Ksenofeminizm: Alternativ gender siyasəti

Vahid Əliyev LGBTİQ+ hüquq müdafiəçisi və ILGA Avropanın ekspertlərindəndir. Hal-hazırda Londonda Goldsmiths Universitetində Queer Tarixi üzrə magistr təhsili alır. Sərbəst tərcüməçi və tədqiqatçıdır. OC Media, Caucasus Edition, Minority Azərbaycan və bir çox digər təşkilat və qurumlarla əməkdaşlıq edir. İşinin əsas istiqaməti queer nəzəriyyəsi və tarixi, queer feminizmi və formalaşan LGBTİQ+ icmalar və qloballaşma ilə kapitalizmin bu prosesdə rolu ilə bağlıdır. Seksuallıq və gender, queer tarixi və nəzəriyyələri, sosiologiya və siyasəti ilə əlaqədar müxtəlif növ tədqiqatlarla məşğul olan “Mavi” fikir dərnəyinin təsisçisidir.


Covid-19 böhranı və virusun yayılmasının qarşısını almaq və ya nəzarət altında saxlamaq üçün dövlətlər tərəfindən atılan addımlar gündəlik həyatımızdakı status-kvonu dəyişdi. Pandemiya təbiət və cəmiyyətlə münasibətlərimizi köklü şəkildə yenidən nəzərdən keçirməyimiz üçün bir xəbərdarlıq kimi qəbul edilə bilər. Pandemiya bizə insanların bir-birindən qarşılıqlı asılılığını xatırlatmaqla yanaşı,  iş mühiti və texnologiya, ətraf-mühit və icmalar, məişət zorakılığı və genderə alternativ münasibətlər haqda düşünməyə və mövcud vəziyyəti təhlil  etməyə imkan yaratdı.

Aydındır ki, feminizm  bir yerdə dayanmır;  texnologiya inkişaf etdikcə, mühit və şərait dəyişdikcə, yaranan mühit və şəraitə uyğunlaşan, texnoloji vasitələrdən istifadə edərək daha da genişlənən bir hərəkata çevrilir. Pandemiyanın təsir etdiyi faktorlardan biri də dünyanın müxtəlif yerlərində yaşayan insanların texnoloji vasitələrdən (laptop, internet, müxtəlif cihazlar) istifadə edərək, distant təhsil almaq və işləmək imkanlarını mübahisələndirdi. Bəs, əlimizdə olan texnoloji vasitələr nə qədər ədalətli  paylanılıb? Texnologiya feminist vasitə ola bilərmi? 

“Ksenofeminizm: Yadlaşdırma üçün Siyasət” manifesti 2015-ci ildə fərqli ölkələrdə yaşayan, ilk dəfə Berlində konfransda görüşən kiberfeministlər (Kiberfeminizm kiberməkan, internet və texnologiya arasındakı əlaqəni ön plana çıxaran müasir feminizmin bir qoludur. Kiberfeminist düşüncənin formalaşması Donna Haraway-ın “A Cyborg Manifesto”, üçüncü dalğa feminizmi, post-strukturalist feminizm, “riot girrl” mədəniyyəti və texnologiya müzakirələrində qadınların açıq şəkildə silinməsinin feminist tənqidi ilə əlaqələndirilir), filosoflar, sosial nəzəriyyəçilər, proqramçılar, arxeoloqlar və sənətçilərdən ibarət olan qrup — Laboria Cuboniks tərəfindən yazılıb. 

Ksenofeminizm, əsasən, texnoloji dəyişiklikləri  özündə ehtiva edir və anti-təbiətçi bir mövqe ortaya qoyur. O, insanları yadlaşdırmağa çalışan feminizm formasıdır. Ksenofeminizm haqqında oxumaq və ya yaranması haqqında məlumat əldə etmək üçün müxtəlif dərgilərdə, jurnallarda çap edilmiş akademik mətnləri deyil, onlayn manifesti və eyni zamanda, saytlarında dərc olunan məqalələri nəzərdən keçirmək daha məqsədəuyğundur. Elə bu tip rəqəmsallaşmış format da ksenofeminst layihənin formatından və əlçatımlılığından xəbər verir. Təbii ki, bu əlçatımlılığın özü də ksenofeministlər tərəfindən tənqid olunur, çünki tenologiyalar, yəni internet, smartfonlar, kompüterlər hər kəsə ədalətli və bərabər şəkildə paylanılmır. 

