Eynicinsli Seksual Aktlar və Homoseksuallıq: Diskursiv Fərqlər

Vahid Əliyev LGBTİQ+ hüquq müdafiəçisi və ILGA Avropanın ekspertlərindəndir. Hal-hazırda Londonda Goldsmiths Universitetində Queer Tarixi üzrə magistr təhsili alır. Sərbəst tərcüməçi və tədqiqatçıdır. OC Media, Caucasus Edition, Minority Azərbaycan və bir çox digər təşkilat və qurumlarla əməkdaşlıq edir. İşinin əsas istiqaməti queer nəzəriyyəsi və tarixi, queer feminizmi və formalaşan LGBTİQ+ icmalar və qloballaşma ilə kapitalizmin bu prosesdə rolu ilə bağlıdır. Seksuallıq və gender, queer tarixi və nəzəriyyələri, sosiologiya və siyasəti ilə əlaqədar müxtəlif növ tədqiqatlarla məşğul olan “Mavi” fikir dərnəyinin təsisçisidir.


Giriş 

Uzun illərdir ki, seksuallıq haqqında bir-birini inkar edən müzakirələr hələ də davam edir. Tərəflərdən biri – essensializm homoseksuallığın doğuşdan gələn insani xüsusiyyət, psixoloji, bioloji və genetik faktorlardan asılı olduğunu, post-strukturalizm isə homoseksuallığın sosial və mədəni faktorlardan, eləcə də ətraf mühitdən asılı olduğunu iddia edir. 

Homoseksuallıq hal deyil

Homoseksuallğın bir hal – yəni doğuşdan yaranmış, “dərin köklü”, və ya ən azından insanın xasiyyətinə əsaslanan bir hal kimi konsepsiya halına gətirilməsi onun səbəblərinin öyrənilməsi ehtiyacından doğmuşdur. Yəni müxtəlif tədqiqatçılar, xüsusən, psixoterapiya və psixoanaliz sahələrini tədqiq edənlər homoseksuallığın səbəblərini öyrənərkən onu bir hal kimi öyrənməyə çalışıblar. Hazırda da, bu halın anadangəlmə və ya qazanılmış, yəni uşaq vaxtı bir insanın yaşadığı travma, zorlanma və s. nəticəsində sonradan qazanılmış bir hal olması barədə çoxlu müzakirələr var. Mary McIntosh qeyd edir ki, bu tip araşdırmaların ilkin mərhələsində tədqiqatçılar adətən, üzərində işləmək və araşdırmaq üçün “homoseksual” nümunəsi axtarışına çıxırdı.1 Məsələn, əgər araşdırmanın mövzusu şəkərli diabet xəstəliyi idisə, onda diabet xəstələri nümunə olaraq axtarılırdı (McIntosh, 1968). Bunun üçün isə təbii ki, əvvəlcədən diaqnoz qoyulmalı və bu halın simptomları müəyyən olunmalı idi. Məsələn, Irving Bieber (1965) özünün Kişi Homoseksuallığının Kliniki Aspektləri essesində homoseksuallığın tərifini verərkən bunları qeyd edir:

.. Əgər xəstələrin açıq-aşkar homoseksual davranışları yoxdursa, onlara homoseksual diaqnozu qoymuram. Eyni zamanda, heteroseksual davranışı olanlara  biseksual diaqnozu qoyulur. Təsadüfi təcrübələr diaqnoza əsas verməsə də, yetkinlik dövründə təkrarlanan vaxtaşırı və ya davamlı homoseksual hərəkətlər birinin homoseksual olduğunu müəyyənləşdirir.

Essensializm və homoseksuallıq 

Essensialist yanaşmada homoseksuallıq atributlar dəsti kimi təqdim olunur. Onun doğuşdan əvvəl bilindiyi, qardaşların doğuş sırasına 2 görə “gey genlərin” olduğu və ya seksuallığın psixoloji və bioloji bir xüsisiyyət olduğu qeyd edilir  (Wilson and Rahman, 2008). Atributlar dəsti dedikdə əsasən, azğınlıq, bütün eynicinslilərlə yatmaq istəyi, cəmiyyətin normalarından kənar həyat tərzi yaşamaq istəyi nəzərdə tutulur. 

Essensialistlər adətən özlərini realist, innatist və konstitusiyalist deyə adlandırırlar. Onlar bilik və təcrübələrin  aşkar edildiyinə, sıxışdırıldığına və bərpa olunduğuna inanır. Başqa sözlə, essensialistlər iddia edirlər ki, homoseksuallıq həmişə olub. Yəni “gey genlərinin” varlığı homoseksuallığın mədəniyyətlərarası, transmilli olmasına və tarix boyu mövcudluğuna dair bir sübutdur. O, tarix boyu bəzən repressiyaya məruz qalıb, bəzən isə bərpa olunub. Onlar hesab edir ki,  insanın seksuallığı bir neçə məhdud diskursun – xüsusilə din və qanunların mövzusu olsa da, onun bədəni seksual istəyin birbaşa vasitəçisidir, sosial və ya mədəni diskursdan asılı olmayaraq fəaliyyət göstərir və şəxsi istəyin – seksual istəyin əsas müəyyənedicisidir.  Mühit və dövrdən asılı olmayaraq, insanda homoseksuallıq ya mövcuddur, ya da deyil. Bu homoseksual istək isə insan bədəninin istehsal etdiyi bir nəsnədir. 

Homoseksuallığa essensialist yanaşma əsasən qoruma (müdafiə) xarakteri daşıyır və onu bir hal kimi konsepsiyalaşdırır. Bu halı Azərbaycan kimi cəmiyyətlərdə azğınlıq kimi çərçivələmək mümkündür. Çünki homoseksuallıq anormal, azğın və milli-mənəvi dəyərlərə ziddi bir hal kimi görülür. Bu konsepsiya və onun dəstəklədiyi davranış homoseksuallığın 3 qınanıldığı bütün cəmiyyətlərdə sosial nəzarət kimi fəaliyyət göstərir. Bu konsepsiya ilk növbədə insana icazə verilən və icazə verilməyən davranışlar arasında açıq-aydın, ictimailəşdirilmiş və hər kəs tərəfindən bilinən sərhəd çəkməyə kömək edir. Başqa sözlə desək, insanların rahat şəkildə azğın davranışlara meyl etməsinin qarşısını alır. 

Homofobiyanın, yəni sosial nəzarət mexanizmlərinin güclü olduğu ölkələrdə azğınlığın – homoseksuallığın damğalanması onları digər insanlardan təcrid edərək normal və anormal ikilisi formalaşdırır. Ən əsası isə, homoseksualların azğın hərəkətləri və bu  hərəkətlərə qazandırdıqları özünü-bəraətlər yalnız dar qrup içərisində müzakirə olunur. 4 Homoseksualların (və ya LGBTIQ+lərin) bu azğın və nifrət olunan rolu insanlar tərəfindən cəzalandırılır. Bu cəzalandırma eynilə, cəmiyyətin qanuna tabe olmasını təmin etmək üçün bəzi cinayətkarlara göstərilən rəftar kimi görünür. Məsələn, 2017-ci ildəki LGBTİQ+ ovu zamanı istifadə olunan ritorika və diskurs da icmanı cəzalandırmaq və cəmiyyətin böyük əksəriyyətini xəstəliklərdən qoruyaraq “təmiz” saxlamaq idi (Minority, 2019)

Post-strukturalizm və homoseksuallıq

Karlov Universitetinin siyasi elm bölməsinin doktorantura tələbəsi Bəhruz Səmədov “Diskurs nəzəriyyəsi və siyasi analizə giriş” (2020) tərcüməsinə girişdə iddia edir ki, post-strukturalist nəzəriyyələr Azərbaycan kontekstinə yaddır və onlara əsaslanan hər hansı bir fikir və ya tədqiqat adətən ölkə ictimaiyyəti üçün qəbuledilməz görünür. Halbuki, bu nəzəriyyələrin tətbiqi Azərbaycanda mövcud olan həm siyasi, həm sosial, həm də mədəni məsələləri daha yaxşı anlamağımıza yardımçı ola bilər.

Belə ki, homoseksuallıq da daxil olmaqla, istənilən sosial və siyasi məsələləri analiz edərkən, diskursiv metodların geniş tətbiq olunması ilə 1) sosial qrupların davranışını, 2) sosial və siyasi proseslərdə iştirakını, 3)kimliklərin sosial və siyasi konstruksiyasını, 4) mübarizə və ya adaptasiya növlərini, 5) dövlətlərin həmin sosial qruplar üzərində formalaşan siyasətini və onun tətbiqini, 6)sosial və siyasi institutların yaranması və ləğv olunmasını müəyyən etmək mümkündür. 

Bu səbəbdən də, homoseksuallığı öyrənərkən diskursiv analizin tətbiq olunması vacib metodlardan biridir. Post-strukturalistlər iddia edir ki, yuxarıda essensialistlərin də qəbul etdiyi kimi, homoseksuallıq bir neçə diskursun mövzusudur. Məsələn, Michel Foucault 5 iddia edir ki, müasir dövr (əsasən 1789-1799 Fransa inqilabından sonrakı dövr) seks və ya seksuallıq haqqında danışmağa imkan vermirdi. Buna baxmayaraq, həmin dövrü araşdırarkan seks diskursunun “partlayışını” görmək mümkündür. Bu diskurs kodlaşdırılmış dilin yaranmasında, bu cür mövzuların harada və kimlər arasında danışıla biləcəyini məhdudlaşdırmasında özünü göstərir (Fouccalt, 1990). Müasir dövr institutlaşmış diskursların – qanunlar, dinin dövlətdən ayrılması, medikalizasiya – çoxalması dövrü kimi qeyd olunur. Həmin dövrdən başlayaraq istək diskursa çevrilir, homoseksuallıq artıq adi bir istək deyil, diskursa daxil olur – qanunlar homoseksuallığı qadağan edir, cəzalar təyin olunur, tibb elmi onun müalicəsinə başlayır və s. Başqa sözlə, homoseksuallıq dövlətin biosiyasətinin 6 bir hissəsi olur.  Əvvəllər eynicinsli seksual aktlar bir istək hesab olunurdusa da bunu idarə və nəzarət edən qurumlar yox idi. Bu səbəbdəndir ki, müasir dövrdən əvvəlki yaşanan eynicinsli seksual aktları, gender performanslarını (baçça, mütrüb və s.) kuir nəzəriyyə daxilində araşdırmaq daha məqsədəuyğundur. 

Homoseksuallıq diskursunun yaranması (seksual) istəyin yerini dəyişərək onun müzakirəsini intensivləşdirdi və yenidən istiqamətləndirdi. 18-ci əsrdən başlayaraq Qərbin iqtidar texnikaları, xüsusilə də Xristianlıq və dövlət əhalini iqtisadi və sosial bir problem kimi öyrənməyə başlamışdır. Foucault-un iddialarına görə, əhalinin bu iqtisadi və siyasi problem kimi təqdim olunmasının mərkəzində seks (seksuallıq) dururdu. Həmin dövrdən başlayaraq iqtidar artıq əhalinin doğum sayını, hansı yaşda evlənə biləcəyini müəyyən etməyə, seksual münasibətlərin tənzimlənməsinə, qadağaların tətbiqinə, ailə həyatı və modelləşməsinə  və s. bu kimi sekslə (seksuallıqla) əlaqəli olan mövzuları analiz edilməsini zəruri addım hesab edirdi (Fouccault, 1990). Əlbəttə ki, iqtidarın bu tip analizlərinin nəticəsi olaraq homoseksuallıq da yeni bir kateqoriya kimi analiz olunmağa başladı və tibbi və hüquqi diskursun bir hissəsinə çevrildi.Bu səbəbdən də, bəzi tətqiqatçıların homoseksuallığın 18-ci əsrdə almanlar tərəfindən “kəşf olunduğunu” iddia edirlər. Belə ki, Octave Mirbeau (1907) qeyd edir ki: 

Onlar (almanlar) dünyanın digər yerlərindən fərqli olaraq sadəcə oğlanbazolmaqlarından məmnun deyillər.7 Onlar homoseksuallığı icad etməlidirlər. Elm özünə hardan gedib niş tapır, Tanrım? Onlar oğlanbazlığı epikrafiya elmi kimi öyrənirlər…

Əlbəttə ki, Avropanın şəhərləşməsi və kosmopolitləşməsi müxtəlif seksual azlıqların ortaya çıxmasında xüsusi rol oynayıb. 18-ci əsrdən başlayaraq London, Berlin və Stokholm kimi şəhərlərdə oğlanbazların toplaşdığı barlar, klublar, kişi fahişəxanaları formalaşır. Məsələn, Londonda bu tip yerlərə “molly houses” 8 deyirdilər. Əgər Foucault-un ünvanladığı konseptual transformasiyanı – istəyin diskursa çevrilməsini  nəzərə alsaq, homoseksuallığı xarakterizə edən əsas mərkəzi (çox güman ki) amili müəyyən etmək olar. Bu amil eynicinsli erotik və seksual aktların bir individualın bioloji və ya psixoloji xüsusiyyəti olmasının başa düşülməsidir. Bununla da, homoseksuallıq seksual kimliyin xarakteri üzərindən müəyyən olunur. Homoseksuallığın təbiət,  təlim-tərbiyə, biologiya, ya mədəniyyət, genetika, yoxsa ətraf-mühit tərəfindən idarə olunması sualları ətrafında yeni müzakirələr yaranır.

Seksin və seksuallığın diskursa çevirilmə texnikası təhlil və təsnifatın iqtidar mexanizmləri tərəfindən dəstəklənərək yayılır. Bu iqtidar mexanizmləri müəyyən iqtisadi, sosial, siyasi və hətta rəqəmsal səbəblərdən dolayı ortaya çıxır və “ictimai maraq” tərəfindən dəstəklənərək ictimai zəruri elan edilir (fərdlər tərəfindən şəxsən rədd edilsə də). Ona görə də, ictimai zəruri olan seks və seksullığı müzakirə etməklə qadağa və sərbəstliklər müəyyən edilir, onlar ictimai xidmət kimi çərçivələnir. Foucault-nun sözləri ilə ifadə etsək, seks və seksuallıq ictimai maraqlara xidmət edilməsi idarə olunur; qanunlar müəyyən edilir, tibbi müdaxilələr tətbiq edilir. İdarə olunan seks və seksuallıq ictimai diskursların nizamını ən yüksək həddə çatdırmaqla nəzarət məsələsinə çevrilir. Seks və seksuallığın diskursiv analizi və onların iqtidar mexanizmləri tərəfindən necə konstruksiya olunduğunu öyrənmək post-strukturalist yanaşmanın əsas  mütaliə predmetlərindəndir.;

1968-ci ildə Mary McIntosh homoseksuallığı sosial konstruksiya kimi təqdim etmiş və onu bir rol kimi araşdırmağı təklif etmişdir. McIntosh iddia edirdi ki, homoseksuallığın bir essensialist hal kimi konsepsiyalaşdırılması etnik mərkəziyyətçi qərəzdən əmələ gəlib və yanlışdır. 9 Onun sözlərinə görə, homoseksuallıq daha çox sosial rol kimi görülməlidir. Çünki antropoloji sübutlar göstərir ki, bu rol heç də hər bir cəmiyyətdə mövcud olmayıb. Mövcud olan cəmiyyətlərdə isə homoseksuallıq heç də müasir Qərb cəmiyyətlərindəki kimi olmayıb. Homoseksuallığın haldan daha çox bir sosial rol kimi görünməsini təklif edən McIntosh “homoseksual” rolunun sadəcə seksual davranışlardan ibarət olmadığını da qeyd edir.  “Rol” termininin təqdim olunmasının məqsədi seksual davranışın özü ilə bağlı populyar inancları doğrultmamasıdır. Yəni, homoseksual və heteroseksual haçalanması və onlarla əlaqələndirilən essensialist sosial rollardan fərqli olaraq, seksual davranış formaları diktə edilə bilməz. Məsələn, təkcə biseksuallıq anlayışını qeyd olunan essensialist sosial rollar diskursuna gətirərkən, artıq homo və hetero ikilisi pozulmuş olur. Belə ki, essensizalimə görə homoseksual istəyin “mahiyyəti” axıcı deyil, doğuşdan, anadangəlmə, konstitusional, sabit və qeyri-mütəhərrikdir. Seksual oriyentasiyanın psixologiyası barədə elmi əsaslara görə, essensialistlər “seksual oriyentasiyanın” obyektiv şəkildə mövcud olduğunu; yəni cinsi oriyentasiyanın semantik deyil, taksonomik olduğunu; bunun kişilər üçün bimodal – iki modelli olduğunu (yəni əksər kişilər heteroseksualdır və yalnız kiçik bir azlıq homoseksualdır) və aralıq və ya biseksual örnəklərin yalnız qadınlar arasında mövcud ola biləcəyini iddia edirlər. 10 

McIntosh-un dediyi rol və davranış arasındakı fərqi belə izah etmək qəribə görünə bilər. Özünün də qeyd etdiyi kimi, rolun tərifini gözləntilərlə bağlı qəbul etmək daha məqsədəuyğundur. Bu gözlətilər həm doğruldula, həm də doğruldulmaya bilər. Belə olan halda, bu fərqləndirmə həm legitim, həm də yararlı olar. Homoseksual rolun təbiətini izah etmək və onun ancaq müəyyən cəmiyyətlərdə mövcud olduğunu göstərmək üçün əlimizdə olan tarixi və mədəniyyətlərarası sübutları nəzərdən keçirmək lazımdır. Təbii ki, bu zaman müxtəlif problemlər yarana bilər. Çünki elə McIntosh-un sözləri ilə desək, “indiyə qədər materiallar müasir qərb mədəniyyətlərinə spesifik konsepsiyalar çərçivəsində yığılıb və analiz olunub.” 

Azərbaycanda, yəni Şərqdə yaşamağımıza baxmayaraq, müxtəlif tarixi faktları – eynicinsli seksual aktları, mütrüb, baçça kimi seksual və gender azlıqlarını, Qərbin homoseksuallıq və transgender anlayışları ilə izah edirik. Bu isə bizə həmin təcrübələri tam anlamağımıza faydalı olmaya bilər. Başqa sözlə, Səfəvilər dövründə saraylarda insanları əyləndirən gənc oğlanları “homoseksual” adlandırmaqla onların yaşadıqları təcrübələri müasir dövrün anlayışları ilə çərçivələyirik. Yəni orta əsrlərdə Səfəvilər dövründə yaşayan insanlar özlərinin orta əsrlərdə yaşadığını belə bilmirdilər. Biz, müasir dövrün insanları tarixi müxtəlif zamanlara bölərək öyrənirik və anlayışları da həmin dövrün diskurslarına görə öyrənməyimiz şərtdir. Bu səbəbdən də, Qərbi olmayan ölkələrin və ya regionların seksuallıq, gender və kuir tarixini lazımi səviyyədə öyrənmək, eynicinsli və transseksual təcrübələrin və mədəniyyətlərin tarixini daha əhatəli tədqiq etmək üçün seksuallıq və genderi post-strukturalist yanaşmanı tətbiq edərək təhlil etmək çox vacibdir. 

Qeydlər

1. Məsələn, laboratoriyalarda təcrübələr adətən dovşanlar və siçanlar üzərində keçirilir. Hətta hazırda Covid-19 xəstəliyini yaradan yeni növ koronavirusun peyvəndinin tapılması üçün ilkin təcrübələr də siçanlar üzərində keçirilib.

2.Essensialitlərin söykəndiyi bioqrafik və tarixi araşdırmalara əsasən, bir kişinin nə qədər çox böyük qardaşı olarsa, onun homoseksual olma ehtimalının daha yüksək olduğuna işarədir.

3.Hal kimi təsnifləndirmədə davranış homoseksuallıq və heteroseksuallıqdır. Bu halda isə homoseksual davranış, yəni eynicinsli seksual aktlar azğın hal kimi nəzərdə tutulub.

4. Məsələn, Azərbaycanda müxalifət belə açıq şəkildə LGBTİQ+ qruplarını dəstəkləmir və hüquqlarının tanınması yolunda hər hansı bir addım atmır. Səbəb isə sosial nəzarət mexanizmləri və LGBTİQ+lərin də həmin mexanizmləri norma kimi qəbul etməsidir. Anormal halı – homoseksuallığı dəstəkləmək, başqa anormallıqları da – pedofiliya, insest və s. dəstəkləməyə gətirib çıxara bilər deyə, qruplar ancaq öz aralarında müzakirələrdə ilişib qalır.

5. Michel Foucault fransız filosofu, ideyalar tarixçisi, sosial nəzəriyyəçi və ədəbi tənqidçidir. Seksuallığın tarixi haqqında yazan ilk post-strukturalistlərdəndir.

6. Biosiyaət insan biologiyası ilə siyasətin kəsişdiyi sahədir. Biosiyasət yerli əhalinin və onların həyatının idarə olunmasını özünün subyekti kimi görür.

7. Oğlanbazlıq – pederasty, homoseksuallığı qadağan edən qanunlarda adətən iki kişi arasındakı eynicinsli seksual aktları təsvir etmək üçün istifadə edilir.

8. Molly – kişi fahişələri üçün işlənən 18-ci əsr Viktorian dövrü sözüdür.

9. Etnik mərkəziyyətçilik sosial elmlər və antropologiyada işlənən termindir. Etnosentrizm başqa bir mədəniyyətə meydan oxumaq və öz mədəni dəyərlərinin və standartlarının üstün olduğuna inanmaq kimi təsvir edilir – xüsusən də dil, davranış, adət və dinə münasibətdə.

10. Seksual oriyentasiyanın psixologiyası barədə araşdırmalar Kinsey et al., “Sexual Behavior in the Human Male” hesabatları üzərində həyata keçirilir.

Istinadlar

Bəhruz Səmədov, “Diskurs nəzəriyyəsi və siyasi analizə giriş”, 2020, https://bakuresearchinstitute.org/az/diskurs-nəzəriyyəsi-və-siyasi-analizə-giris/ 

Glenn Wilson and Qazi Rahman, Born Gay: The Psychobiology of Sex Orientation (London: Peter Owen, 2005; 2008 reprint).

Irving Bieber, “Clinical Aspects of Male Homosexuality,” in Sexual Inversion, New York: Basic Books, 1965.

Mary McIntosh, “The Homosexual Role” in Social Problems, Vol 16, No. 2, 1968.

Michel Foucault, The History of Sexuality Vol. 1, 1990. (mötərizədəkilər müəllifin Foucault-un dediklərinə əlavəsidir)

Minority Azerbaijan, TƏCİLİ XƏBƏR: Bakıda polisin LGBTQ ovu, 2019, https://minorityaze.org/198-tecili-xeber-bakida-polisin-lgbtq-ovu

Octave Mirbeau, “Berlin-Sodome” in La 628-E8, Paris, 1907

Leave a Reply

Your email address will not be published. Required fields are marked *