Femiskop dörd feministin fikirlərini eşitdirmək üçün yaratdığı Həyasız Kadınlar podkastından başlayıb, daha dolğun və ətraflı məlumat paylaşmaq üçün yazı və vizual incəsənəti özündə birləşdirən Femiskop platformasına çevrilmişdir. Platformamızın əsas məqsədi Azərbaycan dilində feminist məzmun yaratmaq, feministlərin səsini eşitdirib, fikirlərini və mübarizələrini paylaşmaqdır. Feminizm tarixdə olan ən uzunmüddətli hərəkatlardan biridir və biz də bu mübarizənin cəmiyyətimizə aid olan fəslinə öz töhvəmizi vermək istəyirik. Platformamızdakı yazılar feminist teoriyasında əsas və yaranmaqda olan konseptlərin müqayisəli təhlili, məkanın feminist tənqidi, feminizmin təhsilə inteqrasiyası və s. mövzuları əhatə edəcəkdir. Podkastımız həmişə olduğu kimi hayasız kadınların baş verən hadisələrə münasibətini bildirməklə məşğul olacaq və fərqli mövzularda ixtisaslaşmış qonaqlarla söhbət aparacaq. Vizual feminizm isə gündəlik hadisələr və gender tabularını sual altına qoyacaq.

Bizimlə eyni dəyərləri paylaşan feministlərdən yazılar qəbul edirik. Qısaca onu deyə bilərik ki, biz genderin binar olduğuna və gender bərabərsizliyinin yalnız iqtisadi güclənmə ilə aşıla biləcəyinə inanmırıq. Bəzilərimiz hətta mövcud patriarxal dünya quruluşunda hər hansı bir bərabərliyin əldə oluna biləcəyinə inanmır, ancaq siz fərqli düşünürsünüzsə bizə bu mövzuda öz görüşünüzü bildirə bilərsiniz. Yazı qaydalarımıza burdan nəzər sala bilərsiniz. Gəlin patriarxatı birgə dağıdaq!