Ümumiyyətlə, manifestlər uzun müddətdir ki, feminist düşüncə nəzəriyyəsində və aktivizmində xüsusi əhəmiyyət kəsb edib. Manifest etiraz forması olaraq, köklü və sistemli dəyişikliklərə çağırış və yeni alternativ fikirlərin ifadə olunması kimi istifadə olunur. Manifestlərdə, adətən reallaşdırılacaq düşüncələr, tələblər, eyni zamanda, nəzəri müdaxilələr də yer alır. Kommunist Manifestini (1848), Gay Liberation Front (Gey Azadlıq Cəbhəsi) (1971), Third World Women’s Alliance (Üçüncü Dünya Qadınları Alyansı) (1970), Haraway (1985) və digərlərini bu qəbildən olan manifestlərə misal göstərmək olar. 

İllustrasiya: Aysel Budaq

Ksenofeminist Manifest

Ksenofeminist Manifestin özünü təhlil etmək çətindir, səbəb isə manifestin özündən əvvəlki kiberfeminizm və sol-akselerasiyası manifestləri ilə birbaşa əlaqəli olmasıdır. Manifestin mətni “SIFIRLAMAQ”, “TƏLƏYƏ SALMAQ”, “SÖZÜNÜ KƏSMƏK” və sair kimi, aqresiv səslənən alt başlıqlara bölünür. Ksenofeminizm kapitalizmin sonunu, qismən, elə kapitalist vasitələrinin istifadəsi ilə təsvir olunan sol-akselerasiyanizmdə (sürətlənmə və genişlənmə) görür və bununla da, siyasi solu fərqli bir feminist çətiri altında birləşdirməyə cəhd edir. Eyni zamanda, ksenofeminizm ‘texnologiyanın mahiyyət etibarı ilə proqressiv’(Laboria Cuboniks 2015, 0X02) olmamasından: texnoloji vasitələrin və yeniliklərin, internetin və internetə çıxışı təmin edəcək cihazların (adicə smartfonların) insanlar arasında ədalətli bölünməməsindən ehtiyatlansa da, dünyanı yenidən texniki dizayn etmək  üçün mövcud texnologiyadan istifadə etməyə çağırır. Manifest “ehtiraslı anti-naturalistdir”(Ibid., 0X01), yəni müasir eko-feministlərdən fərqli olaraq, ksenofeminizm təbiətin “vəhşilik” (vəhşi təbiət) anlayışının romantikləşdirilməsini və eyni zamanda, onun, yəni təbiətin bir insanın inkişafını limitləməsini rədd edir. Daha spesifik izah etsəm, ksenofeminizm təbiəti və təbiiliyi sabit kateqoriya və şərtlər kimi deyil, bədənin uydurulmuş “təbii” limitlərini aşmaq üçün “mübarizə sahəsi kimi” konstruksiyalaşdırır. Bununla bağlı, Hester “biologiya tale deyil, texnoloji vasitələrlə dəyişdirilə (transformasiya oluna) bilər” deyə, kitabında qeyd edir. Ksenofeminizm öz anti-naturalistliyini sonda qeyd olunan “təbiət ədalətsizdirsə, təbiəti dəyiş!”(Ibid., 0X1A) cümləsi ilə cəsarətli şəkildə bəyan edir.

Laboria Cuboniks kollektivi, əsasən, veb səhifələri və Twitter hesablarından istifadə edərək, onlayn şəkildə fəaliyyət göstərir. Hazırda üzvlərindən yalnız Helen Hester ksenofeminizm mövzusunda geniş yazır. Onun 2018-ci ilin aprelində Ksenofeminizm adlı kitabı da çap edilmişdir. Son bir neçə ildə isə ksenofeminizm ideyası Laboria Cuboniks kollektivindən kənarda daha çox diqqət cəlb etməyə başlamış və ‘yeni nəsil feminist aktivizmi’ kimi təqdim edilir.  

Mən bu yazıda manifestə və Hesterin işinə diqqət ayıracam. Hazırda fəaliyyətinə nəzər salarkən, Hester ksenofeminizmin öncülü kimi görünsə də, ideyanın kollektiv iş məhsulu olduğunu unutmamaq lazımdır. Buna görə də, həm manifestə, həm də sizlərə təqdim etdiyim bu yazıya həmin kollektiv layihənin bir müzakirəsi kimi baxılmalıdır. 

Ksenofeminizm çağdaş, texnoloji olaraq inkişaf edən dünyaya fokuslanan və “gündəlik həyatımızı mücərrədlik, virtuallıq və mürəkkəbliklə birləşdirərək, texnoloji vasitəçiliklə dolanan bir dünya həqiqətlərinə uyğunlaşmış”(Ibid., 0X00) feminizm qurmağa çalışır. Eyni zamanda, ksenofeminizm gələcəyə fokuslanaraq, “hər bir insanın ehtiyaclarını təmin edən, irqi, qabiliyyəti, iqtisadi vəziyyəti və coğrafi mövqeyi ilə uzlaşan universal siyasətə töhfə verəcək bir “gələcək üçün feminizm”(Ibid.) qurur.

Ksenofeminizm Donna Haraway-ın kiberfeminizmi də daxil olmaqla, özündən əvvəlki tənqidi və texnoloji cəhətdən həssas feminizmlərə istinad edir. Kiberfeminizm kiber məkan, internet və texnologiya arasındakı əlaqəni ön plana çəkən müasir feminizm formalarından biridir. Harraway-ın ideyasının mərkəzində müasir dövrün texnoloji elminin siyasəti dayanır. Onun sözlərinə görə, bu günün gücü texnoloji siyasətdir və o, Foucault-un bio-siyasəti kimi bədənlər və əhali üzərində deyil, texniki varlıqlar — müasir dövrün insanları üzərində təcrübədən keçirilir (Əliyev 2020).

Bundan əlavə, kseno ifadəsinin təklif etdiyi kimi, əvvəlki feminist ideyaları ilə müqayisədə özünü tamamilə başqa bir nəsnə kimi təqdim etmir. Əksinə, ksenofeminizm diqqətimizi çağdaş dövrün mövcud sahələrinə yönəldir və bu sahələrdəki son inkişafları mübahisələndirir. Eyni zamanda, elm və texnologiya mövzularının tənqidi feminizm çərçivəsində işıqlandırılmasına  dəvət edir. Bununla da, ksenofeminizm gender mövzularını, elm və texnologiya arasındakı əlaqəni araşdıranlar, həmçinin, gender nəzəriyyəsini daha dərindən öyrənənlər, o cümlədən, kuir nəzəriyyəsi və post-human (Posthuman və ya post-insan elmi fantastika, futurologiya, müasir incəsənət və fəlsəfə sahələrində geniş işlədilən anlayışdır. İnsan olmaqdan əlavə bir vəziyyətdə mövcud olan üstün insan və ya varlıq mənasına gəlir) feminizmilə maraqlananlar üçün yeni platforma təqdim edir. 

Bu qısa yazıda ksenofeminizmin əsas inanclarından bəzilərini müzakirə edəcəyəm. Yazıda, əsasən, Hesterin ksenofeminist analizinə və onun istifadəsinə istinad edəcək və manifestdə müzakirə edilən ksenofeminizmin müxtəlif elementlərinə müraciət edəcəyəm. Belə ki, Hesterin kitabını ksenofeminizm ideyası haqqında yazılmış kitab kimi qəbul etmək lazımdır. Çünki, elə onun özünün də qeyd etdiyi kimi,  Laboria Cuboniks kollektivinin hər bir üzvü fərqli təhsil sahələri, maraqları və siyasi baxışlarından asılı olaraq, ‘manifestin fərqli aspektlərini vurğulaya’ bilərlər (Hester 2018, s.2). 

Hester Ksenofeminizm kitabında insan bədəni ilə texnologiyanın qarşılıqlı-sıx münasibətlərində kök salmış və ‘yenidən məqsədləndirmə’ üzərinə fokuslanan kuir və trans-inklüziv kommunist feminizmini təklif etməyə çalışır. Bu mənada o, kapitalist texnoloji elminin alətlərindən açıq şəkildə imtina etməkdənsə, Mark Fisherin sol-akselerasiyanist fikirlərinə dəstək çıxır. Fisherə görə, akselerasiya anti-kapitalist strategiyası kimi fəaliyyət göstərə bilər. Fisher sol-akselerasiyanı özünün marksist adlandırdığı siyasi proqram strategiyasının bir hissəsi kimi görür. Sol-akselerasiyanistlərə görə, gələcək qurulmalıdır, çünki o, neoliberal kapitalizm tərəfindən dağıdılıb. Eyni zamanda da, neoliberal kapitalizm daha böyük bərabərsizlik, daha çox konfliktlər və xaos gətirib (Williams and Srnicek 2013).

Manifest, struktur dəyişikliyinə çağırışın üsullarından biri kimi, ksenofeminizmin akselerasiyasını sürətlənmə və genişlənmədə görür. Akselerasiyanizmin çoxsaylı versiyaları var, lakin geniş şəkildə akselerasiyanist quruluşlar prosesi öz limitlərindən artıq,  məhv olma həddinə qədər sürətləndirməklə dağıtmağa çalışır. Məsələn, Alex Williams və Nick Srnicek tərəfindən 2013-cü ildə yazılmış  Accelerate Manifesto  akselerasiyanizm manifesti cəmiyyətdə bütün işləri görmək üçün maşınlar yaratmaq, bununla post-iş, post-kapitalist dünya qurmaq məqsədi ilə texnologiyanın sürətlə inkişaf və istifadəsinə çağırır. Tənqidi feminist hədəflərdən biri də post-kapitalizmdir. Ksenofeminist Manifesti post-kapitalizmi feminist layihə olaraq götürür və mərkəzləşdirir. Eyni zamanda, özünü akselerasiyanizmə feminist cavab kimi təqdim edir. 

Geniş mənada,  ksenofeminizm radikal gender siyasətini diktə etmək məqsədilə texnologiyadan istifadəni ‘aktivistlər üçün vasitə’ olaraq görür (2018, s.7). Manifestdə texnologiya feminist müdaxilənin tələb olunduğu mübahisələndirmə sferası olaraq təsvir edilir (2015, 0X02). Hesterə görə, ksenofeminizm texno-material dünya üçün feminist etika təklif edir. Texnomaterial dünya dedikdə, pozitiv azadlığın (Hüseynli, 2019),  yəni fərdin istəklərini müəyyən edən orijinal olmayan – öz səyləri nəticəsində deyil, tərbiyə vasitəsilə öyrədilmiş  xarakterik cəhətlərin sıradan çıxarılması ilə, feministlərin mövcud texnologiyalardan ümumi məqsədlərə xidmət edəcək maddi vasitələrin yaradılacağı dünya nəzərdə tutulur (Ibid., 0X07). Məsələn, əgər hazırda texnologiya ictmai nəzarət aləti kimi – insanların izlənməsi, üzdən tanıma, biometrik məlumatlar istifadə olunursa, ksenofeminizm ondan aktivist faəliyyətlərində istifadəni hədəfləyir. O, texnologiyanın formalaşmasına feminist müdaxilələri təşviq edərək, texnologiyanın ‘həqiqi emansipasiyaedici potensialının’ reallaşdırılmasına çalışır (Ibid., 0X03). Bununla da, ksenofeminizm inklüzivlik və eksklüzivlik, eləcə də, fundamental struktur dəyişikliyini sual altına qoyur. 

Ksenofeminizmin məqsədi post-kapitalizmdir. Bununla birlikdə, ksenofeminizm interseksionaldır. O, insanların bütün ehtiyaclarını, o cümlədən, “irq, qabiliyyət, iqtisadi vəziyyət və coğrafi mövqe” kimi fərqlərin nəzərə alınmasının  vacibliyini açıq şəkildə qeyd edir (Ibid., 0X00 və 0X0F). Ksenofeminist Manifestində deyilir: “kapitalın gediş yolunda gələcəyə yönəlik təkrarçılıq yoxdur, artıq əməyin ağırlığına […] tabe olmaq yoxdur”(Ibid., 0X00). Bununla da o, qadınların əmək bazarında oynadığı xüsusi rolu nəzərə alır. Ksenofeminizm askelerasiyanizmə interseksional yanaşma tətbiq edir. Eyni zamanda, ümuminin xüsusidən yaradıldığını və yuxarıdan aşağıya qurulmadığını, əksinə olduğunu iddia edir (Ibid., 0X0F). Ksenofeminizm həm də anti-kapitalistdir (Ibid., 0X0A). O, koalisyon bir siyasət qurmağa çalışır, çirkaba bulaşmayacaq bir yadlaşdırma siyasəti təklif edir. Bununla da, “XF yadlaşdırmanı yeni dünyaların yaranmasına təkan kimi qəbul edir. Hamımız yadlaşmışıq – heç başqa cür olmuşuq ki?”(Ibid., 0X01) 

Ksenofeminizm tamamilə ‘texnoloji-pozitiv’ deyil. O, texnologiyanın və ondan istifadə yollarının mənfi tərəflərini – yalnız bir qisim insanın xidmətində olan kapitalın maraqları üçün istifadə edilməsini də qeyd edir (Ibid., 0X08). Bununla belə, Manifest texnologiyanın gələcəyi ilə əlaqədar müsbət fikirdədir və texnoloji vasitəçiliyin inkişaf etdirilən (və yadlaşdırılmış) formaları tərəfindən təklif olunan köklü imkanların olduğunu qeyd edir (Ibid.). Bundan əlavə, rəqəmsal texnologiyaların əlçatanlığı ətrafında davam edən problemlər olsa da, Manifest bu imkanların heç vaxt  geniş təqdim edilmədiyini və mənimsənilməyə qarşı həssas olduğunu da qeyd edir (Ibid.). Buna görə də, ksenofeminizm yalnız post-kapitalist dünya əldə etmək üçün texnologiyanı sürətləndirmək istəmir, eyni zamanda, məqsədi üçün uyğun texnologiyanı da axtarır və onu feministləşdirir. 

Ksenofeministlər üçün texnologiya inqilabi vasitədir: “XF dünyanı yenidən layihələndirmək üçün mövcud texnologiyaların strateji istifadəsinə çalışır.” (Ibid., 0X02) Bu günə qədər kapitalist məqsədlər üçün istifadə edildiyindən,   “texnologiyanın həqiqi emansipasiyaedici potensialı gerçəkləşdirilməmiş”(Ibid., 0X03) olaraq qaldığını qeyd edirlər. 

Ksenofeministlər üçün texnologiyaya hər hansı bir yanaşma və ya onunla qarşılıqlı əlaqə genderləşmiş dinamikalara uyğun olmalı və onları nəzərə almalıdır. Texnologiya “təbiət etibarı ilə mütərəqqi” olmasa da, onun istifadəsi və yenilikləri “qadınların, gender non-konforminq və kuirlərin misilsiz rol oynadığı kollektiv nəzəri və siyasi düşüncə ilə əlaqələndirilməlidir.”(Ibid., 0X02) Ksenofeminizmin genderə olan yanaşması kuir və anti-təbiətçidir, genderi axışqan və dəyişkən olaraq təyin edir. Ksenofeminizm təbiət/mədəniyyət ikilisinə qarşı çıxır və bu ikilinin “elm və texnologiya daxilində dəyişikliklər nəticəsində”(2018, s.7) necə parçalanıb məhv olduğunu qeyd edir.

Heteronormativ mərkəzin ləhlədiyi – essensializmin və kimlik siyasətinin kuir və feminist hərəkatlarını tənqid etdiyi dövrdə ksenofeminizm trans subyektləri qəbul edir, gender kimliklərini inkar etmədən gender ikilisindən kənara çıxmağa çalışır (2015, 0X0B). Bununla da, ksenofeminizm çoxluğun gender ləğvi – gender abolisionist siyasətini təbliğ edir (2018, ss.22-32). Belə ki, ksenofeminizm üçün gender-abolisionizmi asimmetrik gender sistemlərini məhv etmək, onları dağıtmaq və bununla da, iqtidarın asimmetrik işləməsini dayandırmaq deməkdir. Bu isə genderin tamimilə ləğv olunması və ya yox olması demək deyil. Sadəcə, gender anlayışı irq kimi, bir insanın hansı irqdən və ya genderdən olması,  heç bir əhəmiyyət kəsb etməyəcək. Buna nail olmaq üçün ksenofeminizm gender, irq, qabiliyyət, sinif və seksuallıq da daxil olmaqla, ‘kultural silahlanmış ədalətsizliyi özündə cəmləşdirən kimlik’(Ibid., s.30) ilmələrini sökməyi hədəfləyir.

Ksenofeminizmin potensialında məhdudiyyətlər də var. Hester-in də qeyd etdiyi kimi, ksenofeminizmin ‘universal’ olaraq qələmə verilməsi onun interseksionallığını şübhə altına ala bilər. Bununla birlikdə, Hester universallıqdakı problemin universallıqla deyil, əksinə, onun nələrlə doldurulduğu və necə haşiyələndiyi ilə əlaqəli  olduğunu söyləyir. Hester-ə görə, universallıq əsasən ağ-mərkəzli, maskulinist baxış bucağının tətbiqi kimi görünsə də, fərqlilikləri də əks etdirə bilər (Braidotti and Hlavajova 2018, s.460). Bununla da, Hester ksenofeminizmin universallığını  irq, qabiliyyət, iqtisadi vəziyyət və coğrafi mövqe ilə kəsişən”(2015, 0X00) interseksional universallıq olaraq təyin edir.

İllustrasiya: Aysel Budaq

Nəticə

Yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, ksenofeminizm feminist və gender nəzəriyyəçiləri üçün yeni bir axın kimi qəbul edilə bilər. Ksenofeminizm ideallarının gerçəkləşə biləcəyi canlı nümunələri təqdim edən utopiyadır. Ksenofeminizm təbiət/mədəniyyət və digər genderləşmiş ikilikləri sökmək, onları dağıtmaq məqsədi daşıyan anti-essensialist və anti-təbiətçidir. Ksenofeminizm həm anti-, həm də post-kapitalistdir. İnterseksional feminizm olan ksenofeminizm ədalətin əldə olunması üçün uyğun texnologiya axtarır. Ksenofeminizm indinin mübahisələndirilməsi üçün yüksəlir, tənqidi feminist düşüncə vasitəsilə bu günümüzü və gələcəyi formalaşdırmağa çalışır. 

Ksenofeminizm pandemiya dövründə feminist və ümumiyyətlə, imkanları məhdud olan insanların ədalətli şəkildə texnoloji vasitələrə çıxışına fokuslanmaqda faydalı ola biləcək yeni bir axındır. Bu vasitələrin ədalətli və bərabər paylanması dünyanın hansı tərəfində yaşamasından asılı olmayaraq, insanların distant təhsil və ya işləmək kimi məhdudiyyətlərini aradan qaldıra bilər. Eyni zamanda, gələcəyə fokuslanan və texnologiyanı özünə fəaliyyət aləti kimi görən ksenofeminizm icmaları və ətraf mühiti dəyişmək, gələcək nəsillər daxil bütün insanların  firavan yaşaması üçün lazım olan sosial və material vasitələrə bərabər çıxış əldə etmək üçün tətbiq oluna biləcək alternativ gender siyasətidir. 

Mənbələr

Braidotti, R. and Hlavajova, M. ed., 2018. Posthuman Glossary. 1st ed. London: Bloomsbury Academic.

Əliyev, V., 2020. Kiborqlar – hibrid varlıqlar. [online] Femiskop. Available at: <http://femiskop.org/kiborqlar-hibrid-varliqlar/> [Accessed 10 January 2021].

Hester, H., 2018a. Xenofeminism. Cambridge: Polity Press.

Laboria Cuboniks. 2015. Xenofeminism: A Politics for Alienation | Laboria Cuboniks. [online] Laboriacuboniks.net. Available at: <https://laboriacuboniks.net/manifesto/xenofeminism-a-politics-for-alienation/> [Accessed 10 January 2021].

Hüseynli, İ. 2019.  Pozitiv və neqativ azadlıq haqqında daha ətraflı oxumaq üçün: Neqativ və pozitiv azadlıq anlayışları. https://bakuresearchinstitute.org/az/neqativ-və-pozitiv-azadliq-anlayislari/#_ftn4

Williams, A. and Srnicek, N., 2013. #ACCELERATE MANIFESTO for an Accelerationist Politics. [online] Critical Legal Thinking. Available at: <https://criticallegalthinking.com/2013/05/14/accelerate-manifesto-for-an-accelerationist-politics/> [Accessed 10 January 2021].

Bu məqalə USAID və Black Sea Trust-ın maliyyə dəstəyi göstərdiyi “Genderi Görünən Edək” layihəsi çərçivəsində hazırlanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *