COVİD-19 pandemiyasının gender və sosial bərabərsizliyə təsiri

Dünyada COVİD-19 pandemiyasının birinci və ikinci dalğalarına verilən əsas reaksiyalar infeksiyaların və ölümlərin azaldılmasına yönəlmişdir. Xüsusilə, iş yerlərinin itirilməsi, biznes və cəmiyyətə iqtisadi dəstək əsas müzakirə mövzuları olmuşdur. Lakin pandemiyanın təsiri, ilk növbədə, gözlə görünən və ölçülə bilən bərabərsizlikləri daha da dərinləşdirmişdir. Bu bərabərsizliklərə gender, ekoloji, iqtisadi və sosial məsələlər daxildir. 

Pandemiya gender və iqtisadi bərabərsizlikləri daha da dərinləşdirdi

Azərbaycanın, az gəlirli sahələr sayılan,  səhiyyə və təhsil sektorlarında çalışan işçilərin təxminən 70%-i qadınlardır  ki, onların da, pandemiya zamanı daha çox risk altında olduqlarından, iqtisadi və sosial ehtiyaclarına xüsusi diqqət yetirilməsinə ehtiyac yaranır. BMT-nin Əhali Fondunun (2020) apardığı araşdırma göstərir ki, qadınlar üçün pandemiya dövrü həm iş yerlərinin itirilməsinə səbəb olub, həm də gəlirlərinə mənfi təsir edərək, ağır zərbə vurub. Bütün sosial və yaş qruplarından olan qadınlar iş, gəlir itkisi və ödənişli iş saatlarının azalmasından təsirlənib. Ev və uşaq baxımı kimi artan ödənişsiz əməyə əlavə olaraq, qadın respondentlərin yüzdə 15-dən çoxu işlərini itirdiklərini, digər yüzdə 41-i ödənişli iş saatlarının azaldılması ilə qarşılaşdıqlarını söyləyiblər.

UNFPA-nın sorğusu göstərir ki, azərbaycanlı qadınların 46%-i dövlət köməyindən asılı olduqları üçün, evin və ailənin iqtisadi-fiziki təhlükəsizliyi qadınlar üçün əhəmiyyətli  mübarizə strategiyası olaraq qalır.

Bu yaxınlarda yayımlanan hesabat göstərir ki, pandemiya 2021-ci ilə qədər 96 milyon insanı həddindən artıq yoxsulluğa aparacaq, bunlardan 47 milyonu qadın və qızlardır. Bu, gündəlik gəliri 1.90 $ və daha az olan qadın və qızların ümumi sayını 435 milyona çatdıracaqdır (UN, 2020). Pandemiya ilə əlaqəli yoxsulluq artımı gender yoxsulluq fərqini də artıracaq, yəni qadınlar kişilərdən daha çox  yoxsulluğa düçar olacaqlar.

Karantin tədbirləri insanları evdə saxladığından, məktəbləri və gündüz qayğı müəssisələrini bağladığından, həm qadınlar, həm də kişilər üçün ödənişsiz qulluq və ev işlərinin yükü artdı.  Ancaq COVİD-19-dan əvvəl də qadınlar gündə orta hesabla 4.1 saat, kişilər isə 1.7 saat ödənişsiz işə zaman sərf edirdilər ki, bu da qadınların dünya miqyasında kişilərə nisbətən üç qat daha çox ödənişsiz işlərlə məşğul olmaları deməkdir. Həm kişilər, həm də qadınlar, pandemiyanın başlamasından bəri ödənişsiz işlərdə artım olduğunu bildirirlər. Lakin qadınlar bu işin əsas hissəsini öz üzərinə götürməyə davam edirlər. Məktəb və uşaq bağçalarının bağlanması, kənar yardımların azalması ilə yanaşı, xəstə və yaşlı ailə üzvlərinə qulluq məsuliyyəti də çox vaxt qadınların  üzərinə düşür.

Bundan əlavə, COVİD-19 pandemiyası LGBT+ icmasına da iqtisadi, sosial və ictimai səhiyyə baxımından ciddi təsir etmişdi. Belə ki, dünyanın bir çox ölkələrində LGBT+ nümayəndələrinin səhiyyə xidmətlərinə çıxışları limitlənib və bir çoxunun qeyri-formal iqtisadi sektorda çalışdığını nəzərə alaraq onların iqtisadi təhülkəsizliyini təmin etmək üçün tədbirlər görülməyib.

Təsirlər yalnız iqtisadi deyil. Pandemiya qadınların cinsi və reproduktiv sağlamlığa çıxışını da əngəlləyir. Bəzən evdə təcavüzkarları ilə birlikdə qalmağa məcbur olduqları üçün, qadınlara qarşı şiddətlər dünya miqyasında artdı, əksər hallarda faciəli nəticələr verdi. Artıq institusional yoxsulluq və cinsi ayrı-seçkiliklərlə üzləşənlər, xüsusilə, risk altındadırlar.

COVID-19-un tam təsirini anlamaq üçün daha çox data və tədqiqata ehtiyac var

COVID-19 pandemiyası və onun təsirləri haqda informasiya məhdudluğunun mövcudluğu bir çox sualları cavabsız qoyur. Pandemiyanın differensial təsirlərini başa düşmək üçün hadisələr, o cümlədən, ölüm hadisələri, cins, yaş və digər xüsusiyyətlər zəminində ayrıseçkilik və cinayətlər (məsələn,etnik mənsubiyyət/irq,köçkün/qaçqın statusu, əlillik və gəlir) haqda məlumatların bölünməsi vacibdir. Bununla belə, əksər ölkələr müntəzəm olaraq, birdən çox ölçüyə görə bölünmüş məlumatları və ya davam edən proseslərin fərqli təsirləri barədə məlumat yaymırlar. Siyasətlə və tədqiqatla məşğul olan tərəflər üçün vaxtında və keyfiyyətli məlumatlara açıq əlçatımlılığın  olması çox vacibdir.

Genderə cavab verən siyasətlər (gender-responsive policies) olmadan, bu böhran dövlətləri birtərəfli siyasətləri yeniləməyə sövq etməsi mümkün deyil.

COVİD-19 sosial, siyasi və iqtisadi sistemlərdəki bərabərsizlikləri bir daha vurğulayır. Bu, müxtəlif gender nümayəndələrinin rifahına böyük təsirlər göstərərək, dövlət və özəl sektorlar arasında prioritetlərdə və maliyyədə dəyişiklikləri labüd edir. Qadınlar siyasətlərdən yararlanan tərəfdən başqa, bu siyasətlərin memarları arasında da olmalıdırlar. Qadınların rəhbərliyi altında olan ölkələrdə COVID-19-dan təsdiqlənmiş ölümlər altı dəfə azdır. Bu, liderlərin pandemiyaya daha çevik reaksiya verməsi, zamanla sosial və ekoloji rifaha daha çox diqqət yetirməsi ilə əlaqədardır. Ancaq, çox az sayda qadın COVİD-dən çıxma və bərpa siyasətlərini dizayn və idarə edir. Bu böhranın dalğası ilə üzləşmək üçün sosial və iqtisadi siyasət və proqramlar həm xaricdə, həm də evdə qadınların əməyini əhatə edərək, inkluziv olmalıdırlar. 

Bu məsələləri daha dərindən araşdıraraq, ümümi vəziyyəti daha yaxşı anlayıb mövcud problemlərin həll yollarını tapmaq üçün USAID və Black Sea Trust-la birgə “Genderi Görünən Edək” araşdırma, yazı və vəkillik layihəsi üzrə əməkdaşlıq edirik. Layihə çərçivəsində fərqli müəlliflər və ekspertlərlə birgə aşağıdaki mövzular üzrə araşdırmalar aparılacaq, uyğun nəzəri məqalələr tərcümə olunacaq və gender meynstriminqi üçün Azərbaycan dilində kitabça tərtib olunacaq. Araşdırmalar sahələr üzrə işləmələr, müsahibələr, fərdi araşdırmalar (case study) və nəzəri təhlildən ibarət olacaqdır. 

“Genderi Görünən Edək” layihəsi yaranan gender, iqtisadi, ekoloji və sosial əsaslı bərabərsizlikləri işıqlandırmağa fokuslanacaq. Layihə yaxın 10 ay ərzində oxuculara qeyd olunan mövzular (Post-pandemiya dövründə şəhər, əmək və iqtisadi güc – kəndli qadınlar; Post-pandemiya dövründə iqlim ədaləti; Ailədaxili şiddət: pandemiya dövründəki çətinliklər və siyasət; Siyasət dizaynında qadınlar və siyasətdə gender meynstriminqi; Təhsil: siyasət, təcrübə və pandemiya dövründə əlçatanlıq; Sənət: pandemiya dövründən hekayələr, təcrübələr və ictimai təşəbbüslər) ətrafında araşdırma məqalələri, podkast və vizual materiallar təqdim edəcək.

Mənbələr:

https://www.unwomen.org/en/news/stories/2020/9/feature-covid-19-economic-impacts-on-women?utm_source=dlvr.it&utm_medium=facebook

https://ge.boell.org/en/2020/09/15/socioeconomic-impact-covid-19-and-oil-price-fluctuations-azerbaijan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *