Kriminal qiraət filminə feminist baxış

Film industriyası patriarxat hakimiyyət altındadır. Bu səbəbdən də çəkilən filmlər də əsasən kişilərin baxış bucağından təqdim edilir. Qadınlar da kişi baxışına görə təmsil edilirlər. İstər azad rejissorlar tərəfindən çəkilsin, istər Holivud industriyasına aid olsun, filmlərin çoxunda gender bərabərsizliyi hər zaman var olub. Öz tərzi ilə dünyada tanınan Tarantino filmlərində də gender bərabərsizliyi mövcuddur. Bu məqalədə də Oskar, Bafta, Kan və bütün digər film festivallarının mükafatçısı olan “Kriminal qiraət” (Pulp Fiction) filmi feminist nəzəriyyə çərçivəsində analiz edilib.

Quentin Tarantinonun ilk filmi “Quduz itlər” (Reservoir Dogs) olsa da  o, ”Kriminal qiraət” in (Pulp Fiction)  ssenarisini (1994) daha öncə yazmışdır. Üç hekayədən ibarət olan filmdə bir neçə baş qəhrəman var. İlk öncə Vincent Vega (John Travolta) və boksçu Butchun  (Bruce  Willis) hekayəsi yazılıb. Daha sonra Jules (Samuel L. Jackson) və Vincentin hekayəsi bura əlavə olunub. Və nəhayət, ayrıca  yazılmış Pumpkin və Honey Bunny-nin hekayəsini də əlavə edərək, müəllif ssenarini cəmləşdirib (Gerald Peary, 2010). Quentin Tarantinonun məqsədi ilk başda “Kriminal qiraət” filminin ssenarisini bir kriminal film-antologiyası  şəklində  ortaya çıxartmaq idi. Beləcə, üç hekayə əsasında yazılmış ssenari “Kriminal qiraət” filmini ərsəyə gətirdi (Peary, 2010). Qeyd edək ki, filmdə Mia Wallace-ın rəqsi də daxil olmaqla, bütün  musiqi müşayiətini rejissor özü seçərək tərtib edib. 

Filmdə hadisələr Marsellusun həyat yoldaşı olan Mia Wallace-ı əyləndimək üçün restorana aparan Vincent Vega, döyüşdəki məğlubiyyəti ilə barışmayan boksçu Butch, artıq qanundan kənar işlərlə məşğul olmaq istəməyən, lakin heç cür kriminaldan  qurtula bilməyən qanqster Jules ətrafında baş verir.  Filmdə,   üç hekayənin birincisinə aid  olan “Vincent Vega və Marsellus Vallansın həyat yoldaşı” adlı bölümündə Vinsent Vega müdirinin həyat yoldaşı olan Mianı axşam yeməyinə dəvət etməklə onu əyləndirmək məcburiyyətindədir. Mia yüngül xasiyyətli qadın olaraq tanınır. Vinsent müdirinə olan sədaqəti və öz hisslərinə hakim ola bilməsi ilə imtahan edilir. Vinsent axşam yeməyindən sonra Mianı evinə  ötürür  və Mia onu içkiyə dəvət edir. Dəvətə qatılmadan əvvəl Vincent tualet otağında  özünə əxlaqi sorğulama edir: “Bu, sadəcə bir içkidir. Nəzakət nümayiş etdir. İçkini iç, amma yubanma. `Gecən xeyrə`- deyib, ayrıl. Bu tam bir əxlaqi dərsdir. Nə qədər sadiq olduğunu göstər. Sadiq olmaq çox önəmlidir. İndi çıx, `gecəniz xeyrə, gözəl bir gün idi`- de, maşına min, evə get. Qurtardı.”

Bu sədaqət bir dəfə sübut edildikdən sonra, film boyunca Vincentin qarşısını almağa çalışdığı şəhvani istəklərini büruzə verdiyi ərəfədə Mianın, həddindən artıq narkotik maddə qəbul etdiyinə görə ürəyi dayanır. Daha sonra Vincent və narkotik satıcısı olan dostunun səyləri ilə Mianın həyatı xilas edilir. Bu anlamda o, Nuar (Noir) filmlərdəki bir çox qadın xarakterləri kimi qurtulmağı gözləyən passiv və kövrək bir qurbanı xatırladır. Vincent keçirtdiyi  şəhvani gərginlik, maskulin qayğı, şübhə və tərəddüdlərlə  böyük bir iynəni çevik hərəkətlə Mianın ürəyinə  batıraraq onun həyatını xilas edir. Bunu edərkən də, o cinayət dünyasının qanunlarına olan sadiqliyini davam etdirir (Büyükdüvenci, 2014).

Tarantinonun ən gözə çarpan xüsusiyyəti komediya ilə vəhşi şiddəti bir araya gətirərək, görüntü və hiss olaraq bundan yararlanmasıdır. O, bu fəndlərlə izləyicini şok edə bilir. Güldürən bir səhnənin nə zaman qaranlıq  yerə keçəcəyi bilinmir. “Kriminal qiraət” filmində bu biçimdə olan səhnələr bir-birinin ardınca  yer alır. Tarantino bəlli  bir janrda, bəlli  bir kütlə üçün film çəkmək istəmir və yalnız bir sitildə, janrda  film çəkməyin `istedadı  korşaltdığını` düşünür (Peary, 2010). Filmlərində qəhqəhə ilə dəhşəti bir arada istifadə etməyi sevən Tarantinoya görə, “çox gülməli” və  “çox ağır” deyilən bir şey yoxdur. “Kriminal qiraət” filmində bol  komediya və ara-sıra gərginlik səhnələri vardır. Xüsusilə, Uma Turmanın canlandırdığı Mia Wallace-a vurulan iynə ən gərgin dramatik səhnə olaraq qəbul edilir. Tarantino filmlərində qəhrəmanlarının fərqli xüsusiyyətlərindən yararlanmağı sevir. Uma Turman ifrat dərəcədə narkotik maddə qəbul etməkdən məmnundur və rejissor tərəfindən bunun həm gerçək, həm də kino fəndi olduğu bəlli edilir (Peary, 2010).

Kriminal qiraət filminin Femme Fatale xarakteri və təmsili

Filmdə  Mia Walllace ilə Vincent Veganın ifa etdikləri rəqsinin seçimi Quentin Tarantinoya aiddir. Quentin, müxtəlif rəqslərin siyahısını çıxardaraq onlardan yararlanmaq istəyirdi. Rejissor əvvəl hər iki aktyordan `ça-ça-ça` rəqsinin ifasını tələb etsə də, sonradan fikrini dəyişərək, xüsusilə, Uma Turmanın rəqsini “Aristokrat Pişiklər” (The Aristocats) animasiyasındakı Eva Qaborun rəqsindən təsirlənərək yaradır. O əvvəlcə düşündüyünü  özü oynayır, sonra Uma Turmandan onu təqlid etməsini istəyir (Peary, 2010).  Tarantino Kriminal qiraət filmini çəkərkən, Robert Oldriçin rejissoru olduğu “Əzizim məni öp” (Kiss Me Deadly)  filmindən ilhamlanıb. Filmdə Bryus  Uillesin canlandırdığı boksçu Butçun xarakteri  “Əzizim məni öp”  filmindəki Mayk Hammerin oynadığı Ralf Mayker roluna bənzəyir. Butç onun kimi despot və kobud olsa da, sevgilisi Fabianla birlikdə olduqları səhnələrdə çox yaxşı təsir bağışlayır. Bundan başqa, filmdəki əsrarəngiz çantanın varlığı və çanta açıldığında Vinsent və digərlərinin üzlərindəki təəccübü  yansıdan, lakin çantanın içindəkini görüntüləməyən səhnə Robert Oldrichin  İkinci Dünya Müharibəsindən sonrakı dövrdə çəkdiyi  bu filmdən sitatdır (Büyükdüvenci, 2014). Mia Wallace və Vincent Veganın rəqs səhnəsiylə, Tarantino  Godardın 1964-cü ildə çəkdiyi “Kənar banda” (Band A Part)  filminə istinad  edir. Belə ki, rəqs edərkən aktyorların söylədiyi mahnının sözləri bir fransız cütlüyündən  bəhs edir və mahnıda Godardın da adı  çəkilir.  Godardın böyük heyranı olan Tarantino, filminin femme fatalesi olan Mianın saç və makiyaj stilini də Godardın ilk məhəbbəti olan Anna Karinaya bənzədərək ona göndərmə edir (Peary, 2010).

Kventin Tarantino filmlərində sadəcə göndərmələr etmir, eyni zamanda, gələcəkdə çəkəcəyi film haqqında da bilgi verir. Lakin bu bilgini müəllifin sonrakı filmini izlədikdən sonra anlamaq olur. Belə ki, Mia ilə Vincentin dialoqunda “Billi öldürmək Hissə1-2”  (Kill Bill Vol 1-2) (2003-2004)  filmi haqqında bəhs edilir.

Vincent Vega: – Sənin bir pilot serialda çəkildiyini eşitdim.

Mia Wallace: – 15 dəqiqəlik bir şey idi.

Vincent Vega: –  Mövzusu nə idi?

Mia Wallace: – “Tülkü gücü 5” adlı bir serial idi.

Vincent Vega: – Nə?

Mia Wallace: – Tülkü – hiyləgər bir grup olduğumuz üçün;  güc – gücümüzün diqqətə layiq olduğu üçün; beş isə – beş nəfər olduğumuz üçün. Biri  Sommerent Oneal  adlı sarışın idi, o liderdir. Yapon olan kung-fu ustası idi. Zənci qız partlayıcı mütəxəssisi idi. Fransız qızın peşəsi isə seks idi.

Vincent Vega: – Səninki nə idi?

Mia Wallace: –  Bıçaqlar.

Bu səhnədən bəlli olur ki, söhbət “Billi öldürmək Hissə1-2”  (Kill Bill Vol 1-2) filmindəki  gəlindən (The Bride) gedir. “Kriminal qiraət” filminin femme fatale-ı Uma Turmanın oynadığı Mia Wallace məsum qadın kimi təqdim edilir. Mia Wallace cəsur xarakterli, ayaqları üzərində dura bilən bir  qadın obrazı deyil. Vincent Veganı  bir neçə dəfə yoldan çıxartmağa çalışsa da, uğur qazana bilmir. Bu obraz narkotik alüdəçisi, heç bir məqsədi olmayan bir qadın kimi təsvir edilir. Saç, makiyaj, geyim stili sadədir, yəni 90-cı illərə uyğundur. Mia Wallace həm də hekayənin gizli  və açılmayan tərəfi  ilə bağlıdır. Gizliliyin təcəssüm  etməsinin  nəticəsi olaraq, bütün səhnələr özündə intriqa ya da məchul bir anlam ehtiva edir. Mia ilə əlaqəli ilk səhnədə Mianın özü yoxdur. Bu səhnədə Jules və Vincent Vega Mianın həyat yoldaşı olan müdirlərinin bir adamı binadan necə atdığını müzakirə edirlər. Hadisə Mia ilə əlaqəli olduğundan və Mia bu sirri təmsil etdiyindən, Jules və Vincent bu hadisənin  səbəbləri və həmin adamın, Miaya ayaq masajı etdiyinə görə, damdan atılması  haqda dedi-qodular əsasında fərziyyələr irəli sürürlər. Tarantinonun demək olar ki, bütün filmlərində ayaq çəkilişlərini görmək olar.  Bunun xüsusi bir mənası yoxdur. Rejissor bununla kiməsə göndərmə etmir və estetik bir məqsədə sahib deyil. Sadəcə, Tarantino belə istəyir. Onun bu fetişizmi film industriyasına, onu sevənlərə və sevməyənlərə məlumdur. “Kriminal qiraət” filmində də Uma Turmanın çoxlu ayaq səhnələri, hətta Vincent ilə Julesin ayaq masajı ilə bağlı diaqloqları da var.

 “Kriminal qiraət” genderlə bağlı fikirləri, post feminist həssaslıq aldatmacası altında stereotipləri təkrarlayır. Buna filmdəki kəskin dialoqlar və bayağı mesajlarla  edilən yeniliklər misal göstərilə bilər (Büyükdüvenci, 2010). Quentin Tarantinonun  “Kriminal qiraət” filmində Amerika patriarxat qəhrəmanlığı ilə maskulin, cinsəllik,  fərdlər və zamanlar arasında kollaj kimi gəzib dolanır. Rejissor, müdirdən boksçuya qədər, maskulin film arxetiplərinin xüsusiyyət və biçimlərini ələ salır (Büyükdüvenci, 2010).

Postmodern filmlərdəki səthiliyi yansıdan əsassızlıq, bibiriylə bağlantısız və boş dialoqlar bu filmdə  da görülür. Məsələn, Jules ilə Vincentin, müdirlərini aldadan gənclərin evinə gedərkən, fast food haqqında etdikləri söhbətlər təsadüfi vəziyyətlərin  anlamsız səhnələrə keçid aldığı nüanslardır. Postmodern filmlərdə gözə çarpan məqamlardan  biri də, təfərrüatların önəmli dəyər qazanması ilə, bir hekayənin parçalar şəklində deyil, vahid bir quruluş şəklində və başqa bir hekayəyə işarələr  etməklə  təqdimatının təmin edilməsidir. Təfərrüatlar və onların dağınıq ifadəsi daha üst səviyyədə yeni bir mətn düzəldir. Bir-biri ilə  əlaqəsiz görünən kiçik parçalar ya son dərəcə  gözə çarpan, ya da yarı hiss ediləcək dərəcədə bir birlərinə bağlanırlar.  “Kriminal qiraət” filmi postmodernist filmlərin ən yaxşı örnəklərdən biridir. Postmodernizm öncəsi filmlərdə izləyici heç bir təfərrüata əsas hekayədən uzaqlaşma bahasına diqqət etməz. Lakin postmodern filmlərin minimalizmi tamaşaçının diqqətinin yönünü dəyişdirir. Buna nail olmaq üçün ya sıx-sıx fərqli  bir şeyə istinad verir, ya da sitat alınan təfərrüatlar  vurğulanır. Beləliklə, bu təfərrüatların parçalar şəklinə salınması, canlanmaları və  mövcudluqlarının  daha dərin hala  gətirilməsi ilə vizual məkandan mövzuya keçid tərzi yaradılır.

İstinadlar

  1. http://www.sinemagunu.com/postmodernist-bir-film-ucuz-roman/ 15 Nisan 2016’da alınmışdır.
  2. Büyükdüvenci, S., Öztürk, Ruken. S.,(1997). Postmodernizm ve Sinema.(Birinci Baskı).Ankara: Ark Yayınları,14.
  3. Peary, G. (2010) Quetin Tarantino Çevirmen: Neşfa Dereli İstanbul: Agora Kitapligi 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *