“Ev qaradır” filmi ətrafında qısa bir mütaliə

Yaralarım ruhumu hissizləşdirdi..

Quşlarla dolu bir qəfəs kimi

həyatımız inilti ilə doludur. 

Heç birimiz bilmirik ; nə qədər vaxtın qaldığını

Yığım vaxtı keçdi, yay artıq bitir 

Və bir çarə tapa bilmədik.

Göyərçin kimi qışqırırıq ədalət üçün

Amma heç kəs bizi eşitmir.

Və qaranlıqda, işığı gözləyirik.

1956-da gənc şair Füruğ Fərruxzad Almaniyada yaşayan məşhur xanəndə, siyasi mühacir Fəridun Fərruxzada məktubunda ani bir qərarla tozlu-torpaqlı Tehran küçələrinə geri qayıtmağa qərar verdiyini açıqlayır. Hərbi xidmətçi ailəsində doğulmuş Fərruxzad  ailəsi və cəmiyyətin basqıcı mentalitetinə qarşı çıxaraq ilk dəfə İran ədəbiyyat tarixində (Milani, “I Cannot Lie”, 2016) öz özünü senzura etmədən açıq və cəsarətli bir şəkildə şeirlərində İranlı qadının o günədək dilə gətirilməyən yaşantısını, qorxularını, kədərini, başqa sözlə, ən dərin hiss, arzu və ehtiraslarını ifadə edir. Bunun nəticəsində, yalnızcəmiyyət tərəfindən tədric olunaraq ailəsinin dəstəyini itirmir, həmçinin gənc yaşında evlənib, həyata gətirdiyi yeganə oğlunun da vəkalətini itirir (Milani, Veils & Words, 1992). Tənhalığa, böhtan və zəmini olmayan tənqidlərə dirəniş göstərə  bilməyən Fərruxzad Almaniyaya qardaşının yanına gedir. Bir müddət sonra İrandakı səssiz xalqın və xususi ilə qadınların səsinə səs vermək üçün doğma torpağına Tehrana  geri qayıdır (Önder, 2014).

Etibarını, ailəsini, senzurasız yazıları ilə cəmiyyət içindəki çox da pak olmayan şanını itirən Fərruxzad maddi ehtiyacını təmin etmək üçün dövrün tanınmış dramaturq, şair və rejissorlarından olan İbrahim Gülistanın film şirkətində işə başlayır. İlk olaraq bir katibin məsuliyyətini həyata keçirsə də ,Gülistanın ona tapşırdığı qısa rollar, ssenariləşdirmə və dublyaj kimi kiçik işlər Fərruxzadın getdikcə kinoya marağını artır. 1959-cu ildə İngiltərədə dil və kino təhsilini başa vurduqdan sonra həm Gülistan film şirkəti ilə əməkdaşlıq edir, həm də İranın Kuzistan bölgəsində çəkilən istər sənədli, istərsə də bədii filmlərin ssenariləşdirilməsindən rejissorluğuna qədər fərqli vəzifələri həyata keçirir. 1962-ci ildə isə Cüzamlılar Dərnək rəhbəri Dr. Racı Gülistan film şirkətinə cüzamlılar haqqında film ideyası ilə gələndə Gülistan bu layihənin rəhbərliyini Füruğa təhvil verir (Önder, 2014).

Füruğun ədəbi kamerası ilk öncə Rza şah tərəfindən təşviq olunan məcburi sekulyarizmin və sonrasındakı fundamentalist dəyərlərin yüksəlməsi arasında sıxışıb qalmış cəmiyyəti, burada hökmranlıq edən ədalətsizliyi, içi çürümüş insanlığı və çarəsizliyi ekrana daşıyır. Ev qaradır” filmi dövrünün film sənayesi siyasətinə uyğun olmayan İranın pessimist ve eybəcərliklərlə dolu bir görkəmini yaradır. Belə bir tablo hökümətin narazıçılığına səbəb olduğu üçün film 1962-ci ildə ərsəyə gətirilməsinə baxmayaraq, İranda ictimai məkanlarda göstərilmir. Film sadəcə sənətlə bağlı bir neçə tədbirdə, kinomatoqrafiya məktəbində və cüzamlılar dərnəyində öz tamaşaçılarına qovuşur. “Hətta on il sonra “Ev qaradır”a bir cavab niyətində hökümət sifarişi ilə “Ev aydınlıqdır” adlı bir film çəkilir (Önder, 2014).

Beynəlxalq platformada isə bunun tam əksinə film bütün zamanların ən yaxşı 10 sənədli filmi arasına daxil olur və bir neçə kino müsabiqəsinin qalibi olur. Bundan başqa, əksər tarixçilər İran Yeni Dalğa film hərəkatının “Ev qaradır” filmindən 7 il sonra çəkilən “İnək filmi ilə başladığını hesab edir. Filmin quruluşu, səs və görüntün ahəngi və tamaşaçıya olan təsirini nəzərə aldıqda isə “Ev qaradır” filmini bu hərəkatın sələfi olaraq qəbul edə bilərik.

Illustrasiya: Leyla Ali

Film, qara bir ekranla başlayır. Xəbər tonunda oxunulan mətn tamaşaçıya az sonra izləyəcəyi kadrlar haqqında xəbərdarlıq verir :

Bu dünyada eybəcərlik qıtlığı yoxdur. 

Əgər insan buna gözünü bağlayırsa, o daha da artacaq. 

Lakin insan problemləri həll edəndir.

Bu ekranda eybəcərliyin rəsmi təsvir ediləcək. 

Bu əzabın təxəyyülünə heç bir yaşayan bəndə etina etməməlidir. 

Bu eybəcərliyi silmək və qurbanları azad etmək bu filmi yaradanların ümidi və filmin əsas məqsədidir.

Film güzgüdə özünə baxan gənc qızın üstünə getdikcə yaxınlaşan bir planla açılır. Filmin davamında bir qadının gözlərinə sürmə çəkməsi, başqalarının zərifcə uzun telli saçlarını daraması, kəsik-kəsik fraqmentlər və tez-tez dəyişən toy səhnələri mövcuddur. Cüzam xronik bir xəstəlik olsa da irsi deyil və bu evdə cüzamlıların sağlam uşaqları da digərləri kimi böyüməkdədir (Milani, 2016). Filmin təsirli və digərlərinə nəzərən bir neçə saniyə daha uzun çəkən kadrlarından biri isə cüzamlı, başı bağlı bir qızın ehmallıca görünüşdə sağlam olan rəfiqəsinin saçlarını daramasıdır. Füruğun kamerası və qələmi ədalətdən yoxsul bu patriarxal cəmiyyətdəki qadınların susdurulması və cansız obyekt kimi sahiblənilməsini vurğulayır. Burada o, şəxsi həyatında da olduğu kimi bu ədalətsizliyin qadınlara yaşatdığı çətinliklər və əzabları dilə gətirir. 

Ah sən, belinə qədər uzanan saçların töküləndə, 

qırmızı libaslar geyindiyin, 

qızıldan daş-qaş taxdığın zamanları yaddan çıxar.

Gözlərinə sürmə çəkərdin, 

özünü boş yerə gözəlləşdirərdin

Xatırla, çöldə tənha bir mahnı olduğunu, 

Dostlarının sənə böhtan atdığını xatırla

“Ev qaradır” filmi Füruğun səsindəki qəm və kədər sədaları altında sadəcə cüzamxanada keçən həyatı deyil, bu ölkədəki bütün kənara atılmış, yadlaşdırılmış, insan olaraq əhəmiyyət verilməmiş fərdlərə həsr olunmus vizual bir poemadır. Maraqlısı da odur ki, filmin çəkildiyi Bababağı cüzamxanası Təbrizdə yəni, İrandakı etnik azlıqların yaşadığı Azərbaycan əyalətində yerləşir. İyirmi dəqiqəlik bu həqiqət tamaşası hər kəsin bildiyi amma heç kəsin etiraf etmədiyi dövrün İran reallığını göstərir. Füruğ və çəkiliş komandası cüzamlıların həyatını və şəraitini sənədləşdirmək üçün çəkiliş məkanında yalnız 12 gün qalır. Cüzamxanaya getdikləri ilk gecə iki cüzamlının toyu baş verir və çəkiliş komandası İran cəmiyyəti üçün çox əhəmiyyətli olan bu hadisəni kameralara həkk edir (Önder, 2014).

Füruğ gördüklərimiz və eşitdiklərimizi qarşılaşdıraraq güclü bir ziddiyət yaradır. Filmin başlanğıcında oxu dərsi vaxtı çəkilən səhnələrdə şagirdlər xudaya onlara əllər, gözlər, ayaqlar verdiyi üçün şükr edir. Bu vaxt ilk öncə uşaqların xəstəliyə görə eybəcərləşmiş, sıradan çıxmış üzvlərdə üstündə yaxın plan səhnələri ekrana gəlir, sonra isə kamera yavaşca dərs otağını ümumi çəkərək bütün sagirdləri görə biləcəyimiz bir şəkildə otağın sonuna doğru yönəlir.

Səhnənin davamında Füruğ soruşur: 

Ey Tanrım, sənə cəhənnəmdə kim şükr edir? 

Bu cəhənnəmdəki kimdir?

Filmin sonuna yenə dərs otağına qayıdırıq. Burada müəllim və şagird arasındakı dialoq qarşımıza çıxır: 

– Bizə ana və ata verdiyi üçün Allaha niyə şükr etməliyik ?

– Bilmirəm, anam və atam yoxdur.

– Mənə üç gözəl şey söylə.

– Ay, günəş, çiçəklər, oyun

– Mənə üç eybəcər şey söylə.

– Əllər, ayaqlar, baş.

Filmdə Qurana istinadlar, məsciddə çəkilən səhnələr və yaxın planlarda göstərilən dini obyektlər bu patriarxal cəmiyyətdəki dini dəyərlərin artmasına işarə edir. Filmdə yetkin qadınlar bəzənərkən, uşaqların qeydinə qalarkən və ailələrinə yemək apararkən göstərilir. Fərruxzadın ölümündən sonra çap olunan şeir kitabı da yetkin qadınların patriarxal cəmiyyətdəki çətinliklərini vurğulayır : Soyuq fəslin başlanğıcına inanaq. Burada Füruğ uşaqlığının sonu, qadınlığın başlanğıcına və beləliklə, həyatının geri qalan hissəsində qadın olduğu üçün onu gözləyən tənqid və çətinliklərə işarə edir (Hillmann, 1987). Şair gələcəyə ümidsiz bir baxış sərgiləməklə yektinlik yaşına çatmış qadınların həyatında artıq sadəcə soyuq bir fəslin mövcudluğundan və bu fəslin yaratdığı çətinliklərdən danışır. Bu şeirlər nə qədər qəmli olsa da, İrandakı qadınların səsinə səs verir və onlara tənha olmadıqılarını göstərir.

Filmi müşayiət edən iki səs mövcuddur: birincisi, əsasən televiziyada istifadə olunan şah hökuməti yönümlü media tərzində yazılmış bu mətni, cüzam və cüzamlılar haqqında bilinən məlumatları oxuyan soyuqqanlı, etinasız kişi səsidir. İkincisi isə Fərruxzadın özünün lirik bir tərzdə oxuduğu şeirlərdir.

Bundan başqa, İran kinomatoqrafiyası bədii və sənədli kardların mükəmməl ahəngini yaratdığı üçün dünya kino tarixində əhəmiyyətli bir yer tutur. “Ev qaradır” filmi sənədli film olmasına baxmayaraq, dərs otağındakı səhnələr qabaqcadan planlaşdırılır. Poetik bir dil vasitəsi ilə yaradılan bu film tamaşaçısına qurulmuş səhnələrin real olduğuna inandırma gücünə sahibdir. Filmdə çəkilən və üstündə dəyişiklik edilməmiş səhnələr tamaşaçılardagöstərilənlərin sorğulanması məcburiyyətində olmadan bir etibarlılıq yaradır. Şah hökuməti yönümlü kişi səsi istifadə etməklə Fərruxzad şah hökuməti yönümlü mətbuat vasitəsi ilə stereotiplər yaratmasını qınayır. Bu səsin filmin poetik axışına müdaxiləsi isə tamaşaçını sistemin əzici gücünə qarşı oyandırma vəzifəsini daşıyır. Beləliklə, Füruğun filmdə həm qurğu, həm real sənhələrindən istifadə etməsi, həm də yuxarıda qeyd edilən iki səsin ziddiyyəti ilə iqtidarın fərqli olanlara qarşı basqıcı siyəsətini inkar edilə bilinməyəcək hala gətirir. 

Dünyadakı yoxsulluq və zülmü gördüyüm üçün

Fırtına və borandan qaçışımı tezləşdirərdim

Bu dünya hamilədir, o haqsızlıq doğur.

Cüzamın xronik, yoluxucu və kasıblara mənsub olduğu düşünülən 1960-cı illərdə İranda cüzamxanaya getmək, orada çəkiliş edib onları özlərindən biri kimi başa düşmək və sevmək son dərəcə cəsarətli və insancıl bir nümunədir. Burada təmkinli, etinasız bir kişi səsi ilə cüzam haqqında verilən məlumatlar olsa da, cüzama lazımi diqqət yetirildiyində sağaldıla bilir və çarəsiz bir xəstəlik olmadığı bir neçə dəfə vurğulanır. Beləliklə, Füruğ izləyicilərində insaf, mərhəmət və insansevərlik hislərini oyandırmağa cəhd edərək, onları ədalətsizliyin bol olduğu bu dünyada, haqsızlığın qarşısını almağa dəvət edir. Cüzamxanadakı insanların məşğuliyyətləri, dərslər və şahidi olduğumuz toy da əslində cüzamlıların gündəlik həyatının bu evin darvazasından kənarda yaşanan həyatdan heç bir fərqi olmadığını göstərir. Lakin, filmin son səhnəsində olduğu kimi cüzamlıların iri planda təsviri və “Ev qaradır” yazılı darvazaların onların üstünə qapanması, bu yadlaşdırılmanı kəskin bir şəkildə göstərir. Bu cəhətdən o, evin cüzamlılar üçün həbsxana olduğu kimi, bu filmi də bütün ölkənin yadlaşdırılmış fərdlər üçün bir məhbəs metaforu olaraq düşünmək mümkündür. 

Bu mətndəki bütün qeydlər “Ev qaradır” filmində səsləsən Füruğun şeirləridir

1. Qeyd edək ki, XX əsrin başlanğıcında bir qadın şairin yazılı mətbuatda yer ala bilməsi üçün onun ədəbi irsi olan bir ailədən gəlməsi lazım idi. Füruğun ilk çap edilən şeiri öz həyat yoldaşına həsr olunmuş “Günah” şeiri isə dövrün mətbuatçıları tərəfindən böyük səs-küyə səbəb olmasının bərabərində, onlara şan gətirəciyinə inandıqları üçün çap olunur. Bu andan etibarən Füruğ dönəmin sosial və əxlaqi qanunlarını yaradan və dəstəkləyən bu cəmiyyətə qarşı bir savaşa başlamış olur.  

2. XX əsrin ilk yarısında İran qanunlarına əsəsan ailələri boşanmış olan uşaqların vəkaləti heç bir sorğu sualsız atalarına verilirdi. Qadın isə analıq haqqından deyil, uşağını görməkdən ve yaxud onunla hər hansı bir münasibət qurmaqdan məhrum olurdu.

3. Burada Füruğ Bababağı Cüzamxanasında yaşayan iki cüzamlının sağlam oğlu Hüseyn Mənsuri ilə tanış olur. Mənsuri Fərruxzadın doğma oğluna simayən çox oxşayır. İllərdir oğluna həsrət qalmış şair elə ordaca Mansurini öz himayəsinə götürmək üçün inzibati işləri həll edir və onu övladlığa götürür. 

İstinadlar:

Önder, D. 2014.  Bababağı Cüzamhanesi’nden Dünyaya Kapı Açan El: Furuğ Ferruhzad, Kara Perde: İran Yönetmen Sineması Üzerine Deneme Hüseyin Köse, İstanbul, Ayrıntı Yayınları

Milani, F. 2016. “I Cannot Lie”: The Literary Biography and Unpublished Letters of Forugh Farrokhzad, LMEI, SOAS, Yarshater Lecture Series in Persian Literature.

Milani, F. 1992.  Veils and Words: The Emerging Voices of Iranian Women Writers (Contemporary Issues in the Middle East), New York, Syracuse University Press.

Milani, F. 2016.  “The House Is Black”: A Model Life Narrative by Forugh Farrokhzad, LMEI, SOAS University of London, Yarshater Lecture Series in Persian Literature. https://www.youtube.com/watch?v=aVJbXh3T82k

Hillmann, M. 1987. A Lonely Woman: Forough Farrokhzad and Her Poetry. Washington, DC: Three Continents Press and Mage Publishers.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *