İkinci Cins: Niyə üstünlük həyat bəxş edən qadına deyil, öldürən kişiyə verildi?

Xəyyam Namazov hazırda Humboldt Universiteti Berlində siyasi sosiologiya sahəsi üzrə doktorantura tədqiqat işi ilə məşğuldur. Bakalavr təhsilini Qafqaz Universitetində siyasi elmlər üzrə, magistratura təhsilini isə ODTÜ (Ankara) və Humboldt Universitetlərində ictimai-siyasi elmlər üzrə tamamlamışdır. MİL Şəbəkəsinin həm təsisçisidir. “Monoloq” romanı və iki tərcümə əsərinin müəllifidir.


Bu dünya hər zaman kişilərə məxsus olub və bu gerçəklik üçün göstərilən səbəblərdən heç biri heç vaxt qane etməyib (Beauvoir 2011, s. 73). 

Qadın haqqında onların özlərinə məxsus nə keçmişi, nə tarixi, nə də ki, dini var… deyir Beauvoir (2011, s. 8). Çünki tarix kitablarının böyük əksəriyyəti kişilərin qələmindən çıxıb. Orada arabir qadınlara yer verilsə də, bu, tarixin kişilərə məxsus olduğu gerçəkliyini təkzib etmir. Gəlin, indi  tarixi təzədən, amma bu dəfə Simone de Beauvoirın dilindən ekzistensialist fəlsəfənin işığında ibtidasından başlayaraq təkrar oxuyaq. 

Beauvoir İkinci Cins (1949) əsərinin beş fəsildən ibarət ikinci hissəsi olan “Tarix”də ibtidai icma quruluşundan başlayıb, 20-ci əsrə qədər davam edən tarixi prosesləri və qadının buradakı rolunu yenidən şərh edir. Bu məqalədə biz sadəcə ilkin dövrlə kifayətlənəcək, insanlığın ibtidai insan sürüləri formasında yaşadığı vaxtlardakı vəziyyətindən və qadın-kişi münasibətlərinin bu dövrdə qeyri-bərabər şəkildə formalaşmasının səbəblərindən, daha dəqiq, Beauvoir-ın təqdim etdiyi üç səbəbdən bəhs edəcəyik (Mohan 1997). 

Ilk öncə, Beauvoir-ın təhlillərinin aşağıdakı iddianın ətrafında cərəyan etdiyini nəzərə alaraq, gəlin, onu yenidən xatırlayaq: 

Biz artıq qəbul etmişik ki, əgər iki insan kateqoriyası üz-üzə gələrsə, onlardan hər biri digəri üzərində öz hökmranlığını tətbiq etmək istəyəcək. Hər ikisinin bu iddiaya bərabər şəkildə sahib olduğunu nəzərə alsaq, dostcasına və ya düşməncəsinə olmasından asılı olmayaraq qarşılıqlı münasibətin əsası qoyulacaq, amma hər zaman aralarında gərginlik hökm sürəcək. Əgər onlardan biri digəri üzərində hər hansı bir üstünlüyə malik olarsa, o zaman qarşı tərəfi məğlub edəcək və bu münasibəti zülmlə davam etdirməyə çalışacaq. (2011, s. 73)

Bu iddiaya əsaslanaraq belə qənaətə gəlmək olar ki, kişinin qadını öz hökmranlığı altına alma istəyinin eynisi qadında da var. Tarixin bu qaydada, kişilərin xeyrinə inkişaf etməsi heç də tək mümkün və “təbii” gedişat deyil. Hadisələr tamamilə fərqli inkişaf istiqamətində də irəliləyə bilər, qadınların hökümranlığı  qurula bilərdi. Amma belə olmadı. Sual yaranır ki,  niyə qadın yox, kişi hökmranlığı bərqərar oldu? Beauvoir-in dili ilə desək, tarixi kişilərin xeyrinə inkişaf etdirən o üstünlüklər, o fürsətlər hansılar idi? 

Qadının bədəni onu əlilliyə məhkum etdi

Kənd təsərrüfatının meydana gəlməsindən əvvəl, tarixə qədərki dövr adlandırdığımız, insanların köçəri ibtidai sürülər şəklində yaşadığı zamanlarda həyat, sadəcə, təhlükələrdən ibarət idi. Bu dövrdə insan öz inkişaf etməmiş alətləri ilə davamlı şəkildə vəhşi təbiətə qarşı həyatda qalma mübarizəsi aparırdı. Bu cür şərtlər altında kişinin fiziki qüvvə üstünlüyü sosial rol və məsuliyyətlərin onun xeyrinə formalaşmasında həlledici rol oynadı. 

İllustrasiya: Ana tanrıça Nəzakət Əzimli

Tarix qadının ağır yüklər daşıdığı, qanlı döyüş və qisas əməliyyatarında, hərbi səfərlərdə (Amazonlar kimi) iştirak etdiyi qəziyyələrlə dolu olsa da, ümumi şəkildə səciyyələndirəsi olsaq deməliyik ki, reproduksiya, qadının davamlı şəkildə hamilə qalması, doğum və aybaşı (qangörmə) onun qarşısında ciddi maneə idi. Qadın bədəninin xüsusiyyəti kimi orataya çıxan bu vəziyyət, onu zəruri istehsal prosesindən uzaqlaşdırmaqla yanaşı, özünün və uşaqlarının təhlükəsizlik və sağlamlığını qoruma məsələlərində də “əlsiz-ayaqsız” qoymuşdu. Əlillik, gücsüzlükacizlik onun həyatının bir parçasına çevrilmişdi. O, kişi tərəfindən təsis edilən müdafiəyə və kişi tərəfindən təmin edilən qidaya möhtac qalmışdı. Öz növbəsində, istehsal və reproduksiya arasındakı tarazlıq da ya kişinin məsuliyyəti altında həll edilir, ya da uşaq qətlləri, qurbanlardöyüşlər vasitəsiylə öz-özünə tənzimlənirdi (2011, s. 73-74). 

Qadın əsrlərlə özünü təkrarlayan həyatın əsirinə çevrildi 

İbtidai insanların dünya görüşü bizimkindən tamamilə fərqlənir. Onlarda nəsil qoyma, vərəsəlik, sahib olma, ərazi, daimilik, davamlılıq kimi anlayışların heç biri olmadığına görə uşaqları əlavə yük, bitib tükənməyən doğumları isə faydasız bezdirici hadisə kimi qavrayırdılar. Bu mənada, hamiləlik və uşağa qayğı ilə əlaqədar bütün hadisələr əlavə fəaliyyət və iş kimi görünmək əvəzinə, adi təbii funksiya kimi başa düşülür, buna görə də qadın üçün heç bir əlavə məna və iftixar hissi yaratmırdı. 

“… onlar heç bir layihəyə qatılmır, elə buna görə də qadın öz mövcudluğu üçün daha yüksək bir məna iddia edəcək heç bir əsas tapa bilmir. O, passiv şəkildə öz bioloji qismətinə boyun əyir. Ev işləri özlüyündə analıq vəzifələri ilə uyğun gəldiyinə görə, o ev işlərinə məhkum edilir ki,  bu da onu təkrarlar və immnanent [maneələrə ilişib qalma] içərisinə kilidləyir. Günbəgün, əsrbəəsr hadisələr oxşar bir şəkildə özünü təkrarlayır və yeni heç bir şey istehsal etmir.” (s. 75)

Hətta doğum və analığın həlledici rol oynadığı ən bərəkətli vaxtlarda belə, qadın  yüksək sosial status  əldə edə bilmədi. Halbuki, təbiətdə bir çox dişi heyvan balalama qabiliyyətinə görə özünün tam sərbəstliyinə nail olub. 

Kişi həyatını riskə ataraq “ali ləyaqət” əldə etdi

Homo Faber (emal edən insan) və ixtiraçı kimi kişi ibtidai sürülürdə fərqli bir tarixi inkişaf xətti yaşadı. Başlanğıcdan etibarən onun fəaliyyətləri təbii funksiya olaraq deyil, layihə olaraq qəbul edildi. Bununla o “öz heyvani vəziyyətini aşıb keçirdi”. Balıqçılıq, ovçuluq, mübharibələr onun üçün vasitəyə çevrilmişdi. Bunlarla “o, qarşısına məqsədlər və layihələr qoyur: özünü bir varlıq tək reallaşdırır. Davamlılığı üçün yaradır. İndiki zamandan dolub daşır, gələcəyə yol açırdı. … kişi insanlığını bu fəaliyyətlər daxilində tanıdı” (Beauvoir, 2011, s. 75)

Ən vacib məqam, budur ki, onun vəhşi təbiətə və heyvanlara qarşı fəaliyyətləri qanla və həyati təhlükələrlə dolu idi. Amma ona “ali ləyaqət” qazandıran da elə həyatını riskə atmağı oldu. Müharibələr və ovlar vasitəsilə kişi ardıcıl şəkildə sübut edir ki, “həyat onun üçün ali dəyər deyil, amma o özündən daha böyük məqsədlərə qulluq etməldir” (2011, s. 76). Beauvoir qadının qanlı döyüşlərdən belə çıxdaş edilməsini, onu “ən pis lənəti” adlandırır. 

Həyat bəxş etməklə deyil, həyatını riskə atmaqla kişi özünü heyvandan yuxarı səviyyəyə qaldırdı. Elə buna görədir ki, insanlıq tarixi zamanı üstünlük həyat bəxş edən cinsə deyil, öldürən cinsə verildi (Beauvoir, 2011, s. 76).

Bioloji növ sağ qalmaq üçün həyatı fərqli formalarda təkrar etməli, özünü yaratmalı və yenidən yaratmalıdır. “Analıq qadını heyvan tək öz bədəninə pərçimlədiyi halda, əmək alətlərinin kəşfi ilə həyatın davam etdirilməsi kişi üçün fəaliyyət və layihəyə çevrildi” (s. 77). O bunların vasitəsiylə dəyər yaratdı və ondan varlıq təsis etdi, həyatın təkrarlanmasına qarşı çıxdı, “Varlıqla Həyatı aşıb keçdi”.  Bütün bunları edərkən, kişi “Təbiəti və Qadını öz əsarəti altına saldı” (ss. 76-77). 

Bu yerdə, Beauvoir Hegelin Ağa və Kölə dialektikasını istifdə edərək, onu tarix öncəsi və sonrası zamanda qadın-kişi münasibətlərinə tətbiq edir. Hegelin təsvirindəki ağa, “ruhun (canın) həyat üzərindəki təsdiqi” ilə öz üstünlüyünü qazandığı kimi kişi də həmçinin həyatını riskə atamqla bu əzəməti əldə edir. Qadın isə “özgə” kimi, “ikinci cins” kimi, asılı zehniyyətə çevrilir. O, kişinin yaratdığı dəyərlərdən asılı qalır. Qadın kişinin açdığı yolla irəliləyir. O, heç vaxt kişi dəyərlərinə qarşı qadın dəyərləri yaratmır. Bu mənada, qadın-kişi bölgüsü kişinin kəşfidir. Bununla o, qadını “öz dişi yerinə” qapayır, onu immanentə məhkum edir. Bu gün qadınların istədiyi  həyata və kişiyə tabe olmadan, “varlıq kimi” təsdiq olunmaqdır (ss. 76-77). 

Nəticə olaraq, Beauvoir kişi üstünlüyünün mənşəyini tarix öncəsi dövrdəki üç əsas səbəblə izah edir: qadının məhdudlaşdırıcı reproduksiya “funksiyası”, qadının əbədi təkrarlanan ev işlərinə məhkum edilməsi və kişinin “ali layaqət” qazandıran təhlükəli fəaliyyətləri (Mohan 1997, s. 123). Tarix bu mərhələdən etibarən, kişinin bu üstünlüyünü qoruması və mövqeyini möhkəmləndirməsi xətti üzrə davam edəcəkdi. 

İstinadlar: 

Beauvoir, S. de. (2011). The Second Sex. (C. Borde and S. Malovany-Chevallier, trans.), Vintage Books, London.

Mahon, J. (1997). Existentialism, Feminism and Simone de Beauvoir. (Consultant Editor: Jo Campling, ed.), Macmillan Press LTD, London.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *