İncəsənətdə Ukrayna milli kimliyi: Tarixmərkəzçi Dönüş, Gender və Utopiya

Bəhruz Səmədov Mərkəzi Avropa Universitetinin beynəlxalq əlaqələr bölməsinin məzunu, Karlov Universitetinin siyasi elm bölməsinin doktorantura tələbəsidir. Poststrukturalist və psixoanalitik nəzəriyyələrə əsaslanaraq Azərbaycanda hegemoniya və siyasi diskursları araşdırır. Kimlik məsələləri, siyasi stabillik və populizm kimi mövzularla maraqlanır.


Travmatik inqilab

Kiyevə iki aylıq səfərim zamanı bir neçə sərgidə oldum. Sərgilərin hamısında diqqətimi çəkən əsas məqam yaradıcıların bir çoxunun Ukrayna milli kimliyi, onun müasir vəziyyəti və tarixi ilə bağlı refleksiyaları idi. Qərb incəsənət insanlarını yeni materializm, antroposentrizm və futuristik suallar narahat etdiyi bir zamanda, burada əsas məsələ tarixi refleksiyadır. Bunun əsas səbəbi ölkənin trendlərdən geridə qalması deyil, səbəb milli kimliyin siyasi çalxalanmaların və müharibənin təsiri nəticəsində dəyişikliklərə məruz qalmasıdır.

Yevromaydan, və ya ukraynalıların dediyi kimi, Ləyaqət inqilabı, 2013-cü ildə Ukraynanın rusiyayönümlü siyasətdən uzaqlaşıb, Avropa Birliyinə sıx inteqrasiyası ideyası ilə başlamışdı. Yevromaydan inqilabının əsas affektiv hekayəsi o dövrki hakimiyyətin Rusiyaya qulluq etməsi, onu devirəndən sonra isə Avropa Birliyinə qapıların açılacağı ilə bağlı idi. Ancaq reallıq fərqli oldu. İnqilabdan sonra Ukrayna Avropa ilə yaxınlaşsa da, aydın oldu ki, ölkə yaxın zamanda Avropa Birliyi üzvü ola bilməyəcək. İnqilabdan sonra Ukrayna Krımı itirdi, ölkənin şərqində iki separatçı dövlət yarandı və Ukrayna ordusu Donbasda böyük itkilər verdi. Bir çox gözləntilərin əksinə olaraq, Ukraynada oliqarxların idarəsi altında olan hakimiyyət quruldu. Polis zorakılığı, korrupsiyamediaya basqılar yoxa çıxmadı.

Post-inqilabi Ukrayna milli kimliyi Rusiya ilə antaqonizm üzərində əsaslansada, “biz artıq avropalıyıq” hekəyisi üzərində qurula bilmədi. Bu hal isə “üçüncü yol” axtarışlarını labüd etdi(Jerebkin və Jerebkina, 2019). Həm davam edən silahlı münaqişə, həm də “özyolumuzçuluq” ideyası ölkədə ekstrim sağçı qruplaşmaların yayılmasına gətirib çıxardı. Yevromaydan gözləntilərin tam əksinə, milli travmaya çevrildi. 

Yevromaydandan sonra Ukraynada həm də  aktiv dekommunizasiya siyasəti aparıldı. Əgər Çexiya və Polşada “ağır” şəkildə, Azərbaycan və Ermənistan kimi ölkələrdə isə bu siyasət 1990-cı illərdə daha “yüngül” tərzdə  aparılmışdısa, Ukraynada Yevromaydana qədərki dövrdə Sovet keçmişinə və Rusiyaya münasibət birmənalı olaraq mənfi deyildi. Birmənalı neqativ münasibətin olmaması Ukraynanın bir dövlət kimi birliyini qorumağa kömək edirdi. Belə ki, əgər Ukraynanın qərbindən olanlar daha çox etnik millətçi kimi çıxış edirdilərsə, şərqdə insanlar özlərini Rusiyaya və sovet keçmişinə bağlı hiss edirdilər. Dekommunizasiya zamanı 2000-dən çox Leninin və digər sovet liderlərinin heykəlləri aşırdıldı, 52.000-dən çox küçə adları dəyişdirildi. Ukraynalıların  rus dilini bilmələrinə rəğmən, bu dildə kommunikasiya mənfi qarşılanmağa başlandı, təhsil ukraynalaşdırıldı.

Beləliklə, post-inqilab Ukraynası uzunmüddətli tarixi refleksiyaya qərq oldu və bu, Ukrayna incəsətində tarixmərkəzçi dönüşə (historiographical turn) təkan verdi. “Nə Rusiya, nə Avropa” yolunu seçmiş Ukrayna milli kimliyi SSRİ dövrü kolonizasiyasına və Holodomor kimi kollektiv travmalara əsaslanan“qurbanlıq” hekayələri əsasında quruldu.

Ukrayna sənət dairələrinin, yaradıcı insanların yeni yaddaş və kimlik siyasətinə münasibətləri birmənalı olmadı. Məsələn, rəssam Oleksey Radzinski qeyd edir ki, bu cür siyasətin nəticəsi müasir problemlərin səbəblərini keçmişə atmaqdır.

Nikita Kadan: ən siyasiləşmiş incəsənət 

PinchukArtCenter müasir incəsənət mərkəzində eyni anda keçirilən sərgilərin ən əsası və cəmiyyəti cəlb edəni rəssam Nikita Kadanın “Daş daşı vurur” (Stone Hits Stone) sərgisi idi. 38 yaşlı Kadan Ukraynanın ən siyasiləşmiş incəsənət simalarındandır. 2004-cü il Narıncı inqilabı zamanı o və bir neçə rəssam “REP” (İnqilabi Eksperimental Məkan) adlı qrup yaratmışdılar. Yevromaydandan əvvəlki dövrdə belə, Kadan siyasi mesajlar verməkdən çəkinmirdi. Məsələn, onun 2009-2010-cu illərdə yaratdığı “Əməliyyatotağı” (Процедурна кімната) əsəri Ukraynada polis zorakılığını səkkiz qab üzərində göstərir. Hər qabda müxtəlif işgəncə növü göstərilib:

“Daş daşı vurur” sərgisi isə müasir Ukrayna kimliyi üzərində refleksiyaya fokuslanıb. “Poqrom” əsəri 1941-ci ildə Lvov şəhərində baş vermiş yəhudilərin kütləvi qətliyamı haqqındadır. Kadan, nasist fotoqraflar tərəfindən çəkilmiş fotoların ürəzində işləyib. Qətliyamın törədilməsində həm alman nasistləri, həm də Stepan Banderanın rəhbərlik etdiyi ukraynalı millətçilər iştirak etmişdilər. Müasir ukrayna millətçiləri üçün Bandera müsbət fiqur hesab edilsə də, onun nasist kimliyi bütövlükdə Ukraynanın müasir və liberal imicinə kölgə salır, ölkənin Polşa və İsrail ilə münasibətlərində problem yaradır. Bu baxımdan Kadan Ukrayna tarixinin problemli nöqtəsinə toxunur.  

Lısaya Qora Arxitektonu (Architecton of Lysa Hora, 2021) əsərində Kadan bir tərəfdən Kazimir Maleviçin kosmosda şəhərlərin salınması ideyasına işarə edərək memarlıqda suprematizmin tərənnümünü əks elətdirir,, digər tərəfdə isə yanan ev şəklini qoyur. Sosialist inqilabının ilk illərində, xüsusən də, Maleviç kimi futurizmə köklənmiş incəsənət adamlarında belə bir düşüncə var idi ki, sosialist inkişaf (sosializm)  insanlığı elə bir emansipasiyaya gətirib çıxaracaq ki, onlar hətta başqa planetlərdə məskunlaşa biləcəklər. Yanan ev isə bizi 20-ci əsrin 20-ci illərində olan futurist və kosmik fantaziyalardan qəddar reallığa qaytarır: 21-ci əsrin 20-ci illərində, Kiyevin Lısaya Qora adlı rayonunda ukraynalı paramilitar neonasistlər etnik romalara (qaraçılara) hücum edərək, onların evlərini yandırmışdılar. Beləliklə, əsər bir tərəfdən birmənalı rədd edilən Ukraynanın sovet keçmişini, digər tərəfdən haqqında danışılması arzuolunmaz müasir problemlərini göstərir. 

Kiyevdən dünya gənclərinə: reyv səhnəsi və “Xərclənmiş Gənclik”

PinchukArt-ın birinci mərtəbəsində nümayiş etdirilən Yarema Malaşçuk və Roman Himeyin (Yarema Malashchuk, Roman Himey) video-art şəklində hazırlanmış “Dünya gənclərinə həsr 2” (Dedicated To The Youth Of The World 2, 2019) instalyasiyası müasir Kiyev gəncliyinin əsas əyləncə və sosializasiya məkanı olan texno klubu göstərir. Olduğum zaman ərzində texno musiqinin Kiyevdə necə bir yer tutduğunun şahidi oldum: qonşu evdən gül dükanına qədər, texno səsi şəhərin hər yerindən gəlirdi. Kiyevin texno dünyası paradoksaldır: əgər Qərb ölkələrində reyv və texno ancaq inklüziv dəyərlərin daşıyıcılarını birləşdirirsə və seksuallığın müxtəlif formalarına açıqdırsa, Kiyevdə reyvlərə həm bu tip insanlar, həm də millətçilər (“pravaklar”) gəlir. Hər nə qədər bir-birlərini sevməsələr də, texnonun dayanmadan oynadan gücü onları eyni məkanlarda toplanmağa vadar edir.

Bununla belə, Kiyevin texno səhnəsi həm də polis zorakılığı ilə üz-üzədir. Tez-tez polis reydlər keçirir, bu reydlər zamanı isə zorakılıq halları yayılmış olur. Kiyevdə olduğum zaman ərzində bu cür reydlərdən birinə qarşı şəhərin mərkəzində, Podolda aksiya keçirildi. LGBTQ+ paradı da həm kvirləri, həm də reyverləri polis zorakılığına qarşı birləşdirir.  

Malaşçuk və Himeyin video-artı bir tərəfdə məşhur “Sxema” klubunda dayanmadan rəqs edən gəncləri, digər tərəfdən isə eyni insanların səhərisi gün keçirdiyi tənhalıq və yorğunluq hissini göstərir. Müqayisə edərək onu deyə bilərəm ki, Kiyevdə olan reyv öz qaramsarlığı ilə fərqlənir, burada olan seksuallıq isə kvirliliyi ilə deyil, ənənəvi maskulin-feminin seksuallığın BDSM estetikası ilə bəzənməsi ilə seçilir. Həm bu cür “dark”(tər. qaramsar) atmosfer, həm də seksuallığın bu tonlarda nümayişi ümumi siyasi-sosial pessimist atmosferin gecə həyatına təsirinin göstəricisidir.

Saşa Kurmazın Ukraynada 2009-2019-cu illər ərzində çəkdiyi fotolardan ibarət instalyasiyasında post-sovet reallığında gender, femininliklər və maskulinliklər, millətçilik, narkotiklərdən istifadə kimi mövzulara toxunur. Kurmaz özü qeyd edir ki, layihəonun üçün şəxsi gündəlik kimi olub və məqsəd “insanın müasir post-sovet cəmiyyətində sosial manifestiyasını” göstərməkdi. 

Xüsusi otaqda sərgilənən bu iş Ukrayna reallığının ən müxtəlif formalarda göstərib. Məsələn, burada sovet ordusunun əsgərlərinə qoyulmuş heykəllərin arasında ilişib qalmış lüt qadın var. Ölkənin kolonial keçmişinin kabusunun və “heykəl” siyasətinin müasir Ukraynaya təsiri, ölkənin bu heykəllərin arasında ilişib qalması və çıxış yolunu hələ də tapmaması ideyaları işin əsas qayəsidir. 

Otağın başqa divarında isə müasir Ukrayna feminizmi – anarxo-feminizmin bayrağı və feminist aktivist göstərilib. Yevromaydandan sonraki dövrdə Ukrayna feminizmi özünü iki formada birüzə verir: bir tərəfdən radikal, anti-etatist, azadlıq təbliğ edən feminizm, digər tərəfdən isə Ukraynanın milli maraqlarını nəzərə alan və milli diskurslar əsasında legitimləşməyə cəhd edən feminizm (Səmədov 2020). Kurmaz feministlər tərəfindən birmənalı qarşılanmayan, Ukrayna milli simvolları və pravoslav xristianlığa aid simvollarla  postmodernist şəkildə oynayan FEMEN qrupuna da yer ayırıb. 

Saşa Kurmaz (Саша Курмаз) layihəsində feminin seksuallığın kvirləşmiş, falliklik ləzzətdən (phallic jouissance) imtina etmiş formasını da göstərir. Jak Lakana görə, əgər fallik ləzzət heç vaxt öz məqsədinə çata bilmirsə, feminin ləzzət dilin simvolik nizamından kənarda durur və öz əksikliyini və natamamlığını qəbul edir. O  maskulinliyin də simalarını həm ənənəvi formalardan kənar, kvirləşmiş hallarda, həm də onun hegemonik formasında göstərir. Svastika formasında narkotik maddədən istifadə həm də müasir Ukraynada ifrat millətçiliyin qəribə formasını təsvir edir.qeyd etdiyim kimi, Kiyevdə sağçılar da reyvlərə getməyi sevirlər. 

İşıqlı Propaqanda

Ölçüləri kiçik olan Voloşın qalereyasında rəssam Katerina Lısovenkonun (Катерина Лисовенко) “Dünyamın işığının propaqandası” (Пропаганда світу моєї мрії) sərgisinin feminist mesajı aydın sezilirdi. Lısovenko öz sərgisində həm antik, həm də xristian miflərə əsaslanaraq, feminist və ekoloji utopiya canlandırır. Rəsmlərdə ibrahimi dinlərin əsasındaAdəm və Həvvanın cənnətdə yaşadığı harmonik həyatla bağlı  göndəriş-mesajları görmək olur. Ancaq həm ibrahimi dinlər, həm də antik dünya görüşü patriarxallığın legitimləşməsində rol oynayıb. Lısovenko bu mifləri gündəlik reallığa gətirir və təbiətə qarşı müstəmləkəçi yanaşmadan kənar, onunla harmoniyada yaşayan insanların  bərabərlik əsaslı  utopiyasını yaradır. Beləcə, o öz daxili utopik fantaziyasına əsaslanan, zorakılığın olmadığı emansipativ dünyanın propaqandasını aparır. 

Lısovenkonun sərgisində həm də günümüzdə nadir rastlanan art-manifest göstərilir. Manifesti oxuyanda sərginin feminist və ekoloji mesajı aydın şəkildə görünür:

Xəyallarımdakı dünyanın manifesti

Xəyallarımdakı dünyanın toxumları artıq mövcuddur, fantastik deyil.

Xəyallarımdakı dünyanın var olması  üçün hər şeyin sonsuz mənimsənməsinə son qoymaq lazımdır.

Xəyallarımdakı dünya ortaq bağdakı çiçəklərdən biridir, o, total şəkildə həyata keçirilə bilməz.

Xəyallarım dünyası üçün ağaclara ehtiyac var – onlar artıq var; xəyallarımdakı dünyaya rəngarənglik lazımdır – artıq mövcuddur; xəyallarımdakı dünyanın sevgiyə ehtiyacı var – artıq mövcuddur; xəyallarımın dünyası insan olmayanlara və insanlara ehtiyac duyur – onlar artıq mövcuddur; xəyallarımdakı dünyanın dənizə ehtiyacı var – o artıq mövcuddur.

Xəyallarımın dünyasında ağaclar, heyvanlar, heykəllər sərbəst olacaq, çünki insanlar azad olacaqlar, çünki onları məhv edəcək heç kim olmayacaq.

Xəyallarımın dünyasında əşyalar təhlükəli olmaqdan çıxacaq, onlar kəşf və ləzzət obyektləri olacaq. Xəyallarımın dünyası bir muzey kimidir.

Rəsm – dünyaya açıq mediadır, xəyallarımdakı dünyanı tanıtmaq üçün bir vasitədir.

İstənilən dil öz azadlığı üçün vasitə ola bilər.

Xəyallarımdakı dünyada sənətin muxtariyyəti qorunacaq.

Xəyallarımdakı dünya tamamlanmamış və həll olunmamışdır; orada deyilən və bilinməyən yox, əlçatmaz olanın varlığı üçün yer olacaq.

Ukrayna müasir incəsənətinin gələcək yolları

Ukraynada incəsənət  hər nə qədər korporativ dəstəkdən asılı qalsa da, maddi dəstək tapmayan bəzi radikal rəssamlar başqa ölkələrə köçsə də, buradakı sənət müxtəlif ideoloji mesajlar verməkdə azaddır. Tarix və milli kimlik ətrafında refleksiya daha çox ictimai, meynstrim incəsənətə xasdır, ancaq bu incəsənət nümunələri tənqidi mesajlar verməkdən və danışılmayan mövzuları dilə gətirməkdən çəkinmir.Yeni materialist, ekoloji və futurist incəsənət isə böyük sənət cameəsində hələ ki, marginal yer tutaraq,  kiçik sərgilər və müzakirə qrupları (mən olduğum zaman yeni materialist nəzəriyyəçi Karen Baradı müzakirə edirdilər) ilə məhdudlaşır. mən olduğum zaman yeni materialist nəzəriyyəçi Karen Baradı müzakirə edirdilər) ilə məhdudlaşır. Hər iki qeyri-akademik sənət növündə birbaşa dialoq müşahidə edilməsə də, gender kimlikləri və seksuallıq refleksiya obyektinə çevrilir.

Post-kolonial milli kimlik üzərində refleksiyanın uzunmüddətli şübhə doğurmasa da, zaman keçdikcə yeni, tarixə fiksasiya olunmamış, gələcəkdən ilham alan mövzuların də yayılacağını və hətta aralarında aqonistik (Mouffe 2013), yəni bərabər, plüralist və özgəsinə sayğı içərən konflikli münasibətlərin olacağını gözləmək olar. 


Istinadlar:

Səmədov, B. 2020. Post-sovet Məkanında Feminizmlər: İnkişaf və Həmrəylik Yolları, Femiskop

Mouffe, Ch. 2013. Agonistics: Thinking The World Politically. Verso.

Жеребкина, И., Жеребкин С. 2019. Киборг-национализм, или Украинский национализм в эпоху постнационализма. Алтея.


Bu məqalə USAID və Black Sea Trust-ın maliyyə dəstəyi göstərdiyi “Genderi Görünən Edək” layihəsi çərçivəsində hazırlanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *