“Çörəkağacı” modeli və Azərbaycan ailəsi

Azərbaycanlı qadınınların cəmiyyətdəki rolu və təsviri ailə institutu ilə çox sıx əlaqəlidir. Adətən qadınların kimlikləri həyatlarının bütün mərhələlərində bir ailənin parçasından ibarət olur.  Qərbdə yaranmış klassik feminist nəzəriyyələrə cavab olaraq, post-kolonial diskurs eyni çərçivənin lokal kontekstini nəzərə almadan tətbiqini tənqid edir. Bu məqalədə mən, post-kolonial nəzəriyyələrlə eyni mövqedən çıxış edərək Çörəkağacı Modelinin niyə Azərbaycandakı ailədaxili gender bərabərsizliklərini başa salmaqda limitli olduğunu göstərməyə çalışacağam. Modelin uyğunsuzluğunun əsas səbəbi kimi isə Azərbaycandaki ailə münasibətlərinin və qadının oradakı yerinin daha mürəkkəb olduğunu göstərəcəyəm.

Müəllif: Müjgan Abdulzadə

Fərqli ölkələrin feminist hərəkatları və akademik çevrələri daxilində feminizmin əsas konseptlərinin cəmiyyətin reallıqlarına uyğun olaraq mənimsənilməsi istiqamətində addımlar atılmışdır. Adətən post-kolonial feminist nəzəriyyəsi adı altında ümumiləşdirilən bu işlər monolit deyil. Məsələn, Mərakeş, Hindistan, Cənubi Afrika Respublikası və digər ölkələrin hər birində özünə xas şəkildə, böyük ölçüdə bu ölkələrin qadınlarının öz dilində formalaşmış nəzəriyyələri üçüncü-dalğa feminizm hərəkatının özəyini təşkil edir. Yerli feminist ədəbiyyatı birmənalı olaraq bir tərəfdən patriarxiyaya, digər tərəfdən isə ümümən mövcud bərabərsizliklərə qarşı reaksiya olaraq formalaşır.

Yerli hərəkatların dominant xarakteristikalarının və fərqli ölkələrdəki hərəkatlarla paralel xüsusiyyətlərinin qabardılması, bu xüsusiyyətlərlə tərif olunması bilinən problemdir və Azərbaycan feminizmi üçün də mövcuddur. Bundan qaçmağın yolu isə Azərbaycan insanının əks-səda yaratmaq əvəzinə danışmasıdır. Mən öz növbəmdə çörəkağacı modelinin yerli konteksti niyə tam ələ ala bilmədiyi haqqında danışacam.

İlk baxışdan, Azərbaycan ailəsinə ən rahat tətbiq edilə bilən model “çörəkağacı” (orijinal: breadwinner) modelidir (ÇM). Bu model sənaye inqilabı nəticəsində Britaniyada ortaya çıxmış yeni ailə formasını təsvir edir. ÇM-nə əsasən, kişilər pul qazanaraq ailəni maddi cəhətdən təmin edir, qadınlar isə ev işlərini görür və ailə üzvlərinin qayğısını öz üzərinə götürür. Bu model ictimai və şəxsi mühitlərdə gender-əsaslı ayırımın yalnız bir hissəsini təşkil edir (Fitzpatrick, et al., 2010). Britaniya proletar ailəsi üzərində formalaşmasına baxmayaraq, ÇM tez bir zamanda Qərbdə standart təsviri modelə çevrilir və kolonial ritorikanın bir hissəsi kimi və ya təsiri altında artıq dünyanın geri qalanı da bu prizmadan görülür və təhlil edilirdi.

İlk öncə bəzi terminlərin mənalarını dəqiqləşdirməkdə fayda var. Çörəkağacı Modeli dedikdə təsviri bir model nəzərdə tutulur. Erkək çörəkağacı ideologiyası isə bu modelin normativ kimi qəbuludur. ÇM ailə quruluşunu sadəcə təsvir etdiyi halda, bu mövzuda yazılmış  ədəbiyyatın əksər hissəsi cəmiyyətdə bu modelin müşahidəsini başlanğıc nöqtəsi kimi qəbul edərək ortadakı səbəb-nəticə əlaqələrini araşdırır.

Qərb ölkələrinin çağdaş vəziyyətinin bu modeldən artıq çox uzaq olduğu qəbul olunur (Trappe, et al., 2015; Geisler, 2013). Almaniya, İsveç kimi qərb ölkələrində dövlət-ailə əlaqəsi gender normaları ilə hesablaşmır. Halbuki, məsələn, Almaniyada müasir rifah proqramları ilk dəfə məhz bu normalar üzərində qurulmuşdu (Nill & Shultz, 2010). Çörəkağacı ideologiyasının tam olaraq aradan qalxdığını deyə bilmərik. Ailə strukturu ilə bağlı mövzulara baxış hələ də bu ideologiyanın təsiri altında qalır. Lakin protestant ailə dəyərləri son dövrlərə qədər gözardı edilmiş insan hüquqlarına yer verməli olur (Stacey, 2016). Nikahdan kənar uşaqlı ailələr, homoseksual nikahlar və valideynlər, ümumilikdə LGBTQI+ icmasının daha azad həyat sürməsi nəticə etibarilə ənənəvi ailə dəyərlərini ətraf mühitlə hesablaşmağa məcbur edir.

Lakin ÇM-nin daha mühafizəkar cəmiyyətlərdə – əsasən İslam ölkələrində və Uzaq Şərqdə – hələ də tətbiqi önəminin olduğu qəbul edilir, araşdırmalarda istifadə olunur. Məsələn, Çində şəhər ailələrinin iqtisadi strukturu hələ də ənənəvi gender rollarına əsaslanır. Belə ki, kişinin gəlirinin həm qadının, həm də kişinin xoşbəxtliyi üzərində qadının gəlirindən daha böyük təsiri olduğu iddia olunur. ÇM-dən istifadə edən məqalələrin birində müəlliflər iddia edir ki, valideynlərin və uşaqların qayğısına qalmaq (böyük ailədə yaşamaq) qadınların xoşbəxtliyini kişilərinkindən daha çox azaltmır (Qian & Qian, 2014). ÇM həm də başqa bir araşdırmanın çərçivəsində Birləşmiş Ştatlara emiqrasiya etmiş çinli qadınların gender rollarını daha rahat qəbul etdiyini iqtisadi faktorlarla izzah etmək üçün istifadə olunmuşdur (Yu, 2014).

Fərqli cəmiyyətlərin problemlərinin və nəticə olaraq bu problemlərin həlli üsullarının eyniləşdirilməsi kolonialist/neo-kolonialist akademiyanın səciyyəvi xüsusiyyətlərindən biridir. Qərb akademiyasının müstəmləkələr üzərində sahib olduğu təsir gücü bu xüsusiyyəti müstəmləkə xaqlarının da düşüncə tərzinə çevirmişdi. Eyni fenomeni bu modellə bağlı da müşahidə etmək mümkündür. Sözügedən gender ayrımının müxtəlif bölgələrdə baş vermə səbəbləri və şəkli ÇM ilə uyğunlaşmaya bilir (bax: Collver & Langlois, 1962; Safa, 1995).

Bəs ənənəvi Azərbaycan ailəsinin çağdaş və ya hansısa tarixi dövrdəki vəziyyətini bu model vasitəsilə izah etmək mümkündürmü? Azərbaycan idealları bu modellə uyğunlaşırmı? 


Çörəkağacı Modelinin Azərbaycan ailəsi ilə qarşılaşdırması

Əvvəlcə Azərbaycan ailəsinin ÇM ilə uyğunlaşan xüsusiyyətlərinin üzərindən keçək. Kişilərin ödənişli əmək payı qadınlarınkından açıq-aydın daha yüksəkdir, lakin toplam əmək saatlarına çox kiçik fərq var (qadınların payı daha çox olmaqla). Daha az qadının şəxsi maddi ehtiyatı, kişilərin isə daha çoxunun şəxsi borcları var. Qadınların böyük qisminin ümumiyyətlə şəxsi gəliri yoxdur (Caucasus Barometer, 2013). Beləliklə, Azərbaycanın əmək bazarı tipik patriarxal xüsusiyyətlərə malikdir.

Müqayisəni ailədaxili münasibətlərə də şamil etmək olar. Ailə daxilində kişi qadından daha çox gəlirə sahibdir. Maddi qarşılığı olmayan işlərdə qadının payı daha yüksək olur. Bu maddi faktorlarla yanaşı başqa fərqlər də mövcuddur. Təhsilli işsiz qadınların kişilərdən daha çox olduğunu qeyd etmək olar (Statistika Komitəsi, 2018). İctimai fəallığa nəzər salanda isə Azərbaycanda qadınlar ictimai görüşlərdə daha az iştirak etdiyini, internetdə fikirlərini daha az bölüşdüyünü, xeyriyyə işlərinə daha az qoşulduğunu, digər insanların bir-biri ilə əlaqələrinə daha az müdaxilə etdiyini görürük. (Caucasus Barometer, 2013).

Azərbaycan ailəsinin ÇM ilə uyuşmazlığı iddiasının leyhinə üç fərqli arqument irəli sürülə bilər. Birincisi, Azərbaycan ailəsinin özünəməxsus quruluşu ilə bağlıdır. İkincisi, bu quruluşun tarixi əsaslarına dayanır. Üçüncüsü isə Azərbaycan misalında türk-islam mədəniyyətlərini, onların patriarxial xüsusiyyətlərinin qərbdən fərqli olmasını ələ alır.

