Dairəvi modanın dairəsinə daxil olanlar

Memarlıq Mühəndisliyi: Ətraf Mühit Dizaynı ixtisası üzrə magistr, memarlıq üzrə doktorantura tədqiqatçısıdır. Ekoloji həyat tərzi və vərdişləri tətbiq edir, soulsweetcorner instagram bloqunda bilik və təcrübələrini bölüşür. Bundan əlavə davamlı inkişaf, iqlim dəyişikliyi və dairəvi iqtisadiyyat kimi mövzularla maraqlanır.


Moda Sənayesinin Ekoloji Təsirləri

Tekstil və geyim gündəlik həyatın əsas hissəsidir və qlobal iqtisadiyyatın əhəmiyyətli sektorlarındandır. 1.3 trilyon dollarlıq geyim sənayesinin dəyər zənciri boyunca, qlobal olaraq 300 milyondan çox insan çalışır (Ellen MacArthur Foundation, 2017). Geyim istifadə olunan tekstil məhsullarının 60%-dan çoxunu təşkil edir və son 15 ildə geyim istehsalı təxminən iki dəfə artmışdır. Rəqabət təzyiqləri getdikcə artmaqdadır və qlobal tələbat, durmadan,  yeni kolleksiyaların ərsəyə gəlməsini təşviq edir. Yeni “fast fashion” fenomeni – yeni trendlərin daha sürətli dəyişilməsi, ildə təklif olunan kolleksiyaların sayının artması və çox vaxt qiymətlərin aşağı düşməsi deməkdir.

Moda sənayesinin ətraf mühitə təsiri çox böyükdür. Bu sənaye sintetik liflər istehsal etmək üçün neft, pambıq əkinləri üçün gübrələr, parça istehsalında  boya  və digər müxtəlif məqsədlər üçün kimyəvi maddələr də daxil olmaqla, hər il 98 milyon tondan çox bərpa olunmayan mənbələrdən istifadə edir. Bunlara, təxminən 1,2 milyard ton CO2 emissiyası və okeanlara tökülən 500 min ton mikroplastik əlavə olunur. Su istifadəsi və suyun çirklənməsi qlobal moda sənayesinin digər əsas ekoloji problemləri arasındadır. Kənd təsərrüfatında pambıq, kətan kimi bitkilər yetişdirmək, parçaları boyamaq və emal etmək, həmçinin,  geyimləri  yumaq üçün çox miqdarda su istifadə olunur. Su qıtlığı önümüzdəki on il ərzində cəmiyyət üçün proqnozlaşdırılan ən böyük on riskdən biridir (Dünya İqtisadi Forumu, 2020). Moda sənayesinin hər il istifadə etdiyi 93 milyard kubmetr su, sözsüz ki, quraqlığın artmasına təsir edir (Gazzola et al, 2020).

Geyim məhsullarının  istehsalı, yayılması və istifadəsi üçün mövcud olan sistem demək olar ki, tamamilə xətti şəkildə işləyir. Çox vaxt yalnız qısa müddətə istifadə olunan paltarları istehsal etmək üçün böyük miqdarda bərpa olunmayan qaynaqlar cəlb olunur  və az müddətdən  sonra əldə olunan materiallar utilizə edilir.  İstehsal olunan çevik moda (fast fashion) kolleksiyalarının yarısından çoxunun bir il ərzində çıxdaş olaraq, atıldığı təxmin edilir. Ellen McArthur Fondunun (2017) hesabatına görə, hər saniyədə bir yük maşını paltar poliqonlara atılır və ya yandırılır.

Moda Sənayesinin Etik Məsələləri

Kollaj: Nərgiz Abasova

İnsan hüquqlarını qorumaq və layiqli iş şəraitini təmin etmək üçün mövcud olan yüzlərlə beynəlxalq standartlara, qanun  və qaydalara, audit və sertifikatlaşdırma sistemlərinə baxmayaraq, qlobal moda sənayesində  insanların istismarı geniş yayılmışdır. İnsan haqları pozuntularına məcburi və uşaq əməyi, həddindən artıq uzun iş saatları, həmkarlar ittifaqlarına təzyiq, son dərəcə aşağı əmək haqqı, iş təhlükəsizliyinin olmaması, cins  və irq əsaslı ayrı-seçkilik və ya şiddət,  təhlükəli iş şəraiti daxildir.

Qlobal Köləlik İndeksi Hesabatı (Walk Free Foundation, 2018)  pambıq sənayesində məcburi əməyin bəzi Orta Asiya ölkələrində yaygın bir fenomen olduğunu göstərir. Türkmənistan və Özbəkistanda dövlət və özəl sektor işçiləri,  illik məhsul tədarükü  zamanı,iş yerlərini tərk edərək  pambıq yığmaq üçün tarlalara getməyə, fermerlər isə dövlət tərəfindən müəyyən edilmiş pambıq istehsalı kvotalarını yerinə yetirməyə məcbur edilirlər.

Hesabata görə, Azərbaycanın Avropa və Mərkəzi Asiyada məcburi əməyə ən həssas 10 ölkə arasında olduğu təxmin edilir. Sovet dövründə tələbələri, müəllimləri, tibb işçilərini,  digər dövlət və özəl sektor işçilərini, müəyyən edilmiş kvotaları yerinə yetirmək üçün, pambıq yığmağa məcbur etmək hökumət tərəfindən adi bir tətbiq idi. Pambıqçılığın inkişafı, pambıq istehsalının  və kənd təsərrüfatının ixrac potensialının artırılması   uğrunda  aparılan tədbirlərin gücləndirilməsi məqsədi ilə ölkənin 2017-2022-ci illər üçün yeni Dövlət Proqramını nəzərə alaraq, eyni təcrübələrin tətbiq olunma riskinin olduğunu düşünürük. Hökumətin yeni hədəfi  pambıq istehsalını 2022-ci ilə qədər, mövcud 260.000 tondan 500.000 tona çatdırmaqdır (Fibre2Fashion News Desk, 2019)

Pambıq istehsalının doğurduğu – ifrat su istehlakı, zəhərli pestisidlərdən və sintetik gübrələrdən istifadə, su və torpağın çirklənməsi kimi ekoloji problemlərdən başqa, burada çalışan  işçilərin və fermerlərin sağlamlığı üçün  risklər də mövcuddur.  2018-ci ilin yayında Azərbaycanın bir neçə rayonunda tarlada işləyərkən onlarla pambıq işçisi zəhərlənmişdi. Ekspertlər və aidiyyatı qurulumlar bitkilərdəki xəstəliklərə və zərərvericilərə qarşı tətbiq olunan təhlükəli pestisidlərin qadağa olunması və bioloji preparatların istifadə olunması haqda danışsalar da, zərərli pestisidlərin alınması və istifadəsi hələ də davam edir.  Fermerlər bu preparatların  sağlamlığa  və insan həyatına potensial təhlükələri, gələcək fəsad riskləri haqqında məlumatlı olmadan, norma və  standartlara riayət etmədən, əkin sahələrində pestisidlərdən gen-bol istifadə edirlər. Bundan əlavə, insanlar əmək müqaviləsi olmadan işləyirlər, rəsmi olaraq işçi sayılmadıqlarından öz  işçi hüquqlarından istifadə edə bilmirlər. Əkin sahələrində kimyəvi maddələrlə  zəhərlənmə hadisələrinin potensial qurbanları rəsmi təhsili, işi, həmçinin, sahələrdə zəhərli pestisidlərlə işləməklə bağlı təhlükəsizlik təlimləri olmayan qadınlar və bir çox hallarda analarını  tarlalarda müşayiət edən, onlara kömək edən uşaqlar olur (Tağıyeva, 2018).

Moda və Gender Məsələsi

Moda sənayesində həm istehsal, həm də istehlak baxımından qadınlar üstünlük təşkil edir. Məşğulluq statistikası tam dəqiq olmasa da, Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, geyim istehsalında təkcə Asiyada ən azı 40 milyon işçi, dünyada isə, 80%-i qadın olmaqla,  60 milyondan çox işçi çalışır (Huynh, 2015).

Azərbaycanda moda sənayesində qadınlar sahibkarlıq, pərakəndə satış, eləcə də, tekstil və xammal istehsalında üstünlük təşkil edirlər. Azərbaycan Statistika Komitəsinin məlumatına görə, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrində məşğul əhalinin 56%-i qadınlardır (Statistika Komitəsi, 2019). Gender bərabərsizlikləri qadınların kişilərə nisbətən, aclığa və dayanıqsız əkinçilik təcrübələrindən qaynaqlanan, ətraf mühitin zərərli mənfi təsirlərinə qarşı daha çox həssas olmalarına gətirib çıxarır. Kənd təsərrüfatında çalışan qadınların rastlaşdığı çətinliklər təhsil və təlim çatışmazlığından başqa, sosial statusları ilə də bağlıdır. Bu sahədəki  işçilərinin böyük bir hissəsini qadınlar təşkil etsə də, torpaq mülkiyyəti hüquqları, əsasən,  kişilərdə olur. Qadınlar qərar qəbuletmədə təmsil olunmur, kənd təsərrüfatı təcrübələri ilə bağlı qərarların  səsvermə prosesində  iştirak etmirlər (Vəliyeva, 2021). Qadın fermerlərin torpağa və digər məhsuldar qaynaqlara daxil olma və istifadə etmə hüquqları məhduddur.

Dünyada milyonlarla geyim işçisi olan gənc qadın, adətən, çox az məvacibli  işlərdə çalışarkən, kişilər fabriklərdə nəzarətçi, idarəçilik və mülkiyyət vəzifələrində çalışırlar. Bu o deməkdir ki, kişi və qadın arasında güc balanssızlığı var. Bir çox ölkələrdə kənd icmalarında qadınlar üçün tekstil və tikiş sənayesində çalışmaq qadınların, ümumiyyətlə, evdar olduğu bir cəmiyyətdə pul  və iqtisadi azadlıq qazanmaq üçün yeganə yolu olur. (Weber-Steinhaus, 2019).

Dünyada bir çox irs sənətkarlığı (heritage and artisanal crafts)  çevik modanın böyük miqyasda  kütləvi istehsalına görə məhv olur. Kənd icmalarında insanlar, xüsusən də, qadınlar əl işlərindən asılıdırlar. Qadınlar cox zaman  təhsil almırlar və ümumiyyətlə, ya evdə  ya da digər qeyri-rəsmi məkanlarda işləyirlər. Nəticədə, mallarını satmaq üçün bazarlara girmək çətinliyi, vasitəçilər tərəfindən istismar edilmək, intellektual mülklərinin oğurlanması və çox aşağı gəlir problemləri ilə rastlaşırlar (Fashion Revolution CIC, 2020).

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan və şəxsi biznesi olan qadınlar əhalənin çox az hissəsini təşkil etsə də, moda sektorundakı qadın sahibkarlar kişiləri əhəmiyyətli dərəcədə üstələyir.  Buna baxmayaraq, qadın dizaynerlərin  və moda brendləri  təsisçilərinin qarşılaşdıqları bir sıra çətinliklər və maneələr var. Azərbaycan Moda Dizaynerləri Assosiasiyasının təsisçisi Aysel Hüseynova bildirir ki,  moda sektorunda qadın sahibkarlar tez-tez ənənəvi gender problemləri, mədəni stereotiplər və cinsi qərəzliklərlə qarşılaşırlar. Onun dediyinə görə, gənc qadın sahibkarları çox vaxt ciddi qəbul etmirlər, onların dizayn ilə hobbi kimi məşqul olduqlarını və hətta, bizneslərinin arxasında bir kişi ailə üzvünün olduğunu düşünürlər.

Dairəvi İqtisadiyyat və Dairəvi Moda

Dünyada böyük populyarlıq qazanan dairəvi iqtisadiyyat materialların həyat dövrünü uzatmaq prinsipinə əsaslanır. Dizayn mərhələsindən başlayaraq tullantıların və çirklənmənin minimum olmasının nəzərə alınması,  məhsul və materialların mümkün qədər xammal-istehsal-istehlak   dövrəsində  saxlanılması Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini sürətləndirmək üçün başlıca şərtdir.  (Ellen MacArthur Fondu, 2019). Planetin çirklənməsində moda və tekstil sənayesinin böyük bir payının olduğunu nərəzə alsaq, bir çox dairəvi iqtisadiyyat səylərinin moda sənayesinə yönəlməsi təəccüb doğurmaz.

Moda sənayesi üçün nəzərdə tutulan yeni vizyon müasir texnologiyaların dairəvi iqtisadiyyat prinsipləri ilə uyğunlaşmasıdır. Başqa sözlə, regenerativ dizayn  iqtisadiyyat, cəmiyyət və ətraf mühit üçün faydalıdır. Belə bir sistemdə geyim və tekstil sahibinə mümkün qədər uzun müddət xidmət edəcək şəkildə dizayn edilməli, istifadə müddətində keyfiyyətini maksimal  saxlamalı və istifadədən sonra yenidən iqtisadiyyata daxil edilməli və heç vaxt tullantıya dönməməlidirər.

Mağaza rəflərində nəyin olacağı, əsasən, dizaynerdən asılıdır. Paltar, ayaqqabı və aksesuarlardan necə istifadə edəcəyimizə, onların nə qədər işlək və davamlı olacağına dizayner qərar verir. Dizaynerlər və istehsalçılar  materialların keyfiyyətini və uzunömürlülüyünü artırmaqla, geyim istifadəsini artırmağı hədəflənməlidirlər. Bəzi qabaqcıl dairəvi moda markaları məhsullarına zəmanət və təmir xidmətləri təklif edir. Məsələn, Azərbaycanda yerli çanta dizayneri Dilarə Vəzirova müştərilərinə dizayn etdiyi çantaları pulsuz təmir etməyi təklif etməklə,  əşyanın istifadə müddətini uzadır.

Dairəvi iqtisadiyyat, həmçinin, köhnə paltarların yeni parçalara (təkrar emal) və ya yeni paltarlara çevrilməsi (apsayklinq) kimi, bütün resursların təkrar istifadəsini nəzərdə tutur. Tanınmış modelyer Renara Şəmsiyeva Azərbaycanda apsayklinq modasının pionerlərindan biridir. O lokal tekstil istehsalında tullantı kimi atılan denim parçalardan, habelə, ikinci əl denim cinslərdən geyim və aksesuarlar hazırlayır. Öncə geyd olunan dizayner Dilarə Vəzirova da çantalarının əksəriyyətini tekstil fabriklərinin  qalıq parçalarından və ikinci-əl geyimlərdən apsaykl üsulu ilə yaradır.

Geyimi məmulatlarının yenidən istifadəsi, onların poliqonlardan yayındıraraq yenidən dizayn ilə modaya daxil edilməsi ilə, dairəvi iqtisadiyyatın önəmli elementlərindən biri olan təkrar satış (resale) bazarının 2023-cü ilə qədər ikiqat artacağı proqnozlaşdırılır (ThredUp, 2019). Buna baxmayaraq, əksər Qərb mədəniyyətlərində, eləcə də, postsovet ölkələrində ikinci əl məmulat almaq, yalnız yeni paltar almağa imkanı olmayan kasıb insanlar tərəfindən tətbiq edildiyi üçün, damğalanır. İnsanların az bir hissəsi dairəvi iqtisadiyyatın real davamlı bir təcrübə olduğuna inandıqları üçün  ikinci əl satış bazarından yararlanırlar. 

Dairəvi iqtisadiyyatın başqa bir xüsusiyyəti, bərpa olunan mənbələrdən istifadə etmək və ətraf mühitin çirklənməsini azaltmaqdır. Bu, ekosistemlərə zərər verən və toxuculuq əkinçiliyində çalışan işçilərin sağlamlığını riskə atan neft əsaslı gübrə və pestisidlərdən istifadə etməməklə kənd təsərrüfatında bərpaedici üsullara keçmək deməkdir. Lakin pambığın istehsalında orqanik gübələrin və təbii aqrotexniki metodların tətbiqi məhsulun bahalaşmasına və fermerlər üçün pambığın rentabelliyinin azalmasına səbəb ola bilər. Azərbaycanda pambıq məhsulunun keyfiyyəti aşağı olduğuna görə, ölkənin pambığını dünya bazarında baha qiymətə satmaq mümkün deyil.

Dairəvi moda yerli xammal istifadəsini və hazır məhsul istehsalını təşviq edir, çünki bu, son məhsulun karbon izini əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda tekstil istehsalının keyfiyyət və kəmiyyət göstəriciləri  aşağı olduğundan,  yerli moda istehsalçıları  və dizaynerlər Çin və ya Türkiyə istehsalı olan parçaları seçmək məcburiyyətində qalırlar ki, bu da istehsalçıların təchizat zəncirini, iş şəraiti və ətraf mühit siyasətini izləməyini çətinləşdirir.

Gender perspektivi

Enerji, ətraf mühit və iqtisadi artımla bağlı çoxsaylı DİM-lərə nail olmaq üçün vəd verərkən, əsasən də, dairəvi sistemin ekoloji aspektlərinə diqqət yetirərkən, dairəvi iqtisadiyyatın sosial təsirləri, xüsusilə, qadınların iqtisadiyyatda baş verən dəyişikliklərdə rolu, onların ətraf mühit davranışlarıı və bu dəyişikliklərin qadınların iş imkanlarına təsirləri nəzərə alınmalıdır. 

Dairəvi iqtisadiyyat yalnız hərtərəfli sistem dəyişiklikləri:  – hökumət siyasətində, şirkətlərin xammal əldə  və istifadə etmə tərzində, yeni məhsul dizaynında,  təkrar emal  infrastrukturunda, təhsil və istehlakçı davranışlarında innovativ yeniliklərə  imkan yaradan həllər ilə mümkündür. Qadınların bütün bu mərhələlərdə – dəyər zəncirlərində və sektorlarda  davamlı iş təcrübələrinin tətbiq edilməsində  rolu olmalıdır. 

Son istifadəçi səviyyəsindəki istehlak nümunələrini araşdırmaq vacibdir, çünki istehlakçılar seçimləri  və satınalma vərdişləri ilə məhsulların layihələndirilməsinə, istehsalına, istifadəsinə və potensial olaraq, yenidən istifadəsinə (redizayn) təsir göstərə bilərlər. Dayanıqlılı davranışda genderin rolu ilə bağlı bir çox araşdırma aparılıb.  Nəticələr orta yaşlı orta ixtisas təhsilli  qadınların davamlılıq prinsiplərinin müxtəlif sahələrdə tətbiqi baxımından, kişilərə nisbətən, orta hesabla, daha çox məlumatlı, məqsədli və həvəsli olduğunu göstərir (Gazzola et al., 2020). 

OECD (2020) tərəfindən 11 ölkədə aparılan sorğu və araşdırmalara görə, ev təsərrüfatlarında ekoloji davranışlar,  enerji, tullantılar və ətraf mühit məsələlərinə münasibətlər genderə görə dəyişir. Sorğu aparılan  bütün ölkələrdə  qadınların cavabları, onların kişilərdən daha çox ekoloji motivasiyalı olduqlarını (məsələn, ətraf mühitə fayda verən güzəştlər etməyə hazır olduqlarını) göstərir. Qadınlar ekoloji problemlərin əhəmiyyətinə daha az şübhə ilə yanaşırlar. Lakin digər tərəfdən bu, həm də daha dayanıqlı gündəlik həyat vərdişlərinə keçiddə, qadınların üzərlərinə daha ağır yük düşməsinə gətirib çıxarır. Artıq mövcud olan ev işi və qayğı yükünün üstünə bu keçidlə bağlı fəaliyyətlərin əlavə olunması gender rollarını, daha dayanıqlı dünyaya keçidlə birgə, ləğv etməyin nə qədər mühüm olduğunu göstərir.

Türk istehlakçılarının nümunələrində, insanların dayanıqlılı istehlak davranışlarını tədqiq edən  araşdırmanın  əldə olunan  nəticələr gender ilə  dayanıqlı istehlak davranışı arasındakı əlaqəni dəstəklədi. Qadınlar həm ümumi davranışda, həm də  geyim məmulatları  daxil olmaqla, məhsulların təkrar istifadəsində, həmçinin,   kirayələmə xidmətlərində  daha yüksək dayanıqlı istehlak davranışları nümayiş etdirirlər r (Bulut et al., 2017). ThredUp araşdırması (2019) müxtəlif ölkələrdə sorğuya cəlb olunan  2000 qadının 26%-nin önümüzdəki beş ildə geyim kirayələmək üçün daha çox pul xərcləməyi planlaşdırdığını; 70%-nin isə ikinci-əl məhsulları almış və ya almağa hazır olduqlarını ortaya çıxardı. Eyni hesabata görə, ikinci-əl əşyaların alınması, yeni əşyaların istehsalı zamanı atmosferə atılan  CO2 emissiyalarını və əşyanın karbon izini 82% azaldır.

Azərbaycanda gender əsaslı, istehlak nümunələri və ətraf mühitə münasibətlə bağlı kifayət qədər araşdırma və statistika olmasa da, qadınların dayanıqlı istehlakçı olma ehtimalının, həmçinin,  həm ev təsərrüfatı, həm də cəmiyyət səviyyəsində ətraf mühitə yönəlmiş təşəbbüslərə qoşulmaq meyillərinin  daha çox  olduğu bəllidir. Qadınlar şirkətləri dairəvi iqtisadiyyata əsaslanan istehsal üsullarına yönəltməklə, istehlakçı olaraq, dairəvi iqtisadiyyatda mərkəzi rol oynaya bilərlər. Dizayner Renara Şəmsiyevanın bildirdiyinə görə, müştərilər tullantıların azaldılmasına və resurslara qənaət etməyə yardım edən seçimlərə daha çox maraq göstərməyə başlayıblar və hətta dizaynerlərə məhsulların təkmilləşdirilməsinə dair təkliflər də edirlər.

Dairəvi iqtisadiyyat daha çox birgə yaradıcılığa və hamı üçün müsbət dəyər yaratmağa istiqamətlənir. Məqsəd təkrar istifadə və ya təkrar emal etməkdən daha çox, planetin, insanların və qazancın qorunmasını təmin etmək üçün rəqabətdən daha çox əməkdaşlığı təşviq edən sistemlər, modellər qurmaqdır.  Azərbaycanda yetərincə ekoloji maarifləndirmənin, istehlakçıların zövq və seçimləri  ilə bağlı araşdırmaların, tədarük zənciri boyunca şəffaflığın olmaması yerli dizaynerlərinin moda sənayesində dairəvi iqtisadiyyat prinsiplərinin tətbiq etməsini çətinləşdirir. 

Dairəvi Modaya Keçid

Moda sənayesi hələ də dayanıqlı dairəvi sistem olmaqdan çox uzaqdır. Bir çox qabaqcıl şirkətlər “dairəvi modellər”i  araşdırırlar.  Təəssüf ki, tənzimləmə mexanizmlərinin zəif olması,  logistik problemlər, texniki və iqtisadi qaynaqların, hərtərəfli həllərin və lazımi infrastrukturun olmaması səbəbiylə dairəvi iqtisadiyyata keçid ləngiyir.

Üstəlik, indiyə qədər dairəvi iqtisadiyyatla bağlı tədqiqatlar və işləmələr, əsasən, dairəvi sistemin ekoloji və biznes aspektləri üzərində qurulmuşdur. Halbuki, sosial təsirlərin, xüsusilə, dairəvi iqtisadiyyatda baş verən zəruri dəyişikliklərdə  qadınların rolunun, dəyişikliklərin  qadınların bacarıq  və iş imkanlarına təsirinin təhlili az aparılmışdır (Murray et al., 2017).

Bunları nəzərə alaraq,  yeni dairəvi modellərin eyni bərabərsizlikləri və mövcud sistemin, qadınlar da daxil olmaqla, həssas əhali qrupuna mənfi təsirlərini  təkrarlaya biləcəyini təsəvvür etmək mümkündür. Qadın işçilərin gəlirlərinə və iş imkanlarına mənfi təsirlər, yeni modellərə keçidin hökumətlər və digər iqtisadi aktorlar tərəfindən lazımi şəkildə gözlənilmədiyi və idarə edilmədiyi təqdirdə yarana bilər:

  • Geyimlərin təkrar istifadəsindəki artım (kirayə, yenidən satış) yeni iş imkanları yaratsa da,  mağazada pərakəndə satış kimi daha ənənəvi rollara təsir edəcək
  • Bacarıq tələbləri, artan texniki bacarıqlara ehtiyac yarandığından dəyişəcək ki,  bu da sektorda az təmsil olunan qadınları geridə qoya bilər 
  • Geyim sektorunda işçi qüvvəsinin böyük hissəsini təşkil edən qadın işçilər, ehtimal ki,istehsalın azalmasından təsirlərinəcəklər

İnkişaf edən dairəvi modanın insanlara və xüsusən də, qadınlara necə təsir etdiyini araşdırmaq vacibdir. Dairəvi iqtisadi  modelləri qəbul edən moda şirkətlərinin bu dəyişikliyi edərkən sosial cəhətləri nəzərə alması çox önəmlidir. Həm şirkətlər, həm də təşkilatlar, yeni modelləri, onların potensial təsirlərini və istehsalı bu model tipləri üzrə   genişləndirməyi sınayarkən, sosial və cinsi faktorların  necə uyğunlaşdırılmasından əmin deyillər (Conlon və Barraja, 2019). Dairəvi modaya keçidin həssas əhali üçün ədalətli və ağrısız olmasını təmin etmək üçün düşünülmüş qərarlar və hərəkətlər tələb olunacaq:

  • Qadınların əkinçilik siyasəti və təcrübələri ilə əlaqədar qərar qəbuletmə prosesinə  cəlb edilməsi və qadınların torpaq mülkiyyətinə və təbii sərvətlərə çıxışına mane olan hüquqi sədlərin  aradan qaldırılması. Qadınların kənd təsərrüfatı sektorunda kişilərlə eyni dərəcədə məhsuldar qaynaqlara sahib olmasını təmin etmək qadın təsərrüfatlarında məhsuldarlığı 20-30% artıra bilər (FAO, 2011).
  • Dairəvi iqtisadiyyat strategiyaları və fəaliyyət planları ilə bağlı sistematik gender bərabərliyi perspektivini təmin etmək.
  • Qadınları dairəvi iqtisadiyyata cəlb etmək – dayanıqlı istehlak haqqında məlumatlılığı artırmaq;  liderlik və idarəetmə rollarında qadınların iştirakını təşviq etmək.
  • Qadın sahibkarlığını və məşğulluğunu təşviq edə biləcək maliyyə dəstəyi mexanizmlərini hazırlamaq və yaşıl iqtisadiyyat sektorunda qadınların karyera imkanlarını gücləndirmək üçün gender uyğun bacarıq strategiyalarını inkişaf etdirmək.
  • Ictimai kampaniyalar, media və vətəndaşların iştirakı ilə ətraf mühit problemləri haqqında məlumatlılığı artırmaq, istehlak modellərinə təsir etmək.

Dairəvi iqtisadiyyata keçidin bir hissəsi olaraq, yaşıl iş yerlərinin artırılması qadınları gücləndirmək imkanı verə bilər.  Dairəvi  iqtisadiyyata doğru atılan addım, gender bərabərliyinin təşviqi istiqamətində atılarsa,  insan yönümlü  yanaşma əsasında  dayanıqlı, möhkəm bir sənaye qurula bilər.


Istinadlar

Ellen MacArthur Foundation, 2017, Fashion and the Circular Economy

https://archive.ellenmacarthurfoundation.org/explore/fashion-and-the-circular-economy

World Economic Forum, 2020, The Global Risks Report 2020 

Available from: http://www3.weforum.org/docs/WEF_Global_Risk_Report_2020.pdf

Gazzola, P., Pavione, En., Pezzetti, R. & Grechi, D., 2020, Trends in the Fashion Industry. The Perception of Sustainability and Circular Economy: A Gender/Generation Quantitative Approach. Sustainability.

DOI: 10.3390/su12072809

Walk Free Foundation, 2018, Global Slavery Index 2018

https://downloads.globalslaveryindex.org/ephemeral/GSI-2018_FNL_190828_CO_DIGITAL_P-1631192427.pdf

Fibre2Fashion News Desk, 2019, Azerbaijan sees 31.9% rise in cotton output over last year

https://www.fibre2fashion.com/news/textile-news/azerbaijan-sees-31-9-rise-in-cotton-output-over-last-year-253975-newsdetails.htm

Taghiyeva, T., 2018, The True Price of Azerbaijani Cotton, MeydanTV

http://mtv.re/z9d6io

Huynh P. (2015), Employment, wages and working conditions in Asia’s garment sector: Finding new drivers of competitiveness. ILO

Available from: https://www.ilo.org/wcmsp5/groups/public/—asia/—ro-bangkok/documents/publication/wcms_426563.pdf

Vəliyeva, 2021, Su çatışmazlığı həm də gender məsələsidir, Femiskop

http://femiskop.org/su-catismazligi-hem-de-gender-meselesidir/

Weber-Steinhaus F., 2019, The rise and rise of Bangladesh – but is life getting any better?, The Guardian

Available from: https://www.theguardian.com/global-development/2019/oct/09/bangladesh-women-clothes-garment-workers-rana-plaza

Fashion Revolution CIC, 2020, Why We Still Need A Fashion Revolution

Ellen MacArthur Foundation, 2017, What is a circular economy?

https://ellenmacarthurfoundation.org/topics/circular-economy-introduction/overview

Global Fashion Agenda, 2019, CEO Agenda 2019: Eight Guiding Priorities For Fashion Executives

ThredUp, 2021, 2021 Resale Report

https://www.thredup.com/resale/#resale-industry

OECD, 2020, Gender and Environmental Statistics: Exploring available data and developing new evidence, OECD Publishing

https://www.oecd.org/environment/brochure-gender-and-environmental-statistics.pdf

Bulut, ZA., Kökalan Çımrin, F., Doğan, O., 2017. Gender, generation and sustainable consumption: Exploring the behaviour of consumers from Izmir, Turkey. Int J Consum Stud., 41: 597– 604

DOI: 10.1111/ijcs.12371

OECD, 2021, Gender and the Environment – Building Evidence and Policies to Achieve the SDGs, OECD Publishing

https://doi.org/10.1787/3d32ca39-en.

Murray, A., Skene, K. & Haynes, K., 2017, The Circular Economy: An Interdisciplinary Exploration of the Concept and Application in a Global Context, Journal of Business Ethics, Vol. 140/3

DOI: 10.1007/s10551-015-2693-2

Conlon, C. & Barraja, M., 2019, Getting Circular Economy Right: Let’s Put People at the Center of Circular Fashion

https://www.bsr.org/en/our-insights/blog-view/getting-circular-economy-right-lets-put-people-at-the-center-of-circular-fa

FAO, 2011, FAO in the 21st century: ensuring food security in a changing world., Food and Agriculture Organization of the United Nations

http://www.fao.org/3/i2390e/i2390e.pdf

Kaluiji, K., 2020, How Women’s Leadership and Economic Empowerment could Drive the Circular Economy, OsloDesk

Turan.az, 2018, SSRİ-də olduğu kimi, yenə də pambıq plantasiyalarında adamları zəhərləyirlər

https://www.turan.az/ext/news/2018/-/free/markets/az/119444.htm

Müsahibə İştirakçıları

Renara Şəmsiyeva – Renara brendinin təsisçisi və kreativ direktoru

Dilarə Vəzirova – Zzor Bags çanta brendinin təsisçisi və kreativ direktoru

Aysel Hüseynova – AFDA Azərbaycan Moda Dizaynerləri Assosiasiyasının təsisçisi

Bu məqalə USAID və Black Sea Trust-ın maliyyə dəstəyi göstərdiyi “Genderi Görünən Edək” layihəsi çərçivəsində hazırlanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *