İsteriya ittihamı

Ağrı insan bədəninin həyəcan siqnalı sistemidir. Ağrı bizə  orqanizmdə nəyinsə səhv olduğunu, düzgün getmədiyini  bildirmək üçün dizayn edilmiş bir hissiyatdır. Avstraliya Milli Universitetinin filosofu Colin Klein deyir ki, “ağrıda olmaq, bir növ, evinizi hiperaktiv bir itlə qorumağa bənzəyir. Bəzən o icazəsiz içəri  girənlərə hürür, bəzən də poçtalyonun gəlişindən dilxor olur. Bəzən heç bir şey olmadığı halda çılğınlaşır, bəzən də qəlyanaltı gətirdiklərini zənn edib, oğruların içəri girməyinə icazə verir.” Ağrı toxuma zədələnməsi ilə əlaqəlidir (özünüzü qorumalı olduğunuz şeylər), ancaq ikisi heç də həmişə birgə işləmir. Əgər barmağınızı nə vaxtsa kəsmisinizsə və qan görənə qədər ən kiçik bir zoqqultu hiss etməmisinizsə, sizdə ağrısız toxuma zədələnməsi olub. Əgər siz nə vaxtsa tibbi iynə və ya dentist alətlərini görərkən, sancı  hiss etmisinizsə, demək sizdə toxuma zədələnməsi olmadan ağrı olub.

Ağrını təsirli qoruma mexanizminə çevirən sistemin bir hissəsi onu həm də təbiət etibarilə subyektiv edir. Beynəlxalq Ağrı Araşdırma Assosiasiyası bunu ‘xoşagəlməz bir həssaslıq və emosional təcrübə’ kimi xarakterizə edir. Ağrı anlaşılmaz dərəcədə qıcıqlandırıcı bir qıdıqlama hissi olsaydı, siz əlinizi isti sobadan çox tez geri çəkməzdiniz. Ağrı bizi qoruya bilər, çünki biz onu səciyyəvi olaraq sevmirik və onu emosional baxımdan narahatedici hesab edirik.

Ağrının bu ‘açıqlayıcı’ və ya ‘psixoloji’ xarakteri də adlandıra biləcəyimiz təsir ölçüsü genderlə kəsişdiyi zaman, xüsusilə mürəkkəbləşir. Müasir səhiyyə sistemində  kişi və qadın ağrısının  yetəri qədər fərqli müalicə edildiyini göstərən tutarlı sübutlar var. Bir çox hallarda qadınların ağrıları, gənc yaşlarından etibarən belə, nəzərə alınmır və ya lazımi şəkildə müalicə olunmur. Bu hal ağrı və ya digər səbəbdən  ağdərili fərdlərdən əhəmiyyətli dərəcədə az müalicə və səhiyyə xidmətləri alan, fərqli rəngli dəriyə sahib qadınlar üçün, xüsusilə, daha aktualdır. Qadınlarda ürək infarktının bütün klassik simptomlarının və ölüm hallarının  əsas səbəblərindən birincisinin  ürək xəstəliyi olmasına baxmayaraq, kliniki müalicə həkimləri qadınların sinə ağrısını kişilərə nisbətən daha az araşdırırlar. Qadınlar kişilərə nisbətən  psixi pozuntular,  ələxüssus da, depressiya kimi səhv diaqnoz qoyulan fiziki hallara daha çox meyillidirlər.

Bunun başvermə  səbəblərindən biri  qadınların öz həyatları və təcrübələri haqda danışarkən, onlara  diqqətlə qulaq asmamağımızdır. Bir çox hallarda  qadınları, Nyu York Şəhər Universitetinin filosofu Miranda Fricker-in də qeyd etdiyi kimi,  ‘etimad çatışmazlığı’ anlayışı ilə əlaqələndirirlər: stereotiplər qadınları etibarsız və irrasional hesab etdikləri üçün, onlar daha az etibarlı məlumat mənbələri kimi qəbul edilirlər. Nəticə etibarilə, cəmiyyətin iş yerlərindəki təcavüz, cinsi zorakılıq, intim partnyor zorakılığı kimi olayları anlamaları çox çətinləşir. Buna səbəb isə zərərçəkmə ehtimalı olan insanların hesabatlarına, fikir və duyğularına  inanmaq dərəcəsinin az olmasıdır. 

Bu cür etimad çatışmazlığı qadınların öz həyatlarını təsvir etmələrini feminist bir məsələ halına gətirir. Yəni qadınlarla əlaqəli problemlərə məcburən feminist donu geyindirilir. Feministlər, Tvitter həştəqinin dediyi kimi, bizi #Qadınlaraİnanmağa çağırmaqda çox haqlıdırlar. Ağrı, xüsusilə maraqlı bir haldır, çünki o, bu sadə və həyəcan yaradan çağırışın məhdudiyyətlərini üzə çıxarır. Qadınların ağrısını tanımaq tələbimiz haqlıdır və zəruridir. Lakin bu tələbin səslənməsi belə, psixoloji əziyyətə qarşı fiziki əziyyətin iyerarxiyasına aid dərin kök salmış sosial qərəzlərin qeyri-ixtiyari gücləndirilməsi və bunun qadınları bir daha incidəcək şəkildə olması risklərini yaradır.

1949-cu ildə Klinik Araşdırma Jurnalı, doğuş zamanı ağrı ilə bağlı əhəmiyyətli bir araşdırma nəşr etdi. Ortaya qoyulmuş əsas sual sadə idi: qadınlar həqiqətən də doğuş zamanı ağrı hiss edirlər, yoxsa, sadəcə, stressli vəziyyətə isterik reaksiya verirlər? Araşdırmanın müəllifləri, Nyu Yorkdakı Kornel Universitetinin doğum mütəxəssisləri James Hardy və Carl Javert  yazırlar:

Xəstələrin doğuşa olan reaksiyaları ilə bir-birlərindən çox fərqləndikləri ümumi bir müşahidədir. Bəzi qadınlar böyük sıxıntıya vurğu etdiyi halda, digərləri doğuş zamanı yüksək dözümlülük göstərirlər.  Bu müşahidələr həkimlərin bəzi xəstələrdə ağrının mövcudluğunu şübhə altına almasına səbəb olub.  

Onlar kişilər üzərində normalaşdırılmış ağrı ölçmələrindən istifadə edərək çox əminliklə doğumun ağrılı olduğu qənaətinə gəldilər.

‘Təbii doğuş’ hərəkatının zirvəsi olan 1970-ci illərdə alimlər qadınların doğuş zamanı ağrı təcrübə etdikləri ilə razılaşdılar. Amma bunun səbəbi hələ də mübahisəli idi. Bəzi tədqiqatçılar qadının nə qədər ağrı hiss etdiyini, ilk növbədə, əri ilə emosional yaxınlığı və onun doğuş prosesindəki rolu, hamiləlik dövründə qadının emosional sabitliyi kimi faktorlardan təsirləndiyini irəli sürdülər. Qadınlar  ağrının az olmasının, yaxud ümumiyyətlə  olmamasının mümkünlüyünə əmin edilmişdilər. Əslində isə,  doğum gərək ki, müsbət dərəcədə zövqverici olsun. Bu isə, yalnız  qadınların sakit və ağrıdan mühafizə ola biləcəkləri təqdirdə mümkün görünür. 

Qadınların ağrısı əksi sübut olunmayana qədər isterik olaraq görünür.

Ağrılarına görə qadınların duyğularını günahlandıran sənaye onilliklərdiki aradan qalxmayıb. Böyük bir elmi araşdırma  döş xərçəngi müalicəsində qadınların ağrı və duyğularının  müalicə zamanı və sonrası  yaxşı və ya pis nəticələrin əsas səbəbi olub-olmadığını nəzərdən keçirir. Aydındır ki,  psixoloji faktorların müalicə nəticələrinə necə təsir edə biləcəyini sorğulamaqda neqativ bir şey yoxdur. Problem döş xərçəngi ağrısının psixoloji aspektləri ilə maraqlanmağımızda deyil, prostat və ya qaraciyər xərçəngi xəstələrinin psixikasından  daha çox, döş xərçəngi xəstələrinin psixikası  ilə maraqlanmağımızdadır. Eyni şəkildə, 1970-ci illərdə də ‘təbii’ doğuşla maraqlanırdıq, ancaq ‘təbii’ böyrək daşı keçidi ilə maraqlanmırdıq. Eləcə də,  kişilərin emosional sabitliyi və ya həyat yoldaşları ilə yaxınlıqlarının böyrək daşı ağrısına nə dərəcədə vasitəçilik etməsi bizi ilgiləndirmirdi. Cəmiyyət, görünür ki,  qadınların sağlamlığı və ağrısı mövzusunda duyğuların oynaya biləcəyi önəmli rolundan daha çox narahatdır.

Alternativ olaraq, əgər ağrı onun (qadının) narahatlığına səbəb olursa, cinsi əlaqəni ağrılı hesab edən (ağrıya səbəb  olan  fiziki patologiya olmadığı təqdirdə) bir qadının, psixi pozğunluğun diaqnostik meyarlarına cavab verdiyi faktını düşünün. Tərif, kişinin cinsi zövqünü qadınların narahatlığından üstün tutan bir dünyada, cinsi əlaqə zamanı, həm də  kobud və aqressiv  intim əlaqə gözləyən bir tərəfdaşla cinsi əlaqədə belə, yalnız onun (qadının) ağrısını və səbəb olduğu çətinlikləri nəzərə alır. Əgər bu ağrıdırsa və bu onu (qadını) narahat edirsə, texniki baxımdan qadın  psixi pozğunluq meyarlarına cavab verir. Qadınların ağrısı, əksi sübut olunmayana qədər isterikdir.

Bu fonda  ‘qadınların ağrı məlumatlarına güvənin’, #Qadınlaraİnanın, ‘ağrıların gerçək olduğuna inanın’ çağırışları artmaqdadır. Əlbəttə ki, qadınların ağrısı realdır. Ancaq burada incə bir məqam ondan ibarətdir  ki, qadınların ağrısının müdafiəsi bir çox hallarda bu ağrının psixoloji mənşəli olmaması  arqumentinə çevrilir. Ağrının həqiqi, qanuni və səbəbli  olması üçün ağrı üzvi fiziki əsası olmalıdır və işlər elə burada tərsləşir.

Qadınlar fiziki qüsur və ya bir xəstəliklə üzləşdikdə, problemin normadan artıq psixoloji olaraq dramatikləşdirilməsi böyük ehtimal olunan haldır. Vəziyyəti çətinləşdirən isə, qadınların psixoloji səbəblərdən,  kişilərlə müqayisədə, daha çox ağrıdan əziyyət çəkməsinə dair sübutların olmasıdır. Səthi yanaşıldığında  görünən odur ki,  qadınlar kişilərə nisbətən həm daha çox depressiya, həm də narahatlıq yaşayırlar. Bu cür iddialara diqqətlə yanaşılmalıdır, çünki bu müqayisənin  hansı dərəcədə diaqnostik qərəzdən qaynaqlandığı aydın deyil. Yəni, həm depressiya və narahatlığı ölçmək üçün əlimizdə olan vasitələr, həm də psixi sağlamlıq mütəxəssislərinin qərəzləri qadınlarda daha çox, kişilərdə isə az təslimçiliyə doğru meyl yarada  bilər. Lakin qadınların həyatı haqqında bildiyimiz hər şeyi nəzərə alsaq (sui-istifadə, şiddət, maneələr, qayğı yükləri), qadınların depressiya və narahatlıqla daha yüksək nisbətdə mübarizə apardıqları ağlabatandır. Biz, qadınların özlərinin emosional cəhətdən kövrək olduqlarına inanma ehtiyacı duymadan,  psixi xəstəliklərdən daha çox əziyyət çəkdiklərinə inana bilərik.

Qadınların və kişilərin psixi xəstəlikləri fərqli şəkildə təcrübə etdiklərinə dair sübutlar mövcuddur. Kişilər depressiyada ikən, məmnuniyyətsizlik və müxtəlif  asılılıqlardan  daha çox əziyyət çəkməyə meyillidirlər, qadınlarda  isə yorğunluq və  məhz ağrı kimi fiziki simptomlar daha çox özünü göstərir.  Üstəlik, ən çox diqqət çəkən psixiki pozuntuların bir çoxu – iştahsızlıq, doymazlıq, qeyri-ixtiyari  özünə zərərvermə, konversiya və yaddaş  pozulmalarına qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Yenə də, buradakı bəzi fərqliliklər mental qərəzlərdən qaynaqlana bilər. Həvəsli fanatikin ‘ekstrim fasiləli oruc’-u, onu edən ‘biohekinq’-ə yiyələnmək istəyən 35 yaşlı  texno-oğlan əvəzinə, 16 yaşlı arıqlamaq arzusunda olan bir qız tərəfindən edilsəydi,  ona yemək pozğunluğu diaqnozu qoyula bilərdimi? Konversiya pozğunluğu və digər bu kimi psixiatrik diaqnozlarda gender fərqlərindən dolayı, bir çox pasiyentlərdə, əslində, fizioloji  xəstəlik olduğu halda, psixiatrik etiket qoyulması halları  qadınların  hüquq və sağlamlıqlarının pozulmasına gətirib çıxarır. Buna aid  bir president var. Hal-hazırda çoxsaylı skleroz halları qadınlara qeyri-mütənasib şəkildə təsir edir, halbuki,  əvvəllər kişilərin üstünlük təşkil etdiyi xəstəlik hesab olunurdu. Bu qismən belə idi,  çünki qadınlara ‘isteriya’ ilə əlaqəli səhv diaqnoz qoyulurdu. Lüzumsuz  narahatlıqlardan doğan səbəbləri bir kənara qoysaq, psixi xəstəliklərin bədənə ciddi təsir göstərə biləcəyini və eyni tibbi diaqnozların qadınlarda   kişilərə nisbətən fərqli təcəssüm  etdiyini anlaya bilərik. 

Gender, psixiatrik xəstəlik və fizioloji orqanizm, aydındır ki, bir-birilə sıx şəkildə qarışıq və mürəkkəb substansiyalardır. Eynilə, ağrı haqqında nə qədər çox öyrənsək, onun inanılmaz dərəcədə mürəkkəb bir biopsixososial fenomen olduğunu başa düşürük. Bu, sadə, reaktiv bir hiss deyil. Bir çox uzunmüddətli xroniki ağrı  keyslərində  ilkin ağrı reaksiyası bir zədədən qaynaqlanır, lakin ağrı zədələnmiş toxumaların sağalmasından uzun müddət sonra da davam edir. Çünki bədən özünü hələ də müdafiəsiz olduğuna inandırır. Ağrı bizi qoruyur, amma fizioloji zərər haqqında birbaşa təsəvvürdənsə, bədənimizin özünün təhlükədə olduğuna inandığı bir xəbərdarlıq əlaməti kimi daha yaxşı başa düşülür.

Sizin ağrınızı yaradan səbəb  onun (ağrının) necə hiss edilməsinə təsir etməyə bilsə də, ağrı onun necə müalicə olunmasına təsir edir.

Ağrı təcrübəsi nə olursa olsun, onun həm psixoloji, həm də fizioloji komponentləri həmişə yanaşı olur. Əgər barmağınızı kəssəniz, hiss etdiyiniz ağrının üzvi bir fiziki səbəbi var. Lakin ağrını həm də xoşagəlməz hal olaraq təcrübə edəcəksiniz. Eyni şəkildə, stressli olduğunuz üçün baş ağrınız varsa, siz, güman ki, əzələ gərginliyi, yüksək ürək döyüntüsü və ya artmış qan təzyiqi kimi halları da təcrübə edəcəksiniz. Heç kimin ağrısı heç vaxt ‘başının içində’ olmur və heç kimin ağrısı heç zaman ‘sadəcə fiziki’ olmur (istisna hallar olmaqla (bizim hamımız fiziki orqanizmlər olduğumuzdan, fiziki və ya zehni olaraq başımıza gələn hər şey bədənimizdə realizə olduğuna görə)).

 Beləliklə, əlimizdəki ən yaxşı cari ağrı anlayışı ‘psixogenik’ ağrı ilə ‘fiziki’ ağrı arasında həqiqətən bir fərqin olmadığını irəli sürür. Bu, əsas səbəbləri fiziki patologiya olan ağrılarla əsas səbəbləri psixoloji narahatlıq olan ağrıları fərqləndirməməliyik, anlamına gəlmir. Ağrını yaradan nəsnə ağrını necə hiss etməyimizə təsir göstərməyə bilər, ancaq onun (ağrının) necə müalicə edilməsinə təsir göstərir. Əgər sizdə ürək xəstəliyi səbəbindən sinə ağrısı varsa, həkimlər həqiqətən də ürəyinizi müalicə etməlidirlər. Əgər stress səbəbindən sinə ağrısı hiss edirsinizsə, həkimlər ağrının səbəbi olan narahatlığınızı həll etməlidirlər. Bir çox hallarda ilkin səbəb faktorları həm fizioloji, həm də psixoloji ola bilər. Məsələn,  beliniz həm stressli olmağınızdan dolayı, həm də uzunmüddətli ağrının yaratdığı   durğunluq və ya əzələ disbalansı səbəbindən ağrıya bilər. Belə ki, ağrınızın öhdəsindən gəlmək üçün, eyni zamanda, hər ikisi ilə məşğul olmağınıza ehtiyac var.

Əlbəttə ki, baş ağrısının,  əsasən,  stressə görə olduğunu anlamaq ağrını daha az həqiqi və ya daha az ağrılı etmir. Ağrı, səbəbi əsasən fizioloji  (zədə, sinir problemi) və ya əsasən psixoloji (stress, depressiya) olmasından asılı olmayaraq, elə ağrıdır. Eyni şəkildə, depressiya da səbəbinin mürəkkəb sosial-iqtisadi faktorlar və ya funksiyası pozulmuş aşağı qalxanvari vəz olub-olmamasından asılı olmayaraq, depressiya kimi hiss edilir. Səbəb mənşəyi ağrının ən yaxşı müalicə olunmasını anlamaq üçün vacib olsa belə, onun (ağrının)  özünü necə hiss etdirdiyini müəyyənləşdirmir.

Bu, kontekstin önəmi yoxdur demək deyil, mahiyyət ondan uzaqdır. Mərhum Willow-nun həyatının son ilində bud nahiyəsində inkişaf etmiş artrit var idi. O, aşkarca, vaxtının çox hissəsini  ağrı ilə yaşayır,  çətinliklə  hərəkət edər, ehtiyatlı şəkildə yatar, yuxarı-aşağı qalxıb, enmək üçün çətinlik çəkirdi. Lakin  Willow frizbisi ilə çöldə olarkən, təmamilə dəyişilirdi. O, frizbinin arxasınca zövqlə qaçar, hürər, yarışardı. Frizbi yoxa çıxana qədər axsaq yerişi geri qayıtmazdı.

O bunu saxta olaraq edirdi? Onun ağrıları başında idi və ya da onun artritindən qaynaqlanmırdı? Onu bir it psixiatrına göndərməyimiz gərəkli idimi? Aydındır ki, yox. Əksinə, Willow-nun ağrı təcrübəsi və ona reaksiyaları onun bud oynaqlarının vəziyyətindən daha çox  təsirli idi.  O, ən xoşbəxt olduğu və ən çox diqqəti yayındığı zaman ən az ağrıyırmış  kimi görünürdü və ya ən azından, ağrı onu çox da narahat etmirdi.

Qeyd edək  ki, (ümid edirəm doğrudur) çoxumuz qadınlar ağrıdıqlarını dedikləri zaman, ciddi olaraq, #Qadınlaraİnanmaq istəyirik. Sadəcə, buna nə məna verəcəyimiz, necə dəyərləndirməyimiz çox zaman  aydın olmur. Sözsüz ki, məqsəd və istəyimiz  qadınlar əziyyət çəkdiklərini söylədiklərində onlara inanmağımızdır. Bu  açıq-aşkar doğru görünür. Özümüzdən başqa heç kimin bizim nə qədər ağrı hiss etdiyimizə, yaxud ağrıda olub-olmamağımıza dair daha çox anlayışı yoxdur. Əlbəttə, qadınlar hələ də yalan söyləməyə və təhriflərə qadirdirlər. Qadınlara inanmaq onlara sehrli kahinlər kimi münasibət göstərməklə eyni anlama gəlmir. Düzgün yanaşma, qadın olduqlarından dolayı, bizim onların etimadlılıqlarından şübhə etməməyimizdir. Cəmiyyət  çox vaxt  qadınları daha az inandırıcı görür. Çoxumuz, onlar ağrılarını bizə söylədiklərində, onların bunu abartdıqlarını və ya dramatik olduqlarını düşünürük.

Buna baxmayaraq, ‘qadınlara inanaq’ çağırışları getdikcə daha güclü bir faktora  çevrilir. Başqa sözlə, bunu – qadınların ağrısına, ən azından onlar təkid etdikləri zaman və ya biz əksini göstərə bilənə qədər, fiziki bir xəstəliyin səbəb olduğuna inanmalı olduğumuz  iddia kimi anlamaq lazımdır. Bu halda, hətta feminist fəallar da ‘həqiqi’ və ya ‘ciddi’ ağrının mənşəyinin psixoloji ola bilməyəcəyini nəzərdə tutmaq tələsinə düşə bilirlər. Qadınlara inanmaq tələbi onların başlarına nələrin gəldiyini danışmaq üçün ən yaxşı mövqedə olmaları, xüsusi bir səlahiyyət və anlayışa sahib olmaları düşüncəsindən qaynaqlanır. Ağrınızın olub-olmaması ilə bağlı birinci şəxs səlahiyyətinə malik olsanız belə (ki, heç kim bunu sizdən daha yaxşı bilə bilməz), nə üçün ağrıda olduğunuza dair imtiyazlı bir səlahiyyətə sahib deyilsiniz?! Müvafiq fikirlərə sahib ola bilərsiniz. Əgər həkim sizə sinə ağrınızın narahatlıqdan qaynaqlandığını söyləyirsə və siz özünüzü narahat hiss etmirsinizsə, siz, haqlı olaraq, skeptik ola bilərsiniz. Lakin həkiminiz dizinizin vəziyyətinin yaxşı olduğuna əmindirsə və ağrının omba nahiyyəsi ilə əlaqəli olduğunu söyləyirsə, siz isə ağrınızın dizinizdən qaynaqlandığına israr edirsinizsə, birinci şəxs imtiyazı, haqlı olaraq, tətbiq olunmur.

Biz çox zaman qadınların öz həyatları haqda söylədiklərinə, onları güvənilməyən və hərdəmxəyal kimi gördüyümüzdən, tam olaraq  əhəmiyyət vermirik. Beləcə,  kişilərlə müqayisədə qadınların ağrılarının ‘hər şey başlarında’ olması prinsipi ilə  aradan qaldırılması  daha yüksək ehtimaldır. Amma bunlar problemin  tək stiqmaları deyil. Biz söhbət, xüsusilə  qadınlara gəldikdə, istənilən  psixoloji amili  daha az ciddi, daha az real və ya daha az diqqətəlayiq olaraq stiqmalaşdırırıq.

Vəziyyət iki ayrı qərəz baltaları tərəfindən yaradılmış, mənim ‘ikili bağlama stiqma’-sı adlandırdığım hala gətirib çıxarır: ‘qadınlar isterikdir’ və ‘psixiatrik xəstəlik real deyil’. Qeyri-ixtiyari olaraq, digərini gücləndirmədən stiqmanın biri  ilə mübarizə aparmaq mümkün deyil. Səhv psixiatrik  diaqnozdan lazımsız şəkildə əziyyət çəkən qadınlar, haqlı olaraq, ağrılarını həddindən artıq psixolojiləşdirirlər. Fizikini mərkəzləşdirməkdə nə qədər çox israr ediriksə, depressiya, stress və psixoloji travmanın ağrıya necə səbəb ola və təsir göstərə biləcəyini də bir o qədər kənarlaşdırırıq ki, bu da  absurddur. Ağrı hər hansı bir təhlükəyə cavabdır  və beyin, insanın sosial və ya fiziki  zərər görməsindən asılı olmayaraq, demək olar ki, eyni mexanizmləri tətbiq edir.

Bu, ikili bağlamanın xüsusilə çətinləşdiyi yerdir. Ağrının psixoloji aspektlərini qəbul etmək üçün stress və emosiyaların rolunu vurğulamalıyıq. Ancaq stress və ya emosiyadan bəhs etmək, qadınların ağrı və şikayətlərinin cəmiyyət tərəfindən qəbullanmasında, görünür ki, dramatik iz qoyur. Aparılan bir araşdırmada  həkimlərə eyni obyektiv ürək infarktı ehtimalı olan iki fərqli xəstəyə (48 yaşlı kişi və 58 yaşlı  qadın) aid identik keys təsvirləri verilir. Birinci keysdə  xəstələr sinə ağrısı, nəfəs darlığı və nizamlı olmayan ürək döyüntüsü kimi simptomlarla  təsvir edilmişdilər. İkinci keysdə də xəstələr eyni fiziki simptomlarla təsvir olunmuşdular, amma onların, eyni zamanda, stress hiss etmələri də əlavə olunmuşdu. Həkimlərin əksəriyyəti hər iki xəstə  üçün  ürək infarktı diaqnozunu irəli sürdülər. Stress, xəstənin  genderindən asılı olmayaraq, ürək infarktı ehtimalını artırır. Ancaq həkimlərin əksəriyyəti  kişi xəstə üçün ürək infarktı diaqnozunu irəli sürsə də, onların yalnız 17 %-i qadın xəstə üçün də bunu iddia etdi (kişi xəstə üçün 81 % ilə müqayisədə qadın xəstəyə rəylərin cəmi 30 %-i  kardiologiyaya istinad etməyi təklif etdi). Qadınlar nəzərdən keçirildiyi zaman psixoloji faktorlardan bəhs etmək, görünür, bir növ geştalt dəyişikliyi yaradır. Qadınların emosiyalarından danışarkən, isteriya spektrini nəzərə almamaq mümkün deyil. 

Bir problem də odur ki, qadınlara aid olan və əslində, doğru olan şeydən qadınlara aid olan və təbiət etibarilə, doğru olan şeyə keçmək çox asandır. Biz, ‘qadınlar daha yüksək dərəcələrdə depressiya və narahatlıqdan əziyyət çəkirlər’ deyəndə, bunun ehtimal olunan sosial-iqtisadi amillərlə izah oluna biləcək əsl ümumiləşdirmə olduğunu nəzərdə tuturuq. Qarşınızda oturan spesifik qadın haqqında heç nə deyə bilməyəcəyiniz əsl ümumiləşdirmədir. Lakin insanlar qadınların, ümumiyyətlə, qadın olduqları üçün, təbiət etibarilə depressiv və narahat olduqları qənaətinə çox asanlıqla gəlirlər. Beləliklə, biz, orijinal olmayaraq, ağrıya (hər kəsin ağrısına) təsir edən psixoloji faktorları vurğuladığımızda, (ağrının işləmə mexanizmindən dolayı) bu, qadınlara qeyri-adekvat münasibətə  meyillənir.

İki tərəfli stiqma  elə məhz bu situasiyalarda vəziyyəti daha da gəlizləşdirir. Stressin, depressiyanın və psixoloji travmanın qadınların ağrısına nə dərəcədə təsir etdiyini gözardı etməmək vacibdir. Digər tərəfdən də, qadınların fiziksəl problemlərində onların emosiyalarının təqsirkar ola biləcəyi fikrini səsləndirmək kifayyət qədər təhlükəli ola bilər. Bunların hər ikisini eyni anda etmək inanılmaz dərəcədə çətindir və iki istiqamətin hər hansındasa həddindən artıq korelyasiya  etməyin ciddi fəsadları var. Qadınların fiziki xəstəliklərini psixoloji narahatlıq kimi qəbul etmək onların sağlamlıqlarını və həyatlarını riskə ata bilər. Lakin qadınların psixi sağlamlıq xidmətlərinin göstərilməməsi həmçinin lazımsız tibbi müayinə və müalicələrə məruz qoyulması onlara zərər verir.

Düşünürəm ki, belə bir qarışıq stiqma torundan asan çıxış yolu yoxdur. Ancaq hər hansı həllin bir hissəsi problemin olduğunu qəbul etməkdirsə, güman ki, mütləq olan şey ikili bağlamalı stiqmanın mövcudluğunun sadə bir etirafıdır. Tvitterin bizdən istədiyini ‘#Qadınlaraİnanın və davam edin’ edə bilsəydik yaxşı olardı. Lakin həştəq yönümlü olmayan epistemik iş çox daha çətindir.


Bu məqalə USAID və Black Sea Trust-ın maliyyə dəstəyi göstərdiyi “Genderi Görünən Edək” layihəsi çərçivəsində hazırlanıb.