Azərbaycanda Gender Təhsilinin Əhəmiyyəti

Müəllif: Leyla Əli

İnsan münasibətləri zamanla dəyişib, mürəkkəbləşdikcə təhsildə dəqiq fənlərlə yanaşı sosial fənlərin də nə qədər əhəmiyyətli olduğu üzə çıxır. Bunlardan biri də özünü və öz bədənini tanıma ilə bağlı fənlərdir. Erkən nigahlar adı altında uşaqların istismarı, uşaq hamiləliyi, cinsi yolla ötürülən xəstəliklər, zorakılıqların artması bununla bağlı xüsusi dərsin keçirilməsinin zəruriliyini göstərir. İsveçrə, Hollandiya, İsveç və s. ölkələrdə artıq uzun illərdir ki, bu problemlərin aradan qaldırılması üçün ən effektiv metod olan təhsildən istifadə edirlər. “Gender təhsili” adlanan bu fənnlər uşaqlara məktəbin ilkin dövrlərindən, hətta bəzi ölkələrdə bağçadan tədris edilməyə başlanılır. 

Qərb ölkələrində və Qafqaz regionunda vəziyyət necədir? Gender tədrisi bu problemləri aradan qaldıra bilirmi? Bu yazıda gender təhsilinin əhməyyəti, niyə və necə tədris edilməsi ilə bağlı məqamlara toxunub, sadalanan suallara cavab tapmağa çalışacağam.

Gender Təhsili Nədir?

Gender təhsili seksuallığın idrak, emosional, fiziki və sosial aspektləri haqqında öyrənmə və tədris planına əsaslanan bir prosesdir. Bu təhsil uşaq və gəncləri onlara güc verəcək bilik, bacarıq, münasibət və dəyərlərlə təchiz etmək məqsədi daşıyır. Buraya sağlamlığını, rifahını və ləyaqətini dərk etmək; sosial əlaqələri inkişaf etdirmək; seçimlərinin özlərinin və başqalarının rifahına necə təsir etdiyini düşünmək; və ömrü boyu hüquqlarının qorunmasını başa düşmək və təmin etmək, kimi məsələlər daxildir (UNESCO, 2018).

Gender təhsili seksuallıq mövzusunda hərtərəfli, dəqiq və yaşa uyğun məlumat əldə etmək üçün imkanlar təqdim edir. Cinsi və reproduktiv sağlamlıq problemlərini əhatə edir, o cümlədən bunlarla məhdudlaşmır: cinsi və reproduktiv anatomiya və fiziologiya; yetkinlik və menstruasiya; çoxalma, müasir kontrasepsiya, hamiləlik və doğuş; HİV və QİÇS də daxil olmaqla cinsi yolla yoluxan xəstəlikləri əhatə edir. Gender təhsili, bəzi sosial və mədəni kontekstlərdə çətin ola biləcək mövzular da daxil olmaqla, hər kəsin öyrənə bilməsi üçün vacib olan mövzuların hamısını əhatə edir. Cinsi əlaqə, insan hüquqları, sağlam və hörmətli ailə həyatı və şəxsiyyətlərarası münasibətlər, şəxsi və ortaq dəyərlər, mədəni və sosial normalar, sağlamlıq və rifah üçün analitik, ünsiyyət və digər həyat bacarıqlarını inkişaf etdirməklə şagirdlərin səlahiyyətlərini artırır. Gender bərabərliyi, ayrıseçkilik etməmək, cinsi davranış, zorakılıq və gender əsaslı zorakılıq, razılıq və təhlükəsizlik (bədən bütövlüyü), cinsi istismar və uşaq, yetkinlik yaşa çatmamış fərdlərin evləndirilməsi, məcburi evlilik və qadın cinsiyyət orqanlarının sünnəti kimi mövzular gender təhsilinin təməl mövzularından hesab edilir. Gender təhsilinin ayrı bir fənn olması təhsil müddətində bu mövzuların davamlı olaraq şagirdlərə çatdırılmasına şərait yaradır. Bunun üçün UNESCO tərəfindən dövlətlərin istifadə etməsi üçün kurikulum və müəllimlərin tədris edə bilməsi və şagirdlərin öyrənməsini dəstəkləmək üçün səylərini istiqamətləndirən yazılı bir tədris planı hazırlamışdır. Tədris planına əsas tədris məqsədləri, inkişafı, konsepsiyaların təqdimatı, aydın və əsas mesajların strukturlaşdırılmış şəkildə çatdırılması daxildir. Bu tədris həm məktəbdə, həm də məktəbdənkənar şəraitdə çatdırıla bilər (UNESCO, 2018).

İnsan hüquqları yanaşmasına əsaslanaraq gender təhsili universal insan hüquqları, o cümlədən uşaq və gənclərin hüquqları və bütün insanların sağlamlıq, təhsil, məlumat bərabərliyi və ayrıseçkilik hüquqlarına dair anlayışlar üzərində qurulur və təbliğ edilir. Gender təhsili daxilində insan hüquqlarına əsaslanan yanaşma gənclər arasında maarifləndirməyə, öz hüquqlarını tanımağa, başqalarının hüquqlarını tanımağa və hörmət etməyə təşviq etməklə, hüquqları pozulan insanları müdafiə etməyə istiqamətlənib (UNESCO, 2018). Dərslər keçirilərkən yerli vəziyyətə adaptasiya edilə bilər, bəzi hissələr çox problem yarada bilərsə tətbiq edildiyi ilkin dövrlər qeyd edilməyə bilinər. 

Bundan əlavə fənni keçəcək müəllimlərin hazırlıq səviyyələri tam olmalıdır, bəzi hallarda hansısa mövzunun təqdimatı müəllimin professionallığı kifayət etmədikdə çətin ola bilir, bu kimi hallarda mövzular üzərində xüsusi işlənməlidir. Eyni zamanda yanlış məlumat və ya səhv çatırılma forması uşaqlara fərqli mesajlar ötürə bilər. Finlandiyada məktəbdə gender təhsilinin şagirdlərin cinsi biliklərinə və münasibətlərinə təsiri ilə əlaqədar keçirilən araşdırma göstərdi ki, müsbət təsirlər müəllimlərin motivasiyasına, münasibət və bacarıqlarına, həmçinin təlim metodlarından istifadə etmə qabiliyyətinə bağlıdır.

Cinsi reproduktiv sağlamlıq seksuallıqla əlaqəli fiziki, emosional, əqli və sosial rifahı əhatə edir. Sağlam vərdişlər və sağlamlığımızı necə qorumağın anlayışı erkən uşaqlıqdan başlayır. Yetkinlik dövrü emosional və sosial dəyişikliklər, həm də bir çox insanın cinsiyyətlərini araşdırmağa və başqaları ilə münasibətləri inkişaf etdirməyə başlayacaqları dövr olduğundan cinsi reproduktiv sağlamlıq ilə əlaqəli vərdişləri və həyat tərzinin formalaşması üçün mühüm zamandır.

2014 – cü ildə Ümumdünya Səhiyyə Təşəkilatının verdiyi statistikaya görə, 15-19 yaşlı qızlar arasında hər 1000 qızdan 49 doğuş keçirmişdir. Ölkə nisbətlərinə görə isə 1 ilə 1000 qıza 299 doğuş təşkil etdiyi bildirilir. Bunun əsas amili yetkinlik yaşına çatmamış şəxslərin evləndirilməsidir – inkişaf etməkdə olan ölkələrdə yeniyetmə doğuşlarının təxminən 90 faizi evlilik çərçivəsində baş verir. Yetkinlik yaşına çatmamış şəxsin, yəni uşağın hamiləliyi və doğuşu onun sağlamlığı və sosial həyatında ciddi problemlərə səbəb ola bilər. 19 yaşdan kiçik uşaqlar arasında ölümün ikinci səbəbi kimi məhz yetkinlik yaşına çatmayan şəxslərin, yəni uşaqların evləndirilməsi göstərilir. Hamiləlik və ya doğuş zamanı yaranan fəsadlar yeniyetmə qızlar arasında ölümün aparıcı səbəblərindən biridir. Hamilə olan yetkin qızlar, yaşlı qadınlara nisbətən hamiləlik və onun ağırlaşmaları haqqında kifayət qədər məlumatlı olmadığından qadın sağlamlığı üçün mərkəzlərə müraciət etməyi təxirə sala bilər; və ya tibbi xidmətlərin əldə edilməsi və istifadəsi barədə qərar qəbul etməkdə çətinlik çəkə bilər. Hamilə olan yeniyetmə, yəni uşaqların, məktəbdən çıxması və təhsillərini dayandırması daha çox ehtimal olunan sosial səbəblərdən biridir ki, bu da gələcəkdə onların məşğulluqlarını və digər həyat imkanlarını məhdudlaşdırır (UNESCO, 2017). Qlobal olaraq, HİV və QİÇS, 2015-ci ildə 10-19 yaş arasında olan yeniyetmələr arasında ölümün doqquzuncu səbəbi kimi qeyd edilmişdir (ÜST, 2017).

Hər il təxminən 246 milyon uşaq məktəbə gedərkən və ya yolda pis davranış, təhqir, psixoloji zorakılıq və cinsi zorlama da daxil olmaqla gender əsaslı zorakılığa məruz qalır. Lezbiyan, gey, biseksual və ya transseksual olanlar da daxil olmaqla, dominant cinsiyyət və gender rollarını qəbul etməyən şagirdlər məktəblərdə zorakılığa daha çox məruz buraxılır. Mövcud cinsi və gender normalarına uyğun gəlməyən şagirdlər məktəblərdə zorakılığa daha çox məruz buraxılır. Məktəblə də əlaqəli gender əsaslı zorakılığın bir forması kimi cinsi oriyentasiya və gender kimliyi ifadəsinə əsaslanan zorakılıq, homofob və transfobik zorakılıq da göstərilir (UNESCO, 2016). 

UNESCOnun 2008 və 2016-cı illərdə gender təhsili ilə bağlı etdiyi tədqiqat sübüta yetirmişdir ki, gender təhsili gənclərə cinsiyyətin müxtəlif cəhətləri və davranışları, hamiləlik və HİV riskləri haqqında biliklərin artırılması da daxil olmaqla müsbət təsir göstərmişdir. Əsas tapıntıların xülasəsi:

– Gender təhsili gənclərin cinsi reproduktiv hüquqlarla bağlı bilik və davranışlarına müsbət təsir göstərir. Nəzərdən keçirilən demək olar bütün gender təhsili proqramları seksuallığın fərqli cəhətləri, hamiləlik, HİV və digər yoluxma riskləri haqqında bilikləri artırır.

– Gender yönümlü proqramlar düşünülməmiş hamiləlik və QİÇS nisbətlərinin azaldılması kimi sağlamlıq nəticələrini əldə etməkdə ən təsirli metoddur. Bu, gənclərin gender bərabərlikli münasibətlərini inkişaf etdirməyə kömək edən transformativ məzmun və tədris metodlarının daxil olması nəticəsində baş verir (Haberland and Rogow, 2015). Bundan əlavə isə, Avropa Birliyinin hesabatına görə, 15 yaşdan yuxarı hər 10 qadın və qadın kimi təyin edilən fərdlərin hər biri kiber zorakılığa məruz qalır. Kiber təcavüzü yaşamaq affektiv pozğunluqlara səbəb ola bilər. Tədqiqatlar göstərir ki, kiberhücum və zərər çəkmənin daha yüksək səviyyəsi depressiv təsirin daha yüksək səviyyələri ilə əlaqədardır, nəticədə şəxslər kədər, ümidsizlik və gücsüzlük kimi hisslər keçirirlər. (Nixon, 2014).

Əsas anlayışların, mövzuların və təlim məqsədlərinin hədəfləri, uşaqların və gənclərin sağlamlıqlarını, rifahlarını və ləyaqətlərini dərk etmələrini təmin edəcək bilik, münasibət və bacarıqlarla təchiz etməkdir. Buraya gənclərin seçimlərindən təsirlənən başqalarının rifahını da düşünmək, öz hüquqlarını başa düşmək və hərəkət etmək və başqalarının hüquqlarına hörmət etmək də daxildir. Seksuallığın idrakı onlara məsələnin emosional, fiziki və sosial aspektləri haqqında elmi, dəqiq, yaş və inkişafa, mədəniyyətə uyğun məlumatlanma, cinsi və sosial münasibətlərə təsir edən dəyərləri, münasibətləri, sosial və mədəni norma və hüquqları araşdırmaq imkanı verməklə yanaşı həyat bacarıqlarının da əldə edilməsini təşviq edir (UNESCO, 2018).

Gender Təhsili Niyə Tədris Edilir. 

Gender bərabərliyi, cinsi yolla yoluxulan xəstəliklər kimi vacib məqamlar beynəlxalq konfransalarda müzakirə mövzusuna çevirlməyə başladıqdan sonra gender təhsili beynəlxalq sənədlərdə də özünə yer tapmağa başladı. CEDAW (Qadınlara Qarşı Ayrıseçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya) Konvensiyasının 10-cu maddəsində qeyd edilir: 

İştirakçı dövlətlər qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması üçün təhsil sahəsində kişilərlə bərabər hüquqların təmin edilməsi və xüsusən də kişilər və qadınların bərabərliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görürlər:  

(c) bu, səviyyəyə çatmaqda kömək edən dərsliklərin yenidən işlənməsi və digər təhsil növlərini təşviq etməklə bütün səviyyələrdə və hər cür təhsil formasında kişi və qadın rollarının hər hansı bir stereotipli konsepsiyasının aradan qaldırılması və məktəb proqramları və tədris metodlarının uyğunlaşdırılması şəklində həyata keçirilməlidir;

(h) Ailənin sağlamlığını və rifahını təmin etmək üçün, o cümlədən ailənin planlaşdırılması ilə bağlı məlumat və məsləhətlər vermək üçün xüsusi təhsil məlumatlarına çıxış təmin edilməlidir. (CEDAW, 1979)

İCPD (BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq konfrans) Fəaliyyət Proqramında “reproduktiv sağlamlıq təhsilinin” vacibliyini vurğulayır (ICPD, 1994).

Təhsil cinsi rifahın yüksəldilməsində, uşaqların və gənclərin həyatlarının müxtəlif mərhələlərində sağlam və məsuliyyətli əlaqələrə hazırlanmasında əsas vasitədir. UNESCOya Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təhsil qurumu olaraq, 2030-cu ilə qədər 17 Dayanıqlı İnkişaf Məqsədləri ilə yoxsulluğun aradan qaldırılması üçün qlobal hərəkatın bir hissəsi olan Təhsil 2030 gündəliyinə rəhbərlik etmək həvalə edilmişdir. Bütün Dayanıqlı İnkişaf Məqsədlərində göstərilən hədəflərə çatmaq üçün təhsil vacibdir. Məqsəd dördün hədəf və öhdəlikləri arasında “İnklüziv, ədalətli və keyfiyyətli təhsili təmin etmək və hamı üçün ömür boyu öyrənmə imkanlarını təşviq etmək” durur. Məhz gender təhsili də bu hədəflərə daxildir (UN Sustainable Development Goals, 2016).

Azərbaycanda Gender Təhsili Niyə Vacibdir?

Nəzərə alsaq ki, Azərbaycan selektiv abortlara görə dünyada ikinci yerdədir və son statistik göstəricilərə əsasən Azərbaycanda doğuş nisbəti 100-ün 114-ə şəklindədir (yəni hər doğulan 100 qıza 114 oğlan), yeniyetmə doğuşları ilə bağlı dəqiq statistik göstəricilərin olmamasına baxmayaraq yenə də natamam rəsmi statistik göstəricilərlə ön sıralardadır (Adolescent Pregnancy, Abortion and Birth Rates across Countries, 2014) və və uşaq istismarı zorakılıq formalarına görə öndə gedən ölkələr arasındadır (UNFPA Azərbaycan, 2015; 2018). Bu o deməkdir ki, bu mövzular kütləvi şəkildə həm tədris edilməli, həm də yeniyetmə və gənclərə izah edilməlidir. Bu izahın da ən yaxşı forması təhsil olduğu üçün, məktəbdə təhlükəsiz mühit yaratmaqla bu mövzuların tədrisinə əhəmiyyətli dərəcədə şərait yaratmaq lazımdır.  

Azərbaycandakı Dərsliklərin Gender Aspektindən Mövcud Vəziyyəti 

Azərbaycanda əlavə fənn kimi gender təhsili keçirilmir. 8-ci sinif Biologiya dərsliyində qadın və kişi anatomiyası haqqında mövzular var. Lakin kitabda təsvir edilən, izah edilən mövzulara baxıldığı zaman heç də əhatəli izahla qarşılaşmırıq. Xüsusi ilə qızların öz sağlamlıq və gigiyenaları ilə bağlı bilməli olduqları detallar, məsələn mensturasiya kimi mühüm dəyişikliyin necə baş verməsi ilə bağlı kitabda heç bir izah yoxdur. Belə çıxır ki, bu məlumatlar əvvələr olduğu kimi hələ də insanların bir-birinə ötürdüyü qulaqdan dolma məlumatlardan ibarətdir. Məktəblilərlə söhbət zamanı isə məlum olur ki, mövcud olan dərslər də müəllimlər tərəfindən keçirilmir, müzakirə edilmir və, şagirdlərə o mövzuları evdə oxumaları tapşırılır. Ölkədə nəinki gender təhsili tədris edilmir, hətta, insan anatomiyası və fiziologiyası ilə bağlı keçirilməsi nəzərdə tutulan dərslər keçirilmir.

Gender təhsilinin tədris edilməsinə qədər atılacaq addımlardan biri də dərsliklərin gender stereotiplərini təbliğ etməmələridir. Bunun üçün dərsliklər nəzərdən keçirilməli və gender əsaslı ayrı-seçkiliyə təşviq edən fikirlər dəyişdirilməli, yenidən işlənməlidir. Çünki dərslikdəki təsvirlər və istifadə edilən dil uşaqların dünyagörüşünə, gender rollarının formalaşmasına təsir edir. Ona görə inkişaf etmiş ölkələrdə kitablarda istifadə edilən təqdim etmə dilinə xüsusi fikir verilir ki, bu onlarda zorakılıq və ayrı-seçkilikli davranışların yaranmasına gətirib çıxarmasın. Çox təəssüf ki, Azərbaycanda kitabların bu baxımdan həssaslığı hələ ki, tədqiq edilərək araşdırılmayıb. Halbuki gender bərabərliyini dəstəkləyən dildən istifadə gender təhsilinin tətbiqinə qədər atıla biləcək əhəmiyyətli addımlardan biri kimi qiymətləndirilə bilinər. 

Bu yazı üçün ibtidai sinflərə təqdim edilən dərsliklər nəzərdən keçirilmişdir. Birinci sinifdən etibarən istifadə edilən təsvirlərdə qızlar gəlinciklə oynayan, ev işlərinə kömək edən, atalar qazet oxuyan, analar yemək bişirən formada daha çox təsvir ediliblər. Ikinci sinifdən sonra isə kitabdakı nağıllar oğlanlar və qızlar olmaqla ikiyə ayrılır. Yəni bəzi nağıllarda baş qəhrəmanlar oğlanlardır ya qız personaj yoxdur, ya da az rolu var və bu tipli nağıllar daha çox güclü, cəsarətli olmağa səsləyir. Baş qəhrəmanı qızlar olan nağıllar isə incəlik, dürüstlük, ev işlərində kömək etmək kimi mövzulara fokuslanıb. 

Bu tip bölgülər gender bərəbərliyi ilə bağlı fikirlərlə ziddiyyət təşkil etdiyindənkitablarda istifadə edilən dilin üzərində işləmək bu yolda gediləcək ilk addım ola bilər.

Azərbaycanda Gender Təhsili Necə Qurulmalıdır?

Gender təhsilinin həssas və bəzən mübahisəli olması, inklüziv qanunların və siyasətin olmasını vacib edir və gender təhsilinin həyata keçirilməsinin şəxsi seçimdən daha çox institusional siyasət məsələsi olduğunu nümayiş etdirir. Müvafiq milli və məktəb səviyyəsində müəyyən siyasət və ya təlimatlar daxilində gender təhsilinin həyata keçirilməsi bir çox üstünlüklərə malikdir, o cümlədən gender təhsili proqramlarının həyata keçirilməsi üçün institusional əsası təmin etmək; gender təhsili proqramlarının icrası ilə əlaqədar həssaslıqları əvvəlcədən görmək və həll etmək; məxfiliyə dair standartlar yaratmaq; uyğun davranış standartlarını təyin etmək; gender təhsilinin verilməsinə cavabdeh olan müəllimlərin dəstəklənməsi və lazım olduqda məktəbdə və cəmiyyətdə statuslarının qorumaq və artırmaq lazımdır.

Cənubi Qafqazda Vəziyyət Necədir?

Ermənistanda Reproduktiv Hüquqlarla bağlı qanun mövcud olsa da, bütün dövlət məktəblərində tədris planlarının bir hissəsi olaraq hərtərəfli gender təhsili yoxdur (Women’s Resource Center NGO, 2018). Bunun əvəzinə, cinsi təhsil proqramının seçmə bölmələri, Təhsil Nazirliyi tərəfindən 2008-ci ildə təqdim edilmiş “Sağlam Həyat Tərzi” kursunun bir hissəsi olaraq məktəb fənlərinə daxil edilmişdir. Tərbiyyə ilə əlaqəli bəzi məlumatlar “Biologiya” (8-ci sinif), və “Təhlükəsiz fəaliyyətlər” adlı dərslər çərçivəsində tədris olunur (Society Without Violence, 2016). Qeyd edilən fənlər çərçivəsində cinsi tərbiyəyə həsr olunmuş müddət 14 saatı əhatə edir və hələ də hərtərəfli cinsi tərbiyə hesab edilmir, çünki cinsi reproduktiv sağlamlıq və hüquqlarının bütün aspektlərini lazımi səviyyədə əhatə etmir və dərsi tədris edən müəllimlərin də mövzu haqqındaki məlumatı dərsi əhatəli tədris etmək üçün kafi deyil. Təhsil Nazirliyinin cinsi tərbiyənin məktəb tədris planına daxil edilməsi üçün addım atmamasının müxtəlif səbəbləri göstərilir və Ermənistan kontekstini nəzərə alaraq onlardan biri xüsusilə ”cinsiyyət” kəlməsinin yeniyetmələr üçün məktəb kontekstində uyğun olmadığını vurğulayır (EVN Report, 2019).

Gürcüstanda isə Təhsil Nazirliyi hələ də gender təhsilini icbari hala gətirməyə cəhd göstərməyib. Hətta məktəblərdə uşaqlarla cinsi əlaqə haqqında danışmağın ən kiçik göstərişləri də cəmiyyət arasında ciddi gərginliyə səbəb olur. Gürcüstan Təhsil və Elm Nazirliyinin 2016-2017 tədris ili üçün “Cəmiyyət və mən” fənni təqdim etdi. (IPPF, 2018)  Kitabdaki mövzular məişət zorakılığı, cinsiyyət, təhlükəsizlik, sağlam həyat tərzi, şəxsi gigiyena haqqındadır və məqsəd yeniyetmələr arasında ictimai şüurun artırılmasıdır. 

Kitab çıxdıqdan sonra cəmiyyətdə narazılıqlar yarandı və sonra, “cinsiyyət” və “azlıq” kimi sözlər mövcud olan tədris proqramının ilkin variantından çıxardıldı. İstəksizliyə baxmayaraq, fənnin tədrisi fikri hələ də davam edir. “Cəmiyyət və mən” artıq Nazirlik tərəfindən təsdiq edilmiş 2018-2024 tədris planının bir hissəsidir və 3, 4, 5 və 6-cı siniflərdə tədris edilir (JamNews, 2019).

Başqa Ölkələrdəki Gender Təhsili ilə Bağlı Mövcud Vəziyyət

Gender təhsilinə ehtiyac olmasına baxmayaraq, dünyanın bir çox ölkəsində bunun təşkili hələ də mümkün olmayıb. Bunun bir çox səbəbi var, bunlardan ən əsası gender təhsili proqramının məqsədi və təsiri haqqında olan anlaşılmazlıqlardır. 

Qərbi Avropa məktəblərində gender təhsili proqramlarının tətbiqinə 1955-ci ildə ilk dəfə İsveçrədə başlanmışdır (UNFPA, 2016). Daha sonra 1970-80-ci illərdə digər Qərbi Avropa ölkələri bu təhsil kurikulmunu izləməyə başlamışdır. Sonralar bu tədris proqramlarının Şərqi Avropaya da yayılmasının nəticəsidir ki, artıq Şərqi Avropada Orta Asiya ölkələri ilə müqayisədə yeniyetmə doğuşu daha azdır (UNESCO, 2018). Məsələn, Estoniyada bir neçə tədqiqat gender təhsilinin inkişafı nəticəsində gənclər arasında cinsi sağlamlıq göstəricilərinin davamlı yaxşılaşması arasındakı güclü əlaqə olduğunu göstərmişdi. Hamiləlik, abort və HİV infeksiyasının daha aşağı nisbətlərini özündə cəmləşdirən irəlləyişlər, gənclər dostu cinsi sağlamlıq xidmətinin inkişafı ilə birlikdə məktəblərdə məcburi bir gender təhsili proqramının hazırlanması ilə əlaqələndirilmişdir.

Gender təhsili əksər Avropa ölkələrində zəruridir. Cinsi tərbiyənin məktəb tədris proqramının bir hissəsi olduğu və şagirdlərə planlaşdırılmamış və ya qorunmamış cinsi əlaqənin nəticələri barədə məlumat verildiyi ölkələrdə uşaqların erkən evlilik adı altında istismar edilməsi, hamiləlik, abort və cinsi yolla ötürülən xəstəlik səviyyələrində ciddi azalma müşahidə edilmişdir (JamNews, 2019).

Gender Təhsili Tədris Etməkdə Əsas Maraqlı Tərəflərin Rolu Nədən İbarət Olmalıdır?

Əməkdaşlıq – Milli səviyyədə, təhsil və səhiyyə nazirlikləri, gender sahəsində çalışan ekspertlər birgə çalışmalıdırlar. UNESCO tərəfindən təklif edilən krikulum üzərində işlənərək yerli vəziyyətə uyğunlaşdırıla bilər. Bunun üçün hər bir qurum üstünə düşən vəzifəni tam olaraq anlamalıdır.   

Məzmun – Gender təhsili proqramı hazırlanarkən insan seksuallığı, davranış dəyişikliyi və əlaqəli pedaqoji nəzəriyyə ilə əlaqədar mütəxəssislər, gənclər, valideynlər və digər icma üzvləri, proqramda hədəflənən uşaqların və gənclərin sosial, cinsi reproduktiv sağlamlıq ehtiyaclarını və davranışlarını, inkişaf etməkdə təcrübəli olan vətəndaş cəmiyyəti prosesə cəlb edilməlidir. Kurikulumların hazırlanması və həyata keçirilməsi üçün mövcud olan resurslar (insan, vaxt və maliyyə) qiymətləndirilməlidir. 

Struktur – Kurikulm hazırlanarkən mövzuların məntiqi ardıcıllığna diqqət edilməlidir. Kontekst yönümlü və tənqidi təfəkkürü inkişaf etdirməyə yönəlmiş formada dizayn edilməlidir. Uşaqların və gənclərin sağlamlıq ehtiyaclarını, xüsusilə də cinsi reproduktiv sağlamlıq ehtiyaclarını ödəmək üçün mövcud olan xidmətlər haqqında məlumatları mütləq əks etdirilməlidir. 

Fəaliyyət Planı – Gender təhsili proqramlarının tərtib edilməsi və həyata keçirilməsi üçün təklif olunan addımlar:

1. Müstəqil və ya inteqrasiya olunmuş bir proqramın istifadəsi

2. Bir neçə il ərzində çoxsaylı, ardıcıl sessiyalar

3. Pilot cinsi təhsil tədris planı

4. Uşaqları və gəncləri fəal şəkildə cəlb edə biləcək təlim metodlarının istifadəsi

5. Məktəblərdə və qeyri-rəsmi şəraitdə tədris planlarını həyata keçirmək üçün bacarıqlı və həvəsli müəllimləri seçilməsi

6. Təhsil verənlərə həssaslıq, dəyərlərin aydınlaşdırılması, işdən əvvəl və işdə keyfiyyətli təlim və davamlı peşəkar inkişaf imkanları təmin olunması

7. Uşaqlar və gənclər üçün məxfiliyin və təhlükəsiz mühitin təmin edilməsi.

Gender təhsili Tədrisində Məktəb İdarəetməsinin Rolu Nədən İbarət Ola Bilər: 

Ümumilikdə proqramların tam icrasını asanlaşdırmaq üçün müsbət bir mühit olması vacibdir. Məktəb rəhbərliyinin edə biləcəklərinə aşağıdakılar daxil ola bilər: idarəetmənin təmin edilməsi, gender təhsilinə həvəsləndirmək və dəstəkləmək, həmçinin gender təhsilinin tətbiqi və gənclərin ehtiyaclarını həll etmək üçün müvafiq şəraitin yaradılması. Müəllimlər uşaqlar və gəncləri kəşf etməli, öyrənmə və böyümə yolu ilə seksuallığı daha yaxşı dərk etmələrinə şərait yaratmalıdırlar. Beynəlxalq təcrübələr nəticəsində təklif olunur ki, gender təhsili ilə bağlı məktəbin siyasəti aşağıdakı kimi ola bilər: 

• təlim keçmiş müəllimlər tərəfindən tədris planının hazırlanması;

 • valideynlərin cəlbi; 

• cinsiyyət, cinsi oriyentasiya və cinsiyyət kimliyindən asılı olmayaraq gender bərabərliyi və ayrıseçkiliyə yol verilməməsinin məktəb üzrə təşviq etmək və bütün şagirdlərin hüquqlarına hörmət etmək;

 • məktəbdən yayınan uşaqların təhsilə cəlb edilməsi və yayınma məsələsinin araşdırlması (qızların təhsildən yayındırılması və erkən nigah hallarının qarşısının alıması üçün) 

• gender təhsilini təmin etmək üçün məktəbi etibarlı bir mühit halına gətirmək. Məsələn, cinsi təcavüz və təhqirə, o cümlədən cinsi oriyentasiya və şəxsiyyətinə görə stiqma və ayrıseçkiliyə qarşı sıfır tolerantlıq siyasətinin olması;

 • məktəbi sağlamlığa kömək edən bir mühit halına gətirmək. Məsələn, qızlar və oğlanlar üçün təmiz, ləvazimatlı və ayrı-ayrı tualetlər təmin etmək;

 • siyasətin pozulması hallarında, məsələn, məxfiliyin pozulması, damğalanma və ayrıseçkilik, cinsi zorlamavə ya təhqirə məruz qalma hallarında tədbir görmək; 

• gənclərin lazım gəldikdə yerli cinsi reproduktiv sağlamlıq mərkəzlərinə istiqamətləndirmək

 • müəllimlərin gənc və yeniyetmələrlə işləmək üçün bacarıqlarının daimi artırılmasına nəzarət mexanizmlərini hazırlanmaq.

Müəllimlərin rolu: 

Müəllimlər gender təhsilinin tətbiqində əsas yer tutur. Cinsi reproduktiv sağlamlığın daha mürəkkəb məsələlərini öyrədə bilmək üçün inam, bağlılıq və mənbələrə sahib olmalıdırlar. Müəllim gender təhsili tədris proqramını səmərəli şəkildə həyata keçirmək üçün, hüquqi bir çərçivə, məktəb rəhbərliyi və yerli hakimiyyət tərəfindən dəstəkləndiyini hiss etməli, təlim və mənbələrə çıxış əldə etməlidirlər. Gender təhsili hər hansı bir müəllimin səyləri və ya məsuliyyəti deyil, əksinə bütün müəllimlərin bir-birlərini dəstəklədiyi və gender təhsili proqramının həyata keçirilməsində təcrübələrini bölüşdüyü birgə səy olmalıdır. gender təhsilinin tədris edilməsindən məsul müəllimlərdən seksuallığı dəqiq və aydın şəkildə izah etmək üçün lazım olan xüsusi bacarıqlar, həmçinin gənclərin aktivlik və iştirakçılıqlarını təlim edəcək metodlarından istifadə etməsi gözlənilməlidir. 

Məktəb quruluşu daxilində fəaliyyət göstərən səhiyyə təminatçılarının və müəllim olmayan digər işçilərin rolu: 

gender təhsili ilə birlikdə əlaqəli xidmətlərin birləşməsi gənclərin cinsi reproduktiv sağlamlıqlarının dəstəklənməsinin effektiv yolu kimi göstərilmişdir (UNESCO, 2015, 2016). Məsələn, məktəb tibb bacıları, psixoloqları əlavə məlumat və məsləhət verə bilər, uşaqlar və gəncləri digər məktəbdən kənar xidmətlərə yönəldə bilərlər. Beləcə yarana biləcək problemlərin də qarşısı alınmış olar. Məktəbin müəllim olmayan digər işçiləri də mütləq şəkildə (mühafizə və təmizlikçilər) cinsi reproduktiv sağlamlıq təhsili və uşaq müdafiəsi ilə bağlı siyasət və prinsiplərdən, həmçinin erkən nikah kimi tanınan uşaq istismarı, HİV, LGBTI+ və s. kimi bilməli olduqları mövzularla bağlı təlimatlandırılmalıdır. 

Məktəbdəki şagirdlərin rolu: 

Şagirdlər gender təhsilinə dəstək yaratmaqda fəal rol oynamalıdırlar. Şagirdlərdən ibarət şuralar və ayrı-ayrı gənc liderlər gender təhsili proqramının monitorinqinə və qiymətləndirilməsinə öz töhvələrini verə bilərlər. Gənclər həmyaşıdlarına narahat olduqları mövzularda dəstək ola bilərlər (UNESCO, 2018).

Bu prosesdə həm də valideynlər əsas dəstəkləyici qüvvə rolunda çıxış edir. Nəzərə alsaq ki, patrialxal dəyərlərin, adət-ənənələrin höküm sürdüyü cəmiyyətdə valideynlər övladları ilə bu tipli mövzuları danışmağa çəkinir, həmin o ənənələrin gətirdiyi düşüncə ilə bu mövzuların danışılmasının onların övladlarını “pozacağı” qənaətinə gəlirlər. Ona görə prosesə mane olmadan valideynlərin də cəlbini təmin etmək lazımdır. Valideynlər xüsusi ilə bu dərslərin keçirilməsini istəməyən digər valideynlərlə dialoq qurulmasına kömək edə biləcək əsas tərəflərdən biridir. 

Effektiv gender təhsili, gənclərin özlərini rahat hiss etdikləri və cinsi qısnama və zorlamadan qorunduqları təhlükəsiz bir mühitdə baş verməlidir. Bütün bu qeyd edilənləri nəzərə salaraq demək olar ki, gender bərabərcəmiyyətin qurulması, erkən nigah kimi tanınan uşaqların istismar edilməsinin, selektiv abortların, gender əsaslı zorakılığın qarşısının alınması üçün orta məktəbdə gender təhsili vacib məqamlardan biridir.

 İstinadlar: 

  1. Gilda Sedgh, Lawrence Finer Akinrinola Bankole. Susheela Singh. Michelle Eilers. 2014. Adolescent Pregnancy, Abortion and Birth Rates across Countries. https://paa2014.princeton.edu/papers/142375
  2. İsmayılov Rafiq, Abdullayeva Solmaz. Orucova Gülşən. Cəfərova Dilrüba. 2016. Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün “Azərbaycan dili” fənni üzrə dərslik. 
  3. Hərflərlə tanışlıq. səh. 19.
  4. Ailə və Məktəb. Səbiş necə böyüdü. səh. 99. 
  5. Məmmədova Nüşabə, Həsənova Brilyant. Fətiyeva Leyla. 2017. Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Biologiya fənni üzrə dərslik. Cinsiyyət sistemi. Çoxalma və Çoxalma orqanları. səh. 122-123 
  6. Ghazaryan Gayane. 12 January 2019.  EVN Youth Report.  Disregarded Health: Sex Education. https://www.evnreport.com/evn-youth-report0/disregarded-health-sex-education
  7. Kərimova Bahar, Mühdiyeva Gülər. 2016. Kollektiv nədir. Mən tək yaşaya bilərəmmi? Ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün Həyat Bilgisi fənni üzrə dərslik. səh.24
  8. IPPF and BZgA. 2018. Sexuality Education in Europe and Central Asia. State of the Art and Recent Developments. https://www.ippfen.org/sites/ippfen/files/2018-05/Comprehensive%20Country%20Report%20on%20CSE%20in%20Europe%20and%20Central%20Asia_0.pdf
  9. Gvasalia Tsira  Sexual education in Georgia: who is against having it included in the school curricula JamNews, (24 may 2019)  https://jam-news.net/sexual-education-in-georgia-who-is-against-having-it-included-in-the-school-curricula/
  10. Kosakyan Lusine Society Without Violence. Is there Sexual Education in Armenia? (11 March 2016) https://www.swv.am/index.php/en/what-we-do/most-recent/2-uncategorised/887-is-there-sexual-education-in-armenia#_ftnref4
  11. Women’s Resource Center NGO. 2018. The invisible rights of women in the Republic of Armenia. The Overall State of Reproductive Health and Rights Among Various Groups of Women. http://www.ysu.am/files/Repro%20report.pdf
  12. UNESCO. 2018. International technical guidance on sexuality education: an evidence-informed approachhttps://unesdoc.unesco.org/ark:/48223/pf0000260770
  13. UNFPA, WHO and BZgA. 2016. Sexuality Education: What is it? http://www.euro.who.int/__data/assets/pdf_file/0008/379043/Sexuality_education_Policy_brief_No_1.pdf?ua=1
  14. UNFPA Azərbaycan. 2018. Ölkə İcmalı. Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Proqram: Cənubi Qafqaz və bir sıra Asiya ölkələrində doğulan uşaqlar arasında cins nisbətinin tənzimlənməsi. https://azerbaijan.unfpa.org/sites/default/files/pub-pdf/UNFPA_Azerbaijan_country_profile_AZE.pdf
  15. UNFPA Azərbaycan. 2015. Azərbaycan Respublikasında cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi. https://azerbaijan.unfpa.org/sites/default/files/pub-pdf/A4_az.pdf
  16. UNFPA. September 1994. Programme of Action. International Conference on Population and Development. 20th Anniversary Edition. https://www.unfpa.org/sites/default/files/pub-pdf/programme_of_action_Web%20ENGLISH.pdf
  17. UN Human Rights Office of the High Commissioner Convention on the Elimination of All Forms of Discrimination against Women.(18 December 1979)https://www.ohchr.org/en/professionalinterest/pages/cedaw.aspx
  18. UN Sustainable Development Goals. Sustainable Development Goal 4. https://sustainabledevelopment.un.org/sdg4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *