Məişət zorakılığından zərərçəkənlər üçün: BƏLƏDÇİ

Vəfa Rüstəm qadın hüquqları üzrə hüquqşünas-ekspert. 2010-cu ildən çoxsaylı insan haqları, qadın haqları sahəsində təlim proqramlarının, o cümlədən təlimçilər üçün təlimlərin iştirakçısı olaraq, 2014-cü ildən başlayaraq Avropa Şurasının dəstəyilə Bakıda və bölgələrdə vəkillərə və gənc hüquqşünaslara insan haqları üzrə təlimlər keçməklə məşğulam. Hal-hazırda məişət zorakılığına məruz qalan qadınlara pulsuz hüquqi yardım göstərilməsinə kömək göstərir və məişət zorakılığı sahəsini araşdırır.


Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada hər üç qadından biri həyatı boyu intim partnyoru (əri; vətəndaş nigahında olduğu şəxs) tərəfindən fiziki və ya cinsi zorakılığa, yaxud tanımadığı şəxs tərəfindən seksual zorakılığa məruz qalır. Qadınlara qarşı zorakılıq, xüsusilə də, intim partnyor tərəfindən törədilən seksual zorakılıq geniş miqyasda qadınların insan haqlarının pozuntusuna və səhiyyə problemlərinə gətirib çıxarır. Zorakılığın qadınların fiziki, əqli, seksual və reproduktiv sağlamlığına çox ciddi mənfi təsirləri var (WHO, 2021). 

Vəziyyətdən asılı olaraq zorakılıqdan qurtulmağın müxtəlif yolları vardır. Hər bir vəziyyətin təfərrüatlarından asılı olaraq, spesifik hüquqi məsləhət zəruri ola bilər. Bu bələdçinin məqsədi məişət zorakılığı ilə rastlaşdığınız hallarda ondan xilas olmaq üçün sizə bir sıra mümkün ola biləcək praktiki tövsiyyələr verməkdir. Lakin bu vəsait konkret iş üzrə hüquqi məsləhəti əvəz etmir.  

Əsas faktlar 

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2019-cu ildəki rəsmi dövlət statistikasına əsasən, məişət zorakılığı nəticəsində zərərçəkənlərin 76.4%-i (1038 nəfər),  o cümlədən, məişət zorakılığı zəminində öldürülənlərin 84.1%-i,  əzab verilmiş zərərçəkənlərin isə 88.9%-i qadındır.

Bu cinayətlərin latent xarakterini, yəni nadir hallarda qadınların zorakılıq hallarından rəsmi şikayət etmələrini də nəzərə alsaq, real zorakılıq hallarının və zərərçəkən qadınların sayının rəsmi rəqəmlərdən   dəfələrlə çox olduğuna əmin ola bilərik.

Beynəlxalq hüquqi sənədlərə (Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğvi (CEDAW) komitəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna və s.)  əsasən, qadına qarşı törədilən məişət zorakılığı qadına qarşı cinsi ayrı-seçkiliyin bir forması hesab edilir Yəni, qadınlar məişət zorakılığına hər hansı başqa səbəbdən deyil, məhz qadın olduqları üçün məruz qalırlar. Baxmayaraq ki, bir sıra hallarda məişət zorakılığına kişi və uşaqlar da məruz qalırlar,  bu zorakılıqdan əsas zərərçəkənlər qadınlardır. 

İllustrasiya: Fidan Məmmədli

MƏİŞƏT ZORAKILIĞI NƏDİR?

Məişət zorakılığı yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəlki  birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılıqdır; bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumun, qanuni nikahda olmadığı (vətəndaş nikahında birgə yaşadığı) və ya əvvəllər birgə yaşadığı şəxsin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Bunlar: ər-arvad, uşaqlar, nənə-baba, bacı-qardaş, keçmiş ər-arvad, nişanlı, sevgili, vətəndaş nikahında yaşayanlar və başqa yaxın adamlar ola bilərlər. Məişət zorakılığının bir neçə forması ayırd edilir. Zərərçəkənlər, bəzən bunlardan yalnız birinə, bir çox hallarda isə bir neçəsinə və ya bütün formalarına məruz qalırlar. Məişət zorakılığı özünü fiziki, psixi, iqtisadi və cinsi zorakılıq şəklində biruzə verə bilər.

Məişət zorakılığının formaları. İllustrasiya: Fidan Məmmədli

Məişət zorakılığı adətən amerikalı psixoloq Lenore Walker’in (1979) irəli sürdüyü aşağıdakı sikl üzrə dövr edir:

Walker’in zorakılıq sikli. İllustrasiya: Fidan Məmmədli

Siklin birinci hissəsindən göründüyü kimi,  öncə gərginlik artır. Bu zaman küsmə-incimə ola bilər, zərərçəkmiş qorxmağa başlayır, zorakı şəxsi sakitləşdirməyə çalışır.  Sonra, bilavasitə, zorakılığın özü baş verir; məişət zorakılığı törədən şəxs zərərçəkmişə əl qaldırır, xəsarət yetirir, yaxud onu danlayır, təhqir edir, hədələyir və s. Növbəti barışma mərhələsində zorakı şəxs üzr istəyir, zərərçəkmişi zorakılığa şərait yaratma səbəbindən danlayır,  yaxud deyir ki, zərərçəkmiş məsələni çox şişirdir, heç bir zorakı hərəkət  olmayıb və s. və “bal ayı” mərhələsi başlayır. Hadisə yaddan çıxır, sülh və sevgi davam edir. Lakin təəssüf ki, zorakılıq aktları bununla bitmir və bu ardıcıllıq yenidən təkrarlanır. Bunun səbəblərindən biri zorakılıq edən şəxsə bağlılıq və vəziyyətlə barışmaqdır. Bir çox hallarda zorakılıq edən şəxslər bu halın bir daha təkrarlanmayacağına söz versələr də, bu baş vermir,   zorakılıq yenidən təkrar olunur. 

Hansı halda zorakılığa haqq qazandırmaq olar? 

Zərərçəkənlərin böyük əksəriyyəti məruz qaldıqları zorakılığa görə utanır və yaxud zorakılığa haqq qazandıraraq, özlərini günahlandırırlar. 

Unutmaq lazım deyil ki, zorakılığın heç bir hüququ əsası yoxdur. Zorakılıq edən şəxsin nə xasiyyətinin kobud olması, həmin anda əsəbi olması, işlərinin gətirməməsi, yaxud ehtiraslanması və s. bu kimi heç bir bəhanə zorakılığa haqq qazandıra bilməz. Hətta zərərçəkmiş, yaxud zorakılıq edən şəxs hesab etsə ki, zərərçəkmiş “özünü pis aparıb”, zorakılıq edənin “sözündən çıxıb”, nədəsə “günahkardır”, yenə də, bu “səbəb” belə zorakılıq üçün əsas deyil. Anlamalıyıq ki, zorakılıq etmək əvəzinə, insanlar problemləri alternativ sivil yollarla həll edə, narazı qaldıqları məsələlər haqqında danışa, psixoloji yardım ala, əgər birgəyaşayış artıq alınmırsa, bir-birilərindən uzaqlaşa, hüquqi yardım ala, ayrıla, boşana, polisə və məhkəməyə müraciət edə bilərlər. 

Zorakı şəxs əgər reabilitasiya keçməyibsə və zorakılıqdan əl çəkdiyinə dair tutarlı dəlillər  yoxdursa, onunla yenidən barışıb bir araya gəlmək  hadisələrin təkrarlanmasına və daha da təhlükəli hal almasına səbəb olur.

MƏİŞƏT ZORAKILIĞINA MƏRUZ QALDIQDA NƏ ETMƏK LAZIMDIR?

Məişət zorakılığı ilə qarşılaşmaq ciddi sarsıntıdır. Özünüzə zaman ayırın, yaxud sizə dəstək ola biləcək şəxslərlə danışıb qayğılarınızı paylaşın. Yaxınlarınız, qohumlarınız, dostlarınızdan, yaxud hər hansı vəkil, sosial işçi, tibbi işçisi, qadınlar üçün sığınacaq, polis və ya başqasından dəstək istəyin.

XİLAS PLANI

Sizə qarşı zorakılığa hər zaman son qoya və xilas ola bilərsiniz. Mütəmadi zorakılığa məruz qalır, yaxud zorakılıqla üzləşə biləcəyinizi ehtimal edirsinizsə, növbəti münaqişəni gözləməyin, təhlükəsizliyinizi təmin etmək hər şeydən önəmlidir. Bunun üçün yaxşı hazırlaşın və evi tərk etmək üçün plan qurun. Qaçış marşrutunu müəyyən edin və məşq edin. Uşaqların (əgər varsa) təhlükəsizliyini unutmayın. Qabaqcadan hara gedəcəyinizə əmin olun. Bu, yaxınlarınızın evi, yaxud bu bələdçidə göstərilən sığınacaqlardan biri ola bilər. Zəruri sənəd (əsli və ya surəti) və əşyalarınızı toplayıb bir yerə yığın. Həmin sənədlərin arasında bunlar ola bilər: özünüzün və uşaqların şəxsiyyət vəsiqələri, doğum haqqında şəhadətnamələri (sizə qarşı zoraklılıq edən şəxsin şəxsiyyət vəsiqəsinin də surətini götürmək faydalı olar); Nikah haqqında şəhadətnamə; təhsiliniz, uşaqların təhsili haqqında sənəd; evin, avtomobilin sənədləri, ehtiyat açarları; Pasport; Sürücülük vəsiqəsi; Sosial sığorta kartı; Əmək kitabçası; ev əşyalarının sənədləri və s.

  • Evdəki əşyaları, sənədlərinizi götürə bilməyəcəyiniz halda onların şəkillərini çəkib özünüzdə və ya onlayn formada (ICloud, Google Drive, Mega, Dropbox və s.) yaddaşda saxlayın.
  • Əgər nağd pulunuz və ya qızıllarınız varsa, onları təhlükəsiz yerə qoyun ki, sizə qarşı zorakılıq edən şəxs onları ələ keçirtməsin və evi tərk etdikdən sonra siz onları götürə biləsiniz. 
  • Əşyalarınızı bir boğçaya yığıb evdə gizli və təhlükəsiz yerdə, yaxud qonşuda, qohumda saxlayın. Boğçanızda pul, paltar, bez, sənədlər, dərmanlar, kredit kartları kimi əşyalar ola bilər. 
  • Çox təcili və təhlükəli hallarda, evi dərhal tərk etməli olarsınızsa, sənədləri, əşyaları götürməyə vaxt itirməyin. İlk növbədə özünüzü xilas edin, sonra bu sənədlərin, bir qədər vaxt aparsa da, dublikatını çıxarmaq mümkün olacaq.  
  • Evdə kəsici, deşici alətləri, odlu silahı gizlədin. 
  • Yaxınlarınızla, qonşularınızla əvvəlcədən hansısa kod şərtləşdirin ki, zorakılıq hallarında onlar bu işarəni alar-almaz polisə zəng etsinlər. Məsələn, divarı, döşəməni döymək, rəfiqənizə qırmızı pomadanızı qaytarmasına dair ismarıc göndərmək və s. 
  • Sizə qarşı zorakılıq edən şəxsə xəbər vermədən, evdə olmadığı bir vaxtda təhlükəsizliyinizə əmin olub evi tərk edin. 

Sığınacağa yerləşdiyiniz halda orada 2-3 ay ərzində qala bilərsiniz. Bəzi hallarda, zərurət olduqda, sığınacaqlar daha çox müddətə qalmağa icazə verirlər. Sığınacaqlarda bu cür zorakılıqlardan zərərçəkənlər pulsuz yaşayış yeri, qida, hüquqi və psixoloji yardımla təmin edilirlər. 

POLİS ÇAĞIRIM yoxsa EVİ TƏRK EDİM?

Dərhal polis çağırın, yaxud öncə təhlükəsiz yerə sığınıb sonra polis çağırın. Bu, təhlükəsizliyinizi öncədən planlaşdırmaq və təmin etmək üçün çox vacibdir. 

  1. Aşağıdakı hallarda dərhal polis çağırmağınız tövsiyə olunur (polisə 102 xətti ilə zəng pulsuzdur və istənilən mobil və ya şəhər nömrəsindən yığa bilərsiniz): 
  • gərginlik yarandığı və ya bilavasitə, sizə zorakılıq göstərilən zaman (ilk çağırışınızda polis təhlükəsizliyinizi təmin etməyə yetişə və sizə daha ağır xəsarət yetirilməsinin qarşısını ala bilər, yaxud zorakı şəxs özü polisin ilk dəfə gəlişindən çəkinə bilər);
  •  zorakılıq hadisəsi baş verdikdən və gözlənilməz ağır xəsarətlər aldıqdan sonra (şəxsin hadisə yerində həbs edilmə ehtimalı yüksək olduğu üçün təhlükəsizliyiniz təmin oluna bilər). 
  1. Digər hallarda isə, bir qayda olaraq, əgər ağır xəsarətlər (məsələn, qolun kəsilməsi, başın yarılması və s.) yoxdursa, şəxs sizi yalnız ölümlə hədələyibsə, ağır xəsarətlər yetirmədən sizə qarşı fiziki, psixoloji və digər məişət zorakılığı törədibsə, həmin şəxs dərhal yerindəcə həbs edilməyə bilər; polis bölməsində sizdən və ondan izahatlarınız alınıb, sərbəst buraxıla bilər. Sərbəst buraxıldığını görən zorakı şəxs özünü cəzasız hiss edib, sizə qarşı daha da aqressivləşə bilər və bu zaman  təkrar müraciətdən sonra  polisin yetişməsi baş verə biləcək hadisələrin qarşısını almaqda gecikmiş ola bilər.  Buna görə, bu cür hallarda təhlükəsizliyinizi təmin etdikdən, evi tərk edib təhlükəsiz yerə sığındıqdan sonra polisə hadisə ilə bağlı şikayət etməyinizi tövsiyə edirik. Evi tərk etdikdən sonra zorakı şəxslə təmasdan çəkinin, telefon nömrəsini, sizinlə əlaqə saxlaya biləcəyi bütün vasitələri blok edin. 

HƏKİM ÇAĞIRIN

Xəsarətiniz varsa, özünüzü pis hiss edirsinizsə, təcili tibbi yardıma zəng edin və ya həkimə gedin. 

KONSULTASİYA ALIN

Məişət zorakılığı ilə bağlı qaynar xətt və ya sığınacaqdan sizə həm pulsuz psixoloji, həm hüquqi yardım göstərilməsini istəyin; maddi durumunuz  imkan verirsə, özünüz bu sahədə təcrübəli vəkil və psixoloq/psixiatr tapıb onlardan məsləhət alın. 

İCTİMAİLƏŞDİRİN

Bir çox hallarda təcrübə onu göstərir ki, məişət zorakılığı məsələləri ictimailəşdirildikdə (televiziya, Facebook, İnstagram və sair kimi sosial şəbəkələrdə), zorakı şəxs zorakılıqlarını davam etdirməkdən çəkinir və dövlət orqanlarının işə reaksiyası daha operativ olur. Buna görə, zərərçəkmiş şəxslərin özləri, yaxud yaxınları tərəfindən məsələnin ictimailəşdirilməsi tövsiyə olunur. İctimailəşdirmə zərərçəkənin adı anonim saxlanmaqla, yalnız zorakılıq edən şəxsin ad və soyadının qeyd edilməsi şəklində də ola bilər.

QAYNAR XƏTLƏR

Məişət zorakılığından müdafiə üçün aşağıdakı qaynar xətlər fəaliyyət göstərir (bilavasitə zərərkçəkmiş özü, yaxınları, yaxud hadisə şahidləri həmin nömrələrdən biri və ya bir neçəsi ilə əlaqə saxlaya bilər):

Qaynar xətlər. İllustrasiya: Fidan Məmmədli

Daxili İşlər Nazirliyinin qaynar xətti: https://e-muraciet.mia.gov.az

Baş prokurorluq: https://genprosecutor.gov.az/az/page/elaqe/muracietler/mektub-yazmaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi: aqupdk@scfwca.gov.az

Ombudsman (İnsan Hüquqları üzrə Müvəkkil): ombudsman@ombudsman.gov.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən akkreditasiyadan keçmiş, sığınacaq xidməti göstərən mərkəzlər (onlardan ikisi Bakıda, biri isə Gəncədə yerləşir):

Sığınacaqlar. İllustrasiya: Fidan Məmmədli

Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi üçün aşağıdakı agentliklə də əlaqə saxlaya bilərsiniz. Boşanma, evin, digər əmlakın bölgüsü və sair mülki xarakterli işlərlə bağlı əhalinin aztəminatlı təbəqəsi üçün nəzərdə tutulmuş pulsuz hüquqi məsləhət almaq məqsədilə, aşağıdakı klinikaya iş günləri saat 09:30-dan 16:00-dək müraciət edə bilərsiniz. Öncədən zəng edib qəbula yazılmaq şərtdir.

Sosial reabilitasiya və sosial müdafiə üzrə agentlik. İllustrasiya: Fidan Məmmədli

Zorakılıq edən şəxsin məndən sadəcə uzaq durması üçün nə edim?

Mühafizə orderinin verilməsinə dair ərizə nümunəsi

Əgər zorakılıq edən şəxs barəsində cinayət işi başlanmazsa, həbs olunmazsa, yaxud onun həbsini istəmirsinizsə (məişət zorakılığı yaxınlarımız tərəfindən törədildiyindən, bəzən, şikayət edib həbs olunmasını istəməyə bilərik), bu zaman zorakılıq edən şəxsin sizdən uzaqlaşdırılması üçün mühafizə orderi almaq olar. Mühafizə orderi zorakılıq edən şəxsin sizə qarşı edə biləcəyi zorakı hərəkətlərə məhdudiyyət qoyulması haqqında aktdır. Mühafizə orderi ilə məişət zorakılığı törətmiş şəxsə aşağıdakılar qadağan edilə bilər: 

  • məişət zorakılığının təkrar törədilməsi; 
  • zərərçəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; 
  • zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. 

Müraciət ediləcək orqan zərərçəkmiş şəxsin olduğu (yaşadığı) yerin icra hakimiyyətidir. Yaşayış yeri üzrə qeydiyyat vacib deyil, faktiki harada yaşayırsınızsa, həmin rayonun icra hakimiyyəti orqanına müraciət edin.

Ərizədə ad, soyad, ata adınızı, faktiki olduğunuz ünvanı və telefon nömrənizi qeyd edin. Hadisə barəsində qısa məlumat verin və zorakılıq edən şəxsə hansı hərəkətlərin qadağan edilməsini istəyirsinizsə, onu qeyd edin. Məsələn, yaşadığım ünvana və mənə yaxınlaşması, mənə zəng etməsi, hədələməsi, iqtisadi, psixi asılılıq yaratması, məni axtarması, izləməsi, mənə qarşı fiziki və mənəvi zorakılıq törətməsi qadağan edilsin. 

Yerli icra hakimiyyəti orqanı müraciətiniz daxil olan kimi sizə dərhal order, 24 saat ərzində isə məişət zorakılığı törətmiş şəxsə xəbərdarlıq verməlidir. Qısamüddətli mühafizə orderi 30 günlük verilir. Əgər zorakılıq edən şəxs qısamüddətli mühafizə orderini  pozarsa, zərərçəkən uzunmüddətli mühafizə orderinin alınması üçün  olduğu yerin məhkəməsinə müraciət edə bilər. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 günədək verilir.

Yerli icra hakimiyyəti orqanı sizi dərhal  mühafizə orderi ilə təmin etmədikdə, bununla bağlı inzibati məhkəməyə, müvafiq orqan üzərinə mühafizə orderinin verilməsinə dair öhdəlik qoyulması üçün ərizə göndərin.

MƏİŞƏT ZORAKILIĞINDAN ZƏRƏRÇƏKƏNİN HANSI HÜQUQLARI VAR?

Yadda saxlayın ki, məişət zorakılığından zərər çəkdiyinizə  görə (yaxud zərərin qarşısının alınması üçün) sizə kompleks yardım göstərilməlidir. Sizin hüquqi, tibbi, psixoloji, sosial və digər yardım almaq hüququnuz var. 

Kompleks yardım. İllustrasiya: Fidan Məmmədli

Dövlət nümayəndələrindən aşağıdakıları tələb edə bilərsiniz: 

  • iş üzrə araşdırılma aparılması, cinayət təqibinin aparılması, məişət zorakılığı törətmiş şəxsin məsuliyyətə cəlb edilməsini (əgər cinayət hadisəsi baş veribsə)
  • dövlət hesabına tibbi (Səhiyyə Nazirliyi), hüquqi (Vəkillər Kollegiyası), psixoloji yardım (psixoloji reabilitasiya və psixoloji korreksiya kurslarının təşkilini), qida, geyim, sığınacağın təmin olunmasını; sosial müdafiənizin təşkilini; sənədlərinizin və ya qanunvericiliklə müəyyən edilmiş sosial müavinətlərin alınmasında, təhsilinizin davam etdirilməsində, işlə təmin edilməyinizdə, yeni peşələrə yiyələnməyinizdə kömək göstərilməsini, sosial qayğı ilə təmin edilməyinizi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi);
  • məişət zorakılığı törətmiş şəxsin profilaktik qeydiyyata götürülməsini və onunla qabaqlayıcı işin aparılmasını (yerli icra hakimiyyəti orqanı);
  • məişət zorakılığı törətmiş şəxsin valideynlik hüququndan məhrum edilməsini və ya valideynlik hüquqlarının məhdudlaşdırılmasını (məhkəmə);
  • məişət zorakılığı törətmiş şəxsdən, şikayətlərinizə baxmayaraq, təhlükəsizliyinizi təmin etməyən dövlət orqanından (DİN, prokurorluq, Maliyyə Nazirliyi və s.) tutulmaqla sizə kompensasiyanın ödənilməsini (məhkəmə vasitəsilə);
  • barənizdə məişət zorakılığının törədilməsi faktı və sizə yardım göstərildiyi vaxt şəxsi və ailə həyatınız barəsində müəyyən edilmiş məlumatların konfidensial saxlanmasını;
  • məhkəmə qərarlarının icrasının təminini (Ədliyyə Nazirliyi);
  • dövlət orqanları işinə laqeyd yanaşarsa, əməkdaşlarının məsuliyyətə cəlb edilməsi üçün müraciət (məhkəmə, həmin dövlət orqanların yuxarı orqanları).

Mühafizə orderinin verilməsi zamanı, yaxud, ümumiyyətlə, işin araşdırılması prosesində yerli icra hakimiyyəti orqanı, polis, prokurorluq və s. əməkdaşları sizi zorakılıq edən şəxslə üzləşdirmək, eyni vaxtda dəvət etmək və dinləmək, sizi barışdırmaq istəsələr, beynəlxalq standartlara uyğun olaraq, həmin səlahiyyətli şəxslərdə, zorakılıq törətmiş şəxslə üzləşməkdən imtina etmək tələbini irəli sürmək hüququnuz var.  

Hüquq mühafizə orqanları sizin şikayətlərinizə ciddi yanaşmazsa, məişət məsələsi olduğuna görə mülki mübahisə hesab edərsə və sizi zorakılıq etmiş şəxslə barışdırmağa çalışarsa,  onların adlarını öyrənib laqeydliklərindən, hərəkətsizliklərindən 102 qaynar xəttinə şifahi, habelə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa onlayn və ya kağız məktubla şikayət etmək hüququnuz var.

SÜBUTETMƏ

Beynəlxalq hüquq normalarına əsasən, sübut toplamaq kimi öhdəliyiniz yoxdur. Bu işi dövlət orqanları həyata keçirməlidirlər. Sizin zənginiz və izahatınız kifayət etməlidir ki, araşdırma başlanılsın. Lakin sübut toplaya bilməyiniz işinizə yaraya bilər. Çünki bir sıra hallarda dövlət orqanları araşdırma aparmaqdan imtina edə, hadisəni mülki iş kimi qiymətləndirə bilərlər. 

Sübutlar arasında aşağıdakılar ola bilər: 

  • bədəndə xəsarət izlərinin, üstünüzə tullanmış əşyanın (düşüb qaldığı yerdə), qan izlərinin, dağıntıların, sındırılmış əşyaların, cırılmış libasların və s. olduqları vəziyyətdə foto və ya video yazıları;
  • tibbi rəy və dərman reseptləri (təcili tibbi yardımın çağrılması, öz həkiminizdən, yaxındakı poliklinikadan, özəl və ya dövlət xəstəxanasından aldığınız hər hansı təsdiqləyici sənəd);
  • psixoloji rəy özünüzün, varsa, uşaqların keçirdiyi psixoloji travmaların sübutu kimi istifadə edilə bilər. Bu, həm də yaşadığınız ağır təcrübədən dolayı tez toparlanmağınıza və mübarizəni davam etdirməyinizə yardım edəcək. Buna görə psixoloji yardım almaqdan çəkinməyin);
  • ev əşyalarının foto və video yazıları (boşanma, əmlak bölgüsündə sübut kimi istifadə edilə bilər);
  • məişət zorakılığı törətmiş şəxsin whatsapp və digər sosial şəbəkələrdə, telefonda  sizə göndərdiyi ismarıclar, hədələyici, təhqiredici səs yazıları və s. 
  • məişət zorakılığı törətmiş şəxsin səs yazısı, videosu (hətta xəbərsiz yazıldığına görə sübut kimi istifadə oluna bilməsə də, dövlət orqanlarının, məhkəmənin daxili inamının formalaşmasına təsir edə bilər). 
  • yazılı ifadəniz və şahid ifadələri (günlər ötdükcə hadisənin təfərrüatları yaddan çıxır. Buna görə ilk imkanda yaşadıqlarınızı kağızda və ya kompüterdə yazıb saxlayın, həmçinin, şahidlərin şahid olduqlarını ən xırda detallarına kimi təsvir edib, imzalayıb sizə təqdim etmələrini istəyin). İfadədə hadisənin baş verdiyi tarix, saat, yeri qeyd edin. Hadisə zamanı kimlər var idi, gərginlik necə başladı, nə deyildi (“təhqir etdi, hədələdi” kimi ümumiləşdirici sözlərdən çəkinin, əvəzində, deyilmiş sözləri olduğu kimi yazın: “evdən çıx”, “səni baltalayacam”, “uşaqlarını əlindən alacam”, “əxlaqsızsan” və s), zorakılıq necə baş verdi (“zorakılıq etdi” kimi ümumiləşdirici sözlər əvəzinə, “əli ilə, yaxud tava ilə başıma vurdu, bıçaqla qolumu yaraladı” kimi konkret ifadələrlə təsvir edin).

Əgər zorakılıq illər ərzində davam edibsə, yalnız son hadisə deyil, bütün əvvəlki hadisələr barəsində şikayət edin və bütün hadisələri izahatınızda qeyd edin. Polis bir sıra hallarda yalnız konkret sonuncu hala köklənməyinizi istəyə bilər. Lakin izahatınızda, yaxud sonradan göndərəcəyiniz yazılı müraciətinizdə bütün yadınızda qalan şikayətçi olduğunuz hadisələri təsvir edib, şikayət göndərin. Çünki məişət zorakılığı məhz elə bir pozuntu və cinayət faktıdır ki, zorakılıq epizodları ayrı-ayrı götürüldükdə qorxulu görünməyə bilər. Həmin zorakılığın dəhşəti, bir çox hallarda, məhz uzun illər boyu mütəmadi baş verən ayrı-ayrı epizodların ümumi təsiridir. Buna görə də, keçmişdə həmin şəxsin sizə qarşı törətdiyi məişət zorakılığı ilə bağlı faktlar (o cümlədən, şahid ifadələri) həmin şəxsin zorakılığa meylli olmasını və zorakı əməllərini  göstərən sübutlar qismində çıxış edir.

İstifadə olunmuş mənbələr:

  1. Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunu, http://www.e-qanun.az/framework/20131
  2. World Health Organization, Violence against Women. 9 march, 2021   https://www.who.int/news-room/fact-sheets/detail/violence-against-women 
  3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2020. “Azərbaycanda qadınlar və kişilər” statistik məcmuəsi, 2020 https://www.stat.gov.az/source/gender/
  4. Kanzas Vəkillər Kollegiyası, “Məişət zorakılığı: Qurbanlar üçün praktik bələdçi”, https://www.ksbar.org/page/domestic_victims 
  5. Walker, Lenore E. 1979. The Battered woman (Zərərçəkmiş qadın). New York: Harper & Row.
  6.  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. https://www.stat.gov.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *