Nəzakət Əzimli

Foto: Camping Azerbaijan

Bu yaxınlarda bir Türk fanzinində flaneur (veyil) – şəhəri veyil-veyil gəzib, baş verənləri müşahidə edən personaj haqqında bir yazı oxudum. Veyil personaj olaraq ilk dəfə Baudelaire tərəfindən təqdim olunmuş və ədəbiyyatda, sosiologiyada və sonralar urbanistikada istifadə olunmuşdur. Şəhərin sakinlərini, nəqliyyatın hərəkətini, bir sözlə, küçədə baş verənləri müşahidə etmək üçün yeriyən şəxs, bizdən hər zaman aktiv və produktiv şəkildə nəsə etməyimizi istəyən kapitalist sistemə etirazın bir növü kimi də işiqlandırılır. Məsələ burasındadır ki, Baudelaire-in veyil personajı görünməzdir və o, şəhəri gəzərkən asanlıqla kütlənin içində itərək sadəcə bir müşahidəçi rolunu oynaya bilir. Lakin şəhərdə gəzərkən görünməz ola bilmə üstünlüyü ancaq kişilərə aiddir. Qadın isə çox vaxt şəhərdə izləyən yox, izlənilən rolunu oynayır. Bakıda küçələrin əsasən kişilər tərəfindən ələ alındığı sakinlərə sirr deyil. Qadınlar nisbətən rahat hərəkət edə bilsələr də, şəhərdə rahat dayanmaqları, ötüb keçənlərə baxmaqları çox nadir haldır..

Elkin Lauren ‘Flaneuse’ əsərində şəhərdə düşünmək, yazmaq, şəhərin xəritəsini çəkmək üçün gəzən qadınlardan yazır. Əsasən şəxsi təcrübəsindən danışsa da, tarix boyu şəhəri gəzərək digərlərin baxışlarına etiraz bildirən Virginia Woolf, George Sand və Agnes Varda haqqında yazaraq flaneuse qadının ola biləcəyini də göstərməyə çalışır. Simone de Beauvoirın “İkinci Cins” adlı kitabında tarix boyu yaradıcı qadınların sayca az olmasının səbəblərindən biri kimi qadınların rahatlıqla, ürəkləri istədiyi qədər, bilinməyən istiqamətdə gəzə bilməmələri göstərilir. Küçələri dolanarkən qadın heç vaxt özünü tam təhlükəsiz hiss edə bilmir, ətrafdan daimi baxışlar yığır və bu ona ən azından fikirlərini toplamağa mane olur. Bu azmış kimi,  qadınları həm də evdəki işlər gözləyir… Məhz Simone-un bu arqumenti önə sürməsi heç də təsadüfi deyil; o, müasir feminizmin əsas istinad nöqtələrindən sayılan ‘İkinci Cins’ əsərini Marsel ətrafında etdiyi yürüşlərdən sonra yazmışdı.

Simone vaxtı ilə təbiətdə gəzintilərə gedəndə hamı ona bunun çox təhlükəli və fiziki olaraq çətin olduğunu aşılamağa çalışırdı. Əsrlər keçməsinə baxmayaraq qadınların tək gəzməyə çıxması hələ də tez-tez rast gəlinən bir hadisə deyil. Ələxsus da, Azərbaycanda daha çox incə məxluq, zərif bacı və kövrək ana kimi təsvir olunan qadınların hər cüzi təhlükə mənbəyindən təcrid olunması vacib sayılır. Çünki incə məxluqlara uşaqlıqdan özünü qorumaq, fiziki güclənmək öyrədilmir və öyrədilməsi də müsbət qarşılanmır. Təbiəti sevən, yürüyüşə getmək istəyən qadınlar belə uşaqlıqdan beyinlərə yeridilən stereotip və qorxuların nəticəsi olaraq bunu bir o qədər də rahat şəkildə edə bilmir.

Maraqlıdır ki, indiyədək qadın və kişilərin fiziki fərqləri haqda çox eşitmişik; mövcud gender rollarını doğrulamaq üçün ən çox istinad edilən şey fiziki fərqliliklərdir. Lakin kiminsə ‘ay qadın, sənin də iki ayağın, iki əlin var ancaq tarix boyu sənin gəzməyin, küçələrdə, təbiətdə sərbəst hərəkət etməyin fərqli səbəblərə görə məhdudlaşdırılıb’ dediyini eşitmirik. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir