbaycanlı Miqrantların Azərbaycanda qalan həyat yoldaşları və digər ailə üzlərinin vəziyyəti. https://www.undp.org/content/dam/azerbaijan/docs/publications/migrant_spouse_UNDP_IOM_AZE.pdf
CARITAS. 2012. The Female Face of Migration. Working report. Retrieved from: https://www.caritas.org/wordpress/wp-content/uploads/2017/05/FFMCaritasPolicyDoc.pdf
Federici Silvia. 2012. Revolution at Point Zero: Housework, Reproduction, and Feminist Struggle. Common Notions
Heyat. F. 2007. Globalization and Changing Gender Norms in Azerbaijan, International Feminist Journal of Politics, 8,3, 394–412.
Holman, T. & Loveless, S. 2007. The Family in the New Millennium: The place of family in human society.

OHCHR. 2000. Protocol to Prevent, Suppress and Punish Trafficking in Persons Especially Women and Children, supplementing the United Nations Convention against Transnational Organized Crime. Retrieved from: https://www.ohchr.org/EN/ProfessionalInterest/Pages/ProtocolTraffickingInPersons.aspx
USA State Department. 2019. Trafficking in Persons Report: Azerbaijan  https://www.state.gov/reports/2019-trafficking-in-persons-report-2/azerbaijan/
UN. International Migrant Stock. 2019. Retrieved from: https://www.un.org/en/development/desa/population/migration/publications/migrationreport/docs/MigrationStock2019_TenKeyFindings.pdf
UN. General Assembly. 2016. Retrieved from: https://www.undocs.org/A/70/59

UNFPA. 2006. Female migrants: bridging gaps throughout life cycle. Retrieved from: https://www.unfpa.org/resources/female-migrants-bridging-gaps-throughout-life-cycle
UNDP Azerbaijan. 2007. Human Development Report: Gender attitudes in Azerbaijan: Trends and challenges.
UNDP Azerbaijan. 2018. Human Development Indices and Indicators: Statistical Update http://hdr.undp.org/sites/all/themes/hdr_theme/country-notes/AZE.pdf
UNFPA. 2017. Domestic Violence and Human Trafficking. Retrieved from: https://www.unicefusa.org/stories/domestic-violence-and-human-trafficking/33601

Leave a Reply

Your email address will not be published. Required fields are marked *