Azərbaycanda əhalinin, xüsusilə kənd əhalisinin müəyyən bir hissəsi hələ də böyük patriarxal ailələrin tərkibində yaşayır (Quliyeva, 2006). Böyük ailələr nuklear (kiçik) ailələrdən köklü şəkildə fərqli əlaqələr ehtiva edir. Ölkədə aparılmış sosial sorğuların nəticələrinin digər ölkələrin nəticələri ilə müqayisəsi maraqlı detalları ortaya çıxarır. Referans nöqtəsi kimi Almaniyanı və Hollandiyanı götürək. Hər iki ölkədə nuklear ailələrə daha tez-tez rast gəlinir.

Azərbaycanlıların 90%-nin əsas həyat məqsədlərindən biri valideynlərini fərəhləndirməkdir. Bu almanların yalnız 66, hollandların isə 60%-nə aiddir. Azərbaycanda əhalinin 45%-i boşanmaya heç vaxt haqq qazandırıla bilməyəcəyini fikirləşir. Almaniya əhalisinin 8, Hollandiya əhaləsinin isə yalnız 5.5%-i bu fikirlə razılaşır. Azərbaycanda “yaxşı vətəndaş” olmaq üçün ənənələri izləməyin vacib olduğunu düşünənlər seçkilərdə iştirakın vacib olduğunu düşünənlərdən (kiçik fərqlə) çoxdur (World Values Survey, 2010-2014).

Bu müqayisələr ortaya çox ciddi fərqlər çıxarır. Azərbaycan ailəsi və alman ailəsi dedikdə iki fərqli, hətta müəyyən məqamlarda (boşanma məsələsi) təzadlı institutdan danışdığımız ortadadır. Əlimizdə olan məlumatlar bundan artığını etməyə imkan verməsə də, ÇM-nin Azərbaycan ailəsi üzərinə tətbiqi ilə bağlı bir neçə söz deməyə şərait yaradır.

ÇM-nin Azərbaycan ailəsi ilə ortaq cəhətlərini qeyd etdik. Bu cəhətlərin bir çoxu – kişilərin toplam ailə büdcəsinə qatqılarının birmənalı şəkildə daha yüksək olması, qadınların maddi qarşılığı olmayan işlərə sərf etdikləri vaxtın kəskin dərəcədə çox olması – ÇM-ni ələ alan nəzəriyyələrdə mövcud sosial-iqtisadi dəyişikliklərlə izah olunur. Azərbaycan ailəsi ilə bağlı isə bunun əksini iddia etmək mümkündür. Belə ki, Azərbaycanın sözügedən ailə ənənələri tarixi əsrlərə dayanan mədəniyyətin bir parçası kimi formalaşmışdır. Cəmiyyətdə müşahidə olunan çağdaş dəyişikliklər bu oturuşmuş nizamı silkələməyə yetmir.

Böyük patriarxal ailələrdə mövcud olan çağdaş motiflərə Kitabi-Dədə Qorqud dastanında rast gəlinir (Hüseynov, 2019) :

“Ata adını yürütməyən xoryad oğul, ata belindən enincə enməsə yey,” (Əlizadə, 2004)

və ya atalar sözlərində belə:

“Böyüksüz evdə xeyir-bərəkət olmaz.”

“Ana qızına taxt verər, ata qızına bəxt!”

İkimərtəbəli şaquli (nəsillərarası; məs: baba-nəvə əlaqəsi) əlaqələr və böyüklərə hörmət, məişətdə məhrəmiyyət anlayışı kimi dəyərlər ÇM-də nəzərə alınmır. Bu mürəkkəblikləri hesaba qatmayan bir model böyük patriarxal ailədə baş verən güc dinamikası tam olaraq izah etməsi mümkünsüzdür.

Doğrudur, xüsusən də şəhərlərdə əhalinin əksəriyyəti böyük yox, nuklear ailələrin tərkibində yaşayır (Quliyeva, 2006). Lakin nuklear ailələr əksər hallarda böyük ailələrin səpələnmiş forması kimi qalır – böyük ailəni təşkil edən kiçik ailələr fiziki olaraq bir-birlərindən ayrı olduqda belə, sözügedən əlaqələr itmir, sadəcə daha dinamik hal alır. Ənənəvi ailə dəyərlərinin mühim olduğunu nikahdan kənar ailələrin sayı yox səviyyəsində olması təsdiqləyir (Quliyeva, 2006). Bu o deməkdir ki, azərbaycanlılar nadir hallarda cəmiyyətdə ailə qurulması ilə bağlı qəbul olunmuş ritualları gözardı edir.

Kişinin qadın üzərində nominal dominantlığı Azərbaycan ailəsi nümunəsində əksər Ərəb-İslam mədəniyyətlərinə aid bir xüsusiyyətdir. Bu, müasir qərb ailəsində hələ də davam edən faktiki, qaçınılmaz, sosial-iqtisadi faktorlardan qaynaqlanan dominantlıqdan fərqlənir. Belə ki, ikinci hal üzərində işlənilməsi gərəkən problem kimi (feminist baxış) və ya təsadüfi olaraq optimal bir vəziyyət kimi görülür (qeyri-feminist baxış). İslam mədəniyyətlərində isə kişinin dominantlığı öz-özlüyündə zəruri, müsbət bir hal kimi qarşılanır.

Bu son xüsusiyyətin davamı olaraq, qadının da rolu barəsində bir neçə söz demək olar. Qadının kişidən asılılığı, konservativ mentalitetdə təsadüfi, vəziyyətə görə təhlil olunmalı bir şey kimi yox, mütləq bir dəyər kimi qəbul edilir. Hətta qadının ləyaqətinin bir şərti kimi belə görülür. ÇM modelinə əsasən isə, qadınların ailədəki ikinci dərəcəli iqtisadi rolu iki fərqli faktor ilə izah olunur: sənaye inqilabınının gətirdiyi çoxsaylı dəyişikliklər nəticəsində kişilərin gəlirlərinin artması və “leqal, siyasi və ideolojik insitutların” qadınların əmək bazarında iştirakına təsiri (Horrelland & Humphries, 1997). Birinci – iqtisadi – faktorun Azərbaycanlı qadınların vəziyyətində baş verən çağdaş dəyişiklikəri izah etmə potensialı ola bilər, lakin tarixi əsrlərlə ölçülən, cəmiyyətin təməlini təşkil edən, yuxarıdakı statistik məlumatlarda əks olunan, müasirləşmə dalğası qarşısında, hələ ki, möhkəm dayanan ailə dinamikasını izah edə bilməz.

Nəticə olaraq, sözügedən xüsusiyyətlər gözardı edilə bilməz. Azərbaycan ailəsinin – istər böyük, istərsə də kiçik – strukturu dərin sosial əlaqələr və normalara əsaslanır. İqtisadi məsələ bu faktorların yalnız biridir; ailə strukturunun formalaşmasında heç bir şəkildə həlledici sayıla bilməz.

Biblioqrafiya

Collver, A. & Langlois, E., 1962. The Female Labor Force in Metropolitan Areas: An International Comparison. Economic Development and Cultural Change.

Əlizadə, S., 2004. Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Öndər nəşriyyat.

Fitzpatrick, T. et al., 2010. International Encyclopedia of Social Policy. 1st red. Routledge.

Geisler, E., 2013. How do welfare state policies shape parental employment patterns? A comparison of Great Britain, eastern and western Germany.

Hohmann, A., Lefèvre, C., Garenne, M., 2014. A framework for analyzing sex-selective abortion: the example of changing sex ratios in South Caucasus. International Journal of Women’s Health.

Horrelland, S. & Humphries, J., 1997. The Origins and Expansion of the Male Breadwinner Family: The Case of Nineteenth-Century Britain. 

Hüseynov, B., 2019. Azərbaycan ailə modelinin folklor qaynaqları. 

Nill, A., Shultz, C, J., 2010. Family Policy in Germany: Is the Romanticized Idealization of the Male Breadwinner Losing its Relevance? Journal of Macromarketing. 30(4).

Qian, Y., Qian, Z., 2014. Work, Family, and Gendered Happiness Among Married People in China. Social Indicators Research.

Quliyeva, N., 2006. Müstəqillik illəri Azərbaycan ailəsi.

Stacey, J., 2006. Gay Parenthood and the Decline of Paternity as We Knew It. Sexualities.

Safa, H., 1995. The Myth Of The Male Breadwinner: Women And Industrialization In The Caribbean. 

The Caucasus Research Resource Centers, 2013. Caucasus Barometer.

Trappe, H., Pollmann-Schult, M. & Schmitt, C., 2015. The Rise and Decline of the Male Breadwinner Model: Institutional Underpinnings and Future Expectations. European Sociological Review, Vol. 31, p. 230–242.

World Values Survey, 2010-2014. World Values Survey Wave 6.Yu, Y., 2014. The Male Breadwinner/Female Homemaker Model and Perceived Marital Stability: A Comparison of Chinese Wives in the United States and Urban China. Journal of Family and Economic Issues, 36(1), pp. 34-47.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *