Evdə Həyat Dövründə Sənət

İncəsənət çox vaxt ədalətsizliklə mübarizəni təcəssüm edərək, susmağa təhrik edilmişlərin səsini təmsil etməyə çalışır. Pandemiya şəraitində məişət zorakılığı hallarının artdığı və yardıma olan əlçatanlığın məhdudlaşdığı dövrdə qadın və LGBTQ+ sənətçilərinin faəliyyətini, prosesi necə keçirdiklərini əks etdirmək əhəmiyyətlidir.  Azərbaycanda ilk dəfə Covid-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci il tarixli qərarı ilə sosial izolyasiya tədbirləri tətbiq olunmağa başlandı (Azərbaycan Respublikasının Nazirlər Kabineti, 2020). Bu qərarın verildiyi tarixdən etibarən və görülən tədbirlərin ardınca bugünə qədər dəfələrlə Azərbaycanda pandemiya ilə bağlı xüsusi karantin rejiminin uzadılması, sərtləşdirilməsi, dayandırılması, yenidən tətbiqi və yumşaldılması kimi çox sayda qərarlar bir-birini əvəz etdi.

İllustrasiyanın müəllifi: Fidan Məmmədli

Bu məqalədə pandemiya ilə əlaqədar hökm sürən durğunluq, beynəlxalq və yerli ictimai təşəbbüslərin təxirə salındığı bir dönəmdə, Azərbaycanda qadın və LGBTQ+ incəsənət nümayəndələrinin necə fəaliyyət göstərməsi, vəziyyətlə əlaqədar fikir və təəssüratları araşdırılmışdır. Covid-19 pandemiyasının sənətçilərin həyatına gətirdiyi dəyişikliklərin, onların iş prosesinə müsbət və mənfi təsirlərin, pandemiya ilə bağlı üzləşdikləri çətinliklərin, hər hansı dəstək proqramlarına ehtiyac duyduqlarının araşdırılması məqsədilə, yaradıcılıq sahəsində olan şəxslərlə onlayn müsahibələr və anket sorğusu aparılmışdır. İştirakçılar arsında təmsil olunan əsas sənət sahələrini rəssamlıq, moda, dizaynerlik, təsviri sənət, memarlıq və heykəltaraşlıq təşkil edir. Araşdırmada 17- 43 yaş aralığında olan sənətçilər iştirak etmişdir. 

İllustrasiyanın müəllifi: Fidan Məmmədli

Öz keçirdiyim müsahibələrdən əlavə məqalədə Azərbaycanda sərt karantin rejiminin qüvvədə olduğu 2020-ci ilin avqust ayı ərəfəsində “Salaam Cinema Baku” kollektivi tərəfindən onlayn formatda 107 nəfərin qatıldığı ”Covid-19 pandemiyası və bundan doğan ehtiyaclar”adlı anket sorğusunun nəticələrindən də istifadə olunub  Sorğuda iştirak edənlərin 48.6%-i Covid-19 virusu ilə əlaqədar yaranmış durumun yaradıcılıqla məşğul olmaqlarına mənfi təsir göstərdiyini, 17.8%-i hər hansı bir mənfi təsir hiss etmədən, sənətinə davam etdiyini,  32.7%-i  isə vəziyyətdən aslı olaraq təsirin dəyişdiyini qeyd etmişlər. Respondentlər pandemiya ərəfəsində başlıca olaraq maddi gəlirə, eləcə də, emalatxana və ya sənət üçün uyğun məkana, mentorlara, mənəvi dəstəyə ehtiyac duyduqlarını bildirmişlər. 

İllustrasiyanın müəllifi: Fidan Məmmədli

Sənətçilərdən xarici mütəxəssislərin təcrübələrini bölüşmələri üçün imkanlar, əlaqələr qurulmasının, panel müzakirələri, vebinarlar təşkil edilməsinin faydalı ola biləcəyini qeyd edənlər olmuşdur. Bəzi sənətçilər bu dönəmdə həm şəxsi həyatda, həm də yaradıcılıqda passivləşdiklərini söyləsələr də, digər qisim bu dönəmi daha aktiv və məhsuldar keçirtdiyini bildirib.  Yaradıcılığına çox güclü mənfi təsiri olmasa da, gəlirlərinin azalması baxımından bir qədər narahatlıqlar yaşadığını, həm müsbət, həm də mənfi təsirlərə məruz qaldığını qeyd edən iştirakçılar da olmuşdur. Həmçinin, pandemiyanın yaradıcılığı baxımından heç bir fərq gətirmədiyini və məhz bu səbəbdən hər hansı bir problemlərlə rastlaşmadığını açıqlayanlar oldu. Hər hansı bir fərq hiss etmədiyini bildirən sənətçilər daha çox kitablar, filmlər və abstarkt təsəvvürlərdən ilhamlandıqlarını və məkanların bağlı və ya açıq olmasından, həyat tərzinin dəyişməsindən təsirlənmədiklərini bildirdilər. Bu dönəmi müsbət qiymətləndirən sənətçilər tərəfindən isə karantinlə əlaqədar boş vaxtın yaranması nəticəsində daha çox əsərlər yaratmağa, rəsmlər çəkməyə, yeni sənət sahələrində özünü sınamağa, fərqli sənət texnikalarından ilk dəfə istifadə etməyə və araşdırma aparmağa imkanların yarandığı  vurğulanıb.

İllustrasiyanın müəllifi: Fidan Məmmədli

Filologiya ixtisası üzrə təhsil almış Çinarə Soltanlı uşaqlıqdan rəssamlıqla məşğul olur.  “Park rəssamı” kimi tanınan 24 yaşlı Çinarə bu dönəmi belə ifadə edir: 

...izdihamdan uzaq, təklikdə olmaq özümüzə və yaradıcılığımıza daha çox diqqət ayırmaq imkanı verdi. Bu dönəmdə “öz rəngimi” tapdım, yeni çalarlardan istifadə etdim. Maddi ehtiyaclarımı qarşılamaq üçün rəsmlərmi parklarda satışa çıxartdım. Hətta aralarında elələri vardı ki, satmaq istəmirdim. Amma məcbur idim. Bu mənim üçün fərqli bir təcrübə oldu. Məni həm insanlarla yaxınlaşdırdı, həm də sənəti yenidən açıq səma altında sərgilədi. İstərdim ki, digər rəssamlar da bu addımı atsınlar. Parklarda satış estetik baxımdan da effektivdir, həm də sənət insanlara daha əlçatan olur. Düşünürəm ki, sənətin işıqlı salonlardan çıxma zamanı yetişib. Xüsusilə də, pandemiya ilə əlaqədar belə məkanlar bağlı olduğundan, insanlar sənət nümayişi yerlərinə gedə bilmirlər.

Sənətçilər qarşılaşdıqları istər maddi, istərsə də mənəvi problemləri özləri, ailə, qohum-əqraba, dost-tanış dəstəyi ilə müəyyən qədər həll edərək, həyata və işlərinə davam etməyə çalışıblar. Onlar, hər hansı bir struktur və  təşkilatlardan dəstək və ya yardım təklifləri görmədiklərini və ya bundan xəbərsiz olduqlarını bildirdilər. Öz mühitlərindən, icmalarından ayrı qalmaq, açıq hava məkanlarından məhrum olmaq sənətçilərə mənfi təsir etmişdir. Qarşıda yarana biləcək eyni və oxşar vəziyyətlə bağlı onlar, başlıca olaraq, motivasiya proqramları, psixoloji dəstək verən terapiyalar, mənəvi rahatlıq yaradan proqramlar, onlayn sərgilər və müsabiqələr, yığıncaqlar, sənətə dair müzakirələr, masterklasslar, satışla bağlı onlayn hərraclar və ya tədbirlər, sənətlə bağlı təlimlər keçirilməsinin əhəmiyyətli ola biləcəyini bildirdilər. Digər elm və fəaliyyət sahələrində onlayn formata keçid, qabiliyyət və təcrübəyə əsaslanan incəsənət sahələri ilə müqayisədə nisbətən rahat uyğunlaşdırılsa da, sənətdə yeni olanlar üçün bu proses ciddi bir boşluq və çaşqınlıq meydana çıxartmışdır. Onlayn sistemə keçid zamanı sənətçilərin internet resusrlarına əlçatanlılıqlarında olan fərqlilik də pandemiya şəraitinə adaptasiyaya mənfi təsir göstərmişdir.

Beləliklə, onlayn formatda müəyyən işləri həyata keçirmək, əlaqələr qurmaq, vaxta və enerjiyə qənaət etmək kimi bir çox sərfəli tərəflərin qeyd edilməsinə baxmayaraq, insanların əksəriyyətinin əyani fəaliyyətə daha çox üstünlük verdiyi nəticəsini alırıq. İncəsənət və buna yaxın sahələrdə əyani münasibətlərin onlayn ünsiyyətlə müqaysədə daha effktiv olduğu qəbul edilir. Qeyd edək ki, Azərbaycanda onlayn alış-veriş sahəsi hələ gəncdir və gömrüklə bağlı qoyulan bir sıra məhdudiyyətlər, müştərilərin sifarişlərinin zamanında çatdırılmaması və yaxud bəzən sifarişlərə uyğun olmayan məhsulların ortaya çıxması kimi bir sıra hallar özünü göstərməkdədir. Pandemiyanın baş verməsi bu sahədəki boşluğu, qeyri-peşəkarlığı bir daha qabartdı. Belə ki, sənətçilərin yaradıcılığına mənfi təsir göstərmiş amillərdən biri də zəruri olan məmulatlar və ləvazimatların əldə edilməsi problemi olmuşdur. Onlar parça, kətan, boya və s. kimi məhsulları əyani olaraq əldə etməyə üstünlük verərək, onlayn alış-verişdən istifadəni uyğun hesab etmirlər. Gəlir mənbəyi sifarişlərə əsaslanan sənətçilərin digər iş sahələrinin pandemiyadan təsirlənməsindən asılı olaraq, sifarişçi kütləsinin azalması baş verir. Çox sayda iştirakçılar tərəfindən sənətçilərin birliyini təşkil edən tədbirlər və layihələrə ehtiyac olduğu xüsusilə qeyd edildi. Belə anlarda bir-birinə dayaq olmaq, sənətdə gənc olanların təcrübə toplaması məqsədilə, çətinliklərlə üzləşənlərə mənəvi dəstəklə bağlı və ya ümumiyyətlə, fikirlərin, duyğuların bölüşülməsinin, müzakirəsinin yaradıcı insanlara müsbət təsiri ola biləcəyi təsdiqləndi.

Pandemiya kimi gözlənilməz halların baş verdiyi müddətdə dövlət dəstəyinə ehtiyacın qaçılmaz olduğunu bildirən sənətçilər də var. Sənətlə məşğul olan qruplara büdcədən ayrıca vəsait ayrılmasının ilkin „şok“ mərhələsində faydalı ola biləcəyi açıqlandı. Bilavasitə pandemiyadan doğan səbəblərdən psixoloji gərginlik yaşayan sənətçilər başlıca olaraq, terapiyalar, sakitləşdirici peraparatlar, psixoloji seanslar qəbul etdiklərini, yoqa və meditasiyada mənəvi sakitlik tapdıqlarını qeyd edirlər. 

LGBTQ+lərin, ilk növbədə, özlərinə, sonra isə ailə, qohum, dost və tanışlarına açılması prosesinin rahatlaşması üçün öncə cəmiyyətdə münbit düşüncə tərzi, normal yanaşma baxışı yetişdirilməldir. Araşdırmalar göstərir ki, xüsusilə, cinsi şiddətə məruz qalan, təcrid, damğa və ayrı-seçkilik vəziyyətlərini yaşayan, yoxsulluq içində olan LGBTQ+, həmçinin, HİV və ya AİDS-lə yaşayan insanlar da daxil olmaqla, zədələnmiş immunitet sistemi olanlar COVID-19 pandemiyası zamanı daha çox həssas olurlar (UNAIDS, 2020). ILGA-Europe-un Azərbaycanda LGBT+-lərin insan hüquqları ilə bağlı hesabatına əsasən COVID-19 böhranı səbəbindən sərt karantin məhdudiyyətləri LGBTQ+-lərə, xüsusən də bir neçə ay ərzində gəlirsiz qalmış trans seks işçilərinə “dramatik tərzdə” təsir göstərib. Çoxları kirayə haqqını ödəyə bilməyib yaşadıqları evləri tərk etməli olublar (BBC News Azərbaycanca, 2021). Dünya təcrübəsində bu dönəmdə mədəniyyət sahələrinə və sənət adamlarına dəstək məqsədilə təşkilatların təşəbbüsü ilə bir sıra yardım və ianə fondlarının yaradıldığını görə bilərik. Məsələn, Covid-19 böhranı dövründə sənətçiləri dəstəkləmək məqsədilə, milli sənət qrantçıların bir araya gələrək, Amerika Birləşmiş Ştatlarının hər yerindəki sənətçilərə maliyyə yardımı və məlumat qaynaqları təklif etmək üçün “Artist Relief” adlı fond yaratmışdılar (Artist Relief , 2020). Azərbaycanda isə ilk təşəbbüs 2020-ci ilin dekabr ayında LGBTQ+ sənətçilər üçün “Kuir İncəsənət Festivalı Bakı 2020” adlı Nəfəs LGBT Alyansının təşkilatçılığı ilə ilk incəsənət festivalının elan edilməsi oldu. Yerli vizual sənətkarları əsərləri ilə yarışmada iştirak etməyə dəvət edən Kuir İncəsənət Festivalı hçox sayda sənətçilər tərəfindən maraqla qarşılanmışdır. Layihə Azərbaycanda Covid-19 pandemiyası ilə yanaşı, gender normaları və stereotipləri, mizoqoniya, qadın və LGBTİ+lərə qarşı diskriminasiya, qeyri-inklüzivlik kimi bir sıra mövzularda da üzləşilən çətinliklərin  və yaranan problemlərin çözülməsi üçün sənətçiləri öz vizyon və alətləri ilə bir reform başlatmağa dəvət edir (Minority Azerbaijan , 2021). Müsabiqə xarakterli belə layihələr gənc sənətçilərə kiçik həcmdə mükafat təklif etməklə onların yaradıcılığına müəyyən dəstəyini göstərir.   

Pandemiyada həyatlar və hekayələr

Pandemiyadan ağır təsirlənən gənc sənətçilərdən biri də Pərviz Abdullayevdir. Azərbaycan Pedaqoji Universitetinin Təsviri İncəsənət müəllimiyi fakultəsində bakalavr təhsili alan Pərviz uşaqlıqdan rəsmlər çəkir, peşəkar olaraq isə rəssamlıqla 1 il, geyim dizaynerliyi ilə isə 3 ildir məşğul olur. Kafelərdə divarlara rəsm çəkməklə, moda, geyim dizaynerliyi ilə bağlı sifarişlərlə gəlir qazanaraq, maddi ehtiyaclarını ödəyən Pərviz üçün də lazım olan ləvazimatları əldə etmək çətinləşib və o, ciddi maddi sıxıntılarla üz-üzə qalıb.  

Maddi sıxıntılar mənəvi sıxıntılara, yaradıcılıqda durğunluğa gətirib çıxartdı. Tənbəlləşmişəm, heç nə etmək istəmirəm, adi bir eskiz belə çəkməyə həvəsim olmur və bu hal təkcə məndə deyil, tanıdığım bir çox yaradıcı insanlar da belə hisslərdən keçir, depressiv duyğular yaşayırlar. Kuir fərd olduğum üçün, iş seçimlərim demək olar ki, yoxdur. Həm görünüşümə, həm də cinsi orientasiyama görə işə götürülmürəm.Evdə yaradıcılığı üçün o qədər də əlverişli şərait olmadığını bildirən Pərviz başlıca olaraq, fərqli şəkillərdən yığılma kompozisiyalar, kollajlar yaratmaqdan zövq alır, fashion dizayn, moda eskizləri çəkir, həmçinin, portret janrında da işləyir. Abstarkt mövzulara müraciət edən, xüsusi bir obraz hədəfləməyən sənətçidən, bəzən yaratdığı əsərlə əlaqədar insanlar: bu kişidir, ya qadındır?– deyə, sual edirlər. Pərviz isə münasibətini belə ifadə edir: “o, anidən gəlir və yaxud rəsm çəkərkən abstrakt çəkirəm, mütləq bir etiket qoymuram üzərinə. Mən onu çərçivəsiz bir insan, gendersiz, məhdudiyyətsiz təsvir edirəm.

Pandemiyadan sonra arzulanan dünya

Sənətçilər pandemiyadan sonrakı dönəmlə bağlı müəyyən məqamlarda pozitiv təsəvvürlərə sahib olsalar da, bəzi hallarla bağlı inamsız duyğular, ümidsizlik ifadə etdilər. Gənc və tələbə olan sənətçilər pandemiyadan sonrakı mərhələdə əyani olaraq dizayn, xarici dil kurslarına getməyi, təhsillərini xaricdə davam etdirməyi planlaşdırırlar. Sənətçilər, həmçinin, əyani təhsilin, xüsusilə, incəsənətdə zəruriliyini vurğulayaraq, universitetlərin açılmasını, emalatxanaların istifadəyə verilməsini gözlədiklərini bildirdilər. Bir çoxları yeni layihələr həyata keçirməyi, pandemiyadan öncə planlaşdırdığı, yarımçıq qalmış ideyalarını gerçəkləşdirməyi səbirsizliklə gözləyirlər. Sənətçilər gəlirlərini bərpa etmək ümidi ilə, olduqları sahə üzrə sərgilərin təşkil edilməsini, tələbələrinə dərslərin tədrisini davam etdirməyi düşünürlər. Onlar pandemiya ərəfəsində bir sıra çətinliklər çəksələr də, qazandıqları yeni təcrübələrə və onlayn formata uyğunlaşdırılmış iş konseptlərinə güvənərək, pandemiyadan sonrakı dönəmi daha pozitiv qiymətləndirirlər. Əksəriyyət tərəfindən ənənəvi həyat tərzinə dönmək, qaldıqları yerdən davam etmək istəkləri dilə gətirildi.  Az sayda sənətçi gələcək haqqında o qədər də nikbin təsəvvürlərə sahib olmadığını, pandemiyanın ağır nəticə və təsirlərilə hələ uzun müddət mübarizə aparmalı olacaqlarını, işlərin yenidən yarımçıq qalacağı kimi qorxuların onlarda yeni layihələrə, işlərə olan motivasiyanı boğduğunu bildirdi. Bir qisim isə qarışıq hisslər ifadə edərək, necə yanaşacaqlarını bilmədiklərini, qarşıdakı dönəm haqqında hər hansı fikrə sahib olmadıqlarını və ya xüsusi olaraq, mənfi və ya müsbət təəssüratlarının olmadıqlarını çatdırdı.  Yekun olaraq, pandemiyadan sonrakı mərhələ haqqında fikirləri üç əsas istiqamətdə qruplaşdırmaq olar:

İllustrasiyanın müəllifi: Fidan Məmmədli

Müasir incəsənət sosial-siyasi hadisələrə münasibətini artıq sadəcə tərənnüm etməklə kifayətlənmir, dəstəyini ictimaiyyətə daha aktiv yollarla çatdırır. 

Baş verən yerli və qlobal haqsızlıqlara etirazın yaradıcı şəkildə ifadəsi artivizm faəliyyəti kimi tanınır. İngilis dilində “art” (incəsənət) və “activisim” (fəallıq) sözlərinin birləşməsindən yaranmışdır. Artivizim şəhər (urban) və qrafiti sənətindən inkişaf etmişdir. Başqa sözlə desək, artivizm müasir müstəqillik və azadlıq dilidir (Comunicar, 2018). Hazırda dünyaca məşhur artivistlər sırasında Banksy, Pavlenski,  Marta Gonzalesi göstərmək olar. 

Azərbaycanda 2020-ci il qlobal pandemiya ili olmaqla yanaşı, 27 sentyabr – 10 noyabr tarixini əhatə edən- ikinci Qarabağ müharibəsinin baş verməsi ilə də fərqləndi. LGBTQ+ hüquq və azadlıqları üçün artivizim istiqamətində işləyən, qrafiti rəssamı kimi tanınan gənc sənətçi Seymur Nəzər pandemiya ərəfəsində daha çox avtoportret janrına müraciət etdiyini, öz hisslərini ifadə etmək və analiz etmək üçün psixoloji portretlərdən istifadə etdiyini bildirdi. 

Hələ bu hadisələrin ardınca müharibənin baş verməsi mənə illərlə çətinliklə baş edə biləcəyim bəzi ağır xatirələrlə yadda qalacaq. Müharibənin insan psixologiyasına necə təsir etməyi ilə bağlı işlər yaratmaq fikrim var və bunların hamısını bir sərgi təşkil edib ictimaiyyətə təqdim etməyi düşünürəm. Təəssüf ki, müharibə situasiyası cəmiyyətin tolerantlıq anlayışına ciddi şəkildə mənfi təsir göstərdi və insanlar pandemiyanın verdiyi aqressiyanı müxtəlif formalarda mənə görə nifrət şəklində üzə çıxardı. Xüsusilə də, insanların aqressiyası feministlərə və kuir insanlara qarşı daha çox yönəldi. Çünki, başlıca olaraq, o toplum sülh tərəfdarı idi. Bizim nəsil üçün müharibə vəziyyətinin, pandemiyanın, tolerant olmayan, patriarxal dəyərlərlə idarə olunan və birbaşa təsirini yaşadığımız  cəmiyyətin bir parçası olaraq, həyatımıza davam etməyimiz nə qədər asan olacaq, bilmirəm.

Saalam Cinema Baku-nun apardığı araşdırma nəticələri ilə müqayisə zamanı sənətçilərin ehtiyaclarını, münasibətlərini ifadə etdiyi və görülməli olan tədbirlərə dair irəli sürdükləri fikirlər və ideyalarla bağlı üst-üstə düşən bir çox məqamlara rast gəlinir. Sənətçilərin pandemiyanın, xüsusilə, ilkin mərhələsində üzləşdikləri başlıca çətinlikləri tədrisin və sifarişlərin dayanması ilə əlaqədar yaranan maddi sıxıntılar, sosial izolyasiya təsirindən qaynaqlanan psixoloji-mənəvi sarsıntılar, ilham mənbəyinin olmaması, depresiv-passiv həyat tərzi, ləngimə, məhdudlaşma hissləri, motivasiya düşkünlüyü, məkanların qapanması ilə əlaqədar yaradıcılıq üçün emalatxana və ya uyğun yerin olmaması, ev şəraitinin əlverişsizliyi və ləvazimatların əldə edilməsi kimi məsələlər təşkil etmişdir. Çətinlik yaradan digər səbəblər arasında ailədaxili münasibətlərdə münaqişələr, ailə üzvlərinin və yaxınlarının sağlamlığına görə narahatlıqlar, işsizlik, planlaşdırılmış layihə və tədbirlərin, kursların yarımçıq qalması kimi hallar sadalanmışdır.    

Pandemiyanın sənətçilərin yaradıcılığına mənfi təsirlərinin aradan qaldırılması yollarından biri kimi, məkanların Covid-19-a uyğunlaşdırılmış şəkildə təşkil edilməsi ilə əyani, canlı əlaqələrin, görüş və ünsiyyətin saxlanılması mümkündür. Tibbi maskaların taxılması və sosial məsafənin gözlənilməsi və incəsənət sahəsində olan şəxslərin (yüksək səs, musiqi və s. kimi nüansları nəzərə alaraq) emalatxana ilə təmin edilməsi və ya həftədə bir neçə dəfə əyani məşğələlərin keçirilməsi sənətçilər üçün böyük əhəmiyyət kəsb edir. Bundan əlavə pandemiya dövründə açıq psixoloji yardım xidmətlərin təşkili mental sağlamlıqdan əziyyət çəkən  insanlar üçün vəziyyətdən çıxış yolu ola bilər. 

Mənbələr

1. Artist Relief (2020),”To support artists during the COVID-19 crisis, a coalition of national arts grantmakers have come together to create an emergency initiative to offer financial and informational resources to artists across the United States”  https://www.artistrelief.org/news

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah, 13 Mart 2020, https://nk.gov.az/az/article/718/

3. BBC News Azərbaycanca (2021), “İLGA-Europe Azərbaycanda LGBTİ insan hüquqları ilə bağlı illik hesabatını açıqlayıb” 16 Fevral 2021 https://www.bbc.com/azeri/azerbaijan-55982359

4. Comunicar Media Education Research Journal (2018) “Artivism: A new educative language for transformative social action” Comunicar, n. 57, v. XXVI, 2018 | ISSN: 1134-3478; e-ISSN: 1988-3478, pp. 09-18, DOI: https://doi.org/10.3916/C57-2018-01

5. Minority Azerbaijan (2021), “Kuir İncəsənət Festivalı Bakı 2020 artıq iştirak üçün açıqdır!” https://minorityaze.org/433-kuir-incesenet-festivali-baki-2020

6. UNAIDS Feature Story (2020), “Survey shows that the COVID-19 pandemic increases vulnerability of LGBTI people” 20 July 2020 https://www.unaids.org/en/resources/presscentre/featurestories/2020/july/20200710_survey-covid19-lgbti-people

Bu məqalə USAID və Black Sea Trust-ın maliyyə dəstəyi göstərdiyi “Genderi Görünən Edək” layihəsi çərçivəsində hazırlanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *