Azərbaycanda əlilliyi olan şəxsləri qapalı saxlayan nədir? Cavab yalnız, COVİD-19 deyil

Məhəmməd Kekalov sosial sahibkardır. O, həmçinin əlilliyi və inklyuziv inkişafı əhatə edən mövzular barədə yazır.


2020-ci ildə Paralimpiyaçı atletlərlə keçirdiyim bir fokus qrup zamanı iştirakçılardan biri mənə çox təsir edən bir statistika açıqladı,  ‘ölkədə əlilliyi olan şəxslərin ancaq 3%-nin, yəni, hardasa, 20 min nəfərin sosial həyatı var’. Bu rəqəmin aşağı olduğunu təxmin etsəm də, real rəqəmi öyrənəndə çox təəccübləndim. Azərbaycanda əlilliyi olan şəxslər ümumi əhalinin 3%-ni təşkil edir. Bir neçə həftə sonra mən təkərli araba istifadəçisi bir xanımla ünsiyyətdə olarkən, o qeyd etdi ki, 40 il boyunca, ümumiyyətlə, evindən kənara çıxmayıb. 

Bakının mərkəzində axşamlar siz əlilliyi olan şəxslərə rast gələ bilməzsiniz və bu məntiqi olaraq, narahatedici sual yaradır. Nəyə görə görə əlilliyi olan şəxslər yaşadıqları yeri tərk etmirlər? Əlilliyi olan şəxslərlə müsahibələr zamanı aydın olur ki, problemin kökü mədəni, sosial normalardan,  qanunvericilikdən və infrastrukturdan qaynaqlanır. 

Mobillik və nəqliyyat

Azərbaycanda Bakının mərkəzindən keçən bir neçə avtobus xəttindən başqa, şəhərdaxili nəqliyyat  sistemi əlilliyi olan şəxslərə uyğun deyil. Şəhərin kənarında, bu marşrut xətlərinin keçmədiyi ərazilərdə yaşayırsızsa və ya ümumiyyətlə, Bakıda yaşamırsızsa,  siz ancaq piyada, şəxsi avtomobil yaxud  taksi ilə harasa gedə bilərsiniz. Əslində metro da bir seçimdir, amma onun əlilliyi olan şəxslər üçün işləmə mexanimzi səmərəsizdir. Əlilliyi olan şəxslərin metrodan istifadəsini artırmaq üçün Bakı Metropoliteni 2019-cu ildə start verdiyi proqram əlilliyi olan sərnişinləri getdikləri stansiyaya qədər müşayiət etmək üçün iki nəfər şaperon təyin edir. Bu xidmətdən yararlanmaq üçün ən azı bir saat qabaqcadan zəng vuraraq, gediləcək yeri metro işçilərinə bildirmək lazımdır. Ancaq bundan sonra sərnişin metronun girişində qarşılanır və son nöqtəyə qədər ötürülür. Belə vacib bir problemə bu cür ötəri həll üsulu ilə yanaşma  bu istiqamətdə real dəyişikliyin nə qədər çətin olduğunu göstərir. Hazırda Bakı Metropoliteninin ancaq 2 yeni tikilən stansiyasında liftlər mövcuddur.

İllustrasiya: Fidan Axundova

İş imkanlarının məhdud olması

Taksi xidmətlərindən istifadə də bir seçimdir, amma taksidən müntəzəm və ya tez-tez  istifadə etmək, Azərbaycandakı minimum gəlir (250 AZN)1 nəzərə alınarsa, əlilliyi olan şəxslər üçün bahalı xidmət sayıla bilər. Bunun üçün əlilliyi olan şəxslərin iş təminatı olmalıdır ki, bu da, özü özlüyündə, ayrı bir problemdir.

Belə ki, əlilliyi olan şəxslər üçün iş imkanları çox məhduddur.  İşəgötürənlər əlilliyi olan namizədlərin bacarıqlarına və ya təhsilinə şübhə ilə yanaşdıqlarına görə əlilliyi olan şəxsləri işə götürməkdən yayınırlar. Bu qeyri-bərabər yanaşmanın əsas məsuliyyəti dövlət siyasəti ilə sıx bağlıdır. Qanuna əsasən, işəgötürənlər müəssisənin ölçüsünə görə müəyyən sayda əlilliyi olan şəxsləri işə götürməlidirlər, amma buna əməl edən müəssisələr çox azdır. Onlar az miqdarda cərimə ödəyərək məsuliyyətdən yayına bilirlər. 

İş təminatı az olduğundan, əlilliyi olan şəxslərin əksər hallarda yeganə gəlir mənbəyi dövlətin təyin etdiyi müavinətlərdir. Birinci qrup əlillik üzrə müavinət Prezident təqaüdü ilə birlikdə 280 manatdır. İkinci və üçüncü qrup üzrə penisyalar isə müvafiq  olaraq, 130 və 110 AZN-dir. Məbləğin Azərbaycandakı real aylıq zəruri tələbat xərclərindən  çox aşağı olması ölkədəki  sosial-iqtisadi bərabərsizliyin səbəblərindən biridir. Maliyyə imkanları məhdud olan əlil şəxslər, əksər hallarda, öz istedadları və bacarıqları əsasında iş tapmağa nail olurlar, məsələn, çəkdiyi rəsm əsərlərini, toxuduğu çantaları sataraq, gəlir əldə edirlər.

Təhsildə inklyuzivlik

Əlillərin təhsilə əlçatımlılığı mövcud durumda aktual məsələlərdəndir. Məktəb binalarından (fiziki əlçatımlılıq) əlavə, həm də məktəb kurikulumu da əlilliyi olan şəxslər üçün əlçatan deyil. Bu məhdudiyyətlərə görə əlilliyi olan şəxslərin böyük əksəriyyəti pulsuz təhsildən yararlana  bilmir və öz hesablarına təhsil almalı olurlar. Təhsil təminatının aşağı olması sonradan onları  ailələrindən asılı olmağa vadar edir. Keyfiyyətli təhsil ala bilmədikdə, yaxşı iş tapa bilmir və öz yaşayışlarını həm fiziki, həm də maddi baxımdan  təmin etmək üçün digərlərindən  asılı qalırlar. Əlillik səbəbindən yaranan güc bərabərsizliyi çoxlu çayların töküldüyü böyük bir gölə bənzəyir. Məktəbdən, xəstəxanadan, iş yerindən, infrastrukturdan qaynaqlanan sistemli, qısa müddətdə həlli mümkün olmayan problemlər bir hövzəyə axır və belə bir fonda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası tələb olunur. Təbii ki, bu durumda  belə bir məqsədə çatmaq, onlardan cəmiyyətin bir parçası olmağı gözləmək xəyalpərəstlikdir. 

Bu da növbəti suala yol açır. Azərbaycanda əlilliyi olan şəxslərin problemlərinə uzunmüddətli və dayanıqlı həll üsulları tapıla bilərmi?

Son illər ərzində Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla birgə müxtəlif proqramlar həyata keçirir. Bu yaxınlarda UNDP-nin təşkil etdiyi virtual dəyirmi masada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, UNFPA-dən və özəl sektordan 20-yə yaxın nümayəndənin iştirakı ilə əlilliyi olan şəxslərin işlə təmin olunması üzrə müsbət praktikalar müzakirə edilirdi. Azərbaycan həm də 2009-cu ildən BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Konvensiyasına üzvdür, lakin tətbiq edilən praktikalara və həyata keçirilən fəaliyyətlərə gəldikdə səmərəli məqamlar azdır. 

İllustrasiya: Fidan Axundova

Mədəni və sosial normalar

Azərbaycanda əlilliyi olan şəxslərə, çox vaxt, simpatiya ilə deyil,  təəssüf və yazıqlıq hissi ilə yanaşırlar. Məşhur bir atalar sözündə deyilir ki, “Qonşu qonşu olsa, topal qız ərə gedər”.  Bu nümunə xırda aspektlər sayılsa da, gündəlik dil vərdişlərində mövcud olan əlillik əsaslı ayrı-seçkiliyi  bariz göstərir. 

Ehtiyacı olan şəxslərə nəzir verilməsi adəti (ianələr) Azərbaycanda, əksər hallarda, əlilliyi olan şəxslərə pul verməklə həyata keçirilir. İnsanlar düşünürlər ki,  əlillər və ya hərəkət məhdudiyyətli, fiziki qüsurlu  insanlar həmişə pul dilənirlər. Bu cür şəxslərin pul istəyib-istəmədikləri əsas deyil. Əgər kimsə əhd etmək istəyirsə, əlilliyi olan şəxslərə pul verəcəyinə vəd verir. 

Azərbaycanda dil istifadəsində əlilliklə bağlı  ayrı-seçkilik çox aşkardır. Belə ki, İnsanların guya daha mədəni və həssas olmaq məqsədilə işlətdiyi “məhdudiyyətli”, “əngəlli” sözləri yaranan əngəl və məhdudiyyətlərin əlilliyi olan şəxsə görə yarandığını və bilavasitə, həmin şəxsin problemli olduğunu təklif edir. Bu sözlər həmin şəxsləri öz əlilliklərinə görə məsuliyyətli hesab edirlər. Halbuki, reallıq fərqlidir. 

Əlillik təbii bir hal olduğu halda, onun ətrafında yaranan əngəl və məhdudiyyətlər ətraf-mühitin problemidir və bu mühit (yəni ölkə, ölkədəki infrastruktur, yollar, binalar, otaqlar) əlilliyi olan şəxslərin ehtiyaclarına  uyğunlaşdırılmalıdır. Əks halda bu, böyük bir qrup insanın ləyaqətli həyat, keyfiyyətli təhsil və səhiyyə kimi hüquqlarından məhrum edilməsinə gətirib çıxarır. Güc bərabərsizliyi də elə buradan yaranır. Əlilliyi olmayan şəxslərin rahatlıqla gördüyü işlərin böyük əksəriyyəti, məsələn,  bankomatdan pul çıxartmaq, yeraltı keçiddən istifadə, köhnə tikililərdəki obyektlərə daxil olmaq, şalvar geyinmək kimi sadə gündəlik fəaliyyətlər əlilliyi olan şəxslər üçün qeyri-mümkündür. 

Güc və imkan bərabərsizliyini yaradan səbəblərdən biri də, əlilliyi olan şəxslərin ehtiyaclarınının nəzərə alınmaması üzündən  yaranan əlavə xərclərdir. Əlilliyi olan şəxslər üçün yalnız müasir avtobuslarda və metroda pis-yaxşı şərait yaradılıb. Bu nəqliyyat və marşrut xətlərinin keçmədiyi ərazilərdə yaşayan insanlar ucuz ictimai nəqliyyatdan məhrumdurlar və daha bahalı taksi xidmətlərindən istifadə etməyə məcbur qalırlar. Elə məhz buna görə də, əgər böyük əhəmiyyət kəsb edən hadisələr baş vermirsə, əlilliyi olan şəxslər evdən çıxmamağı üstün tuturlar. Azərbaycanda bu sahədə fəaliyyət göstərən vətəndaş və lokal təşəbbüslərin olmamasının da mənfi təsiri  vardır.


Əlillik və Covid-19

Koronavirus pandemiyası dövründə  əlilliyi olan şəxslərin həyat şəraiti və mobilliyi çətinləşdir. 2020-ci ilin sentyabrından başlayaraq, Əmək və Əhalinin Sosia Müdafiəsi Nazirliyi “saxta əlilliklərin ifşası” adı ilə əlillik müavinətlərinə köklü azaltmalar gətirdi. Yeni qaydalara əsasən, əlilliyi olan şəxslər təqaüd almaq üçün ildə ən azı bir dəfə xəstəxanada müalicə almalı  və epikriz sənədlərini dövlətə təqdim etməlidirlər. Nəticədə bir çox əlilliyi olan şəxs bağlanmış  reabilitasiya mərkəzlərində müalicə ala bilmədiklərinə görə həqiqətən əlil olduqlarını sübut edə və müavinət ala bilmirlər. Ancaq son bir neçə həftədə reabilitasiya mərkəzləri qismən öz fəaliyyətlərini davam etdirir və növbəli şəkildə pasiyentləri qəbul edirlər.

Nəzər alsaq ki, əlilliyi olan vətəndaşların böyük əksəriyyəti üçün bu müavinətlər yeganə gəlir mənbəyidir, bu qərarların onların rifahına necə təsir etdiyini təxmin edə bilərik.

Məhz bu səbəblərə görə cari il  martın əvvəlində ailələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə etiraz aksiyası keçirərək, təqaüdlərin bərpasını tələb etməyə məcbur oldular. Nazirlik binasının önündə yerli mediyaya müsahibə verən iştirakçılar tələblərinin reabilitasiya mərkəzlərinin yenidən açılması, müavinətlərin bərpası və hazırkı iqtisadi vəziyyətlə əlaqədar olaraq, müavinətlərin artırılması  olduğunu qeyd etmişdilər. 

 BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə Xüsusi Reportyoru Katalina Devandas 2020-ci ilin martından xəbərdarlıq etmişdi ki, “hazırkı covid-19 pandemiyasından əlilliyi olan şəxsləri qorumaq üçün çox az dəstək verilib”. O həm də əlavə etmişdir  ki, dövlətlər onsuz da struktural ayrı-seçkilikdən əziyyət çəkən bu qrupa “dəstəyin davam etməsinə zəmanət” verilməsi üçün də əlavə addımlar atmalıdırlar. Devandasın təkliflərindən biri sadə xərcləri qarşılamaq üçün icmaya ayrılan maliyyə dəstəyinin artırılması idi. 

Milli qanunveriliciyə görə dövlət əlilliyi və yataq xəstələri olan  vətəndaşlara    evdə peşəkar tibbi xidmət dəstəyi verməlidir. Bununla belə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (IRFC) 2020-ci ilin oktyabrında açıqladığı,  Covid-19-un yaşlı insanlar və onların qayğısına qalanlara təsiri barədə hesabatına əsasən, ölkədə bu xidmətlər  geniş yayılmayıb və vətəndaşlar bu tip yardımla tam təmin olunmurlar. 

Hesabatda həm də qeyd olunur ki, xroniki xəstəliyi olan yaşlılar və əlilliyi olan şəxslər xəstəxanalara, apteklərə, təcili xidmətlərə və poliklinikalara olan çıxışın azaldılmasından daha çox əziyyət çəkiblər.

Son olarak, sistemli bir həll yolu, əlilliyi olan insanlar üçün məktəbə və universitetlərə inklyuzivliyin əhəmiyyətini öyrətmək olardı. Bütün səviyyələrində – dövlətdə, cəmiyyətdə və əlbəttə ki, xüsusən təhsil və mədəniyyət vasitəsilə islahatlara ehtiyac vardır.

Bir dəfə bir dostumla Bakı üzərinə əlçatan olacaq vətəndaş texnologiyası layihəsi haqqında danışdığımı xatırlayıram. Mənə hələ də xatırladığım bir şeyi söylədi. Dedi ki, “Bakını əlillərə uyğun bir şəhər etmək üçün hər küçəni, hər binanı, hər küncünü, yenidən əlçatan şəkildə qurmalıyıq.” Məncə o haqlı idi. Başqa yol yoxdur deyəsən.

İstifadə olunmuş mənbələr:

  1. Minimum aylıq əməkhaqqının artırılması haqqında. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı  http://www.e-qanun.az/framework/42684

Bu məqalə USAID və Black Sea Trust-ın maliyyə dəstəyi göstərdiyi “Genderi Görünən Edək” layihəsi çərçivəsində hazırlanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *