Azərbaycanda Siyasi Feminizmin Yüksəlişi: Ən Görünən Özgə

Azərbaycanda feminist kimliyinin qəbulu o qədər problemlidir ki, nə siyasi sfera (istər hakim, istərsə də müxalif partiyaları), vətəndaş cəmiyyəti və QHT sektorundakı fəal (cis)qadınlar, nə də ki, akademiyada olan (cis)qadın tədrisçilər özlərini feminist olaraq görmüşlər. Adətən əksəriyyət bu kimliyi isitfadə etməkdən çəkinmişdir. Belə ki, feministlər cəmiyyətdə “sərsəm, ağılsız və başqaları tərəfindən ciddi qəbul olunmağa layiq olmayan” kəslər kimi qələmə verilmiş, feminizm anlayışı isə qadın və kişi münasibətlərində bölücü, ənənəvi gender normaları və ailə strukturu üçün isə pozucu olaraq başa düşülmüşdür (Walsh, 2020).

1998-ci ilə qədər ölkədə rəsmi qeydiyyatdan keçmiş və qadınlar tərəfindən idarə olunan 20-dən çox QHT mövcud idi ki, bunların fəaliyyəti əsasən yoxsulluq və işsizlik, əlillik, sağlamlıq, uşaq məsələləri, təhsil, məişət zorakılığı, qadın alveri və qadın təmsilçiliyinin təşviqi məsələləri üzərində cəmləşmişdi (Tohidi, 2000, 2004; Najafizadeh, 2003; Aliyeva, 2020). Qadın ictimai vəkillik hərəkatı adını verdiyimiz bu ictimai proses dövrün yüksək (sovet) təhsilli peşəkar qadınlarının təşəbbüslərinə əsaslanırdı. Digər bir tərəfdən isə, bu hərəkat onlara fəaliyyətlərini davam etdirmək, genişləndirmək və müxtəlifləşdirmək imkanı yaradan hökümət və beynəlxalq qrantlardan asılı vəziyyətdə idi. Ümumilikdə, bu fəaliyyətləri Azərbaycanın 1990-cı illərdə məruz qaldığı himayə və qayğı məsələlərindəki məhdudiyyətlər, qaçqınlıq humanitar böhrana qarşı zəruri reaksiyası hesab etmək olardı (Najafizadeh, 2003, 2018). Artıq 2000-ci illərə gəlib çıxdıqda isə, milli gender portalında 124 qadın təşkilatı və 69 QHT siyahıya alınmışdı. Amma maraqlısı bu idi ki, onlardan sadəcə ikisi özünü “feminizm” ilə əlaqələndirirdi (Aliyeva, 2020).

Bundan əlavə, bəzi səfirlik, beynəlxalq təşkilat və donor təşkilatlarının dəstəyi ilə 1990-cı illərin ortasından etibarən bir sıra universitetlərdə gender elmi ilə əlaqəli mövzular tədris olunmağa başlandı.1 Tədris proqramları Qərb feminizmi ilə yanaşı Sovet və ya ənənəvi gender anlayışlarını əks etdirən dərslik və kurrikulumlarından istifadə edirdilər. Bir qrup yerli tədrisçilərin maariflənməsində xüsusi xidməti olsa da, bu sahə Azərbaycan akademiyasında əsasən etimadsızlıq 2 və şübhə 3 ilə qarşılandı, feminizmə “yoldançıxarıcı, müdaxiləçi və mənimsəyici” etiketləri vuruldu. Bütün bunların fonunda, bir sıra elm xadimləri “milli mentalitetə” uyğun gələn “milli gender araşdırmaları”nın inkişaf etdirilməsi üçün çağırışlar edirdilər. Nəticə etibarilə, 1990-2010-cu illər arasında vətəndaş cəmiyyətində aktiv olan qadınlar, habelə qadın tədrisçi və elm xadimlərinin böyük əksəriyyəti özlərini qadın hüquqları qoruyucusu və gender eksperti olaraq təqdim etdi. Bu mənada, qərb feminist ideologiyası və feminist kimliyindən uzaq durmağa çalışan bu qrupu “genderoloq” olaraq tərif edə bilərik (Aliyeva 2020).

Təhlükəsiz sosial-mədəni sahədə ortaya çıxan erkən feminist qrupları

Özəl və ictimai həyatda feminist kimliyinin nisbətən daha geniş istifadə edilməsi 2010-cu illərə təsadüf edir. Bu qrupa, əsasən 1980-1990-cı illərdə doğulmuş, müstəqil Azərbaycanda böyümüş və əsasən yaxşı təhsil almış, orta sinif ailələrdən gələn, bir neçə xarici dil bilən, internetə rahat çıxışı olan və “Qərb dəyərlərini” qəbul edən yeni nəsil fəal qadınlar aid idi (Aliyeva 2020, ss. 240-241). Onlardan bəziləri feminist kimliyinə yapışdırılmış mənfi etiketlərə etiraz əlaməti olaraq “bəli mən feministəm, mən pis qızam” şüarını istifadə edirdilər (Walsh 2020). Ümumilikdə, 2010-cu illəri müxtəlif kiçik gənclər qrupları, icmalar və fərdlərdən ibarət erkən feminist şəbəkəsinin formalaşmağa başlandığı dövr hesab etmək olar. Lakin bunu da qeyd etmək lazımdır ki, bu kimlikdən istifadə etməyən, amma feminist dəyərləri və feminist mövqeyini mənimsəyən xeyli insan da vardı (Walsh 2020).

2011-2013-cü illərdə hökümət əleyhinə etiraz aksiyalarından sonra, ölkədə müxalif qüvvələrə qarşı siyasi repressiya daha da intensivləşmiş, QHT qanunvericiliyinə müxtəlif məhdudlaşdırıcı dəyişikliklər edilmiş (Namazov 2018b), habelə bir sıra yerli və xarici QHT-lərə qarşı cinayət işləri açılmışdı (Ismayil and Remezaite, 2016). Görünən bu idi ki, ictimai sektor böyük qapanmaya məruz qalırdı. Buna hökümətin hədələyici ritorikasını da əlavə etdikdə demokratiya və insan hüquqları ilə bağlı mövzuların həddindən artıq təhlükəli görünməsi başa düşülən idi. Bunun nəticəsi idi ki, vətəndaş cəmiyyətində daha təhlükəsiz və ya heç olmasa az təhlükəli mövzuların axtarışına çıxılmışdı. Bu mövzuların qadın məsələləri vəhətta LGBTQİ+ problemləri ola biləcəyi ilə bağlı şaiyələr belə vardı. Məhz bu dövrdə inkişaf etməkdə olan feminist diskurs əsasən sosial media üzərindən yayılmağa və feminist kimliyi daha cəsarətli şəkildə qəbul olunmağa başlandı. 4

2010-cu illərdə bir sıra təşkilat və üzvləri özlərini feminist olaraq təqdim etsələr də, onların heç birini “siyasi”5 hesab etmək olmaz. Nə YUVA Center-in (2006) “Azərbaycan Feminist Qrupu”, nə “Feminist Qadınlar Hərəkatı” İctimai Birliyi (2012),6 nə MİL Şəbəkəsinin (2014) feminizmlə bağlı gender tədrisi,7 nə “Equals” (2016),8 nə “FEMM Project” (2016),9 nə də ki “Qadınkimi.com” feminist portalı (2018) siyasi diskurs və aktivizmlə əlaqələndirilirdi. Onların həyata keçirdiyi tədbir və layihələrin bir çoxu sosial-mədəni 10 xarakter daşıyır və maarifçi xətti 11izləyirdi ki, bunu ölkənin xeyli təhlükəli sosial-siyasi mühitində nisbi təhlükəsiz hesab etmək olardı. Bu illərə aid feminist diskurs 12 əsasən gender məsələləri ilə bağlı fərqindəliyi artırmaq, müzakirələr üçün ictimai sahəni genişləndirmək və cəmiyyətdə feminizmin mənfi damğalarını dəyişdirməyi qarşısına məqsəd qoymuşdu. Belə ki, fəal feminist qadınlar gündəlik seksizm, patriarxat, bakirəlik kultu və ailədaxili kişi hökmranlığına qarşı mübarizə aparırdılar. Bundan əlavə, feminizmin yüksəlişi böyük ölçüdə şəhər həyatı ilə də bağlı idi. Sadalanan qruplara şəhərdə gedən sosial transformasiyanın bir işarəsi olaraq da baxmaq mümkündür (Aliyeva 2020, ss. 236-244).

Illustrasiya: Leyla Ali

Feminizm siyasiləşir

2019-2021-ci illərdə baş verən qadın yürüşləri özünə qədərki “genderoloq” və “sosial feminist”lərin fəaliyyətləri nəticəsində formalaşmış diskursiv bölgünü əhəmiyyətli dərəcədə silkələdi. Bu silsilə yürüyüşlərin əsası 2019-cu ildə feminist qadınların təşəbbüs qrupu tərəfindən “8 Marş – Zorakılığa qarşı Get” adlı ilkin nümayiş ilə qoyulmuşdu. Yürüşün məqsədi  bu tarixi  günə “əsl mahiyyətini geri qaytarmaq” idi ki, bu fikir ictimai sektorda 13 artıq uzun illərdən bəri səsləndirilirdi. Yürüş “cəmiyyəti patriarxatdan azad etmək, səs[lərini] duyurmaq, kişi  hegemoniyasından qurtulmaq naminə” qadınları birləşməyə, o cümlədən özlərini məişət və digər növ zorakılıqlardan, habelə femisiddən qorumağa çağırırdı. Birinci və bunun ardınca baş verən nümayişlər polis tərəfindən müxtəlif zorakı metodlarla dağıdıldı və bu prosesdə heç də Azərbaycan üçün yeni olmayan sabotaj qrupundan da istifadə  edildi.

Bu tədqiqat məqaləsi qadın yürüşləri ilə əlaqədar Azərbaycan dilində yazılmış, 21 yerli onlayn mətbuat orqanından toplanmış 230-dan çox xəbər, reportaj, mövqe yazısı və digər növ məqalələrin analizinə həsr olunub (Cədvəl 1). Bu analizlərin nəticəsi olaraq demək olar ki, qadın nümayişləri və onları əhatə edən diskursiv sahə təkcə feminist kimliyini “siyasiləşdirmək”lə qalmamış, eyni zamanda vətəndaş cəmiyyətinin qadın məsələləri ilə məşğul olan sahəsini də yenidən formalaşdırmışdır. Yəni, bu yürüşlərdən sonra “feminizm” sosial/təhlükəsiz sferadan 14 çıxıb tədricən siyasi/təhlükəli sferaya daxil olmağa başladı

Cədvəl 1. 2019-2021-ci illərdə feminist qadınların yürüşləri

YürüşlərTəşkilatçılarMəqsədlər/TələblərBaşlıca Şüarlar
“8 Marş – Zorakılığa qarşı Get”
8 mart, 2019
feminist qadınlardan ibarət təşəbbüs qruputarixi günə əsl mahiyyətini geri qaytarmaq;cəmiyyəti patriarxatdan xilas etmək;qadınların səslərinin eşidilməsi; qadınların kişi hegemonyasından azad olunması; qadınlara qarşı edilən zorakılıqlara və qətllərə diqqət cəlb etmək;“Qadına Şiddətə Yox!”
“Dözmə, yürüş et!”
20 oktyabr, 2019
bir qrup feminist qadınTəhsil almaq imkanı olmayan, evlənməyə məcbur edilən, intihara sürüklənən qadınlar üçün birləşmək!Hüquq-mühafizə orqanları, qanunvericilik və bürokratik aparat qadınları daha yaxşı müdafiə edəcək şəkildə dəyişdirilməlidir!İstanbul Konvensiyası qəbul edilsin!“Qadına şiddətə yox!” “Qadın qətlləri siyasidir””Elinaya susma!””Erkən nikahlara yox!” “Ailə məsələsi deyil””Konvensiyanı rədd  etmə, qadınları qətl etmə!”   
“8 MARŞ – Bizimdir Hürr Küçələr”
8 mart, 2020 
Azərbaycan Feminist HərəkatıÇoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender  əsaslı zorakılığa etiraz etmək, insanları kişi hakimiyyətinə qarşı səfərbər etməkdir.Gender kimliyindən və cinsi oriyantasiyasından asılı olmayaraq bütün fərdlər azad və təhlükəsiz həyat, iş və təhsil ilə təmin olunmalıdır; İstanbul Konvensiyası qəbul edilsin!“Birləşsinlər qadınlar,  Susmaq yoxdur, üsyan var!Küçələrdən qorxma!Azadlığını boğma!”
“8 Marş – Haqlarımız Uğrunda”
8 mart, 2021
Feminist fəallarİstanbul Konvensiyası qəbul edilsin!Qadınlara qarşı baş verən cinayətlər qanunauyğun və ədalətli şəkildə  araşdırılsın və cinayətkarlar məsuliyyətə cəlb olunsun!Qadınlara qarşı zorakılıq və qətllərin qarşısını almaq üçün effektiv  tədbirlər həyata keçirilsin!Qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələr  aradan qaldırılsın!“Qadın kimi savaş, qadın kimi dağıt, qadın kimi yarat!

İlk növbədə qeyd edim ki, səlahiyyətli şəxslərin icazəsi olmadan, hətta onların iradələrinin ziddinə ictimai nümayiş təşkil etmək, əhalini səfərbər etmək üçün çağırışlar etmək yüksək paranoya vəziyyətində idarə olunan bu qapalı sistemin “qırmızı xətlərindən” biridir (Namazov, 2018c). Bundan əlavə, Azərbaycanda son bir neçə onillikdə möhkəmlənmiş, ictimai və siyasini, o cümlədən təhlükəsiz və təhlükəlini bir-birindən ayıran, bu “qırmızı xətt”in keşiyində duran, müəyən güc mərkəzləri, qanunvericilik və onun xüsusi şərhləri, dövlət və ictimai institutlar, mətbuat və hüquq-mühafizə orqanları, habelə onlar tərəfindən yaradılan bir sıra ictimai-siyasi diskurs və biliklərin kəsişməsində formalaşmış, “icazəsiz etiraz” adlandıra biləcəyimiz dispozitif 15 mövcuddur. Bu aparat hər hansı bir təhdidedici qrupu bir tərəfdən cinayətkarlaşdırma, təhlükəliləşdirmə və təcrid etmə texnikaları ilə özgələşdirir, digər tərəfdən isə onlara qarşı müxtəlif repressiv metodlardan istifadə edərək fəaliyyətdən salmağa çalışır. Bu aparat qaydaları pozanları təyin edib onları görümlü edən cihaz rolu oynamaqla bərabər, həmin şəxslərin ruh bədənlərini “diskursun içində” saxlama və nəzarət etmə funksiyası daşıyan, bir-biri ilə əlaqəli digər dispozitiflərə ötürür. Beləliklə, qadın yürüşlərindən sonra feministlər və feminizm özünü bu aparatlardan ibarət məngənənin içərisində sıxışdırılmış və onların istehsal etdiyi biliklər tərəfindən kəsik-kəsik edilmiş formada tapdı. 

Şəkil 1. Bir-birinə zidd “İcazəsiz Etiraz” və “Sərbəst Etiraz” dispozitifləri tərəfindən yaradılmış  feminist yürüşləri (2019-2021) ilə əlaqədar bəyənatlar sahəsi.

Şəkil 1 uzun müddətdən bəri, müxalif qüvvələrə qarşı istifadə olunan dispozitif vasitəsiylə feminist yürüşlərinin lap başlanğıcından etibarən necə qeyri-qanuni hala salındığını təsvir edir. Şəkil 2 isə öz növbəsində, feministlərin geydirmə, mənəviyyatsız, əxlaqsız (LGBTQİ+ mənasında), lezbiyan, satqın, “Qərbin” oyuncaqları, təhlükəli, manipulasiya edilmiş və manipulasiya edən, anti-kişi, anti-ailə, anti-xalq yarlıqları ilə necə özgələşdirildiyini göstərir. Qeyd etmək lazımdır ki, feminist yürüşlərinin fəal təşkilatçı və iştirakçıları ənənəvi ikili gender sisteminə qarşı olub LGBTQİ+ hüquqlarını ictimai şəkildə önə çəkir və yerli LGBTQİ+ təşkilatıları ilə əməkdaşlıq edirlər. Bunu 2020-ci il, 8 martda keçirilən üçüncü nümayişdə yürüşçülərin ictimai bəyənatlarında da görmək olar. Bekə ki, burada birbaşa olaraq gender kimliyi cinsi orientasiya məsələsinə istinad edilirdi ki, bu da Azərbaycanda küçə nümayişləri üçün bir yenilikdir. Bütün bunların fonunda, yuxarıda qeyd etdiyim aparatlar vasitəsiylə LGBTQİ+ və “azad seks” ilə əlaqədə yaradılan “əxlaqsız feminist” obrazı Azərbaycanda ailə institutuna, milli və mənəvi dəyərlərə qarşı ən böyük təhlükə olaraq tərtib edildi.

Şəkil 2. Azərbaycanda “feministlər/feminizm” (2019-2021) haqqında bir-biri ilə əlaqəli müxtəlif dispozitiflər tərəfindən istehsal olunan bəyanatlar toplusu. 

Beləliklə “feministlər/feminizm” ən uzaq nöqtədə dayanan özgəyə, bununla yanaşı mövcud iqtidar münasibətləri içərisində ən görümlü, ən çox nifrət edilən, cəmiyyətin demək olar ki, başlıca ictimai siyasi qüvvələri, hətta azad hesab edilən müəyyən ziyalıları tərəfindən müxtəlif növ tənqidlərə tuş gələn qrupuna çevrildilər. Nəticədə, bu proses – qadın yürüşləri və onları əhatə edən diskursiv sahə – qadın aktivizmi və ümumi siyasətə xüsusi təsirini göstərdi. Əgər əvvəllər qadın problemləri ilə bağlı diskurs genderoloji və “sosial” feminist yanaşmalar ətrafında cərəyan edirdisə, bu hal yeni “siyasi feministlər”in fəaliyyətləri nəticəsində ciddi dəyişdi. Qadın məsələləri siyasiləşməklə yanaşı təhlükəli mövzu olmağa başladı.Bu mənada, sözügedən sərhəddə gələcəkdə maraq toqquşmalarının şahidi ola bilərik. Digər tərəfdən isə, bu proses artıq bir müddətdir ki, başlamış olan və ictimai-siyasi oyunçuları “siyasi düzgünlüyün” şərtlərinə əməl etməyə məcbur edən iqtidar münasibətlərinin əhatə dairəsini daha da genişləndirdi. Hər bir halda, müxtəlif diskursların kəsişməsində ortaya çıxan qadın yürüşləri və formalaşmaqda olan feminist hərəkatı Azərbaycanda vətəndaş cəmiyyətini və siyasəti davamlı şəkildə tərtib etməyə kömək edən yeni siyasi sahə açmağa nail ola bildi.

Qeydlər

1. Aliyeva (2020) gender elminin ilk dəfə tədris olunduğu institut və universitetlər olaraq aşağıdakıları sıralayır: Dövlət İdarəçilik Akademiyası, Qərb Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Slavyan Universiteti, Odlar Yurdu Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti.

2.Mövzudan kənar olsa da, qeyd edim ki, bu geritəpməni qərb feminizmini və feministlərini biliyin yaranması və ötürülməsi prosesində mərkəz kimi görən və tənqid edən post-kolonial/post-müstəmləkə ədəbiyyatı çərçivəsində də tətdiq etmək mümkündür. Bu mənada, “qeyri-qərbli” qadınlar “qeyri-feminist özgələr” (Aliyeva 2020) kimi qərb biliyinin obyekti/hədəfi olaraq başa düşülür.

3.Aliyeva (2020) akademiyadakı bu geritəpməni aşağıdakı bəndlərlə izah edir. İlkin olaraq, qadın aktivistlər feminist ədəbiyyat nəticəsində ortaya çıxan “idrakı ahəngsizlikdən” (koqnitiv dissonans) şikayət edir, bu bilikləri mücərrəd və Azərbaycan reallıqlarından qopmuş hesab edirdilər. Buna görə də, ikili gender sistemini qəbul edib onun çərçivəsində çalışmağı üstün tuturdular. İkinci olaraq, feminist fikirlərin ölkədə yayıldığı dövr 1990-cı illərdə yüksək işsizlik dərəcəsi və iqtisadi çətinliklərə görə kişilərin ailədəki hakim rolunu müəyyən edən “çörəkağacı” modelininin zədələnməsi və bunun nəticəsi olaraq ortaya çıxan “kişilik böhranı” dövrü ilə üst-üstü düşürdü. Buna görə də, patriarxat və kişi hökmranlığının feminist tənqidi kişilərə qarşı ədalətsizlik hesab edilirdi. Üçüncü olaraq, gender mütəxəssisləri beynəlxalq konfrans və tədris layihələrinin yoxluğuna, feminist ədəbiyyatının çatışmazlığına və məhdud xarici dil biliklərinə görə dünyada baş verən feminist cərəyanlardan təcrid olunmuşdular (ss. 233-236).

4. 2010-cu illərdə (xüsusilə də 2013-2014-cü illərdə) Azərbaycandakı feminist diskursun inkişaf səbəbləri ilə bağlı daha aydın bir fikrə sahib olmaq üçün daha dərin tədqiqata və diskurs analizinə ehtiyac olduğunu düşünürəm. Bu məqalədə qeyd edilən daralan vətəndaş cəmiyyəti və genişlənən feminist diskursu arasında səbəb-nəticə əlaqəsi olduğunu iddia etmirəm.

5. Burada “siyasi” sözünü yerli kontekstə uyğun “sosial/mədəni” ilə “siyasi” arasındakı sərhəddi müəyyənləşdirmək üçün istifadə edirəm. Qeyd edim ki, bu xətt həm də “təhlükəsiz” və “təhlükəli” fəaliyyətlər arasındakı sərhədlə üst-üstə düşür.

6. 2 Bu təşkilat bir qrup qadın vəkil tərəfindən QHT formatında təsis edilmişdi. Fəaliyyəti ictimai sferada çox görünməmiş və Facebook səhifəsi ancaq 2012-2013-cü illərdə aktiv olmuşdu.

7. MİL Şəbəkəsi “MİL Gender” layihəsi çərçivəsində 2014-cü ildən bəri feminizm, qadın məsələləri, LGBTQİ+ və genderlə əlaqəli digər mövzularda vətəndaş tədrisi proqramları və təlimləri həyata keçirir. Daha ətraflı məlumat üçün: https://milnetwork.org/

8. “Equals”-ın qarşısına qoyduğu başlıca hədəf cəmiyyətdə gender bərabərliyi haqqında müzakirələri inkişaf etdirməkdir. Təşkilat artıq fəaliyyətini dayandırsa da, bir neçə il əvvələ kimi film nümayişləri, panel müzakirələri və digər ictimi tədbirlər vasitəsi ilə insanları bir araya toplamağı bacarmışdı.

9. “FEMM Project” “feminizm sözünün həqiqi mənasının düzgün başa düşülməsini” özünün əsas məqsədi olaraq qarşıya qoyur.Təşkilat əsas fəaliyyət istiqaməti olaraq sənədli film nümayişləri təşkil etməklə yanaşı gender-əsaslı ayrıseçkilik və qadınlara qarşı ənənəvi yanaşmalarla əlaqədar müsahibələr həyata keçirir. Özlərini feminist olaraq görsələr də, fəaliyyətlərini feminizmin hər hansı bir dalğasına aid etmirlər (Aliyeva 2020, ss. 237-238).

10. Bu təşkilatlar əsasən gender-əsaslı zorakılıq, gender bərabərsizliyi və ayrıseçkiliyi, gənc qızların təhsili, qadınlara səlahiyyət verilməsi və onların iştirakçılığı, ailə quruluşu və dəyərləri ilə bağlı ənənəvi inancların tənqidi ilə əlaqədar mövzular üzrə işləyirdilər.

11. “Aktivizm Maarifçiliyə Qarşı” (2018a) yazımda 2011-2013-cü illərdə ictimai sektorda hakim olan iki diskursiv xətti bir-birindən ayırd edirəm. Belə ki, əgər “aktivizm” tərəfdarları təşkilatlanma, səfərbərlik və zorba rejimə qarşı qeyri-zorakı mübarizə metodlarını dəstəkləyirdilərsə, “maarifçi” xətdə olan fəallar təməl dəyişikliklərə nail olmaq üçün vətəndaş təhsilinin müxtəlif formalarını üstün sayırdılar. Bu təsnifat eyni zamanda sosial-siyasi və təhlükəli-təhlükəsiz fəaliyyətlər bölgüsü ilə də üst-üstə düşür.

12. Həyəta keçirdikləri oxşar fəaliyyətlərə görə Aliyeva (2020) “Equals” (2016) və “FEMM Project”-in (2016) timsalında bu yeni nəsli yaranmaqda olan dördüncü nəsil feminizmin yerli təmsilçiləri olaraq təqdim edir.

13. Azərbaycanda 8 mart Beynəlxalq Qadınlar Günü rəsmi tətil günü olaraq qeyd edilir. Ənənəvi olaraq bu gündə kişilər qadınlara gül, oyuncaq, ətir kimi hədiyyələr alırlar. Bu ənənə, verilən hədiyyələrin növləri, qadın hərəkatları və nümayişlərinin yoxluğu ictimai sektordakı bəzi ziyalı və yazarlar tərəfindən uzun müddətdir ki, tənqid olunurdu.

14. Bu dövrdə üç feminist təşkilat/təşəbbüs, Femiskop, FemKulis, və Fem-Utopia təsis edilib.

15. Burada Michel Foucault-nun iqtidar oyunları daxilində əmələ gələn, müxtəlif “diskurslar, institutlar, memarlıq nümunələri, tənzimləyici qərarlar, qanunlar, idari tədbirlər, elmi bəyanatlar, fəlsəfi, mənəvi və xeyriyyəçi fikirlər – bir sözlə, deyilən və bir o qədər də deyilməyənlərdən ibarət heterogen bir bütünü” ehtiva edən dispozitif/aparat anlayışını istifadə edirəm (Foucault 1980, s. 194).

16. Şəkil 1:  “Sərbəst Etiraz” ilə əlaqədar başlıca bəyanatlar əsasən feminist və digər fəallar, ziyalı və yazıçılar, o cümlədən Azadlıq Radiosu, Meydan TV, BBC Azərbaycan xidməti, Toplum TV, Mikroskop Media kimi azad hesab olunan online media orqanları tərəfindən səsləndirilir. Bundan əlavə, Amnesty Interntional, Human Rights Watch və Freedom House hesabat və bəyanatları da bura daxildir. 

17.  Şəkil 1: Qeyd edim ki, bu proses 2020-ci il 8 martdakı qadın yürüşündə iştirakçılardan birinin qaldırdığı, “Qız mənimdir, nə istəsəm edərəm. Vagina mənimdir, kimə istəsəm verərəm.” şüarının yer aldığı plakatdan sonra daha da gücləndi. Hökümətyönümlü hesab edilən media şüarın ancaq ikinci hissəsini işıqlandıraraq, azad seks və fahişəliyi təşviq edən “əxlaqsız feminist” fiquru yaratmağı daha da intensivləşdirdi. Hadisədən iki gün sonra həmin iştirakçının intihara cəhd etməsi ilə hüquq-mühafizə orqanları cinayət işi açıb yürüyüşçünü “feminizmin qurbanı” elan etdilər. “Feminizm öldürür” və digər oxşar bəyənatlar bu hadisə və onun müxtəlif şərhləri ilə əlaqəlidir.

18. Şəkil 2: Qeyd edim ki, 2020-ci ilin martında baş tutan qadın yürüşünə qədər bir sıra dövlət məmuru, millət vəkili və gender mütəxəssisi İstanbul Konvensiyasını dəstəkləyirdi. Bu yürüyüşdə haqqında bəhs etdiyim plakatdan sonra “əxlaqsız feminist” fiquru daha da aktiv şəkildə tərtib edildi. Eyni zamanda bəzi mətbuat orqanları Konvensiyanı Azərbaycandakı ənənəvi ailə strukturu və milli-mənəvi dəyərləri zədələmək üçün gizli plan olaraq qələmə verməyə başladı. Şəkil 2-də Konvensiya ilə bağlı səslənən bəyənatlar 2020-ci ilin martından sonra Yeni Müsavat, Milli.az kimi bir neçə onlayn mətbuat orqanında yazılan yazılara əsaslanır. İstanbul Konvensiyası ilə bağlı diskursun daha dəqiq başa düşülməsi üçün daha ətrafı araşdırmaya ehtiyac var. Bu məqalə bu mövzunu bütövlüklə əks etdirmək üçün kifayət deyil.

19. Şəkil 2: Bu bəyənatlar bir sıra mətbuat və hüquq-mühafizə orqanları, millət vəkilləri, dövlət məmurları, din xadimləri, jurnalistlər, ziyalılar, yazıçılar, ictimai-siyasi fəallar tərəfindən səsləndirilib.

İstinadlar: 

Aliyeva, Y. G. (2020) ‘Exploring Two Generations of Women Activists in Azerbaijan: Between Feminism and a Post-Soviet Locality’, in Ziemer, U. (ed.) Women’s Everyday Lives in War and Peace in the South Caucasus. Cham: Palgrave Macmillan, pp. 225–252. Available at: https://doi.org/10.1007/978-3-030-25517-6_10.

Foucault, M. (1980) ‘The Confession of the Flesh’, in Gordon, C. (ed.) Power/Knowledge: Selected Interviews and Other Writings 1972-1977. New York: Pantheon Books, pp. 194–228.

Ismayil, Z. and Remezaite, R. (2016) Shrinking Space for Civil Society in Azerbaijan: Tackling Restrictive Laws, Criminal Prosecutions, Tax Penalties. International Report. Caucasian Initiative Center. Available at: http://openazerbaijan.org/site/assets/files/1081/shrinking_space_for_civil_society_in_azerbaijan-1.pdf (Accessed: 19 July 2021).

Najafizadeh, M. (2003) ‘Women’s Empowering Carework in Post-Soviet Azerbaijan’, Gender and Society, 17(2), pp. 293–304.

Najafizadeh, M. (2018) ‘Women in Azerbaijan: Decades of Change and Challenges’, in Najafizadeh, M. and Lindsey, L. (eds) Women of Asia: Globalization, Development, and Gender Equity. New York: Routledge (Area Studies, Development Studies, Social Sciences), pp. 349–364. Available at: https://www.taylorfrancis.com/books/e/9781315458458/chapters/10.4324/9781315458458-26 (Accessed: 14 April 2020).

Namazov, K. (2018a) ‘Aktivizm Maarifçiliyə Qarşı [Activism against Enlightenment]’, Open Azerbaijan. Available at: http://openazerbaijan.org/blog/aktivizm-maarifciliy-qar/ (Accessed: 12 July 2021).

Namazov, K. (2018b) ‘Civil Society Policy in Azerbaijan: Understanding the Shifting Borders of the Space for Civil Society within NGO Legislation’, Study Series on Public Policy Issues, pp. 216–227.

Namazov, K. (2018c) ‘Сurse of a Closed System: Waiting for Serendipitous Change’, Open Azerbaijan. Available at: http://openazerbaijan.org/en/topics/analytics/curse-of-a-closed-system-waiting-for-serendipitous-change/ (Accessed: 20 July 2021).

Tohidi, N. (2000) ‘Gender and National Identity in Post-Soviet Azerbaijan: A Regional Perspective’, in Acar, F. and Günes-Ayate, A. (eds) Gender and Identity Construction: Women of Central Asia, the Caucasus and Turkey. Brill (Social, Economic and Political Studies of the Middle East and Asia), pp. 249–292.

Tohidi, N. (2004) ‘Women, Civil Society, and NGOs in Post-Soviet Azerbaijan’, The International Journal of Not-for-Profit Law, 7(1). Available at: https://www.icnl.org/resources/research/ijnl/women-civil-society-and-ngos-in-post-soviet-azerbaijan (Accessed: 8 April 2020).

Walsh, S. (2020) ‘Feminism in Azerbaijan: Gender, Community and Nation-Building’, in Ziemer, U. (ed.) Women’s Everyday Lives in War and Peace in the South Caucasus. Cham: Palgrave Macmillan, pp. 253–275. Available at: https://doi.org/10.1007/978-3-030-25517-6_11.


Bu məqalə USAID və Black Sea Trust-ın maliyyə dəstəyi göstərdiyi “Genderi Görünən Edək” layihəsi çərçivəsində hazırlanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *