Femiskop “Genderi Görünən Edək” adlı yeni layihə elan edir

COVID-19 pandemiyası ilə birgə üz maskaları, dezinfeksiya üçün məhlullar, vaksinlə bağlı proqnozlar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Pandemiyanın ən çox gözəçarpan tərəfləri bunlar olsa da, bu dövr həm də bir çox sosial, iqtisadi və idarəçilik problemlərini də qabartdı. Bir çox feministlər hesab edir ki, bu dövr mübarizəmizdə ən zəif olduğumuz və illər ərzində apardığımız fəaliyyətə baxmayaraq həllinə doğru çox az məsafə qət etdiyimiz məsələləri bizə göstərdi. Bundan öncə baş vermiş digər pandemiyalar və epidemiyalar ərzində də həssas qrupların bir çox ölkələrdə daha çox zərər görməsi bilinən bir fakt olsa da, gender meynstriminqi hələ də post-pandemiya dövründə siyasətin əsaslı bir hissəsinə çevrilməmişdir. Bu məsələləri daha dərindən araşdırıb, ümümi vəziyyəti daha yaxşı anlayıb, mövcud problemlərin həll yollarını tapmaq üçün USAID və Black Sea Trust-la birgə “Genderi Görünən Edək” araşdırma, yazı və vəkillik layihəsi ətrafında əməkdaşlıq edirik. Layihə çərçivəsində fərqli müəlliflər və ekspertlərlə birgə aşağıdaki mövzular üzrə araşdırmalar aparılacaq, uyğun nəzəri məqalələr tərcümə olunacaq və gender meynstriminqi üçün Azərbaycan dilində kitabça yazılacaq. Araşdırmalar həm sahə işi, müsahibələr, case study və nəzəri təhlildən ibarət olacaqlar. Hal-hazırda bu araşdırma ərzində bizimlə həm sahədə işləmək istəyən həm də aşağıdakı mövzülar üzərinə yazmaq istəyən müəlliflər editor.femiskop@gmail.com emaili üzərindən və ya bu formu dolduraraq bizimlə əlaqəyə keçib maraqlındıqları sahə və işləmək istədikləri mövzu ilə bağlı xəbər verə bilərlər.

Post-pandemiya dövründə şəhər: Pandemiya dünyanın bir çox şəhərində ictimai yerlərdə və küçələrdə bir sıra təcrübələr və dəyişikliklər üçün imkan yaratdı. Qlobal fövqəladə vəziyyət, şəhər məkanında inklyuzivlik və fərqli qrupların təmsilçiliyi məsələsini gündəmə gətirdi. Baxmayaraq ki, Bakı ya da Azərbaycanın digər şəhərlərində bu vəziyyətdən uzunmüddətli və bahalı həlləri test etmək üçün istifadə olunmasa da, bir çox digər ölkələrdə maraqlı mübahisələr və fərqli təcrübələr həyata keçirilib. Bu bölmə şəhər planlamasında ümumiyyətcə feminist yanaşmalar və tətbiqləri  nəzərdən keçirəcək, pandemiya vaxtı həyata keçirilən təcrübələrin Azərbaycan kontekstində təkrarlana bilməsini qiymətləndirəcəkdir.

Format və metodlar: vəziyyət araşdırmaları, istinad seçmələri, müşahidələr və siyasət təklifləri

Əmək və iqtisadi güc- kəndli qadınlar: Bu mövzuya aid məqalələr kənd qadınlarını iqtisadi və sosial güc qazanmalarını dəstəkləyən mövcud siyasətlərin təhlilinə həsr olunacaqdır. Niyə kənd qadınları əməyin əsas yükünü daşımalarına baxmayaraq xidmətlərə əlçatanlıqları azdır və kəndin iqtisadi həyatında daha az iştirak edirlər? kənd əməyindəki bu boşluğu aradan qaldırmağın yollarını araşdırarkən, xüsusi ilə kollektiv sahibkarlıq mirasının da bu məsələdə oynadığı rol araşdırılacaqdır. 

Format və metodlar: siyasət təhlili, müsahibələr, siyasət təklifləri, sahə araşdırması, verilənlərin toplanması

Post-pandemiya dövründə iqlim ədaləti: 

Bu pandemiyadan “sağalma” prosesi iqtisadi sistem və təbii dünya ilə münasibətlərimizi yenidən formalaşdırmaq üçün böyük bir fürsətdir. Ekoloji ədalət məqalələri ən kasıb və ən çirkli olan həssas cəmiyyətləri müəyyənləşdirməklə iqlim dəyişikliyi üzrə olan siyasətlərin onlara təsirini araşdıracaq. Bundan əlavə məqalələr su çatışmazlığı aktual bir problemləri də incələyəcək. Mövcud vəziyyət necədir? Kür çayı quraqlığının feminist perspektivdən təsirləri, sağlamlıq və uzunmüddətli iqtisadi rifaha vurduğu zərbə nə qədər güclüdür? Bu problemlər üçün icma və təbiətə əsaslanan həll yolları nə ola bilər? 

Format və metodlar: təhlil, sahələrinin tədqiqi, nəzəri araşdırma, istinad vəziyyətləri və siyasət təklifləri

Ailədaxili Şiddət: pandemiya dövründəki çətinliklər və siyasət

Pandemiyanın ən dəhşətli təhdidlərindən biri məişət zorakılığının baş qaldırması, sığınacaq çatışmazlığı, yardıma olan əlçatanlığın məhdudlaşdırılması və polisin bir çox halda məişət zorakılığı hallarına adekvat cavab verə bilməməsidir. Bəzi hallarda şiddət fiziki olsa da, əksər hallarda  psixoloji və digər zorakılıq formaları qapanıq ev şəraitində daha tez-tez baş verirdi. Bu bölmə yerli məişət zorakılığı hadisələrini, onların necə həll edildiyini araşdırmağa, sığınacaqlarda vəziyyətin nə olduğunu müəyyənləşdirməyə və mümkün həll yollarını göstərməyə çalışacaqdır. 

Format və metodlar: müsahibələr, hekayələr, iş nümunələri, istinadlar, verilənlərin toplanması

Siyasət tərtibində qadınlar və siyasətdə gender meynstriminqi: Azərbaycanda genderlərə həssas siyasət tərtibi məsələsi problem olaraq qalır. Qadınların və LGBTQI + -in qərar qəbuledici orqanlardakı təmsilçiliyi ya çox kiçik, ya da ümumiyyətlə mövcud deyil. Bu bölmədə cinsiyyətə həssas siyasət tərtibinin nə olduğunu, gender meynstriminqin yayılmasını necə təşviq edə biləcəyimizi, siyasi partiyaların və seçki institutlarının öz gündəmini necə qurmalı olduqlarını araşdırılacaq. Məqalələr, eyni zamanda qərar qəbuletmə rollarında olan qadınların və LGBTQİ + fərdlərinin digər ölkələrdə dəyişikliyə təkan verə bilmə qabiliyətlərini və məhdudiyyətlərinin nədən ibarət olduğunu öyrənə bilər.  

Format və metodlar: müqayisəli tədqiqatlar, nəzəriyyə, kontekst təhlili, müsahibələr və hadisələr 

Təhsil: siyasət, təcrübə və pandemiya dövründə əlçatanlıq Azərbaycan və ən çox Avropa hökumətləri tərəfindən həyata keçirilən pandemiya və karantin tədbirləri qadınlara xüsusilə ağır təsir göstərdi. Təhsil işçilərinin 73% -i qadınlardır, pandemiya zamanı onların bir çoxu həm onlayn təhsilə keçidi həm də ödənişsiz qayğı işlərini üstlənmişdirlər. Bundan əlavə onlayn təhsil qızlar üçün (xüsusən kənd yerlərində) daha az əlçatan idi- onların bir çoxunun evdə kompyuter və interneti olmadıqda internet klublara getmələrinə icazə verilmirdi, bəzi ailələrdə kompyuter sayı az olduqda prioritet oğlanların təhsilinə verilirdi. Bu hadisələrin baş verdiyi haqda xəbərlər yayılsa da məsələ indiyədək ətraflı araşdırılmamışdır. Elə bu səbəbdən bu bölmə Azərbaycan üçün ödənişsiz qayğı işləri və təhsilə çıxış məsələlərini həll etmək üçün ən yaxşı siyasət həllərini və yerlərdə təhsillə bağlı vəziyyəti araşdıracaq.

Format və metodlar: vəziyyət təhlili, müqayisəli siyasət təhlili, siyasət təklifləri, kiçik sorğu, verilənlərin toplanması

Sənət: pandemiya dövründən hekayələr və təcrübələr Bu bölmə qadınların və LGBTQI + sənətçilərinin yaradıcılığı və məhsuldarlığı üçün pandemiyanın təsirlərini, yaxud bu dövrdə işlərinin əsasən hansı mövzulara fokuslandığını araşdırmağı hədəfləyir. Bölmədəki yazılar sənətçilərin post-pandemiya dövrü ilə bağlı duyğularını, öz işlərini necə təsəvvür etdiklərini və ümümilikdə məsələyə necə yanaşdıqlarını araşdıra bilər. 

Format və metodlar: müsahibələr, verilənlərin toplanması, masa-arxası araşdırma, vizual esselər

İctimai təşəbbüslər: Mövzu üzrə məqalələr Azərbaycanda və digər postsovet ölkələrində pandemiya zamanında baş vermiş ictimai təşəbbüsləri, onların fokusunun nə olduğunu araşdıracaqdır. Bundan əlavə həm də pandemiya dövrünün post-sovet məkanında ictimai fəallara və onların işlərinə necə təsir etdiyini anlamağa çalışacağıq. Pandemiya dövründə yaranmış çətinlikləri nəzərə alaraq təşəbbüslərin post-pandemiya dövrü üçün əsas gündəliklərinin nə olduğu ilə bağlı məqalələr bu bölmənin maraq dairəsindədir. 

Format və metodlar:  reportajlar, sosial media icmalı, müqayisəli diskurs təhlili, müsahibələr

İnanırıq ki, bu mövzular ətrafında düşünmək, yazmaq və araşdırmalar aparmaq həm pandemiya dövründə baş verənləri, həm də bundan sonra gender və sosial ədalət prinsiplərini necə ictimai fəallıq, siyasət tərtibi və gündəlik həyatımızın bir hissəsi edə biləcəyimizi anlamağımıza daha yaxşı kömək olacaq. Siz də bu araşdırma işinin bir hissəsi olmaq istəyirsinizsə bu formu doldurub bizimlə edə biləcəklərinizi və fikirlərinizi paylaşa bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *