İkinci Cins: Biologiya qadın taleyi deyil

“Qadın nədir?” sualına Simone de Beauvoir (Simon de Bovuar) digərlərinin dili ilə belə cavab verir: qadın uşaqlıqdır, yumurtalıqdır, o dişidir. Kişi üçün bütün bunlar və “dişi” kəlməsi o qədər təhqiramiz səslənir ki, hətta məsum bir heyvanda belə bu cins alçaldıcı görünür, onda mənfi hisslər yaradır. Nəticədə, öz erkəkliyi ilə fəxr edən kişi bütün bu hisslərinə cavab tapmaq, onları əsaslandırmaq məqsədi ilə biologiyaya üz tutur, bu bərabərsizliyi izah etmək və özünü haqlı çıxarmaq üçün səbəblər axtarışına çıxır (Beauvoir, 2011, s. 21). 

“Bioloji Məlumatlar” fəslinə giriş

Bu məqalə bir çoxları üçün XX əsr feminizminin “müqəddəs kitabı” hesab olunan “İkinci Cins” əsərində yer almış “Bioloji Məlumatlar” fəslinin xülasəsinə həsr olunub. Bu hissədə Beauvoir qadın-kişi bərabərsizliyini müdafiə edən, ona haqq qazandıran bir çox essensialist arqumentlərə və ehkamlaşmış fikirlərə qarşı çıxır, biologiyanı insanın, o cümlədən, qadının mahiyyəti (essense), həyatının təyin edicisi, taleyi, alın yazısı kimi qəbul edən mahiyyətçi zehniyyətə qarşı öz ekzistensialist mövqeyini ortaya qoyur. Dişi olmağın qadın olmaqdakı təyinedici rolunu inkar edir: biologiya qadını anlamaq üçün əsaslar versə də, onun taleyini müəyyənləşdirmir. Azad subyekt özünə istədiyi kimi məna verə bilər. Bu ilk fəslin kitabdakı “Tale” bölməsi tərkibində təqdim edilməsi də təsadüfi deyil.  

Yazını fərqləndirən ən əsas xüsusiyyətlərdən biri Beauvoirın burada dövrünə aid empirik elmə – təkamül nəzəriyəsi, genetika, fiziologiya və inkişaf biologiyası kimi sahələrə müraciət etməsi və öz növbəsində fəlsəfi iddialarını bu biliklərə əsaslanaraq təqdim etməsidir (Peña-Guzmán, 2016). Belə ki, Beauvoir fəslin əvvəlində aşağıdakı suallara cavab axtardığını vurğulayır: “heyvanlar aləmində dişi olmaq nə deməkdir? qadında hansı fərdi  dişilik növü özünü göstərir?” (Beauvoir,2011, s. 21) və daha sonra öz iddialarını aşağıdakı istiqamətlərdə mərhələli şəkildə inkişaf etdirir. 

Sadəcə dişi və erkəklərdən ibarət təbiət təsəvvürünün inkarı

Beauvoir ilkin olaraq, “cinsi fərqləndirmə”ni, yəni cinslər arasında mütləq ikili bölgünü, bunun nəticəsi olaraq formalaşan, təbiətin sadəcə dişi və erkəkdən ibarət olması təsəvvürünü rədd edir. O, bu yanaşmanın, təbii hüququn bir hissəsi kimi homo sapiens də daxil olmaqla bütün heyvanlar aləminə aid edilməsinə (Peña-Guzmán, 2016) qarşı çıxır. Beauvoir bu bölgünün aydın olmadığını, o cümlədən, cinsi fərqləndirmənin “təbiətdə universal şəkildə yayılmadığını” söyləyir. Belə ki, çoxalmanın cinsi növü ilə yanaşı qeyri-cinsi növü də (hüceyrənin bölünməsi yolu ilə, o cümlədən erkəyin prosesdə rol almadığı və ya ikinci dərəcəli rolu olduğu hallar) mövcuddur. Bununla yanaşı, heterogenetik qametlərin (mayalanmada iştirak edən dişi və erkək cinsi hüceyrələr: yumurta hüceyrə və spermatozoid) mövcudluğu hələ sadəcə iki fərqli cinsin mövcud olduğu mənasına gəlmir. Çünki təbiətdə hər iki hüceyrənin daşıyıcısı olan hermafraditlər də mövcuddur. Nəticə etibarı ilə, Beauvoir təbiətin sadəcə dişi və erkəklərdən ibarət bölgüsünü şərti və ümumiləşdirilməməli bir hal olaraq qeyd edir (Beauvoir, 2011, ss. 21-23).

Buna əlavə olaraq, Beauvoir bu cür yanaşmanın fəlsəfədə ciddi mübahisələndirilmədən uzun illər qəbul edilməsinin və  bu düşüncənin Platondan Aristotelə, Tomas Akvinasa və Hegelə qədər davam etməsinin ontoloji bir zərurət kimi, yəni cinsi fərqləndirmənin insan varlığının mümkün olması üçün zəruri şərt kimi təqdim edilməsinə qarşı çıxır (ss. 22-23). O, iki ekzistensialist filosofun fikirlərindən istifadə edərək öz əks arqumentərini formalaşdırır: 

İlk olaraq, fransız filosof Maurice Merleau-Ponty-ın “Qavramanın Fenomenologiyası” əsərinə istinad edərək iddia edir ki, mövcud olmaq üçün zəruri olan ilk şərt bədənə sahib olmağımızdır. “Bədənimiz bu dünyanın həm nəsnəsi, həm də onun haqqında bir baxışdır”, yəni qavrayışımızın həm subyekti, həm də obeyktidir. Və ən əsası, bədənimizin var olmaq üçün “bu və ya digər xüsusi bir quruluşa ehtiyacı yoxdur”, yəni qavrama və mövcud olma üçün cinsi xüsusiyyətə malik olmaq şərt deyildir (s. 24).

İkinci olaraq, çoxalma funksiyası insan irqinin davamlılığı üçün əsas səbəb kimi göstərilə və bunu nəticəsi olaraq, cinsi fərqlənmə çoxalmanın tərkib hissəsi olaraq zəruri bir hal kimi təqdim edilə bilər. Amma Beauvoir bu məntiqi ardıcıllıqda çoxalma funksiyasının üzərində dayanmalı olduğumuzu söyləyir. Belə ki, çoxalma insan irqinin davamlılığı üçün zəruri şərtdir, amma cinsi bölgü deyil. Qeyri-cinsi vasitələrlə çoxalmanı təsəvvür etmək bunu anlamaq üçün bəs edir (s. 24). Nəticə olaraq, ümumiləşdirsək cinsi bölgünü izah edərkən “nə ontoloji, nə də ki, empirik əsaslar priori kimi qəbul edilə bilməz” (s. 26).

Bioloji bilik üzərindəki patriarxal kölgə

Patriarxal münasibətlərin ortaya çıxması ilə kişi öz hegomonluğunu elan etmiş oldu. Fəlsəfədən elmə qədər bir çox sahələrdə cinslərin iyerarxiyası gözlənti halına gəldi. Dişi aşağı, passiv bir cinsə, erkək isə həyatın və aid olduğu növün davamlılığını təmin edən mərkəzə çevrildi. Bu düşüncə tərzi biologiyadan da yan keçmir: belə ki, bir çox bioloqlar spermatozoidin yumurta hüceyrə üzərindəki üstünlüyünü dönə-dönə vurğulamış və bunun təbliğatçısına çevriliri. 

Beauvoir biologiya sahəsindəki bu cür iddiaların patriarxal qərəzə söykəndiyini, öz əsasını Aristotelin forma və maddə bölgüsündən aldığını bildirir və bu cür yanaşmanı qəti şəkildə inkar edir:  “Heç bir qamet digəri üzərində üstünlüyə malik deyil Hər ikisi özlərini qurban verirlər… Hər ikisi eyni rola malikdir. Onlar, içərisində özlərini sərf etdikləri və onları aşıb keçən canlı bir varlığı birlikdə  yaradırlar” (ss. 27-29). Bunlardan hər hansı birinin digəri üzərində üstünlüyünü sübut etmə cəhdi, sadəcə olaraq ideoloji düşüncənin bioloji bilik üzərindəki kölgəsi olardı. 

Buna əlavə olaraq, Beauvoir qeyd edir ki, cinsi hüceyrələrin binar xüsusiyyətini yaranacaq orqanizmin cinsi xüsusiyyətləriylə ilə eyniləşdirmək olmaz. Bununla orqanizmlərin cinsi kateqoriyalarının ikili deyil, çox yönlü olduğunu vurğulayır (Peña-Guzmán, 2016). Ümumiyyətlə, cinsi hüceyrədən orqanizmə, “yumurta hüceyrədən qadına qədərki yol çox uzundur” (Beauvoir, 2011, ss. 29-31).

Beauvoirın digər tənqidi fikri psixo-fiziologiyanın metod və gəldiyi nəticələri ilə əlaqədardır. Psixo-fiziyoloji paralellik dişi və erkək orqanizm arasında riyazi müqayisələr aparmaqla fərdlərin fiziki qabiliyyətlərini ölçməyə cəhd edir, bununla da hansı cinsin üstün olduğunu irəli sürür. Beauvoir bu tip üstünlük kriterilərin yanlış olduğunu vurğulayır. Ona görə, dişi və erkək sadəcə insan perspektivi baxımından müqayisə edilə bilər,  əldə olunan nəticələr isə insan qurğusu kimi dəyərləndirilməlidir  (ss. 45-46).

“Heyvanlar aləmində əmrləri erkək verir”

Canlılar aləmini təsnif edərkən Beauvoir özünə məxsus bir məntiqdən istifadə edərək aşağıdan yuxarıya doğru uzanan heyvan pillələrindən bəhs edir və iddia edir ki, yuxarı, yəni bəsit orqanizmlərdən mürəkkəb orqanizmlərə doğru qalxdıqca həyat fərdiləşir, fərd təbiətin onu vadar etdiyi zərurətlərdən azad olur. Belə ki,  qərar tutmuş bəsit orqanizmlər həyatlarını aid olduqları növün davamlılığına və onun qorunmasına həsr edirlər, həyat enerjiləri tamamilə çoxalma funksiyası üzərində cəmləşir. Beləliklə, erkək və dişi orqanizmlər birgə aid olduqları növün köləsinə çevrilirlər (ss. 31-33). Yuxarıdakı daha mürəkkəb orqanizmlərdə isə fərdi özünə məxsusluq əsas xüsusiyyətə çevrilir. 

Beauvoir buna başqa bir prinsip də əlavə edir. Mürəkkəb orqanizmlərdə, o cümlədən məməlilərdə erkək və dişilərin rol bölgüsündə ciddi fərqliliklər müşahidə olunur. Belə ki, burada dişilərin bütün həyatı öz növünün mühafizəsi və davamlılığına həsr olunur, onun həyatı bu xidmətə uyğunlaşır və bu prinsiplə təyin edilir. Dişinin həyatı növün çoxalması və qorunması üçün qurbana çevrilir və cinsi dövrələrə təhkim olunur (s. 35). 

Erkəklərdə isə vəziyyət fərqlidir. O müstəqildir, fərdiləşib, – öz növünü aşıb keçib, özünü təbiətdən ayıraraq təsdiq edə bilib. Növ dişinin fərdi həyatını öz içinə çəkib onu həll edirsə, əksinə erkək üçün fərdi xüsusiyyətlər qazandırır. Dişilərdə analıq həyatın əsas prinsipinə çevrildiyi halda, erkəklərdə demək olar ki, heç bir atalıq instinkti müşahidə olunmur. Dişilər özlərinə qarşı yadlaşdığı halda, erkəklər növ daxilində fərdiləşir, güclənir: “Heyvanlar aləmində əmrləri erkək verir!” (ss. 35-38)

Qadın bədəni: insan irqi ilə fərd arasındakı savaş meydanı

Bütün bunların fonunda Beauvoir məməlilərin ən mürəkkəbi olan insanın cinsi rol bölgüsü haqqında danışarkən, kişi (erkək insan) və qadının (dişi insan) bioloji vəziyyətini qarşı-qarşıya qoyur. O, kişini öz bədəni ilə barışıq, qadını isə daim münaqişə içərisində təqdim edir:“Kişinin qadınla müqayisədə inkişafı xeyli sadədir. Daha imtiyazlıdır; Cinsiyyət orqanı onun şəxsi varlığına maneə yaratmır; Kişi adətən böhransız və qəzasız mövcud olur; Cinsi həyatı onun fərdi var olması ilə vəhdəd təşkil edir: Kişi öz bədənidir” (ss. 39-44). 

Beauvoir qadın bədənini izah edərkən, öncə onu öz növünün köləsinə çevrilmiş digər dişi mürəkkəb canlılarla müqayisə etdir və qadın özünəməxsusluğunu belə izah edir: “qadın öz taleyini ən dramatik şəkildə yaşayan, özünü erkəyindən ən ciddi şəkildə ayıran, ən çox fərdiləşmiş, bununla yanaşı həm də ən kövrək olan dişidir” (ibid,s. 39). Elə bu yüksək şəkildə inkişaf etmiş fərdiyyətçiliyin nəticəsi olaraq “qadın bədəni növün xüsusiyyətlərinin öz bədəninə daxil olmasını döyüşsüz qəbul etmir” (ibid, s. 40). Bu mənada, qadın bədəni insan irqi ilə fərd, təbiət ilə fərdiyyətçilik arasındakı savaş meydanıdır. Bu mübarizə onun bədənini qeyri-sabit hala gətirir, onu zəiflədir və onun üçün həyati təhlükələr yaradır. Qadın digər dişilərlə müqayisədə daha həssas və qırılqandır; mövzu kişilərlə müqayisəyə gəldikdə isə “qadın kişi qədər ömür sürsə də, adətən xəstə və naxoş şəkildə yaşayır” (ibid,s. 44).

Beauvoir bu iddiasını izah etmək üçün qadının cinsi inkişafını və bədənini uşaqlığından etibarən mərhələli şəkildə izah edir: aybaşını (qangörmə) sonu olmayan aylıq “lənət” (anqlo-sakson mədəniyyətinə aid bu ifadəni təkrarlayır); hamiləliyi qadına müəyyən fizioloji üstünlüklər qazandırsa da fəlakət (ibid,s. 42); doğumu əzablı və təhlükəli (ibid, s. 43); əmizdirməni əziyyətli qulluq növü (ibid, s. 43) kimi təqdim edir. Və nəhayət, menopauzanı  (klimaks) qadının öz növünə, insan irqinə qulluqdan azad olduğu mərhələ kimi təsiv edir. Burada yaşlanmış qadın “üçüncü cins”ə, yəni nə erkək, nə də dişi olduğu, bunların fövqündə başqa bir cinsi mərhələyə doğru ilk addımını atır. Bu mərhələdə qadın heç vaxt olmadığı qədər sağlam, tarazlıqda və rahatlıqda olur (ibid,s. 43). 

Qadın bədəni ilə əlaqədar bütün bu xüsusiyyətləri göstərdikdən sonra Beauvoir öz qənaitini bir daha yada salır: “qadın digər dişi məməlilərin ən dərin özgələşəni, eyni zamanda bu özgələşməni ən şiddətli şəkildə inkar edənidir. Digər heç bir dişidə orqanizmin çoxalma funksiyasına itaəti qadındakı qədər ifrat deyildir, eyni zamanda heç birində bu funksiya qadındakı qədər böyük çətinliklərlə qəbul edilmir” (ibid, s. 44). 

Qeyd edim ki, Beauvoirın qadın bədəni ilə əlaqəli yuxarıdakı təsvirləri bir çoxları tərəfindən sərt tənqidə tuş gəlmişdir (Groenhout, 2017). Belə ki, o, “qadın bədəninə qarşı mizoqinist dəyərləndirmədən” və öz “essensializmindən” qurtula bilməməkdə ittiham edilmişdir (Gatens, 2003).

Bioloji əsaslara ekzistensialist baxış: təbiət/cəmiyyət və cins/gender haçalanması 

Qadın bədəni haqqındakı bioloji məlumatların mənasını Beauvoir fəslin sonunda bu cür açmağa başlayır: İlk olaraq, bədən dünyanı tutub durma (yapışma), orada mövcud olma alətimizdir. Onu necə tutmağımızdan asılı olaraq elə o cür də görəcəyik. Buna görə də bioloji məlumatları dəqiq tədqiq etmək vacibdir (Beauvoir, 2011). Və davam edir: 

“Qadın [bədəni] kişidən zəifdir, əzələ gücü daha azdır, daha az qırmızı qan hüceyrələrinə malikdir, tənəffüs qabiliyyəti daha zəifdir, qaçış sürəti daha aşağıdır, daha yüngül ağırlıqlar qaldıra bilir. Kişi ilə yarışa biləcəyi heç bir xüsusi idman növü yoxdur. Kişi ilə döyüşə girə bilməz… Belə ki, onun dünyanı tutması xeyli məhduddur… Onun fərdi həyatı kişininki qədər zəngin deyil.  Bu dəlillərin heç biri inkar edilə bilməz. Amma bütün bu [bioloji] məlumatlar mənalarını heç də öz daxilində daşımırlar” (ibid,s. 46-47). Yəni, insanlar özləri onlara məna verirlər. 

O, bu məlumatlara qadının mahiyyəti kimi (essensialist) baxmaqdan uzaq durur: “təbiətin qadın üçün dəyişməz bir tale yaratdığını inkar edirik. Bu cinsi iyrerarxiya üçün təməl qurmağa bəs etmir… qadını həmişəlik asılı rola məhkum etmir” (ibid, s. 44-45). O, bütün bu məlumatları ekzistensialist bir baxış bucağı ilə yenidən insan prespektivi çərçivəsində izah edir. Bu zaman, biologiya abstrakta çevrilir, onun mənası vəziyyətə uyğun olaraq nisbiləşir. “Zəiflik” müəyyən məqsədlər və dəyərlər qarşısında ortaya çıxır. Əgər mürəkkəb orqanizmlərdə dişinin öz növündən, çoxalma funskiyasından asılılığı qəti şəkildə müəyyən edilibsə, qadınlarda bunun necə olacağına cəmiyyət qərar verir. Belə ki, “qadın sabit bir reallıq yox, var olma prosesidir”, o baş verir. Bu mənada onun haqqında hər hansı bir anlayışı izah edərkən ekzistensialist, iqtisadi və ictimai dəyərlərə əsaslanan istinad nöqtələrini göstərmək vacibdir (ibid, s. 46-47). 

Beləliklə, Beaovier qadını digər dişilərdən ayıraraq, onu cəmiyyət daxilində analiz edir. Təbiətdən determinist asılılığı inkar edərək təbiət/cəmiyyət haçalanmasını xüsusi şəkildə vurğulayır:“cəmiyyət növ demək deyil. İnsan irqi özünü cəmiyyət daxilindəki varlığı ilə reallaşdırır. O öz hüdudlarını dünyaya və gələcəyə doğru aşıb keçir. Onun adət-ənənələri biologiyaya əsaslana bilməz. Fərdlər heç vaxt öz bioloji təbiətlərinə tərk edilmirlər. Onlar ikinci təbiətə yəni insan ehtiras və qorxularının öz ontoloji davranışını ifadə etdiyi adət-ənənəyə tabe olurlar. Bu bioloji bədəndən daha çox tabu və hüquqlara tabe edilmiş ictimai bədəndir. Subeykt bununla şüur qazanır və özünü təsdiq edir. O, müəyyən dəyərlər vasitəsi ilə öz qiymətini müəyyənləşdirir. Və bir daha qeyd  edirəm, fiziologiya dəyər yarada bilməz” (ibid, s. 48). 

Bütün bunların fonunda, qadının cəmiyyət içərisində öz dişi xüsusiyyətinin fövqündə subyekt kimi duruşu sosial bir kateqoriya kimi başa düşülmüşdür. Bioloji varlığının xaricində özünü istədiyi kimi dəyərləndirib məna qatma bacarığı, o cümlədən qadının  var olma halı deyil, var olma prosesi kimi təqdim edilməsi qadının gender kateqorisyası kimi dəyərləndirilməsinə yol açmışdır. Təkzib edənlər olsa da, (Gatens, 2003; Sandford, 1999), bir çoxları üçün Simone de Beauvoir feminist ədəbiyyatda cins/gender haçalanmasının əsasını qoyan öncüllərdən hesab olunur (Butler, 1986; Groenhout, 2017). Sonda Beauvoir bizlərə bioloji bədənin qadını təsvir etməkdə kifayət etmədiyini, biologiyanın tək başına suallarımıza cavab verə bilməyəcəyini bir daha xatırladır (Beauvoir, 2011). 

Son olaraq

Bu məqalədə Simone de Beauvoirın “İkinci Cins” əsərində yer almış “Bioloji Məlumatlar” fəslində ortaya atdığı bəhsləri bir-bir gözdən keçirtdik, onun mülahizələrinin kiçik bir təsnifatını apardıq. Belə ki, o ilk əvvəl sadəcə dişi və erkəklərdən ibarət təbiət təsəvvürünü inkar edir, təbii hüquqa əsaslanan və  digər ontoloji arqumentləri təkzib edir. Sonra, əsrlərlə bioloji bilik üzərində formalaşan və dövrümüzə qədər gəlib çıxmış ideoloji baxışı və patriarxal düşüncəni tənqid edir. Daha sonra canlılar aləmində sadədən mürəkkəbə doğru orqanizmlərin təbiətlə münasibətini,  cinslər arası münasibətləri təhlil edir. Və ən sonda isə insanı, öz növbəsində, qadını digər dişilərdən ayırır. Onu sadəcə bioloji varlıq deyil, eyni zamanda ictimai varlıq kimi təqdim edir, qadının mövcudluğunda biologiyanın təyinedici rolunu inkar edir. 

İstinadlar: 

Beauvoir, S. de. 2011. The Second Sex. C. Borde and S. Malovany-Chevallier, trans., Vintage Books, London.

Butler, J. 1986. “Sex and Gender in Simone de Beauvoir’s Second Sex.” Simone De Beauvoir: Witness to a Century, Yale University Press, 35–49.

Gatens, M. 2003. “Beauvoir and biology: a second look.” The Cambridge Companion to Simone de Beauvoir, Cambridge Companions to Philosophy, C. Card, ed., Cambridge University Press, Cambridge, 266–285.

Groenhout, R. 2017. “Beauvoir and the Biological Body.” A Companion to Simone de Beauvoir, Blackwell Companions to Philosophy, L. Hengehold and N. Bauer, eds., John Wiley & Sons Ltd, 71–86.

Peña-Guzmán, D. 2016. “Beauvoir’s Reading of Biology in The Second Sex.” Journal of French and Francophone Philosophy – Revue de la philosophie française et de langue française, 24(2), 259–285.

Sandford, S. 1999. “Contingent ontologies – Sex, gender and ‘woman’ in Simone de Beauvoir and Judith Butler.” Radical Philosophy, 97.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *