Azərbaycan Onlayn Mediasında Femisidlər

Həm mediadan, həm də statistik göstəricilərdən aydın görsənən qadın qətllərinin gertdikcə artan dinamikası  narahatlıq doğurmaya bilməz. Dövlət Statistika Komitəsinin məişət zorakılığı ilə bağlı 2020-ci il statistikasına əsasən, həmin ildə 1260 cinayət hadisəsi törədilmişdir. Bu göstərici 2019 –cu ilin göstəricisindən 3.7% az olsa da, zorakılıq nəticəsində ölənlərin sayı 2019-cu ilə nisbətən 34% artaraq, 59 nəfər olmuşdur. Bu cinayətlərin 6 %-i qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd kimi qeydə alınmışdır və ölənlərdən 41 nəfəri qadın olmuşdur. Statistikadan göründüyü kimi, artan qadın qətlləri mediada da işıq üzü görməyə başladı.

Bəllidir ki, media ictimai təsirli  problem və hadisələrin təqdim olunmasında önəmli mövqeyə malikdir. Qəliblər yaratmaq, tərəf tutmaq, zorakılığı normalaşdırmaq, damğalamaq (etiketləmək) kimi təqdim və ifadə üslubu ilə qadın qətllərinin əsl səbəbləri görünməz olur (Campbell 1992:110). Media həm kişi, həm də qadın rollarını təsvir edərkən, mədəni dəyərləri əks etdirir və gender rollarını formalaşdırır. Bu kontekstdə media qadın və kişi xüsusiyyətlərini əks etdirən gender rolları ilə bağlı məşhur ifadələrin, fikirlərin yaranmasında, yayılmasında və ya dəyişdirilməsində güc sahibidir (Kaypakoğlu, 2004:93). Ona görə də, bu  məqalədə femisidlərin mediada necə ələ alındığına, işıqlandırıldığına baxmaq üçün, 2020-ci ildə törədilən və “Oxu.az” xəbər saytının kriminal xəbər bölməsində paylaşılan qadın  qətl hadisələrindən beşi media etikası çərçivəsində analiz edilib.

Media etikası dedikdə jurnalistlərin, radio, televiziya və jurnalistikanın digər sahələrində işləyən insanların peşə etikasınıın qayda qanunları nəzərdə tutulur. Universal bir anlayış olan media etikası insandan insana dəyişmir. Fərqli ölkələrdə fərqli media işçiləri eyni etik dəyər zənciri çərçivəsində fəaliyyət göstərirlər. Yeni media etikasına sosial media, internet jurnalistikası, vətəndaş jurnalistikası və bloglar şəklində mediaya yeni daxil olan  şəbəkələrin etik məsələləri daxildir. (Uluk,2018:42,43)

Amerika Naşirlər Birliyinin etik prinsiplərinə media müstəqilliyi, tərəfsizlik, doğruluq, məsuliyyət, centilmenlik və azadlıq olmaqla altı bənd daxildir. Bu bəndlərə  iftira və təhqir etməmək, ictimai marağa xidmət, gizlilik, xəbər və reklam bölgüsünə əməl etmək, xəbərdə interpretasiyaya yol verməmək, qərəzsizlik, icazəsiz şəkil, video, səs istifadə etməmək kimi bir sıra etik prinsiplər daxil olmaqdadır. (Uluk, 2018:42)  Azərbaycan junalistlərinin peşə davranış qaydalarına isə həqiqətə xidmət, dəqiqlik, obyektivlik,  informasiya qaynaqlarına sayğılı yanaşma, şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı, jurnalistin özünün və çalışdığı orqanın  reputasiyasının qorunması kimi etik prinsiplər daxildir.

Oxu.az saytında adıkeçən etik prinsiplərə əməl edilib edilmədiyini analiz etmək üçün 2020-ci ildə yayımlanmış beş qadın qətli xəbərini seçib araşdırdıq. Seçilən birinci xəbərdə istifadə olunan başlıq “Azərbaycanda kişi sevglisini öldürdü: Qadın evil və iki uşaq anası olub – TƏFƏRRÜAT” şəklindədir. Xəbər başlığında qadının ailəli və iki övlad anası olduğu və onun sevgilisi tərəfindən öldürüldüyü haqda məlumat verilir

İkinci xəbərin başlığı “Qubada kişinin qızını öldürməsi-TƏFƏRRÜAT-YENİLƏNİB”  şəklindədir. Bu başlıqda isə qadının harada və kim tərəfindən öldürülməsi barədə məlumat verilib. Ancaq, nədənsə, qadını öldürən qatil qızın atası olaraq deyil, “kişi” olaraq təqdim edilib. 

Üçüncü femisid xəbərinin başlığı isə “Türkiyədən qayıdan Sabirabad sakini yoldaşını balta ilə qətlə yetirdi-VİDEO” şəklində yazılıb. Bu başlıqda da qətllə bağlı detala yer verilib, həmçinin, qatilin haralı olduğu və qətli törətmək üçün haradan gəldiyi haqda  məlumat verilib. 

Dördüncü xəbərdə istifadə olunan başlıq  “Salyanda kişi arvadının boğazını kəsərək öldürdü-YENİLƏNİB” kimi ifadə olunub və əvvəlki nümunələrdə olduğu kimi, qatilin qətli harada törətməsi barədə məlumat verilib. Eyni zamanda, qətlin necə törədilməsi qeyd edilib.

Seçilən sonuncu xəbərdə isə başlıq “Azərbaycanda 25 yaşlı qadın əri tərəfindən qətlə yetirildi” şəklində yazılıb. Qətl xəbəri üçün seçilən bu başlıqda qadının yaşı və kim tərəfindən ödürüldüyü qeyd olunub.

Sonuncu xəbərdən başqa, seçilən bütün xəbərlərin başlıqlarında iri hərflərlə “TƏFƏRRÜAT” , “YENİLƏNİB”, “VİDEO” yazılması xəbərin yeniləndiyini, daha ətraflı məlumat verilməsi  və video görüntünün olmasını oxucunun diqqətinə çatdırmaq istəyir.  Bundan başqa, hər bir xəbərdə qətllə bağlı olmayan, lakin qətldə istifadə olunan alətə işarə edən (bıcaq, balta, tüfəng, ya da əllə boğulma) və  ya  qətlə uyğun gördükləri foto şəkildən istifadə olunub. Beləliklə, zorakılıq ilə bağlı foto və videolar geniş yayıldıqca, istifadəçilərin empatiya və reaksiyaları dayazlaşır (Yumruksuz. 2017). 

Hadisələrə aid olmayan fotoşəkillərin istinadsız şəkildə istifadə olunması onları yeni yaradılan reallığın bir hissəsi olaraq həqiqət müstəvisinə daxil edir (Çelik, 2018:86). Xəbər saytlarında vizual, keyfiyyətli foto materialların  istifadəsinə əsaslanan, şişirtmə  və təəccüb doğuran yazılardan ibarət  sensasiyalı xəbər tərzi üstünlük təşkil edir. Bunun səbəbi sayta müraciətləri və saytda qalma müddətini artırmaqdır. Yeni media fəndləri  vasitəsilə sayta daxil olmanı göstərən kliklərin sayını, saytda qalma müddətini artırmaqla, saytları ziyarət edənlərin məlumatlarına daxil olmaq mümkündür. Bu məlumatlar sayəsində reklam verənlər hansı reklamları hansı saytlara yerləşdirəcəklərini təyin edə bilərlər. (Çelik, 2018:97) Oxu.az saytında  da, göründüyü kimi, xəbər mətninin bütün ətrafında reklamlara yer verilib.(screen edilmiş şəkillər) Sayta reklamın çox gəlməsi üçün xəbər sensasiyalı olmalıdır. Xəbərin istifadəçilər tərəfindən çox oxunması üçün isə onların diqqətini cəlb etmək lazımdır. Buna görə də xəbərlərdə ictimaiyyətə yararlı olmayan informasiyaları  manipulyasiya edən məlumatlar yazılır. Araşdırılan bütün xəbərlərdə həm qatilin, həm də qətl edilən qadınların kimliyi açıq şəkildə yazılmış və ünvanları qeyd edilmişdir. Həmçinin, qadınların uşaqlarının olması və sayları haqqında məlumat verilmişdir. Məsələn, birinci xəbər nümunəsində  qətl edilən qadının evli olması vurğulansa da, xəbəri oxuduqda qatilin də evli olduğu bilinir. Bundan başqa,  qadının qatil ilə şəxsi münasibətləri, evli olması, evli olduğu adamdan iki uşağının olması da qeyd edilib. Bu xəbərdə qadının hədəf olaraq göstərilməsi ona qarşı nifrət hissi yaratmaqla bərabər, qatilin qətl törətməsinə haqq qazandırmış olur.  Xəbərin altında yazılan rəylərdən görünür ki, bəzi rəy bildirənlər qatili deyil, qətl edilən qadını və onun ərini günahkar olaraq görürlər. Çünki patriarxal düşüncəyə əsasən, qadın əxlaqsızlıq edib və bu ləkəni əri təmizləməlidir. 

Qubada atanın qızını öldürməsi ilə bağlı xəbərdə  yenə qatil deyil, qətl edilən qadın hədəf göstərilib. Xəbərdə qadının evli olub boşanması, uşaqlarının onların atasına verilməsi, ata evində mübahisələrin yaranması və qızın evdən qaçması kimi məlumatlar  yazılıb.

Sabirabadda baş verən qadın qətli ilə bağlı xəbərdə qatilin Türkiyəyə ailəsi üçün qazanc dalıyca işləməyə getməsi haqqında məlumatın verilməsi qatilə qarşı pozitiv fikir yaratmağa xidmət edir.  Video müsahibə əsnasında qohumlar tərəfindən qadının başqa bir adamla münasibətinin olmasının təsdiqlənməsi qatilin törətdiyi qətlə haqq qazandırılmasını gücləndirir. 

Seçilən xəbərlərin mətnlərində qətl səbəbi kimi “qısqanclıq”,  “ailə münaqişəsi”  yazılması, tək tərəfli video müsahibə alınması göstərir ki, burada məqsəd xəbəri oxuculara düzgün şəkildə çatdırmaq yox, qadın qətllərindən reytinq yığmaq, xəbərə emosionallıq qatmaqdır. Həmçinin, qətl edilən qadınların şəxsi həyatları haqqında ictimaiyyətə yararlı olmayan məlumatın verilməsi də qatilin qətli törətməsinə dəstək verir. Digər tərəfdən, öldürülən qadınları  günahkar kimi göstərərək,  oxucularla  manipulyasıya edilir.  Beləliklə, cəmiyyətdəki patriarxal düşüncə daha da möhkəmlənir. Zorakılıq qurbanı olan qadınların günahlandırılması (victim blaming) zorakılıq törədənlərin əməllərinin ört-basdır edilməsinə xidmət edir. İnsanlar patriarxal  cəmiyyətin yaratdığı bu cinsiyyətçi anlayışı təhtəlşüur qəbul edirlər.  Qadına qarşı baş verən zorakılıqların olduqca travmatik olmasına baxmayaraq, bu olaylar  sosial şəbəkələrdə mənasız bir şouya çevrilirlər.  (Baudrillard, 2014). Beləliklə,  zorakılıq ifadəsi dəyişir, həqiqətlə bağlantısı azalaraq mənasızlaşır. 

Nəticə 

Qadına qarşı zorakılıq və qadın qətli xəbərlərində xəbər mətninin hazırlanması və xəbərin təqdimi ciddi önəmə malikdir. Xəbərlərdə qadının təsvir və təqdimi, başlığın seçilməsi, zorakılığa məruz qalan qadının günahlandırılması, qeyri-etik dil üslubu, video və şəkillərdən istifadə qadının cəmiyyətdə doğru şəkildə təmsil olunmasına maneə  törədir. 

Onlayn mediada qadınlara qarşı bu cür ayrı seçkiliyin olmasının bir çox səbəbləri mövcuddur. Görünən səbəblər  jurnalistlərin gender və qadın problemləri ilə bağlı yetərli məlumatlarının olmaması və ya tam məlumatsız olması, gender ilə bağlı tabu və stereotiplərin yaranması, mövzuya doğru mövqedən yanaşılmaması, qadınların kişilərdən daha çox qınaq obyekti kimi təsvir olunmasıdır ( Əliyeva, S & Kazımov, S. 2017:31).


İstinadlar:

  1. Buadliard, J (2014). Simulark ve Simulasyon. (Çev. O.Adanır) Ankara: Doğu-Batı Yayınları.
  2. Campell, J.C. (1992). “If I Can’t Have You, No One Can: Power and Control in Homicide of Female Partners”, Femiide: The Politics of Women Kiling, Jill Radford, Diana E.Russel (Ed.), NewYork: Twayne.
  3. Yummruksuz, Y., & Zinderen, İ.E (2012). Yeni medyada haber dili (Ayşe Paşalı olayı üzerinden gelenksel medya ve internet haberciliği karşılaştırması)
  4. Çelik, H. (2018). Dil ve Yeni Medya. İstanbul: Doğu Kitabevi.
  5. Uluk, M. (2018). Hakikat Sonrası Çağda Yeni Medya ve Yalan Haber. Eskişehir:Dorlion Yayınları.
  6. Əliyev, S. & Kazımov S (2017). Jurnalist Etikası Üzrə Program,: Avropa Şurası.
  7. Kaypakoğlu, S. (2004). Toplumsal Cinsiyet ve İletişim. İstanbul: Naos Yayınlar.
  8. Kaypakoğlu, S. (2004). Toplumsal Cinsiyet ve İletişim. İstanbul: Naos Yayınlar.
  9.  https://feministbellek.org/magdur-suclayicilik/ 

Bu məqalə USAID və Black Sea Trust-ın maliyyə dəstəyi göstərdiyi “Genderi Görünən Edək” layihəsi çərçivəsində hazırlanıb.

Leave a Reply

Your email address will not be published.